Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/3 s. 3—6
  • «Sağ əlində hər zaman səadət var»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Sağ əlində hər zaman səadət var»
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • PİONER XİDMƏTİ
  • SƏYYAR XİDMƏT
  • BET-EL XİDMƏTİ
  • UKRAYNA​—HƏYATIMIZDA YENİ MƏRHƏLƏ
  • KÖKLÜ DƏYİŞİKLİKLƏR
  • «Müharibə səsləri, müharibə xəbərləri» eşitdiyimiz bir zəmanədə göstərilən yardım işləri
    İanələriniz hara xərclənir?
  • Qapımız hamının üzünə açıqdır!
    Gözətçi qülləsi 2010
Gözətçi qülləsi 2012
w12 15/3 s. 3—6

Bioqrafiya

«Sağ əlində hər zaman səadət var»

Nəql etdi Lois Didur

Həyatınızda neçə dəfə: «Kaş ki, bunu etməzdim!» — deyə ah çəkmisiniz? Yehovaya tammüddətli xidmətdə keçirdiyim 50 il ərzində Onun sağ əlində olmağın bir dəfə də olsun pis nəticəsini görməmişəm. Sizə elə bu barədə danışmaq istəyərdim.

MƏN 1939-cu ildə Kanadanın Saskaçevan əyalətində dünyaya göz açmışam və elə burada da dörd bacım və bir qardaşımla böyüyüb boya-başa çatmışam. Düzənlikdə yerləşən fermada yaşamaq çox gözəl idi. Günlərin bir günü Yehovanın Şahidləri evimizə gəlib atamla söhbət edəndə onlardan Allahın adının olub-olmadığını soruşdum. Onlar bizə Məzmur 83:18 ayəsində yazılan «Yehova» adını göstərdilər. Bu, məndə Allah və Onun Kəlamı haqqında daha çox bilmək istəyi oyatdı.

Həmin illərdə fermalardakı uşaqlar cəmi-cümlətanı bir otaqdan ibarət olan səkkizillik kənd məktəblərində oxuyurdular. Onlar məktəbə qədər uzun məsafəni atla və ya piyada gedirdilər. Müəllimin ehtiyaclarını həmin ərazidə yaşayan ailələr növbə ilə ödəyirdilər və günlərin bir günü Con Didur adlı yeni müəllimi yerlə təmin etmək növbəsi valideynlərimə gəlib çatdı.

Mən heç bilmirdim ki, bu cavan oğlan da Allahın Kəlamı ilə dərindən maraqlanır. O vaxtlar atam kommunizmin və sosializmin tərəfdarı idi. Bir dəfə bu quruluşlar barədə ağızdolusu danışanda Con sakitcə dedi: «Heç bir insanın başqalarının üzərində hökmranlıq etməyə haqqı yoxdur. Buna yalnız Allahın haqqı çatır». Bu, onunla neçə-neçə maraqlı söhbətlərə təkan verdi.

1931-ci ildə doğulan Con müharibələrin törətdiyi çətinliklər barədə eşitmişdi. 1950-ci ildə Koreya müharibəsi başlayanda o, müxtəlif keşişlərə müharibələrdə iştirak etmələri barədə sual vermişdi. Onların hamısı bir ağızdan demişdi ki, xristianlar üçün əllərinə silah götürmək qəbahət deyil. Daha sonra Con eyni sualı Yehovanın Şahidlərinə də vermişdi. Onlar Müqəddəs Yazıların köməyi ilə erkən məsihçilərin bu məsələ ilə bağlı tutduqları mövqeyi izah etdilər. Con 1955-ci ildə vəftiz olundu. Ondan bir il sonra mən də vəftiz oldum. Hər ikimizin də istəyi həyatımızı və qüvvəmizi Yehovaya xidmətə həsr etmək idi (Məz. 37:3, 4). 1957-ci ilin iyul ayında Con və mən evləndik.

Evliliyimizin ildönümü çox vaxt konqres vaxtına təsadüf edirdi. Nikah quruluşuna hörmət edən minlərlə insanların əhatəsində olmaq bizə sevinc bəxş edirdi. İlk dəfə beynəlxalq konqresdə 1958-ci ildə iştirak etmişdik. Biz beş nəfər yığışıb maşınla Saskaçevandan Nyu–York şəhərinə getdik. Düz bir həftə ərzində gündüzlər yol gedirdik, gecələr isə çadırda yatırdıq. Pensilvaniyanın Betlehem şəhərində tanış olduğumuz bir qardaş bizə öz evində gecələməyi təklif edəndə necə sevindiyimizi təsəvvür edirsiniz?! Bu gözlənilməz xeyirxahlıq sayəsində biz Nyu–York şəhərinə gələndə üst-başımız təmiz və səliqəli idi. Bu möhtəşəm konqres bizə Yehovaya xidmət etməyin nə qədər böyük səadət olduğunu daha yaxşı başa düşməyə kömək etdi. Məzmurçunun yazdığı kimi, Onun «sağ əlində hər zaman səadət var» (Məz. 16:11).

PİONER XİDMƏTİ

Bir ildən sonra, 1959-cu ildə biz pioner xidmətinə başladıq və Saskaçevanda təpələrin başında yerləşən balaca treylerdə yaşayırdıq. Oradan baxanda bütün düzənlik, sanki, ovucumuzun içində idi və bu ərazinin bir hissəsi bizim təbliğ sahəmiz idi.

Bir gün filialdan maraqlı məktub gəldi. Bu vaxt Con çöldə traktoru təmir edirdi və mən məktubu götürüb qaça-qaça onun yanına getdim. Məktubda deyilirdi ki, biz Ontarionun Red-Leyk şəhərinə xüsusi pioner təyin olunmuşuq. Onun harada yerləşdiyini bilmədiyimiz üçün tez-tələsik xəritəyə baxdıq.

Bu yer öyrəşdiyimiz düzənliklərdən necə də fərqlənirdi! İndi bizi böyük meşələr və qızıl mədənləri ətrafında tikilən balaca şəhərlər əhatə edirdi. Oraya gəldiyimiz ilk gün qalmağa yer axtaranda balaca qız qonşu ilə söhbətimizi eşitdi. O, tez evlərinə qaçaraq anasına bu barədə xəbər verdi. Bu xeyirxah qadın bizə bir gecəlik yer təklif etdi. Qalacağımız yer zirzəmi idi. Növbəti gün biz tirlərdən tikilmiş ikiotaqlı ev tapdıq, lakin orada odunla qızdırılan qalay sobadan başqa, nə su kəməri, nə də mebel var idi. İşlənmiş əşyalar satılan dükandan bəzi şeylər aldıq və az da olsa, evimiz rahat oldu.

Bizə ən yaxın yığıncaq 209 kilometr uzaqlıqda yerləşirdi. Qızıl mədənlərində çalışan bir çox işçilər Avropadan gəlmişdilər və onlar bizdən doğma dillərində Müqəddəs Kitab tapmağımızı istəyirdilər. Qısa vaxt ərzində biz 30 nəfərlə Müqəddəs Kitab öyrənməsi keçirməyə başladıq. Altı ayın içində bu ərazidə kiçik yığıncaq yarandı.

Müqəddəs Kitab öyrənməsi keçirdiyimiz bir qadının əri keşişə zəng edib dedi ki, onlara gəlib arvadına düz yola qayıtmağa kömək etsin. Keşiş söhbət əsnasında dedi ki, biz digər şeylərlə yanaşı, insanlara Üç üqnumu öyrətməliyik. Qadın katolik kilsəsinin icazəsi ilə nəşr olunan Müqəddəs Kitabı gətirib keşişdən söylədiklərini təsdiqləməyi xahiş etdi. O, kitabı qəzəblə masanın üstünə atıb nəyisə sübut etməyə borclu olmadığını dedi. Keşiş ayağa durub getməyə hazırlaşanda Ukrayna dilində dedi ki, bizi evdən çölə atıb bir də içəri buraxmaq lazım deyil. O, Conun Ukrayna dilini başa düşdüyünü bilmirdi.

Bu hadisədən çox keçməmiş biz Red-Leyki tərk etməli olduq, çünki Con səyyar xidmət üçün təlim keçməyə dəvət olunmuşdu. Təxminən bir ildən sonra Con vilayət konqresində vəftizlə bağlı məruzə söyləyəndə həmin qadının əri vəftiz olunmağa hazırlaşanların arasında otururdu! Yuxarıda təsvir olunan hadisədən sonra o, Müqəddəs Kitabı şəxsən özü araşdırmaq qərarına gəlmişdi.

SƏYYAR XİDMƏT

Səyyar xidmət zamanı bizə müxtəlif ailələrlə birgə qalmaq xoşbəxtliyi nəsib olmuşdu. Ürəklərini və evlərinin qapısını üzümüzə açan bu insanlar bizə çox əziz oldular. Qış fəsli idi. Bir dəfə soyuq bir evin yuxarı otağında olarkən bir yaşlı bacı sübh tezdən sakitcə otağa girib balaca qalay sobanı qaladı. Sonra ləyən və isti su gətirdi ki, əl-üzümüzü yuyaq. Bu sakit və mülayim bacıdan mən çox şey öyrənmişəm.

Səyyar xidmət mənə Yehovaya yaxınlaşmağa kömək edirdi. Albertadakı ərazimizə Uzaq Şimalda yerləşən şaxtaçılar şəhəri daxil idi və orada bir bacı yaşayırdı. Təcrid olunmuş bir ərazidə yaşayan bu bacıya Yehovanın təşkilatı necə yanaşırdı? Hər altı aydan bir biz təyyarə ilə ora uçurduq ki, bir həftə ərzində, böyük şəhərlərdə olduğu kimi, onunla birlikdə xidmət edək və yığıncaq görüşləri keçirək. Bu, Yehovanın hər həlim quzusuna göstərdiyi zərif qayğısının gözəl xatırlatması idi.

Biz evlərində qaldığımız insanların bir çoxu ilə əlaqə saxlayırdıq. Burada Conun mənə bağışladığı ilk hədiyyələrdən biri — yazı kağızları ilə dolu olan rəngli qutu yadıma düşür. Biz məktub vasitəsilə dostlarımızla əlaqə saxlamağı çox sevirdik. Mənim üçün əziz olan bu məktublar qutusunu indiyədək qoruyub saxlayıram.

Torontoda səyyar xidmətdə olarkən Kanada filialından bir qardaş zəng edib Bet-Eldə xidmət etmək barədə fikrimizi soruşdu. Qardaş xahiş etdi ki, əgər mümkündürsə, sabaha qədər cavabımızı deyək. Və biz razılaşdıq!

BET-EL XİDMƏTİ

Hər yeni təyinat bizə Yehovanın əlində olmağın nə qədər böyük səadət olduğunu müxtəlif yönlərdən göstərirdi. Bizim 1977-ci ildə Bet-Elə köçməyimiz də buna bir sübutdur. Məsh olunmuşlarla ünsiyyət sayəsində biz yalnız onların müxtəlif xüsusiyyətlərini yox, həmçinin Allahın Kəlamına yüksək dəyər vermələrini də gördük.

Bet-Eldəki yeni həyat bizim xoşumuza gəlirdi. Misal üçün, indi paltarlarımız çamadanda yox, şkafda idi və biz bir yığıncağa aid idik. Təyinatımdan savayı, Bet-Elə baş çəkən insanlara ekskursiya keçirmək də mənə sevinc bəxş edirdi. Mən qardaşlara Bet-Eldə görülən işlərdən danışırdım; onların ürək sözlərini dinləmək və suallarına cavab vermək mənə çox xoş idi.

İllər bir göz qırpımında ötüb-keçdi. 1997-ci ildə Con Filial Komitələrinin üzvləri üçün Məktəbdə (Paterson, Nyu–York) təlim keçməyə dəvət olundu. Bundan sonra bizdən Ukraynaya gedib-gedə bilməyəcəyimizi soruşdular. Qardaşlar bizi bu məsələni dua edərək ciddi şəkildə götür-qoy etməyə təşviq etdilər. Həmin günün axşamı biz bu təklifi qəbul etmək qərarına gəldik.

UKRAYNA​—HƏYATIMIZDA YENİ MƏRHƏLƏ

Con və mən 1992-ci ildə Sankt-Peterburqda (Rusiya), 1993-cü ildə isə Kiyevdə (Ukrayna) keçirilən böyük beynəlxalq konqreslərdə iştirak etdik. Bu konqreslərdən sonra Şərqi Avropadan olan qardaşlara qarşı məhəbbətimiz daha da artdı. Biz Ukraynanın Lvov şəhərində, köhnə evin ikinci mərtəbəsində yaşayırdıq. Evimizin pəncərələri balaca bağı olan həyətə açılırdı və orada yekə qırmızı xoruz və çoxlu toyuqlar gəzişirdi. Özümüzü lap Saskaçevanda olan fermamızdakı kimi hiss edirdik. Bu evdə, biz də daxil olmaqla, on iki nəfər yaşayırdı. Hər səhər Bet-Elə getmək üçün maşınla şəhərin içindən keçməli olurduq.

Ukraynada yaşamaq bizə necə təsir edirdi? Sınaqlar, qadağalar və həbslərlə üzləşən bacı-qardaşlarla bir arada olmağı özümüzə şərəf bilirdik. Bütün bunlara baxmayaraq, onlar imanda möhkəm qalmışdılar. Biz onları tərifləyəndə onlar: «Biz bunu Yehova üçün etdik», — deyirdilər. Bu bacı-qardaşlar heç vaxt özlərini tərk edilmiş hiss etmirdilər. Hətta bu gün kimsə etdikləri yaxşı bir işə görə onlara öz minnətdarlığını bildirəndə onlar: «Şükür olsun Yehovaya!» — deyirlər və bununla göstərirlər ki, bütün yaxşı şeylərin Allahdan olduğunu qəbul edirlər.

Ukraynada bir çox bacı-qardaşlar yığıncaq görüşlərinə təxminən bir saatdan çox piyada yol getdikləri üçün onların ünsiyyət etməyə və bir-birlərini ruhlandırmağa vaxtları olur. Lvovda 50-dən çox yığıncaq fəaliyyət göstərir və bu yığıncaqlardan 21-i öz görüşlərini böyük Padşahlıq zalları kompleksində keçirir. Bazar günləri ardı-arası kəsilməyən bacı-qardaşların bu zala axışdıqlarını seyr etmək, həqiqətən də, heyrətamizdir.

Nəzakətli və başqalarına kömək əllərini uzatmağa hazır olan bacı-qardaşların arasında özümüzü çox tez bir zamanda rahat hiss etdik. İndi də Ukrayna dilini başa düşməkdə çətinlik çəksəm də, onlar mənə qarşı olduqca səbirlidirlər. Çox vaxt onların demək istədiklərini gözlərindən oxumaq olur.

Bacı-qardaşlar arasında əsil etibarın hökm sürdüyünü 2003-cü ildə Kiyevdə keçirilən beynəlxalq konqres zamanı baş verən bir hadisə bir daha təsdiqlədi. Ağzınacan dolu olan metroya təzəcə girmişdik ki, balaca bir qızcığaz bizə yaxınlaşıb sakitcə: «Mən itmişəm. Nənəmi tapa bilmirəm», — dedi. Qızcığaz plaketlərimizdən Yehovanın Şahidləri olduğumuzu başa düşmüşdü. O, çox cəsarətli idi və ağlamırdı. Yanımızda olan rayon nəzarətçisinin həyat yoldaşı onu stadiondakı tapıntı şöbəsinə apardı. Tez bir zamanda uşaq nənəsinə qovuşdu. Bu qızcığazın minlərlə insan arasından məhz bizə üz tutması ürəyimizi riqqətə gətirdi.

2001-ci ilin may ayında təzə filialımızın həsr olunma mərasimində iştirak etmək üçün bir çox ölkədən Ukraynaya bacı-qardaşlar gəlmişdilər. Bazar günü səhər stadionda söylənən xüsusi məruzədən sonra Bet-Elə ekskursiya üçün o qədər bacı-qardaş getmişdi ki, iynə atsaydın, yerə düşməzdi. Bu, həqiqətən də, unudulmaz mənzərə idi! Bacı-qardaşların özlərini sakit və nizam-intizamlı aparmaları mənə böyük təsir bağışladı. Bu, məni Yehovaya xidmətdən duyduğum xoşbəxtliyi daha çox qiymətləndirməyə təşviq etdi.

KÖKLÜ DƏYİŞİKLİKLƏR

Əfsuslar olsun ki, 2004-cü ildə Cona xərçəng diaqnozu qoyuldu. Biz onun müalicəsi üçün Kanadaya getdik. Kimyaterapiyanın birinci kursu onun üçün ağır keçdi və o, bir neçə həftə intensiv terapiya şöbəsində qalmalı oldu. Xoşbəxtlikdən, o, özünə gəldi. Con güclə danışırdı, lakin onun gözlərindən ona baş çəkən hər bir insana minnətdar olduğu oxunurdu.

Ancaq o, tam sağala bilmədi və həmin ilin payızında vəfat etdi. Sanki, ürəyimin bir hissəsi qopub getdi. Yehovaya birgə xidmət etmək necə də gözəl idi! İndi mən nə edim? Götür-qoy etdikdən sonra Ukraynaya qayıtmaq qərarına gəldim. Bet-El ailəsinin və yığıncağın mənə göstərdiyi səmimi məhəbbətə görə onlara ürəkdən minnətdaram.

Həyatımız boyu bircə dəfə də olsun verdiyimiz qərarlara görə təəssüf hissi keçirməmişik. Biz ən yaxşı insanların əhatəsində xoşbəxt ömür sürmüşük. Yehovanın xeyirxahlığı haqda öyrəniləcək çox şey var və ümidvaram ki, əbədiyyən Ona xidmət edəcəyəm, çünki mən, həqiqətən də, Yehovanın sağ əlində səadət tapmışam.

[6–cı səhifədəki şəkil]

«Həyatımız boyu bircə dəfə də olsun verdiyimiz qərarlara görə təəssüf hissi keçirməmişik»

[3–cü səhifədəki şəkil]

Bizim toy günümüz

[4–cü səhifədəki şəkil]

Red-Leykdə (Ontario) xüsusi pioner kimi xidmət edərkən

[5–ci səhifədəki şəkil]

Conla birlikdə Ukraynada, 2002-ci il

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş