Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/4 s. 29—32
  • Mən çoxlu yaxşı şeylər tapmışam

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mən çoxlu yaxşı şeylər tapmışam
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Xoş xatirələr
  • Karlosun sorağında
  • Çətinliklər və qardaşların qonaqpərvərliyi
  • «Hansısa şərəfli tapşırıqdan... imtina etmək istəmirik»
  • Sadiq həmimanlılarımızla çiyin-çiyinə xidmət edirik
  • Yehovanın xeyirxahlığına görə minnətdaram
  • «Elə mən də sizin zənginizi gözləyirdim»
    Yehovanın Şahidlərinin sərgüzəştləri
  • Təbliğ işinin ən qızğın çağlarında xidmət
    Gözətçi qülləsi 2010
  • Yehova mənə iradəsini yerinə yetirməyi öyrətdi
    Gözətçi qülləsi 2012
  • Yehova haqda öyrənməyi və öyrətməyi sevirəm
    Gözətçi qülləsi 2022
Gözətçi qülləsi 2011
w11 15/4 s. 29—32

Mən çoxlu yaxşı şeylər tapmışam

Nəql etdi Artur Bono

HƏYAT YOLDAŞIM Edit və mən 1951-ci ildə keçirilən vilayət konqresində olarkən missioner xidməti ilə maraqlananlar üçün görüş barədə elan səsləndi. Mən həyəcanla Editə dedim:

— Gəl gedək qulaq asaq!

— Sən nə danışırsan? Biz hara, missioner xidməti hara?!

— Edit, gəl, biz sadəcə qulaq asacağıq.

Görüşdən sonra Gilead Məktəbi üçün ərizə blankı paylandı. Mən təkidlə dedim:

— Gəl biz də dolduraq.

— Art, bəs bizim ailəmiz?

O görüşdən il yarım keçmədi ki, biz Gilead Məktəbinə dəvət aldıq. Onu bitirdikdən sonra bizi Cənubi Amerikada yerləşən Ekvadora təyin etdilər.

Yuxarıdakı söhbətimizdən, yəqin, gördünüz ki, mən çox qətiyyətli və özünə inanan insan idim. Edit isə mülayim və təvazökar idi. Onun uşaqlığı Pensilvaniya ştatında (ABŞ) yerləşən kiçik Elizabet şəhərində keçmişdi. Bu müddət ərzində o, yaşadığı ərazidən kənara çıxmamışdı və əcnəbilərlə qarşılaşmamışdı. Buna görə də ailəsini qoyub uzaqlara getmək onun üçün çətin idi. Buna baxmayaraq, Edit xaricdə xidmət etmək təyinatını canla-başla qəbul etdi. 1954-cü ildə biz missioner kimi Ekvadora gəldik və indiyə kimi bu ölkədə xidmət edirik. Bu illər ərzində biz çoxlu yaxşı şeylər tapmışıq. Onların bəzilərini sizinlə bölüşmək istəyərdim.

Xoş xatirələr

İlk təyinatımız And dağlarının 2850 metr yüksəkliyində yerləşən paytaxt şəhər Kito idi. Ekvadorun başqa şəhəri olan Quayakildən ora çatmaq üçün biz qatarla və yük maşını ilə iki gün yol getməli olduq, halbuki bu gün həmin məsafəni təyyarə ilə 30 dəqiqəyə qət etmək olar. Kitoda xidmət etdiyimiz dörd il, həqiqətən də, unudulmaz idi. Sonra, 1958-ci ildə həyatımızda daha bir yaxşı şey baş verdi: biz səyyar xidmətinə başladıq.

O vaxt ölkədə yalnız iki balaca teokratik rayon vardı. Buna görə də yığıncaqlara başçəkməmiz bitəndən sonra biz həftələrlə Şahidlərin olmadığı balaca hindu şəhərlərində təbliğ edirdik. Onların yaşadığı evlər, adətən, balaca, pəncərəsiz və içində çarpayıdan başqa heç nə olmayan bir otaqdan ibarət idi. Biz özümüzlə taxta çamadan gəzdirirdik. Çamadanın içində balaca neft sobası, tava, boşqablar, ləyən, mələfə, ağcaqanadlardan qorunmaq üçün tor, pal-paltar, köhnə qəzetlər və başqa əşyalar var idi. Biz bu qəzetlərdən divardakı dəlikləri tutmaq üçün istifadə edirdik ki, az da olsa siçovulların işini çətinləşdirək.

