Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/8 s. 30—32
  • Həqiqi ibadətdə buxur yandırmanın yeri varmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həqiqi ibadətdə buxur yandırmanın yeri varmı?
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • Yehova üçün müqəddəs buxur
  • Buxur və ilk məsihçilər
  • Buxurun müasir dövrdə yandırılması
  • “Buxur kimi” olan dualar
  • Kəffarə gününün sizə aidiyyəti
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • ‘Duaları eşidənə’ necə yaxınlaşa bilərik?
    Gözətçi qülləsi 2006
  • Lavililər kitabından çox şey öyrənmək olar
    Gözətçi qülləsi 2019
  • Müqəddəs çadırdakı qurbangahlar və pak ibadətdə onların rolu
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
Gözətçi qülləsi 2003
w03 1/8 s. 30—32

Həqiqi ibadətdə buxur yandırmanın yeri varmı?

“TANRILAR xoş ətirləri sevirlər”. Bu atalar sözü qədim Misirdə geniş yayılmışdı. Buxur yandırma misirlilərin ibadətinin ayrılmaz hissəsini təşkil edirdi. Onlar tanrıların həmişə yanlarında olduğuna inanaraq, hər gün mə’bədlərində və ev qurbangahlarında buxur yandırırdılar. Misirlilər, hətta işgüzar əməliyyatlar zamanı da buxur yandırırdılar. Bu cür adətlər başqa xalqlarda da mövcud idi.

Buxur nədir? Bu söz həm yandırılan maddəyə, həm də həmin maddədən çıxan tüstüyə aid edilə bilər. Buxur — ladan və balzam kimi ətirli qatran və bitki kitrələrindən hazırlanır. Onları toz halına salana qədər döyür və hansı məqsəddə istifadə edəcəklərindən asılı olaraq çox vaxt ədviyyat, ağac qabığı və çiçəklərlə qarışdırırlar.

Qədimdə buxur çox bəyənilir və o dərəcədə qiymətləndirilirdi ki, onun tərkibinə daxil olan maddələr ticarətin vacib sahəsinə çevrilmişdi. Karvanlar bu malları ticarət yolları ilə uzaq ölkələrdən gətirirdilər. Yaqubun kiçik oğlu Yusifin ‘Gileaddan gəlib Misirə gedən dəvələri ədviyyat, balzam və ətriyyatla yüklənmiş’ ismaillilərə satıldığını xatırlayaq (Yaradılış 37:25, MKŞ). Buxura olan tələbat o qədər artmışdı ki, şübhəsiz, buxur alveri ilə məşğul olanların təşəbbüsü ilə açılan və ladan daşınılan ticarət yolunun sayəsində Asiya və Avropa arasındakı əlaqə qaydaya düşmüşdü.

Buxur bir çox dini mərasim və ayinlər zamanı bu gün də yandırılır. Bundan başqa, getdikcə daha çox adamlar ancaq xoş iy naminə evlərində buxur yandırırlar. Məsihçilər buxurun yandırılmasına necə yanaşmalıdırlar? Allaha ibadət edən zaman buxur yandırmaq məqbuldurmu? Gəlin, Müqəddəs Kitabın bu haqda dediklərinə nəzər salaq.

Yehova üçün müqəddəs buxur

Səyyar mə’bəddə xidmət edən kahinlərin vəzifələrinə daxil olan ən vacib işlərdən biri də buxur yandırmaq idi. Makklintokun və Stronqun ensiklopediyasında deyilir: “Beləliklə, hər şeydən göründüyü kimi, buxur yəhudilər üçün o qədər müqəddəs idi ki, onlar bunu ancaq və ancaq yandırmaq üçün istifadə edirdilər”.

Yehova Allah dörd ətirli maddəni qarışdırmağı və alınan qarışığı səyyar mə’bəddə yandırmağı əmr etmişdi: “Özünə xoş ətirli ədviyyat, qara günnük və xoş ətirli əzfar və yapışqan kitrə və xoş ətirli ədviyyat və saf günnük al; çəkiləri bir olacaq: ondan buxur, ətir işi üzrə duzlanmış, təmiz və müqəddəs xoş ətir düzəldəcəksən; və onun bir parçasını çox incə döyəcəksən və toplanma çadırında, orada səninlə görüşəcəyim şəhadətin önünə qoyacaqsan” (Çıxış 30:34-36). Tarixçilərin fikrincə, sonralar yəhudi ruhaniləri mə’bəddə buxuru yandırmaq üçün başqa ədviyyatlar da əlavə edirdilər.

