Bilirsinizmi?
«Təntənəli yürüş» ifadəsi altında Pavel nəyi nəzərdə tuturdu?
▪ Həvari Pavel yazırdı: «Bizi... Məsihlə birlikdə təntənəli yürüşdə aparan və Özü haqqındakı ətir saçan biliyi bizim vasitəmizlə hər yerdə yayan Allaha şükürlər olsun! Çünki biz istər xilas, istər məhv yolunda olanlar arasında Allah üçün Məsihin xoş ətriyik. Bu ətir sonuncular üçün ölümə aparan, birincilər üçünsə həyat gətirən ətirdir» (2 Korinflilərə 2:14—16).
Burada həvari Pavel romalıların imperiyanın düşmənləri üzərində qələbə çalmış sərkərdənin şərəfinə təntənəli yürüşlər keçirmək adətindən danışır. Bu zaman döyüşdə əldə olunmuş qəniməti, əsirləri və qurbanlıq buğaları xalqın önündən keçirirdilər, sərkərdəni və onun ordusunu ucadan alqışlayırdılar. Yürüşün sonunda buğalar qurban gətirilir, əsirlər isə, həmişə olduğu kimi, edam olunurdu.
Bir ensiklopediyada deyilir ki, bəziləri üçün həyat, digərləri üçün isə ölüm demək olan «Məsihin xoş ətriyik» metaforasının kökü, «görünür, romalıların təntənəli nümayişi zamanı buxur yandırmaq adətinə gedib çıxır. Yandırılan buxurun ətri zəfər çalanlar üçün qalibiyyət demək olduğu halda, əsirlərə edam olunacaqlarını xatırladırdı»a («The International Standard Bible Encyclopedia»).
İbranicə Müqəddəs Yazılarda haqqında danışılan «səcdəgahlar» nə idi?
▪ İsraillilər Vəd olunmuş diyara daxil olmazdan əvvəl, Yehova onlara orada yaşayan kənanlıların bütün səcdəgahlarını dağıtmağı tapşırmışdı. «Oyma daşlarının, tökmə bütlərinin hamısını yox edin. Onların səcdəgah yerlərini dağıdın», — deyə Allah əmr etmişdi (Saylar 33:52). Yalançı allahlara ibadət olunan bu səcdəgahlar, adətən, təpələrin başında meydançalar, yaxud da başqa yerlərdə, məsələn, ağaclar altında və ya şəhərlərdə qurulan ibadətgahlar idi (1 Padşahlar 14:23; 2 Padşahlar 17:29; Yezekel 6:3). Orada, ola bilsin, qurbangahlar, müqəddəs sütun və ya dirəklər, surətlər, buxurdanlar və ibadətdə istifadə olunan digər əşyalar var idi.
Yerusəlimdə məbəd tikilməmişdən qabaq israillilər Yehovaya Onun seçdiyi yerlərdə ibadət edirdilər. Müqəddəs Kitabda bu yerlər də səcdəgahlar adlanır. Allahın peyğəmbəri Şamuel Suf diyarının şəhərlərindən birində «səcdəgahda» qurbanlar gətirirdi (1 Şamuel 9:11—14). Lakin Yehovaya sadiq olan padşahlar məbəd tikildikdən sonra öz torpaqlarını bu səcdəgahlardan təmizləməyə çalışırdılar (2 Padşahlar 21:3; 23:5—8, 15—20; 2 Salnamələr 17:1, 6).
[Haşiyə]
a Pavelin gətirdiyi bu nümunənin əlavə izahatını «Gözətçi Qülləsi»nin 15 noyabr 1990-cı il sayının 27-ci səhifəsində (rus.) tapa bilərsiniz.
[31-ci səhifədəki şəkil]
Romalıların təntənəli yürüşlərinin təsvir olunduğu barelyefdən fraqment, b. e. ıı əsri
[İcazə ilə]
Photograph taken by courtesy of the British Museum
[31-ci səhifədəki şəkil]
Gezerdəki müqəddəs sütünların qalıqları