Müqəddəs Kitab nə vaxt qələmə alınıb?
Müqəddəs Kitab nadir kitabdır. Üç milyarddan çox insan onu müqəddəs kitab kimi qəbul edir. O, bütün dövrlərdə ən çox satılan kitab hesab edilir. Müqəddəs Kitabın tam və ya qismən təxminən 6 000 000 000 nüsxəsi 2400 dildə çap olunub.
MÜQƏDDƏS KİTABIN tarixdə ən geniş yayılmış kitab olmasına baxmayaraq, onun nə vaxt yazılmasına dair çoxlu fərziyyələr mövcuddur. Xüsusilə də Tövratın, yəni Əhdi-Ətiqin nə vaxt yaranması çoxlu mübahisələrə səbəb olur. Ola bilsin, siz bu kimi nəzəriyyələrdən bəziləri haqqında kitab və jurnallarda oxumusunuz, yaxud da televizorda alimlərin verdikləri izahatları eşitmisiniz. Bu iddialardan yalnız bir neçəsi aşağıda gətirilir.
▪ «Müqəddəs Kitabın çox hissəsi b. e. ə. VIII—VI əsrlərdə, yəni Yeşaya və Yeremya peyğəmbərin dövründə yazılıb».
▪ «Son iki yüz il ərzində Müqəddəs Kitab alimləri İbrani Müqəddəs Yazılarının əsas etibarilə fars və ellinizm dövründə yazıldığını və ərsəyə gəldiyini iddia edirlər (b. e. ə. V—II əsrlər)».
▪ «Bu gün əlimizdə olan İbrani Müqəddəs Yazılarının bütün kitabları ellinizm dövründə tərtib olunub (təxminən [b. e. ə.] II—I əsrlərdə)».
Müqəddəs Yazıların hər kəlməsinin Allahdan ilham aldığına inanan məsihçilər bir-birinə zidd gedən bu kimi iddialara necə yanaşmalıdırlar? (2 Timoteyə 3:16). Bu suala cavab vermək üçün gəlin iki sahəyə nəzər salaq.
Müqəddəs Kitab xronologiyası
İbrani Müqəddəs Yazılarında bir çox hadisələrin nə vaxt baş verdiyi göstərilir. Bunun sayəsində Müqəddəs Kitabın ilk kitablarının Musanın və Yeşuanın dövründə, təxminən 3500 il əvvəl qələmə alındığını müəyyən etmək mümkündüra. Növbəti kitablar Şamuel, Davud, Süleyman və başqaları tərəfindən b. e. ə. XI əsrdə yazılıb. Sonra isə b. e. ə. IX—V əsrlərə aid edilən tarixi, poetik və peyğəmbərlik kitabları yazılıb.
«Ester» kitabını çıxmaq şərtilə, Müqəddəs Kitabın bu kitablarının surətləri və fraqmentləri Ölü dəniz əlyazmaları arasında tapılmışdır. Radiokarbon analizi (radioaktiv karbonun tarixinin təyin olunması) və paleoqrafik analiz (hərflərin yazı tərzi və forma baxımdan qədim əlyazmaların öyrənilməsi) sübut edir ki, ən qədim tumarlar b. e. ə. 200—100-cü illərə təsadüf edir.
Tənqidçilərin nöqteyi-nəzəri
Tənqidçilərin Müqəddəs Kitab xronologiyasını qəbul etməmələrinin əsas səbəbi Müqəddəs Yazıların Allahdan ilham alması fikri ilə razılaşmamalarıdır. Bununla əlaqədar professor Uolter Kayzer «Əhdi-Ətiqin sənədləri» adlı kitabında yazır: «[Müqəddəs Kitab] mətni etibaralayiq deyil, çünki orada onun Allahdan ilham aldığı iddia olunur, həmçinin möcüzələrdən və Allahdan danışılır» («The Old Testament Documents»). Müqəddəs Kitabın Allahdan ilham aldığına inanmayan alimlər iddia edirlər ki, istənilən başqa kitab kimi, Müqəddəs Kitabı da araşdırarkən eyni cür tənqidi yanaşmaq lazımdır.
Bir müddət Darvinin təkamül nəzəriyyəsinə əsaslanaraq alimlər iddia edirdilər ki, din sadədən mürəkkəbə — animizmdən (ruhlara sitayiş) politeizmə (çoxallahlılıq), sonda isə monoteizmə (təkallahlılıq) doğru inkişaf edib. Müqəddəs Kitabın ilk kitablarında Allaha monoteistik ibadətdən danışıldığı üçün bəziləri elə qənaətə gəlmişlər ki, yəqin bu kitablar onların özündə deyildiyindən çox-çox sonra yazılıb.
O vaxtdan bəri Müqəddəs Kitab tarixi, ədəbi, daxili və sairə kimi bir çox müxtəlif tənqidi araşdırmalara məruz qalıb.
Müqəddəs Yazıların kitablarının yazılma tarixinə dair alimlərin fikirləri fərqlənsə də, çoxları professor Riçard Fredmanın irəli sürdüyü nəzəriyyəni dəstəkləyir. O yazır: «Bir çox yüzilliklər ərzində qədim yazıçılar poeziya və nəsr əsərləri yaratmış, qanunlar yazmışlar. Sonralar başqa yazıçılar bu sənədlərdən mənbə kimi istifadə edərək Müqəddəs Kitabı tərtib etmişlər».
«İman, ənənə və tarix» adlı kitabda Müqəddəs Kitab tənqidçilərinin müxtəlif nəzəriyyələri müzakirə olunur. Lakin orada deyilir: «Alimləri Müqəddəs Kitaba inamsızlıq və öz nəzəriyyələrinin doğruluğuna tam əminlik birləşdirsə də, onlar bir-birlərinin fikirlərinə həddən artıq tənqidi yanaşırlar» («Faith, Tradition, and History»).
Müqəddəs Kitabın xronologiyasının müdafiəsi üçün
Müqəddəs Kitabın ilk kitabları tez xarab olan materiallar üzərində yazılmışdı. Buna görə də, Musanın, Yeşuanın, Şamuelin və ya Davudun dövrünə aid əlyazmaların orijinal mətninin və ya erkən surətinin nə vaxtsa tapılacağına ümid etmək qeyri-realdır. Lakin Müqəddəs Kitab xronologiyasının etibaralayiq olduğunu təsdiqləyən dolayı tarixi dəlil-sübutları araşdırmaq mümkündür. Bir çox mötəbər alim və arxeoloqlar da məhz bu üsuldan istifadə edirlər. Gəlin görək, bu kimi sübutlar bəzi mübahisəli suallara cavab tapmağa necə kömək edir.
▪ 3500 il bundan əvvəl, Müqəddəs Kitaba əsasən, Musa və Yeşuanın yaşadığı dövrdə Yaxın Şərqdə yazı mövcud olubmu? Qədim Mesopotamiya və Misirdə tarixi, dini, qanuni və ədəbi mətnlər tərtib olunurdu. Bəs Musa və digər israillilər tərəfindən yazılmış mətnlər barədə nə demək olar? Bir arayış lüğətində deyilir: «Şübhə etməyə heç bir əsas yoxdur ki, tunc dövrünün sonuna yaxın (b. e. ə. təxminən 1550—1200) Kənanda yazı mövcud olmuşdur» («Dictionary of the Old Testament: Pentateuch»). Orada həmçinin qeyd olunur: «Qədim yazılara dair bildiklərimizi nəzərə alsaq, Musanın və digərlərinin müəllifliklərinə şübhə etməyə heç bir əsasımız yoxdur» (Çıxış 17:14; 24:4; 34:27, 28; Saylar 33:2; Qanunun təkrarı 31:24).
▪ Müqəddəs Kitabı yazanlar qədim mənbələrdən istifadə edirdilərmi? Bəli, onlardan bəziləri «kitablara» — ola bilsin, rəsmi sənədlərə, nəsil şəcərələrinə, tarixi əsərlərə, yaxud da hansısa qəbiləyə və ailəyə aid olan sənədlərə istinad edirdilər (Saylar 21:14; Yeşua 10:13; 2 Şamuel 1:18; 1 Padşahlar 11:41; 2 Salnamələr 32:32).
▪ Nəyə görə Müqəddəs Kitabın Ölü dəniz əlyazmalarından daha qədimləri tapılmamışdır? «Müqəddəs Kitabın arxeoloji icmalı» jurnalında izah olunur: «Fələstində papirus və dəri üzərində yazılmış sənədlər daha çox quraq bölgələrdə, məsələn, Ölü dəniz ərazisində qorunub saxlanılıb. Bu cür materiallar rütubətli yerdə çürüyür. Ancaq əlyazmaların tapılmaması o demək deyil ki, onlar heç vaxt mövcud olmayıb» («Biblical Archaeology Review»). Yanğın və nəmişlik ucbatından papirus və perqamentlər bizim günlərə qədər gəlib çatmayıb, ancaq bu sənədlərin möhürləndiyi yüzlərlə gil möhür aşkar olunub. Bu möhürlər b. e. ə. IX—V əsrlərə aid edilir.
▪ Müqəddəs Kitab əlyazmaları necə qorunub? Bununla bağlı bir kitabda deyilir: «Müqəddəs Kitabın bir hissəsi kimi bizim günlərə gəlib çatan əhvalatlar, məzmurlar, qanun və peyğəmbərliklər, çox ehtimal ki, hətta Müqəddəs Kitabın yazıldığı dövrdə dəfələrlə köçürülmüşdür. [...] Müqəddəs Kitabın yazıldığı dövrlərdə bu mətnlərin təkrar-təkrar köçürülməsindən görünür ki, onlardan istifadə edirdilər; onlar gündəlik həyatda vacib rol oynayırdı. [...] Heç kim lazımsız yerə bu mətnləri köçürərək özünü əziyyətə salmazdı» («The Bible as It Was») (Qanunun təkrarı 17:18; Süleymanın məsəlləri 25:1).
Bu o deməkdir ki, Müqəddəs Kitabın ilk kitabları b. e. I əsrinə qədər təxminən 1500 il ərzində köçürülmüşdür. «Əhdi-Ətiqin etibaralayiq olması barədə» adlı kitabda deyilir ki, tumarların dəqiq köçürülməsi özünə «köhnəlmiş qrammatika və orfoqrafiya formalarının dəyişdirilməsini» daxil edirdi; bu, «keçmişdə Yaxın Şərqdə geniş yayılmış proses olub» («On the Reliability of the Old Testament»)b. Bu, yazılmış mətnin forma və üslubunun tənqidi analizinə əsasən çıxarılan nəticələrin etibaralayiq olduğunu şübhə altına alır.
Müqəddəs Kitab nə vaxt yazılmışdır?
Musanın, Yeşuanın, Şamuelin və digərlərinin dövründəki əlyazmaların indi mövcud olmaması o deməkdirmi ki, Müqəddəs Yazılara daxil olan kitablar onların özündə göstərildiyindən sonra yazılıb? Bir çox alimlərin fikrincə, hal-hazırda əlyazmaların olmaması onların heç vaxt olmadığına dəlalət etmir. Həqiqətən də, tez xarab olan material üzərində yazılmış nə qədər sənəd qala bilərdi ki? Məsələn, misirşünas Kennet Kitçennin sözlərinə görə, yunan-roma dövrünə qədər yazılmış bütün misir papirusları yox olub.
Müqəddəs Kitaba hörmət edən insanlar özlərindən soruşa bilərlər: «İsa Məsih İbrani Müqəddəs Yazılarına necə yanaşırdı?» Onun dövründə yaşayan yəhudilər kimi, İsa Məsih də Müqəddəs Kitab xronologiyasına heç vaxt şübhə ilə yanaşmırdı. O, Müqəddəs Kitabın ilk kitablarının müəllifliyini kimə aid edirdi?
İsa Məsih bir neçə dəfə Musanın yazılarına müraciət etmişdi. Məsələn, bir dəfə o, Musanın kitabı haqda xatırlatmışdı (Mark 12:26; Yəhya 5:46). Eləcə də İsa «Yaradılış» (Matta 19:4, 5; 24:37—39), «Çıxış» (Luka 20:37), «Levililər» (Matta 8:4), «Saylar» (Matta 12:5), «Qanunun təkrarı» (Matta 18:16) kitablarına istinad etmişdi. O demişdi: «Musanın qanununda, Peyğəmbərlərin kitablarında və Məzmurlarda mənim haqqımda yazılanlar yerinə yetməlidir» (Luka 24:44). Əgər İsa Məsih Musanın və digər yazıçıların müəllifliyini qəbul edirdisə, şübhəsiz, o, İbrani Müqəddəs Yazılardakı xronoloji məlumata da etibar edirdi.
Bəs onda Müqəddəs Kitab nə vaxt qələmə alınıb? Müqəddəs Kitab xronologiyasına etibar etmək olarmı? Biz tənqidçilərin irəli sürdükləri nəzəriyyələri, həmçinin Müqəddəs Kitabdan məlumatları, dolayı tarixi dəlilləri və İsa Məsihin nöqteyi-nəzərini araşdırdıq. Sizin yuxarıda gətirilən suallara verdiyiniz cavablar duada Allaha: «Sənin sözün həqiqətdir» deyən İsa Məsihlə həmfikir olub-olmadığınızı göstərəcək (Yəhya 17:17).
[Footnotes]
a Müqəddəs Kitab xronologiyasını araşdırmaq üçün ətraflı məlumatı «“Hər Müqəddəs Yazı” doğru və faydalıdır (Dərs 3)» broşürasından tapa bilərsiniz.
b «Gözətçi Qülləsi»nin 2007-ci il 15 mart sayının 18—20-ci səhifələrində «Qədim mirzələr və Allahın Kəlamı» adlı məqaləyə (rus.) baxın.
[18—21–ci səhifələrdəki şəkillər/çərçivələr]
(Çərçivəyə mətnin özündə baxın)
(Zaman xəttində Müqəddəs Kitaba daxil olan kitabların yazılma tarixi təxmini göstərilib)
B. e. ə. 2000
1800
[Şəkil]
Misirdə yazı Musanın dövründən qabaq mövcud idi
[İcazə ilə]
© DeA Picture Library / Art Resource, NY
1600
[Şəkil]
Musa «Yaradılış» kitabını b. e. ə. 1513-cü ildə yazıb qurtarmışdı. O, tez xarab olan materialdan istifadə etmişdi
«Yaradılış» b. e. ə. 1513
Yeşua
1400
1200
Şamuel
B. e. ə. 1000
[Şəkil]
Bizim günlərədək yüzlərlə gil möhür gəlib çatmışdır
B. e. ə. 900—500
Yunus
800
Yeşaya
600
Yeremya
Daniel
[Şəkil]
Qatlanmış, iplə bağlanmış və möhürlənmiş papirus tumar
B. e. ə. 449
[İcazə ilə]
Brooklyn Museum, Bequest of Theodora Wilbour from the collection of her father, Charles Edwin Wilbour
400
200
[Şəkil]
Ölü dəniz əlyazmaları kətana bükülmüş halda gil qabların içində saxlanılırdı. Bunlar bu günə qədər tapılmış ən qədim Müqəddəs Kitab əlyazmalarıdır
B. e. ə. 200—100
[İcazə ilə]
Shrine of the Book, Photo © The Israel Museum, Jerusalem