Yaşadığımız evlərdə şərait olmasa da, o günlərlə bağlı bizim xoş xatirələrimiz qalıb. Axşamlar çarpayıda oturaraq neft sobasında bişirdiyimiz sadə xörəkləri yeyə-yeyə şirin söhbətlər edərdik. Təbiətcə çılğın olduğum və çox vaxt düşünmədən danışdığım üçün Edit bu sakit anlardan istifadə edərək mənə baş çəkdiyimiz qardaşlarla necə daha mülayim söhbət edə biləcəyimi göstərirdi. Mən onun dediklərinə qulaq asırdım və bunun sayəsində başçəkmələrim daha ruhlandırıcı oldu. Həmçinin mən kiminsə barəsində pis danışmağa başlayanda Edit söhbəti davam etdirmək istəmədiyini deyirdi. Bunun sayəsində diqqətimi qardaşların yaxşı xüsusiyyətlərinə cəmləməyi öyrəndim. Amma biz, əsas etibarilə, «Gözətçi Qülləsi»ndən öyrəndiklərimiz haqda danışırdıq və gün ərzində xidmətdə baş verən hadisələri bir-birimizlə bölüşürdük. Bu hadisələr, həqiqətən də, çox maraqlı idi!

Karlosun sorağında

Ekvadorun qərbində yerləşən Xipixapa şəhərində bizə Müqəddəs Kitabla maraqlanan Karlos Mexiya adlı bir nəfərin adını verdilər. Lakin onun harada yaşadığı barədə bizim heç bir məlumatımız yox idi. Biz səhər tezdən kirayədə qaldığımız evdən çıxıb onu axtarmağa yollandıq. Bilmirdik hara gedək — ayağımız hara, başımız da ora. Axşamdan leysan yağdığı üçün yollar palçıq içində idi. Buna görə də biz palçıqla dolu olan çoxsaylı çuxurların yanından ehtiyatla keçməli olurduq. Mən qabaqda gedirdim, Edit isə arxada gəlirdi. Birdən kiminsə: «A-a-art!» — deyə yazıq-yazıq məni çağırdığını eşitdim. Arxaya çevrilib gördüm ki, Edit dizinə qədər palçığa batıb. Mənzərə o qədər gülməli idi ki, əgər Editin gözləri dolmasaydı, mən gülməkdən ölərdim.

Editə çuxurdan çıxmağa kömək etdim, amma ayaqqabıları palçığın içində qaldı. Bir oğlan və bir qız qıraqda durub bizə baxırdılar. Mən onlara dedim: «Ayaqqabıları palçığın içindən çıxartsanız, sizə pul verəcəyəm». Söz ağzımdan çıxmamış onlar ayaqqabıları palçığın içindən çıxartdılar. Amma onları təmizləmək lazım idi. Bütün bunları görən uşaqların anası bizi evinə dəvət etdi. O, Editə ayaqlarını yumağa kömək etdi, uşaqlar isə bu arada ayaqqabıları təmizləyirdilər. Getməyə hazırlaşanda çox maraqlı bir şey baş verdi. Mən o qadından soruşdum: «Təsadüfən, Karlos Mexiyanın harada yaşadığını bilmirsiniz?» O, təəccüblə mənə baxaraq: «O ki mənim ərimdir!» — dedi. Bir müddət sonra Karlosla Müqəddəs Kitabı öyrənməyə başladıq və nəticədə, bu ailənin bütün üzvləri vəftiz oldular. İllər keçdi, Karlos, onun həyat yoldaşı və iki uşağı xüsusi pioner kimi xidmət etməyə başladılar.

Çətinliklər və qardaşların qonaqpərvərliyi

Səyyar xidməti zamanı yolda çoxlu çətinliklərlə üzləşirdik. Biz avtobusla, qatarla, yük maşını ilə, ağacdan yonulmuş kanoe və balaca təyyarələrlə səyahət edirdik. Bir dəfə biz vilayət nəzarətçisi Con Maklehan və onun həyat yoldaşı Doroti ilə birlikdə Kolumbiya sərhədi yaxınlığında yerləşən kəndlərdə təbliğ edirdik. Bu ərazidə yaşayan insanların əksəriyyəti balıqçılıqla məşğul idi. Sallanma mühərriki olan kanoe ilə gedərkən düz bizim yanımızda kanoe boyda köpək balıqlarının üzdüklərini gördük! Hətta bizi müşayiət edən təcrübəli dənizçi belə bu köpək balıqlarının ölçüsünü görəndə qorxub tez kanoenin istiqamətini sahilə tərəf dəyişdi.

Səyyar xidmətdə bir çox çətinliklərlə qarşılaşsaq da, Yehovaya xidmət etməyə dəyərdi. Biz çox yaxşı və qonaqpərvər qardaşlarla tanış olduq. Çox vaxt qaldığımız ailələr gündə üç dəfə yemək yeməyimizə təkid edirdilər, halbuki özləri yalnız bir dəfə yeyirdilər. Yaxud özləri yerdə yatdıqları halda, bizim yerimizi evlərindəki yeganə çarpayıda salırdılar. Edit tez-tez deyirdi: «Bu əziz bacı-qardaşlarımız mənə əslində insana həyatda az şeyin lazım olduğunu dərk etməyə kömək etdilər».

«Hansısa şərəfli tapşırıqdan... imtina etmək istəmirik»

1960-cı ildə bizimlə daha bir yaxşı şey baş verdi: bizi Quayakildə yerləşən filialda xidmət etməyə dəvət etdilər. Mən orada inzibati işlərlə məşğul olurdum, Edit isə filialın yaxınlığında yerləşən yığıncaqla təbliğ xidmətində əməkdaşlıq edirdi. Özümü heç vaxt ofis işçisi kimi təsəvvür etmədiyimdən bu iş üçün yararsız olduğumu düşünürdüm. Ancaq İbranilərə 13:21 ayəsində deyildiyi kimi, Allah bizi hər cür yaxşı şeylə təchiz edir ki, Onun iradəsini icra etmək üçün yararlı olaq. İki il sonra məni Bruklinə (Nyu-York) onaylıq Gilead kursunu keçməyə dəvət etdilər. O vaxtlar ailəli bacılar öz təyinatlarında qalırdılar. Bruklindən yoldaşıma məktub gəldi. Orada ona ərinin onaylıq yoxluğuna hazır olub-olmadığını ciddi götür-qoy etmək məsləhət görülürdü.

Edit məktuba belə cavab verdi: «Bilirəm ki, bu, mənim üçün asan olmayacaq, ancaq Yehova yaranan hər bir çətinliyin öhdəsindən gəlməyə bizə mütləq kömək edəcək... Allahın bizə həvalə etdiyi hansısa şərəfli tapşırıqdan və ya öz məsuliyyətlərimizi daha yaxşı icra etmək üçün bizə verilən təlimdən imtina etmək istəmirik». Bruklində olduğum müddətdə yoldaşımdan hər həftə məktub alırdım.

Sadiq həmimanlılarımızla çiyin-çiyinə xidmət edirik

1966-cı ildə səhhətimdə problemlər yarandığı üçün biz Kitoya qayıdıb yenidən missioner xidmətinə başladıq. Orada yerli bacı-qardaşlarla çiyin-çiyinə xidmət edirdik. Onların Yehovaya necə sadiq qaldıqlarını görmək çox xoş idi!

Bir bacının məsihçi olmayan əri onu həmişə döyürdü. Bir gün səhər saat 6-da kimsə bizə zəng vurub ərinin onu yenidən döydüyünü xəbər verdi. Mən özümü dərhal ora çatdırdım. Bacını görəndə gözlərimə inana bilmədim. O, çarpayıda uzanmışdı, hər yeri şişmişdi və gömgöy idi. Əri onu süpürgənin sapı ilə elə bərk vurmuşdu ki, sap iki yerə bölünmüşdü. Həmin gün bacının ərini görəndə ona dedim ki, o, əsil qorxaq kimi davranıb. Əri həddindən artıq peşman olduğunu söylədi.

1970-ci ilin əvvəllərində səhhətim yaxşılaşdı və biz yenidən səyyar xidmətə başladıq. Xidmət etdiyimiz teokratik rayona İbarra şəhəri də daxil idi. 1950-ci illərin sonuna yaxın bu şəhərə baş çəkəndə orada yalnız iki Şahid var idi; onlardan biri missioner, digəri isə yerli qardaş idi. Buna görə o yığıncağa gələn yeni bacı-qardaşlarla tanış olmaq arzusunda idik.

Yığıncağa gəldiyimiz ilk gün Rodriqo Vaka adlı bir qardaş çıxış edirdi və onun çıxışına dinləyicilərin iştirakı da daxil idi. Qardaş hər dəfə sual verəndə dinləyicilər əllərini qaldırmaq əvəzinə, ucadan: «Mən, mən!» — deyirdilər. Editlə mən təəccüblə bir-birimizə baxırdıq. «Burada nə baş verir?» — deyə öz-özümə fikirləşirdim. Sonradan bizə məlum oldu ki, sən demə, Vaka qardaş kordur. Buna baxmayaraq, o, yığıncaq üzvlərini səslərindən tanıyırdı. Həqiqətən də, o, quzularını yaxşı tanıyan çoban idi! Bu zaman Yəhya 10:3, 4, 14 ayələri yadıma düşdü. Orada İsanın bir-birlərini çox gözəl tanıyan yaxşı çoban və qoyunlardan bəhs olunur. Bu gün İbarra şəhərində altı ispandilli, bir keçuadilli və bir jestdilli yığıncaq fəaliyyət göstərir. Vaka qardaş bu günədək sədaqətlə ağsaqqal və xüsusi pioner kimi xidmət edira.

Yehovanın xeyirxahlığına görə minnətdaram

1974-cü ildə Yehovanın başqa bir xeyirxahlığını da gördük: bizi yenidən Bet-Elə çağırdılar. İlk əvvəl inzibati işlərlə məşğul olurdum, sonra isə məni filialın komitəsində xidmət etməyə təyin etdilər. Edit əvvəlcə mətbəxdə işləyirdi, sonra isə onu ofis işinə təyin etdilər və indiyə kimi o, burada çalışır.

Bu illər ərzində bizə Gilead Məktəbini bitirmiş və bu ölkəyə təyin olunmuş yüzlərlə missionerləri qarşılamaq sevinci nəsib oldu. Bu yetkin və xidmətə can yandıran bacı-qardaşların əhval-ruhiyyəsi yerli yığıncaqlara sirayət edirdi. Həmçinin 30-dan çox ölkədən minlərlə bacı-qardaşların Ekvadora xidmət etmək üçün gəldiyini görmək də bizi ruhlandırır. Onların fədakarlıq ruhu bizə çox böyük təsir bağışlayır. Təbliğçilərə ehtiyac olan ərazilərdə xidmət etməyə gəlmək üçün bəziləri hətta öz evlərini və şəxsi bizneslərini satmışdılar. Onlar özlərinə maşın alıb uzaq ərazilərdə xidmət etməyə gedirdilər, yeni yığıncaqlar təsis etməyə və Padşahlıq Zalları tikməyə kömək edirdilər. Həmçinin burada pioner kimi xidmət etmək üçün xarici ölkələrdən çoxlu subay bacılar gəlir. Onların xidmətdə göstərdikləri səy və bacarıqları heyrətamizdir!

Yehovaya xidmət etdiyim bu illər ərzində mən sözün əsil mənasında bir çox yaxşı şeylər tapmışam. Onların arasında ən qiymətlisi Yehova ilə münasibətlərimdir. Həmçinin Yehovaya minnətdaram ki, mənə Edit kimi gözəl «köməkçi» bəxş edib (Yar. 2:18). Birgə yaşadığımız 69 ilə boylanıb baxanda Süleymanın məsəlləri 18:22 («Kitabı Mukaddes») ayəsində yazılan sözlər yadıma düşür. Orada deyilir: «Yaxşı arvad alan yaxşılıq tapar». Edit kimi insanla ömür-gün yoldaşı olmaq mənə çox xoşdur. O, mənə hər işdə böyük dayaq olub. Edit həm də anasına yaxşı qız olub. Biz Ekvadora gələn andan ta anası 1990-cı ildə 97 yaşında vəfat edənə qədər Edit hər həftə ona məktub göndərirdi.

Hal-hazırda mənim 90, Editin isə 89 yaşı var. Biz çox şadıq ki, bu illər ərzində təxminən 70 nəfərə Yehova haqda öyrənməyə kömək etmişik. Nə yaxşı ki, 60 il bundan əvvəl Gilead Məktəbinə ərizə yazdıq. Həqiqətən də, bu qərar sayəsində həyatımız çoxlu yaxşı şeylərlə dolu olub!

[Haşiyə]

a Vaka qardaşın həyatı haqda «Oyanın!» jurnalının 1985-ci il 8 sentyabr sayında (ing.) oxumaq olar.

[29-cu səhifədəki şəkil]

Nyu-Yorkun Yanki stadionunda Gilead Məktəbində oxuduğum missionerlərlə birgə, 1958-ci il

[31-ci səhifədəki şəkil]

Səyyar xidmətdə olarkən baş çəkdiyim ailə, 1959-cu il

[32-ci səhifədəki şəkil]

Ekvador filialında, 2002-ci il

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş