İnsandan yox, Allahdan qorxmağın beş səbəbi
GƏNC oğlanı heyrət bürümüşdü. O, indi eşitdiklərini heç ağlından belə keçirməzdi. İki nəfər Yehovanın Şahidi ilə etdiyi söhbət sanki gözlərini açdı. Allahın nə üçün əzablara yol verməsi illərdir onu narahat edirdi, ancaq indi Müqəddəs Kitabdan buna aydın cavab aldı. O, heç təsəvvür edə bilməzdi ki, Müqəddəs Kitabda bu qədər dəyərli və ürəkoxşayan məlumat var.
Qonaqlar gedəndən bir neçə dəqiqə sonra, ev sahibəsi gurultu ilə içəri girib, qəzəblə soruşdu: «Bu gələnlər kim idi?»
Təəccübdən donub qalan oğlan bilmədi nə desin.
«Mən yaxşı bilirəm onlar kimdir. Bir də onları içəri buraxsan, şələ-küləni yığışdırıb, özünə başqa ev axtara bilərsən!» — deyə o bağırdı.
Qadın qapını çırpıb getdi.
Məsihin həqiqi davamçılarını təqiblər gözləyir
Gənc oğlanın başına gələn heç də nadir hadisə deyil. Allahın Kəlamı olan Müqəddəs Kitabda izah edilir: «Allah yolunda Məsih İsaya bağlı olaraq yaşamaq istəyənlərin hamısı da təqibə məruz qalacaqdır» (2 Timoteyə 3:12). Ümumi götürdükdə, həqiqi məsihçilərə rəğbət bəslənilmir və heç vaxt da bəslənilməmişdir. Axı nə üçün? Həvari Yəhya öz həmimanlılarına demişdi: «Bilirik ki, biz Allahdanıq, bütün dünya isə şəririn hakimiyyəti altındadır». Həmçinin başqa ayədə Şeytan İblis «nərə çəkən və aşırmaq üçün kimisə axtaran aslan» kimi təsvir olunur (1 Yəhya 5:19; 1 Peter 5:8). İnsan qorxusu Şeytanın istifadə etdiyi ən güclü silahlardan biridir.
Hətta bacardığı qədər hamıya yaxşılıq edən və heç bir günaha yol verməyən İsa Məsih də tənələr və təqiblər hədəfinə çevrilmişdi. O qeyd etmişdi: «Mənə səbəbsiz nifrət etdilər» (Yəh. 15:25). Ölümündən əvvəlki gecə o, şagirdlərini bu sözlərlə təqiblərə hazırladı: «Əgər dünya sizə nifrət edərsə, bilin ki, sizdən əvvəl Mənə nifrət etmişdir. Mənim sizə söylədiyim sözü xatırlayın: “Qul ağasından üstün deyildir”. Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər» (Yəhya 15:18, 20).
Bu səbəbdən, bir çoxları həqiqi ibadətin tərəfinə keçməyə tərəddüd etmişlər. Müqəddəs Kitabda bir dəfə İsanı axtaranlar haqqında deyilir: «Lakin yəhudi idarəçilərin qorxusundan kimsə Onun haqqında açıq söz söyləmirdi» (Yəhya 7:13; 12:42). Həmin günlərdəki din rəhbərləri Məsihə iman gətirən hər kəsi sinaqoqdan qovmaqla hədələyirdilər. Beləliklə, insan qorxusu bir çoxlarına məsihçi olmağa mane olmuşdu (Həvarilərin işləri 5:13).
Sonralar, məsihçi yığıncağı təsis olunanda Yerusəlimdəki yığıncağa qarşı «böyük təqib» başladığı haqda oxuyuruq (Həvarilərin işləri 8:1). Məsihçilər əslində bütün Roma imperiyasında təqiblərə məruz qalırdılar. Romadakı nüfuzlu insanlar həvari Pavelə demişdilər: «Bu təriqətə qarşı hər yerdə söz söylənir» (Həvarilərin işləri 28:22). Bəli, həqiqi məsihçiləri hər yerdə təqib edirdilər.
Hətta indi də, Şeytan bir çoxlarının Məsihin həqiqi davamçısı olmasına mane olmaq üçün insan qorxusundan silah kimi istifadə edir. Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənən səmimi insanlar məktəbdə, işdə, qonşular və dost-tanışlar tərəfindən təqib və istehzalara məruz qalırlar. Onlar hörmətlərini, dostlarını, yaxud maddi dəstəklərini itirəcəklərindən qorxa bilərlər. Bəzi kənd yerlərində əkinçiləri qonşuların onlara biçin vaxtı kömək etməkdən və mal-qaranı qorumaqdan boyun qaçıracaqları qorxuda bilər. Ancaq bu cür qorxulara baxmayaraq, milyonlarla insan Allaha güvənməyə və İsa Məsihi təqlid edərək Allahın Kəlamına uyğun yaşamağa qəti qərarlıdır. Belə davrandıqları üçün Yehova onları xeyir-dualandırır.
Nə üçün insandan yox, Allahdan qorxmalıyıq
Müqəddəs Kitab bizi insandan yox, Allahdan qorxmağa təşviq edir. Orada deyilir: «Rəbb qorxusu hikmətin başlanğıcıdır» (Məzmur 111:10). Bu, dəhşətli qorxu deyil, Həyatverənimizi razı salmamağa dair narahatçılıq hissidir. Belə qorxu məhəbbətlə sıx bağlıdır. Bəs nə üçün biz insandan yox, Allahdan qorxmalıyıq? Gəlin bunun beş səbəbini nəzərdən keçirək.
1 Yehova ən qüdrətli Şəxsdir. Yehova istənilən insandan qat-qat güclüdür. Ondan qorxmaqla biz gözündə ‘millətlər vedrədə bir damla su kimi’ olan Külli-İxtiyarın tərəfini tuturuq (Yeşaya 40:15). Allah hər şeyə qadir olduğundan Ona sadiq qalanlara qarşı işlənən istənilən silahı dəf etməyə gücü var (Yeşaya 54:17). Həm də kimin əbədi həyatı almağa layiq olduğunu O müəyyən etdiyindən, Allah və Onun iradəsi haqqında öyrənməyimizə heç bir şeyin mane olmasına yol verməməklə biz müdrik davranmış oluruq (Vəhy 14:6, 7).
2 Allah bizə kömək edib, qoruyacaq. Müqəddəs Kitabda Süleymanın məsəlləri 29:25 ayəsində deyilir: «İnsandan qorxan özünü tələyə salar, amma Rəbbə güvənən arxayın yaşar». İnsan qorxusu tələdir, çünki o bizi Allaha imanımızı açıq bəyan etməkdən çəkindirə bilər. Allah xilas etməyə qadir olduğuna bizi belə əmin edir: «Qorxma, çünki Mən səninləyəm, dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam» (Yeşaya 41:10).
3 Allah Ona yaxınlaşanları sevir. Həvari Pavel növbəti təsirli sözləri yazmışdı: «Mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə rəyasətlər, nə qüdrətlər, nə indiki, nə gələcək şeylər, nə hündürlük, nə dərinlik, nə də başqa məxluq bizi Rəbbimiz Məsih İsada olan Allahın məhəbbətindən məhrum etməyə qadir olmayacaqdır» (Romalılara 8:37-39). Əgər biz həqiqəti öyrənib, Allaha itaət etsək, Kainatın Hökmdarının sarsılmaz məhəbbətini öz üzərimizdə hiss edərik. Bu necə də böyük şərəfdir!
4 Allahın bizim üçün etdiyi hər şeyi yüksək qiymətləndiririk. Yehova bizə həyat verən Yaradandır. Bundan əlavə, O bizi nəinki həyat üçün zəruri olan, həm də həyatımızı məmnunedici və rəngarəng edən şeylərlə təmin edir. Doğrudan da, O, hər bir yaxşı bəxşişin mənbəyidir (Yaqub 1:17). Allahın məhəbbətini qiymətləndirən sadiq Davud yazmışdır: «Ya Rəbb Allahım... Bizə aid xariqələrin, düşüncələrin çoxdur... Sayı-hesabı yoxdur» (Məzmur 40:5).
5 Bizi təqib edənlərin bəziləri dəyişə bilər. Siz güzəştə getməklə yox, Allahı izzətləndirməyə və sevməyə qəti qərarlı olmaqla təqib edənlərə kömək edə bilərsiniz. İsanın qohumlarına diqqət yetirək. Əvvəlcə qohumları iman etməyərək, onun ağlını itirdiyini düşünürdülər (Mark 3:21; Yəhya 7:5). Lakin İsanın ölüb dirilməsindən sonra onların çoxu imana gəldi. İsanın ögey qardaşları Yaqub və Yəhuda hətta Müqəddəs Kitabın yazılmasında iştirak etdi. Həmçinin amansız təqibçi olan Şaul da sonralar həvari Pavel oldu. Bu gün bizi incidən bəzi insanlar cəsarətli mövqeyimiz sayəsində başa düşə bilərlər ki, bizdə olan Müqəddəs Kitab həqiqətidir (1 Timoteyə 1:13).
Məsələn, Afrikadan olan Aberaş adlı bir qadın həqiqəti tapmaq üçün dua edirdi. Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayandan sonra o, ailə üzvləri və din rəhbərləri tərəfindən kəskin müqavimətə məruz qaldı. Öyrənməyə başlayan bir neçə qohumu insan qorxusundan geri çəkildi. Ancaq o, yalvarıb Allahdan güc və cəsarət diləyirdi. Bir qədər sonra Aberaş Yehovanın Şahidi kimi vəftiz olundu. Bu nə ilə nəticələndi? Qohumlarından səkkizi bundan cəsarətlənib, Müqəddəs Kitabı yenidən öyrənməyə başladılar və hazırda yaxşı ruhani nailiyyətlər edirlər.
İnsan qorxusuna qalib gələ bilərsiniz
İnsan qorxusunun qurbanı olmamaq üçün əlinizdən gələn hər şeyi edin ki, Allaha məhəbbətinizi möhkəmləndirəsiniz. Siz buna Müqəddəs Kitabı öyrənməklə və İbranilərə 13:6 kimi ayələr üzərində düşünməklə nail ola bilərsiniz. Orada deyilir: «Rəbb mənə yardımçıdır, mən qorxmaram; insan mənə nə edə bilər?» Nəyə görə insandan yox, Allahdan qorxmağın düzgün və müdrik hərəkət olduğunu heç vaxt yaddan çıxartmayın.
Müqəddəs Kitabdan öyrəndiklərinizi həyatınızda tətbiq etməyin gətirdiyi bol xeyir-duaları da həmişə yadda saxlayın. Siz həyati vacib suallara qənaətbəxş cavab tapacaqsınız. Həyatın çətinliklərinə sinə gərmək üçün praktiki müdriklik qazanacaqsınız. Bugünkü qarmaqarışıq vəziyyətə baxmayaraq, gözəl ümidlə yaşayacaqsınız. Həmçinin istədiyiniz vaxt duada Külli-İxtiyar Allaha müraciət edə biləcəksiniz.
Həvari Yəhya yazmışdır: «Dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır» (1 Yəhya 2:17). İndi möhkəm durmağın və Allah qorxusunda yeriməyin əsil vaxtıdır. İnsan qorxusuna əyilmək əvəzinə, Allahın çağırışına səs verməyi seçə bilərsiniz: «Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, onda məni utandırana cavab verə bilərəm» (Süleymanın məsəlləri 27:11). Bu necə də böyük üstünlükdür!
Unutmayın, heç bir insan sizə Allahın Ondan qorxanlara verəcəyi şeyi verə bilməz: «Təvazökarlığın və Rəbb qorxusunun nəticəsi sərvət, şərəf, həyatdır» (Süleymanın məsəlləri 22:4).
[23-cü səhifədəki şəkil]
Aberaşın cəsarəti sayəsində səkkiz qohumu Müqəddəs Kitabı öyrənməyə davam edir