Oxucularımız soruşur...
Allah haqqında öyrənmək üçün hamıya eyni imkan veriləcəkmi?
▪ Bir dəfə İsa Məsihdən hansı əmrin ən böyük olduğunu soruşurlar. «Allahın Yehovanı bütün ürəyinlə, bütün canınla və bütün ağlınla sev», — deyə o cavab verir (Matta 22:37). Lakin Allahı sevmək üçün insan ilk öncə Onun haqqında dəqiq biliyə yiyələnməlidir (Yəhya 17:3). Bəs bu biliyə yiyələnmək üçün hamının eyni imkanı olacaqmı?
Allah haqqında biliyin əsas mənbəyi Müqəddəs Kitabdır (2 Timoteyə 3:16). Əksər insanlar bu kitabı əldə edə bilərlər. Bundan əlavə, Allah haqqında bilik almaq üçün, ola bilsin, həmin insanlara dəfələrlə Müqəddəs Kitabı öyrənmək təklif edilib (Matta 28:19). Bəziləri isə Allah qorxusu olan ailədə tərbiyə olunub və onlara valideynləri tərəfindən hər gün Allah haqqında bilik aşılanıb (Qanunun təkrarı 6:6, 7; Efeslilərə 6:4).
Amma başqaları isə heç də bu kimi şəraitdə yaşamırlar. Bəziləri elə ailələrdə böyüyüb boya-başa çatıblar ki, orada zorakılıq adi hal olub və onlar valideynləri tərəfindən məhəbbət görməyiblər (2 Timoteyə 3:1—5). Belə ailələrdə böyüyən insanlara Allahın məhəbbətli olduğuna inanmaq çətin olur. Bəziləri savadsız olduqları üçün Müqəddəs Kitabı oxuya bilmirlər. Digərləri isə yalan təlimlərin təsiri altındadırlar və yaxud Müqəddəs Kitab həqiqətinə nifrət olunan ailələrdə, ərazilərdə və hətta ölkələrdə yaşayırlar (2 Korinflilərə 4:4). Demək olarmı ki, belə vəziyyətdə yaşadıqları üçün bu insanların Allah haqqında biliyə yiyələnmək və Onu sevmək imkanı olmayacaq?
Üzləşdikləri çətinliklərə görə insanlara Allahı sevməyin və Ona itaət etməyin çətin olacağını İsa çox yaxşı başa düşürdü (Matta 19:23, 24). Lakin o, şagirdlərinin yadına saldı ki, insanın gözündə mümkün olmayan şeylər, «Allah üçün... mümkündür» (Matta 19:25, 26).
Gəlin növbəti faktları nəzərdən keçirək. Yehova qayğı göstərib ki, Onun Kəlamı olan Müqəddəs Kitab bəşər tarixi boyu ən geniş yayılmış kitab olsun. Bu kitabda peyğəmbərlik edilmişdi ki, Allah və Onun yer üçün olan niyyəti haqqında xoş xəbər «bütün yer üzündə təbliğ ediləcək» (Matta 24:14). Bizim günlərdə Yehovanın Şahidləri bu xəbəri 230-dan çox ölkə və ərazidə təbliğ edirlər və təxminən 500 dildə Allahın Kəlamına əsaslanan ədəbiyyat nəşr etdirirlər. Hətta Müqəddəs Kitabı əldə edə bilməyən insanlar belə Allahın yaratdıqlarını müşahidə edərək həqiqi Allah haqqında öyrənə bilərlər (Romalılara 1:20).
Bundan əlavə, Allahın Kəlamında deyilir: «Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan, sən Onu tapacaqsan» (1 Salnamələr 28:9). Beləliklə, Onu tanımaq üçün hamıya eyni dərəcədə imkan veriləcəyinə Yehova söz vermir, lakin O, əmin edir ki, bu imkan bütün səmimi qəlbli insanlara veriləcək. Hətta həyatı boyu Onun haqqında heç nə eşitməyən insanların belə, yeni dünyada dirildiləndə Allah haqqında eşitmək imkanları olacaq (Həvarilərin işləri 24:15).