Səyyar mə’bəddə yandırılan buxur müqəddəs idi və yalnız Allaha edilən ibadət zamanı istifadə olunurdu. Yehova əmr etmişdi: “Düzəldəcəyin buxurun tərkibinə görə özünüz üçün buxur düzəltməyəcəksiniz; sənin üçün Rəbbə müqəddəs olacaqdır. Qoxulamaq üçün onun kimisini kim düzəldərsə, xalqından atılacaqdır” (Çıxış 30:37, 38). Kahinlər gündə iki dəfə xüsusi qurbangahda buxur yandırırdılar (2 Tarixlər 13:11). Kəfarət günündə isə baş kahin ən müqəddəs yerdə buxur yandırırdı (Levililər 16:12, 13).

Lakin buxurun yandırılması Allaha həmişə məqbul olmamışdır. Məsələn, O, kahin olmadıqları halda məğrurluqla özlərini kahin kimi qələmə verib buxur yandıran kəsləri cəzalandırmışdır (Saylar 16:16-18, 35-40; 2 Tarixlər 26:16-20). Yəhudilərin yalançı tanrılara ibadət etdikləri və ‘əlləri qanla dolu olduğu’ halda yandırdıqları buxur Yehova üçün məkruh idi. Onların ikiüzlülüyünü görən Yehova demişdir: “Buxur mənə məkruh şeydir” (İşaya 1:13, 15). İsraillilər Yehovanın ibadət haqqındakı göstərişlərinə o dərəcədə e’tinasızlıq göstərməyə başladılar ki, mə’bədi bağlayıb, başqa qurbangahlarda buxur yandırırdılar (2 Tarixlər 28:24, 25). İllər keçdikcə müqəddəs buxur, hətta saxta tanrılara iyrənc ibadətdə istifadə edilirdi. Bu cür əməllər Yehovada nifrət hissi oyadırdı (Hezekiel 16:2, 17, 18).

Buxur və ilk məsihçilər

Qanun əhdi, o cümlədən kahinlərə verilən müqəddəs buxur yandırma əmri də, eramızın 33-cü ilində Məsihin yeni əhdi tə’sis etməsilə sona yetdi (Koloslulara 2:14). İlk məsihçilərin dini məqsədlər üçün buxur yandırmaları haqqında heç bir mə’lumat yoxdur. Makklintokun və Stronqun ensiklopediyasında deyilir: “[İlk məsihçilərin] buxurdan istifadə etmədiklərinə heç bir şübhə yoxdur. Bundan əlavə buxurun istifadə edilməsi bütpərəstliyin nişanəsi idi... Bütpərəst qurbangahlara bir neçə buxur dənəciyi atmaq ibadətin icra olunması demək idi”.

İlk məsihçilər ölüm bahasına olsa belə, Roma imperatorunun “ilahiliyini” qəbul etdiklərinə işarə edən buxur yandırmasından boyun qaçırırdılar (Luka 4:8; 1 Korinflilərə 10:14, 20). Buxurun həmin vaxtlar bütpərəstlikdə istifadə edildiyini nəzərə alsaq, ilk məsihçilərin buxur alverində belə iştirak etməməkləri təəccüblü deyil.

Buxurun müasir dövrdə yandırılması

Buxur bizim günlərdə necə istifadə edilir? Buxur Xristian dünyasının bir çox kilsələrində müxtəlif mərasim və ayinlər zamanı yandırılır. Bir çox Asiya ailələri tanrılara şərəf gətirmək və ya ölüləri qorumaq məqsədilə mə’bədlərdə və ya evlərindəki qurbangah önündə buxur yandırırlar. Dini ayinlər icra olunduğu zaman buxur müxtəlif cür, məsələn, otağı onun tüstüsü ilə doldurmaq, şəfa vermək, təmizlənmə və qorunma kimi məqsədlərdə istifadə edilir.

Buxur son vaxtlar, təkcə dindar insanlar arasında deyil, ümumiyyətlə, cəmiyyətdə geniş yer tapıb. Məsələn, buxuru meditasiya vaxtı yandırırlar. Bir arayış kitabçasında isə buxuru “şüurun sirli səviyyəsinə” və “xüsusi qüvvəyə” yetişmək üçün tətbiq etmək təklif olunur. Həmin mənbədə həmçinin həyatın çətinliklərini həll etmək vasitəsi kimi buxuru — “fövqəltəbii varlıqlarla” əlaqəni fərz edən xüsusi ayinlərlə müşayiət olunaraq yandırılması məsləhət görülür. Bütün bunlar məsihçilər üçün məqbuldurmu?

Yehova yalan dinin adətlərini təmiz ibadətlə qarışdırmağa çalışan kəsləri birbaşa mühakimə edir. Həvari Pavel İşayanın peyğəmbərliyini sitat gətirir və onu məsihçilərə aid edərək onları yalan dinin natəmiz tə’sirindən qaçınmağa çağırırdı. O yazırdı: “Rəbb deyir ki, “imansızların arasından çıxın və onlardan ayrılın; murdar bir şeyə toxunmayın, Mən də sizi qəbul edəcəyəm” (2 Korinflilərə 6:17; İşaya 52:11). Məsihçilər yalan ibadətlə və ya okkultizmlə bağlı olan hər şeydən tam qaçınmağa çalışırlar (Yəhya 4:24).

Əgər buxuru dini mərasimlərdə, yaxud spiritizmdə istifadə edirlərsə, bu o deməkdirmi ki, buxuru qətiyyən yandırmaq olmaz? Xeyr. Məsələn, kim isə evində buxuru yalnız və yalnız xoş iyin xatirinə yandırmaq istəyə bilər (Süleymanın məsəlləri 27:9). Lakin bu halda da məsihçi bir şeyi nəzərə almalıdır. Həmin ərazidə buxur yandırılmasının yalan dinlə bağlı olduğu hesab edilirmi? Buxur yerli spiritizmlə bağlı ayinlərdə çoxmu istifadə olunur? Yoxsa, buxur adətən dini mə’na daşımayan məqsədlərdə istifadə edilir?

Buxuru yandırıb-yandırmamağı qərarlaşdırarkən, yalnız öz vicdanının səsinə qulaq asmaqdan savayı, ətrafdakıların da hisslərini nəzərə almaq lazımdır (1 Korinflilərə 10:29). Bu halda Pavelin romalılara dediyi sözlər aktualdır. O yazırdı: “Sülh gətirən və bir-birimizi ruhən inkişaf etdirən şeylərə can ataq. Yemək xatirinə Allahın işini pozma! Hər qida təmizdir, lakin yedikləri ilə başqasının büdrəməsinə səbəb olan adam pislik etmiş olur. Ət yeməmək, şərab içməmək və qardaşının büdrəməsinə, yoldan çıxmasına, zəif düşməsinə səbəb olan işi görməmək yaxşıdır” (Romalılara 14:19-21).

“Buxur kimi” olan dualar

İsraildə buxurun yandırılması Allahın eşitdiyi duaların müvafiq simvolu idi. Buna görə də məzmurçu Davud oxuyurdu: “Duam sənin önündə tüstü [“buxur”, YD] kimi... olsun” (Məzmur 141:2).

Allaha sadiq olan israillilər üçün buxurun yandırılması mə’nasız ayin deyildi. Onlar buxuru məhz Yehovanın əmr etdiyi kimi hazırlayıb, yandırmağa çalışırdılar. Bu gün məsihçilər həqiqi buxurdan istifadə etməsələr də, onlar səmavi Atamıza dərin minnətdarlıq və ehtiram təzahür etdirən dualar edirlər. Allahın Kəlamı bizi əmin edir ki, mə’bəddə kahinlərin yandırdıqları xoş ətirli buxur kimi, “doğruların [salehlərin] duası ona məqbuldur” (Süleymanın məsəlləri 15:8).

[31-ci səhifədəki şəkillər]

Səyyar mə’bəddə və mə’bəddə yandırılan buxur müqəddəs idi.

[32-ci səhifədəki şəkillər]

Meditasiya zamanı buxur yandırma məsihçilər üçün məqbuldurmu?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş