Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/9 s. 23—27
  • «O günü və o saatı bilmirsiniz»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «O günü və o saatı bilmirsiniz»
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • OYAQ QALMAĞIN XEYRİ
  • HAZIR OLAN MƏSH OLUNMUŞLAR
  • BİZ HAZIR OLDUĞUMUZU GÖSTƏRİRİK
  • SƏN DƏ OYAQ DUR
  • “Sadiq və ağıllı qul” sınağa tab gətirir!
    Gözətçi qülləsi 2004
  • Xəbərdarlıqlara ciddi yanaşırsınız?
    Gözətçi qülləsi 2024
  • Oyaq qalacaqsınız?
    Gözətçi qülləsi 2015
  • Oyaq durun — hökm vaxtı gəldi!
    Gözətçi qülləsi 2005
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/9 s. 23—27

«O günü və o saatı bilmirsiniz»

«Buna görə də oyaq qalın, çünki o günü və o saatı bilmirsiniz» (MAT. 25:13).

NECƏ CAVAB VERƏRDİN?

O günü və o saatı bilməməyimizin bizə hansı xeyri var?

Məsh olunmuş məsihçilər necə oyaq qalıblar?

Məsihin gəlişinə hazır olduğumuzu necə göstərə bilərik?

1-3. a) Hansı vəziyyətlər İsanın çəkdiyi iki məsəlin məğzini başa düşməyə kömək edir? b) Biz hansı suallara cavab tapmalıyıq?

TƏSƏVVÜR ET Kİ, bir dövlət məmuru səndən onu vacib görüşə aparmağını xahiş edir. Yola düşməyinə bir neçə dəqiqə qalmış birdən yanacaq çənində benzinin kifayət qədər olmadığını görürsən. Yanacaq məntəqəsinə gedib-qayıdana qədər məlum olur ki, məmur artıq gedib: o tələsirdi və səni yerində tapmayanda başqasından onu görüşə çatdırmasını xahiş etdi. Bu vəziyyətdə özünü necə hiss edərdin?

2 İndi isə başqa vəziyyəti təsəvvür et. Sən məmursan və üç səriştəli adama vacib bir iş tapşırırsan. Vəzifələrini başa saldıqdan sonra onların üçü də canla-başla həmin işi görməyə razılaşır. Ancaq bir müddətdən sonra qayıdıb görürsən ki, onlardan yalnız ikisi işin öhdəsindən gəlib. Üçüncüsü isə özünə haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirir, halbuki əlini ağdan qaraya belə vurmayıb. Bəs belə vəziyyətdə nə hiss edərdin?

3 İsa ağıllı və ağılsız qızlar, o cümlədə talant məsəllərində eyni vəziyyətləri təsvir etmişdi. Hər iki məsəl son günlərə aiddir və bu məsəllərdə izah olunur ki, nəyə görə bəzi məsh olunmuşlar son günlərdə sadiq və ağıllı olacaq, digərləri isə yoxa (Mat. 25:1—30). Bu məsəllərin məğzini vurğulayaraq o dedi: «Buna görə də oyaq qalın, çünki o günü və o saatı [yəni İsanın nə zaman Şeytanın dünyası üzərində Yehovanın hökmünü icra etmək üçün gələcəyi vaxtı] bilmirsiniz» (Mat. 25:13). Bu göstərişə biz də əməl etməliyik. İsanın oyaq qalmaq barədə dediklərinə riayət etmək bizə hansı faydanı gətirir? Kimlər oyaq qalaraq özlərini xilas üçün hazır vəziyyətdə saxlayırdılar? Və oyaq qalmaq üçün biz indidən nə etməliyik?

OYAQ QALMAĞIN XEYRİ

4. Nəyə görə oyaq qalmaq gözünü çəkmədən saata baxmaq demək deyil?

4 Bəzən dəqiq vaxtı bilmək vacibdir. Məsələn, əgər sən zavodda işləyirsənsə, həkimin qəbuluna yazılmısansa, yaxud qatar və ya avtobusla səfərə çıxmalısansa, gecikməmək üçün vaxta diqqət yetirməlisən. Lakin yanğını söndürərkən və ya təbii fəlakətin nəticələrini aradan qaldırılma işlərində iştirak edərkən bir dəqiqədən bir saata baxmaq insanı əlindəki işindən yayındıra, ən pis halda isə təhlükəli vəziyyət yarada bilər. Belə vəziyyətlərdə diqqəti işə cəmləmək saata baxmaqdan daha önəmlidir. Hər ötən gün bizi bu dünyanın sonuna daha da yaxınlaşdırır, buna görə də Yehovanın bizə tapşırdığı iş — insanlara nicat yolunu göstərmək işi hələ heç vaxt bu qədər vacib olmayıb. Biz məsihçilərin oyaq qalması gözümüzü saatdan çəkməmək demək deyil. Biz sonun nə zaman gələcəyini dəqiq bilmirik. Gəlin görək o günü və o saatı bilməməyimizin bizə hansı beş faydası var.

5. O günü və o saatı bilməməyimiz ürəyimizdə olanları necə üzə çıxardır?

5 Birincisi, sonun nə zaman gələcəyini bilməməyimiz ürəyimizdə olanları üzə çıxardır. Biz iradə azadlığımızdan Ona olan sədaqətimizi göstərmək üçün istifadə edə bilərik. Yehovanın buna yol verməsi Onun bizə hörmət etdiyini göstərir. Düzdür, bu dünyanın sonunu səbirsizliklə gözləyirik, lakin biz sağ qalmaq istədiyimiz üçün yox, Yehovanı sevdiyimiz üçün Ona xidmət edirik. (Məzmur 37:4 ayəsini oxu.) Onun iradəsini yerinə yetirmək bizə zövq verir və biz dərk edirik ki, Allahın təlimləri bizim xeyrimiz üçündür (Yeşaya 48:17). Biz Onun əmrlərini ağır hesab etmirik (1 Yəh. 5:3).

6. Yehovaya məhəbbətdən irəli gələrək xidmət edəndə O, nə hiss edir və nəyə görə?

6 O günü və o saatı bilməməyimizin ikinci xeyri odur ki, bu, bizə Yehovanın ürəyini sevindirmək imkanı verir. Yehovaya sırf mükafat almaq xatirinə və ya sonun tarixini bildiyimiz üçün yox, məhəbbətdən irəli gələrək xidmət edəndə düşməni olan Şeytanın əsassız ittihamlarına cavab vermək üçün Onun əlinə fürsət düşür (Əyy. 2:4, 5; Süleymanın məsəlləri 27:11 ayəsini oxu). İblisin bizə çəkdirdiyi bütün ağrı və acıları görərək biz onun pis rəhbərliyini rədd edir və sevinclə Yehovanın ali hökmranlığının tərəfini tuturuq.

7. Səncə, nəyə görə biz fədakar həyat sürməliyik?

7 Üçüncüsü, konkret tarixi bilməməyimiz bizi fədakar həyat sürməyə təşviq edir. Allahı tanımayan bəzi insanlar da dərk edirlər ki, dünyadakı vəziyyət çox çəkən deyil. Üzərlərinə gələn naməlum fəlakətdən qorxan bu adamlar «gəlin yeyib-içək, çünki sabah öləcəyik» prinsipi ilə yaşayırlar (1 Kor. 15:32). Lakin biz qorxmuruq. Biz xudbin arzularımızı təmin etmək üçün özümüzü başqalarından təcrid etmirik (Sül. məs. 18:1). Əksinə, özümüzü inkar edir və vaxtımızı, gücümüzü, eləcə də vəsaitlərimizi Allahın Padşahlığı haqda xoş xəbəri başqaları ilə bölüşməyə sərf edirik. (Matta 16:24 ayəsini oxu.) Biz Allaha xidmət etməkdən, ələlxüsus başqalarına Onu tanımağa kömək etməkdən sevinc duyuruq.

8. Hansı Müqəddəs Kitab nümunəsi bizim Yehovaya və Onun Kəlamına daha çox güvənməli olduğumuzun səbəbini göstərir?

8 O günü və o saatı bilməməyimizin dördüncü faydası odur ki, bu, bizə daha çox Yehovaya güvənməyə və Onun Kəlamındakı məsləhətləri daha yaxşı tətbiq etməyə kömək edir. Qeyri-kamil insanlara özlərinə güvənmək meyili xasdır. Pavel bütün məsihçilərə nəsihət edirdi: «Möhkəm dayandığını düşünən adam ehtiyatlı olsun ki, yıxılmasın». Yeşuanın rəhbərliyi altında olan Allahın xalqının Vəd edilmiş diyara daxil olmasına az vaxt qalmış iyirmi üç min insan Allahın lütfündən məhrum oldu. Pavel yazır: «Bütün bunlar ibrət kimi onların başına gəldi və dövrlərin sonunda yaşayan bizləri qorumaq məqsədilə yazılıb» (1 Kor. 10:8, 11, 12).

9. Sınaqlar imanımızı necə təmizləyə və Allaha necə yaxınlaşdıra bilər?

9 Sonun nə zaman gələcəyini bilməməyimizin beşinci faydası odur ki, bu müddət ərzində üzləşdiyimiz sınaqlar imanımızı saflaşdırır. (Məzmur 119:71 ayəsini oxu.) Həqiqətən də, yaşadığımız bu axır günlər «son dərəcə ağır»dır (2 Tim. 3:1—5). Şeytan dünyasında yaşayan bir çox insanlar bizə nifrət etdiyi üçün imanımıza görə bəzən təqiblərə məruz qalırıq (Yəh. 15:19; 16:2). Əgər sınaqlar zamanı özümüzü təvazökar aparır və Allahın rəhbərliyini axtarırıqsa, imanımız saflaşacaq, sanki, oddan keçmiş kimi olacaq. Biz xidmətimizə son qoymayacağıq. Əksinə, Yehovaya düşündüyümüzdən də yaxın olacağıq (Yaq. 1:2—4; 4:8).

10. Vaxt nə zaman bir göz qırpımında gəlib keçir?

10 Vaxt ya tez, ya da gec keçə bilər. Başımız işə qarışanda və hər dəqiqədən bir saata baxmayanda vaxt, sanki, uçur. Eynilə, əgər Yehovanın tapşırdığı maraqlı işlə məşğul olsaq, vaxt bir göz qırpımında keçər və biz o günün və o saatın necə gəldiyini hiss etmərik. Məsh olunmuş məsihçilərin əksəriyyəti bu sahədə bizə gözəl nümunə qoyub. Gəlin İsanın 1914-cü ildə taxta çıxmasından sonra baş vermiş hadisələrə qısaca nəzər salaq və görək bəzilərinin bu günə hazır olduqları, digərlərinin isə hazır olmadıqları nədən bəlli idi.

HAZIR OLAN MƏSH OLUNMUŞLAR

11. Nəyə görə 1914-cü ildən sonra bəzi məsh olunmuşlar Ağanın yubandığını düşünürdülər?

11 Gəlin İsanın qızlar və talantlar məsəllərinə yenidən qayıdaq. Əgər qızlar bəyin, qullar isə ağanın gələcəyi vaxtı bilsəydilər, oyaq qalmalarına ehtiyac olardımı? Xeyr. Məhz elə buna görə də onlar oyaq qalmalı idilər. Məsh olunmuş məsihçilər 1914-cü ili mühüm tarix hesab etsələr də, o zaman nə baş verəcəyini dəqiq anlamırdılar. Hadisələr gözlədikləri kimi cərəyan etməyəndə onlara elə gələ bilərdi ki, Bəy gecikir. Bir qardaş xatırlayır: «Bəzilərimiz [1914-cü ilin] oktyabr ayının ilk həftəsində göyə gedəcəyimizə tam əmin idik».

12. Məsh olunmuş məsihçilər sadiq və ağıllı olduqlarını necə göstərdilər?

12 Təsəvvür edirsən, sonu gözləmək və gözlədiyin vaxtda onun gəlmədiyini görmək necə də acınacaqlıdır?! Həmin qardaşlar bu, eləcə də Birinci Dünya müharibəsi ucbatından yaranan digər sınaqlarla da üzləşmişdilər. Demək olar ki, fəaliyyətsizlik dövrü başladı, onlar, sanki, yuxuya getmişdilər. Ancaq 1919-cu ildə «oyanmaq» çağırışı səsləndi! İsa Allahın ruhani məbədinə gəldi və yoxlama vaxtı başladı. Bu yoxlamadan keçməyən məsh olunmuşlar Padşahın işini davam etdirmək şərəfindən məhrum oldular (Mat. 25:16). Ağılsız qızlar kimi, onlar çıraqlarını ruhani yağla doldurmaq işinə səhlənkar yanaşdılar. Və tənbəl qul kimi, onlar da Padşahlıq naminə qurbanlar vermək istəmədilər. Ancaq məsh olunmuş məsihçilərin əksəriyyəti hətta müharibənin ən keşməkeşli illərində belə Ağalarına tam sadiq olduqlarını və ona xidmət etmək arzusu ilə alışıb-yandıqlarını göstərdilər.

13. Məsh olunmuş məsihçilərin 1914-cü ildən sonra əhval-ruhiyyələri necə idi və indi necədir?

13 «Gözətçi qülləsi»ndə 1914-cü ildən sonra bu vacib bəyanat çap edilmişdi: «Qardaşlar, Allahla münasibətlərini düzgün quranlar heç vaxt məyus olmayacaqlar. Biz öz iradəmizin yerinə yetməsi üçün çalışmırdıq; bu səbəbdən 1914-cü ilin oktyabr ayı ilə bağlı olan ümidlərimiz puça çıxanda biz şad idik ki, Ağamız bizə görə Öz planlarını dəyişmədi. İstədiyimiz bu deyildi. Biz sadəcə Onun niyyətini dərk etməyə can atırdıq». Təvazökarlıq və sədaqət bu gün də Ağanın məsh olunmuşlarına xas olan xüsusiyyətlərdir. Bu qardaşlar Allahdan ilham aldıqlarını iddia etmirlər; onlar sadəcə Ağanın yer üzündə onlara həvalə etdiyi işi icra etmək istəyirlər. Digər qoyunlardan ibarət olan böyük izdiham, yəni yer üzündə yaşamaq ümidinə malik olan məsihçilər onlar kimi ayıq-sayıq və səylidirlər (Vəhy 7:9; Yəh. 10:16).

BİZ HAZIR OLDUĞUMUZU GÖSTƏRİRİK

14. Ruhani qida paylamaq üçün Allahın təyin etdiyi sadiq və ağıllı nökər sinfinə möhkəm bağlanmaq bizi necə qoruyur?

14 Məsh olunmuş məsihçilər kimi, böyük izdihamın ayıq-sayıq üzvləri ruhani qida paylamaq üçün Allahın təyin etdiyi sadiq və ağıllı nökər sinfinə möhkəm bağlanıblar. Nəticədə, onlar da Allahın Kəlamı və ruhu sayəsində ruhani yağ ehtiyatlarını daima təzələyirlər. (Məzmur 119:130; Yəhya 16:13 ayələrini oxu.) Möhkəmləndirilmələri sayəsində onlar da hətta ən şiddətli sınaqlara təhəmmül edərək özlərini Məsihin gəlişinə hazır vəziyyətdə saxlaya bilərlər. Məsələn, faşistlərin həbs düşərgələrinin birində qardaşların ilk əvvəl yalnız bir Müqəddəs Kitabı vardı və onlar Allahdan xahiş edirdilər ki, onlara yenə də ruhani qida versin. Qısa müddət sonra onlar xəbər tutdular ki, düşərgəyə təzə gələn qardaş protez ayağının içində «Gözətçi qülləsi»nin yeni saylarını düşərgəyə keçirməyə müvəffəq oldu. Sağ qalan məsihçilərin arasında Ernst Vauer adlı məsh olunmuş qardaş var idi. Sonradan o demişdi: «Yehova möcüzəvi şəkildə məqalələrdəki möhkəmləndirici fikirləri yadımızda saxlamağa kömək edirdi... İndiki dövrdə ruhani qida əldə etmək çox asandır! Bəs biz bunu həmişə qiymətləndiririk? Mən əminəm ki, Yehova Ona güvənən, Ona sadiq qalan və Onun süfrəsindən qidalanan hər bir insan üçün bol xeyir-dualar hazırlayıb».

15, 16. Bir cütlüyün xidmətdə göstərdiyi səy necə mükafatlandırıldı və sən bu kimi nümunələrdən özün üçün hansı ibrət dərsi götürdün?

15 Böyük izdihamın üzvləri də məsihçi qardaşlarını tam şəkildə dəstəkləyərək Ağanın işində fəal iştirak edirlər (Mat. 25:40). İsanın məsəlindəki pis və tənbəl quldan fərqli olaraq, onlar lazım gəldikdə nədənsə keçməyə hazırdırlar və Padşahlığın maraqlarını həyatlarında birinci yerə qoyurlar. Misal üçün, Con və Masako Keniyada çinlilərə kömək etmək üçün dəvət alanda tərəddüd içində idilər. Ancaq dua edib vəziyyətlərini götür-qoy etdikdən sonra oraya köçmək qərarını verdilər.

16 Onlar səylərinə görə bol-bol mükafat aldılar. Onlar deyirlər: «Burada xidmət etmək əladır». Bu ər-arvad yeddi nəfərə Müqəddəs Kitabı öyrətməyə başladı. Bunun ardınca çoxlu maraqlı hadisələr baş verdi. Sonda onlar deyirlər: «Bizə bura gəlməyə icazə verdiyi üçün hər gün Yehovaya təşəkkür edirik». Şübhəsiz ki, sonun nə zaman gələcəyindən asılı olmayaraq, qərarlarında Yehovaya fəal şəkildə xidmət etmək qətiyyətləri əks olunan bacı-qardaşlar çoxdur. Gilead Məktəbini bitirən minlərlə həmimanlılarımız barədə fikirləş. Xidmətin bu xüsusi növünün nə olduğunu anlamaq üçün nəyə görə «Gözətçi qülləsi»nin 2001-ci il 15 oktyabr sayında çıxan «Biz əlimizdən gələni edirik!» məqaləsinə (rus.) baxmayasan? Xüsusi təyinatlı müjdəçilərin gündəlik həyatından bəhs edən bu maraqlı məqaləni oxuyanda Yehovaya daha çox xidmət etmək barədə fikirləş. Bu, Allahımıza izzət, sənə isə sevinc gətirəcək!

SƏN DƏ OYAQ DUR

17. O günü və o saatı bilməməyimiz bizim üçün hansı mənada xeyir-duadır?

17 Aydındır ki, bu sistemin sonunun nə zaman gələcəyini dəqiq bilməməyimiz əsil xeyir-duadır. Biz nə ruhdan düşür, nə də məyus oluruq. Çünki bu, bizə sevən Ata olan Yehova Allahın iradəsini yerinə yetirməklə məşğul olmağa və Ona yaxınlaşmağa kömək edib. Xışdan bərk-bərk yapışdığımız və bizi yayındıra biləcək şeylərdən uzaq durduğumuz üçün Ağamıza xidmətdən böyük sevinc əldə etmişik (Luka 9:62).

18. Nəyə görə biz imanda möhkəm qalmaq istəyirik?

18 Biz Allahın hökm gününün sürətlə yaxınlaşdığı bir dövrdə yaşayırıq. Bizlərdən heç kəs Yehovanı və İsanı naümid etmək istəmir. Onlar bizə bu axır günlərdə xidmət etmək şərəfini həvalə ediblər. Onların bizə etibar etməsini yüksək qiymətləndiririk. (1 Timoteyə 1:12 ayəsini oxu.)

19. Yehovanın gününə necə hazır ola bilərik?

19 Yerdə qurulacaq Cənnətdə və ya göydə yaşamaq ümidimizdən asılı olmayaraq, gəlin Allahın bizə verdiyi təbliğ etmək və şagird hazırlamaq tapşırığını sədaqətlə yerinə yetirmək niyyətimizdə qətiyyətli olaq. Biz hələ də Yehovanın gününün dəqiq vaxtını bilmirik. Ümumiyyətlə, buna ehtiyac varmı? Biz bundan sonra da Yehovanın gününə hazır olacağıq və bunu etmək bizim əlimizdədir (Mat. 24:36, 44). Nə qədər ki Yehovaya tam etibar edir və Onun Padşahlığını həyatımızda birinci yerə qoyuruq, ümidlərimizin puça çıxmayacağına əmin ola bilərik (Rom. 10:11).

[Haşiyə]

a «Gözətçi qülləsi»nin 2004-cü il 1 may sayının 23-dən 27-dək səhifələrinə bax.

[26–cı səhifədəki şəkil]

Hətta ən çətin sınaqlar zamanı ruhani qida axtar

[27–ci səhifədəki şəkil]

Diqqətimizi məsihçi fəaliyyətinə cəmləyəndə vaxt tez ötüb keçir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş