Yehova xoşbəxt xalqını toplayır
«Xalqın kişi, qadın və uşaqlarını, həmçinin şəhərinizdə yaşayan yadelliləri toplayın» (QANUN. T. 31:12).
NECƏ CAVAB VERƏRDİNİZ?
Hansı nümunələr göstərir ki, böyük yığıncaqlar Yehovanın xalqının tarixində əvəzsiz rol oynayır?
Qədimdə bir çox israillilər Yerusəlimdəki bayramlarda iştirak etmək üçün hansı qurbanları verirdilər?
Nəyə görə konqresləri buraxmamalıyıq?
1, 2. Bu məqalədən konqreslər barədə nə öyrənəcəyik?
ƏKSƏRİYYƏTİMİZ həqiqətdə göz açandan bəri beynəlxalq və vilayət konqresləri Yehovanın Şahidləri olan bizlərin müasir tarixinin ayrılmaz hissəsi idi. Çoxlarımız bu sevindirici görüşlərin bir neçəsində iştirak etmişik və ola bilsin, Yehovaya xidmət etdiyimiz uzun müddət ərzində artıq onların sayını itirmişik.
2 Qədim zamanlarda da Allahın xalqı böyük müqəddəs yığıncaqlar keçirirdi. İndi biz Müqəddəs Yazılarda qeyd olunan həmin yığıncaqlara qısaca nəzər salacaq, onlarla müasir konqreslər arasındakı ümumi cəhətlərə diqqət yetirəcək, eləcə də konqreslərdə iştirak etməyin nəyə görə faydalı olduğunu müzakirə edəcəyik (Məz. 44:1; Rom. 15:4).
TARİXİ KONQRESLƏR — QƏDİM VƏ MÜASİR DÖVRDƏ
3. a) Müqəddəs Yazılarda xatırlanan Allahın xalqının ilk böyük yığıncağı nə ilə yadda qaldı? b) İsrailliləri bir araya yığmaq üçün Yehova Musaya nə tapşırmışdı?
3 Müqəddəs Yazılara əsasən, Allahın xalqının ilk böyük yığıncağı Sina dağının ətəyindəki yığıncaq idi. Ruhani təlim vermək məqsədilə təşkil olunan həmin görüş, həqiqətən də, təmiz ibadətin tarixində dönüş nöqtəsi olmuşdu. İştirakçıların yaddaşında unudulmaz iz buraxan bu həyəcanlandırıcı yığıncaq zamanı Yehova israillilərə Qanun verdi və Öz gücünü nümayiş etdirdi (Çıx. 19:2—9, 16—19; Çıxış 20:18; Qanunun təkrarı 4:9, 10 ayələrini oxu). Bu hadisə Allahın İsrail xalqı ilə münasibətində yeni səhifə açdı. Bundan çox keçməmiş Yehova Musaya xalqı bir yerə yığmaq üçün gümüşdən iki kərənay düzəltməyi tapşırdı. Kərənaylar çalınanda bütün icma Hüzur çadırının girişinə toplaşmalı idi (Say. 10:1—4). Bu yığıncaqlar zamanı xalqın arasında hökm sürən sevinc və həyəcanı təsəvvür etməyə çalışın!
4, 5. Nəyə görə Musanın və Yeşuanın keçirdiyi böyük yığıncaqlar xüsusi əhəmiyyət kəsb edirdi?
4 İsraillilərin səhradakı 40 illik səyahətinin sonuna yaxın, yeni xalqın tarixinin mühüm anında Musa soydaşlarını yenə də bir araya yığdı. Tezliklə xalq Vəd edilmiş diyara daxil olacaqdı. Bu, Musanın israillilərə Yehovanın keçmişdə onlara etdiyi, eləcə də gələcəkdə edəcəyi bütün şeyləri xatırlatması üçün əlverişli vaxt idi (Qanun. t. 29:1—15; 30:15—20; 31:30).
5 Yəqin, həmin böyük yığıncaq zamanı Musa bildirmişdi ki, Yehova xalqa təlim vermək üçün həmişə onları bir araya toplayacaq. Hər yeddi ildən bir Çardaqlar bayramında kişilər, qadınlar, uşaqlar və İsraildə yaşayan yadellilər Allahın seçəcəyi yerə toplaşmalı idilər. Bunun məqsədi barədə Müqəddəs Kitabda oxuyuruq: «Qoy hamı eşidib öyrənsin və Allahınız Rəbdən qorxub qanunun bütün sözlərinə diqqətlə əməl etsin». (Qanunun təkrarı 31:1, 10—12 ayələrini oxu.) Beləliklə, Allahın xalqının tarixinin erkən çağlarından bəlli idi ki, onlar Yehovanın kəlamlarını və niyyətlərini öyrənmək üçün tez-tez bir araya toplaşmalı idilər. İsraillilər Vəd edilmiş diyarı zəbt etdikdən sonra onların ətrafında hələ də bütpərəst xalqlar yaşayırdı. Bu zaman Yeşua xalqın Yehovaya sadiq qalmaq əzmini möhkəmləndirmək üçün onların hamısını bir yerə yığdı. Xalq da Allaha xidmət edəcəyinə and içdi (Yeşua 23:1, 2; 24:1, 15, 21—24).
6, 7. Müasir dövrdə hansı tarixi konqreslər keçirilib?
6 Yehovanın xalqının müasir tarixində də teokratik fəaliyyətimizdə edilən dəyişikliklərlə, eləcə də Müqəddəs Kitab ayələrinin dəqiqləşdirilmiş izahatları ilə yadda qalan böyük və mühüm yığıncaqlar, yəni konqreslər keçirilib (Sül. məs. 4:18). Birinci Dünya müharibəsindən sonra Müqəddəs Kitab Tədqiqatçılarının ilk böyük konqresi 1919-cu ildə, ABŞ-ın Ohayo ştatının Sidar-Point şəhərində baş tutmuşdu. 7000 nəfər iştirakçısı olan bu konqres ümumdünya təbliğ kampaniyasına təkan verməsi ilə yadda qalıb. 1922-ci ildə eyni məkanda keçirilən doqquzgünlük konqres zamanı Cozef Ruterford qardaş təsirli nitqlə çıxış edərək diqqətli dinləyicilərini Böyük Babil darmadağın olunana qədər hər yerdə durmadan təbliğ etməyə səsləmişdi. O demişdi: «Ağamızın sadiq və həqiqi şahidi olun. Babil yerlə yeksan olunana qədər mübarizəni dayandırmayın. Xoş xəbəri yaxın və uzaq ellərdə bəyan edin. Bütün dünya bilməlidir ki, Yehova Allahdır, İsa Məsih isə padşahların Padşahı və ağaların Ağasıdır. Bu, tarixdə ən mühüm gündür. Budur! Padşah artıq hökmranlıq edir! Siz onun carçılarısınız. Buna görə də Padşahı və onun Padşahlığını elan edin, elan edin, elan edin». Konqres nümayəndələri və ümumilikdə Allahın xalqı bu çağırışa sevinclə hay verdi.
7 ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində 1931-ci ildə keçirdikləri konqresdə Müqəddəs Kitab Tədqiqatçıları can-dildən Yehovanın Şahidləri adını qəbul etdilər. 1935-ci ildə Vaşinqtonda Ruterford qardaş «Vəhy» kitabında təsvir olunan «taxtın və Quzunun qarşısında» duran böyük izdihamın kim olduğunu açıqladı (Vəhy 7:9—17). 1942-ci ildə, İkinci Dünya Müharibəsinin ən qızğın çağında Neytan Norr «Sülh çox sürəcəkmi?» adlı möhtəşəm nitq söylədi. Nitqində o, «Vəhy» kitabının 17-ci fəslində bəhs edilən al-qırmızı vəhşi heyvanın kimliyini açıqladı və müharibə bitəndə təbliğ işinin geniş vüsət alacağını qeyd etdi.
8, 9. Bəzi konqresləri xüsusilə təsirli edən nədir?
8 Ohayo ştatının Klivlend şəhərində 1946-cı ildə keçirilən «Xoşbəxt xalqlar» adlı teokratik konqresdə Norr qardaşın «Yenidənqurma və genişləndirmə işinin çətinlikləri» adlı nitqi dinləyicilərin diqqətini cəlb etdi. Həmin konqresdə iştirak edən bir qardaş bu nitqin dinləyicilərə necə təsir bağışladığı barədə yazmışdı: «Nitq zamanı mən səhnədə idim. Qardaş Bruklindəki işin gedişatı və Bet-Elin yaşayış binalarını və çapxananı genişləndirmək planları barədə danışanda saysız-hesabsız dinləyicilərdən daha gurultulu alqışlar gəldi. Səhnədən onların üzləri görünməsə də, sevinclərini duymaq mümkün idi». 1950-ci ildə Nyu–York şəhərində keçirilən beynəlxalq konqresin iştirakçıları Yunanca Müqəddəs Yazıların «Yeni Dünya tərcüməsi»ni alanda sevinclərindən yerə-göyə sığmırdılar. Bu, Allahın adının orijinal mətnə əsasən bərpa edildiyi ilk müasir tərcümə idi (Yer. 16:21, YD).
9 Təqiblərdən və qadağalardan sonra Yehovanın Öz sadiq Şahidlərini topladığı konqreslər də iştirakçılara böyük təsir bağışlamışdı. Adolf Hitler and içmişdi ki, Almaniyada Yehovanın Şahidlərinin kökünü kəsəcək, lakin vaxtilə hərbi paradların keçirildiyi Nürnberq şəhərində 1955-ci ildə konqresdə 107 000 nəfər iştirak etmişdi. İştirakçıların bir çoxu sevinc göz yaşlarını saxlaya bilməyib ağlamışdılar! 1989-cu ildə Polşada keçirilən «Allaha sədaqət» adlı üç konqresdə 166 518 nəfər iştirak etmişdi. Onların arasında keçmiş Sovet İttifaqından, Çexoslovakiyadan, eləcə də Şərqi Avropanın digər ölkələrindən dəvət olunan çoxlu nümayəndələr var idi. Bəziləri həyatlarında ilk dəfə idi ki, 15 və ya 20 nəfərdən çox Allahın xidmətçisinin toplaşdığı görüşdə iştirak edirdi. 1993-cü ildə Ukraynanın Kiyev şəhərində keçirilən «İlahi təlim» adlı beynəlxalq konqresdə 7402 nəfər vəftiz olundu. Yehovanın Şahidlərinin tarixində vəftiz olunanların ən yüksək sayı ilə yadda qalan bu konqresdə yaşanan sevinci təsəvvür etməyə çalışın (Yeşaya 60:22; Haq. 2:7).
10. Hansı konqreslər sizin üçün xüsusilə yaddaqalan olub və nəyə görə?
10 Ola bilsin, hansısa vilayət və ya beynəlxalq konqres yaddaşınızda xüsusilə həkk olunub. İlk dəfə iştirak etdiyiniz və ya vəftiz olunduğunuz konqresi xatırlayırsınız? Bu konqreslər ruhani fəaliyyətinizdə dönüş nöqtəsi olub. Bu xatirələri dəyərləndirin! (Məz. 42:4).
BİZƏ HƏR ZAMAN SEVİNC BƏXŞ EDƏN TƏDBİRLƏR
11. Allah qədim İsraildə hansı illik bayramları təsis etmişdi?
11 Yehova israillilərə ildə üç dəfə Yerusəlimdə keçirilən bayramlara — Mayasız çörək bayramına, Həftələr bayramına (sonradan Əllinci gün bayramı adlandırıldı) və Çardaqlar bayramına gəlməyi tapşırmışdı. Bu bayramlarla əlaqədar Yehova əmr etmişdi: «İldə üç dəfə sizin bütün kişiləriniz Sahibləri Rəbbin hüzuruna gəlsinlər» (Çıx. 23:14—17). Bu bayramların ruhani dəyərini dərk edən bir çox ailə başçıları öz ailələrini də bu tədbirlərə aparırdılar (1 Şam. 1:1—7; Luka 2:41, 42).
12, 13. Bir çox israillilər üçün Yerusəlimdə keçirilən illik bayramlara getmək nə demək idi?
12 İsraillilərin ailəlikcə Yerusəlimə səyahət etmələrinin nə demək olduğunu təsəvvür etməyə çalışaq. Məsələn, Yusiflə Məryəm Nazaretdən Yerusəlimə getmək üçün 100 kilometr məsafəni qət etməli idilər. Sizcə, balaca uşaqlarla birlikdə bu yolu nə qədər vaxta getmək olar? İsanın uşaq ikən Yerusəlimə səfər etməsindən bəhs edən Müqəddəs Kitab parçası göstərir ki, qohumlar və tanışlar, adətən, birgə yola düşürdülər. Birgə yol getməyin, yemək bişirməyin və tanımadıqları yerdə gecələmək üçün münasib yer axtarmağın nə demək olduğunu təsəvvür etməyə çalışın. Bununla belə, İsa kimi 12 yaşlı uşağa sərbəstlik vermək üçün şərait kifayət qədər təhlükəsiz idi. Yəqin ki, belə səfərlər hamının, xüsusilə də uşaqların yaddaşında silinməz iz qoyurdu (Luka 2:44—46).
13 Vətənlərindən kənarda yaşayan israillilərin sayı artanda artıq bayramlara müxtəlif ölkələrdən insanlar gəlirdi. Eramızın 33-cü ilində Yerusəlimdə keçirilən Əllinci gün bayramına axışan yəhudilər və prozelitlər İtaliya, Liviya, Krit, Kiçik Asiya və Mesopotamiya kimi yerlərdən gəlmişdilər (Həv. iş. 2:5—11; 20:16).
14. İllik bayramlarda iştirak etmək israillilərə hansı faydanı gətirirdi?
14 Sadiq israillilər üçün bu səfərlərin əsas məğzi onlar kimi Yehovanı sevən minlərlə dindaşları ilə birgə Ona ibadət etməkdən ibarət idi. Bəs bu bayramlar iştirakçılara necə təsir edirdi? Cavabı Yehovanın Çardaqlar bayramı ilə əlaqədar xalqına verdiyi göstərişində tapmaq olar: «Siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər, qəriblər, yetimlər və dul qadınlarla birlikdə sevinəcəksiniz. Allahınız Rəbbin seçəcəyi yerdə Rəbb üçün yeddi gün bu bayramı keçirin, çünki Allahınız Rəbb bütün məhsullarınıza, əllərinizin hər işinə xeyir-dua verib və siz tam sevinc içində yaşayacaqsınız» (Qanun. t. 16:14, 15; Matta 5:3 ayəsini oxu).
NƏYƏ GÖRƏ MÜASİR KONQRESLƏRİ QİYMƏTLƏNDİRMƏLİYİK?
15, 16. Konqreslərdə iştirak etmək üçün siz nələrdən keçməli olmusunuz? Nəyə görə göstərdiyiniz səy buna dəyərdi?
15 Araşdırdığımız qədim böyük yığıncaqlar Allahın müasir xalqı üçün necə də gözəl nümunədir! Əsrlər ərzində onların keçirilməsində xeyli dəyişikliklər edilsə də, əsas cəhətləri olduğu kimi qalıb. Qədim zamanlarda olduğu kimi, bizim günlərdə də bu görüşlərdə iştirak etmək üçün müəyyən qurbanlar vermək lazım gəlir. Lakin həmin görüşlərin gətirdiyi fayda buna dəyər. Böyük yığıncaqlar, əvvəllər olduğu kimi, elə indi də ibadətimizdə çox mühüm rol oynayır. Bu görüşlərdə Allahla sıx münasibətlərimizi qorumağa kömək edən məlumat və izahatlar təqdim edilir. Konqreslər bizə problemlərdən qaçmağa kömək edir, eləcə də öyrəndiklərimizi tətbiq etməyə və diqqətimizi yük olmayan, əksinə, bizə təravət gətirən məşğuliyyətlərə cəmləməyə təşviq edir (Məz. 122:1—4).
16 Konqres zamanı iştirakçılar arasında sevinc hökm sürür. 1946-cı ildə keçirilən bir konqresin hesabatında qeyd olunurdu: «Minlərlə şahidlərin rahat yerləşdirildiyini müşahidə etmək, həqiqətən də, sevindirici idi. Lakin orkestrin sədaları altında bu böyük izdihamın Yehovanın şərəfinə ifa etdiyi gözəl nəğmələrə qulaq asmaq daha sevindirici idi». Həmin hesabatda əlavə olunur: «Bir çox nümayəndələr sadəcə həmimanlılarına xidmət etmək istəklərindən irəli gələrək Könüllülərin xidməti şöbəsinə yaxınlaşıb öz adlarını yazdırırdılar». Beynəlxalq və vilayət konqresləri sizin üçün də belə sevindirici keçirmi? (Məz. 110:3; Yeşaya 42:10—12).
17. Son vaxtlarda konqreslərin təşkil edilməsində hansı dəyişikliklər edilib?
17 Konqreslərin təşkil edilməsində bəzi dəyişikliklər edilib. Məsələn, Allahın bəzi xidmətçiləri konqreslərin səkkiz gün çəkdiyi vaxtları xatırlayırlar! Üstəlik, bu görüşlər səhərdən axşama qədər davam edirdi. Sahə xidməti proqramın ayrılmaz hissəsi idi. Bəzən konqres səhər saat doqquzda başlayır və çox vaxt axşam saat doqquzda qurtarırdı. Könüllülər yorulmaq bilmədən iştirakçılar üçün səhər, nahar və şam yeməyi hazırlayırdılar. Bizim günlərdə isə konqres proqramının vaxtı və günləri qısaldılıb, eləcə də hər kəs naharı qabaqcadan hazırlayıb özü ilə gətirdiyi üçün diqqətini daha çox ruhani qidaya cəmləyir.
18, 19. Konqresin hansı bəndləri sizin üçün daha maraqlıdır və nəyə görə?
18 Konqres proqramının elə bəndləri var ki, hamımız onları səbirsizliklə gözləyirik. Bizə Müqəddəs Kitab peyğəmbərliklərini və təlimlərini daha yaxşı başa düşməyə kömək edən vaxtlı-vaxtında verilən ruhani qida yalnız nitq şəklində təqdim olunmur, həm də konqreslərdə elan edilən yeni nəşrlər qismində də olur (Mat. 24:45). Bu nəşrlər çox vaxt səmimi insanlara Müqəddəs Kitab həqiqətlərini dərk etməyə kömək edir. Müqəddəs Kitaba əsaslanan dramlar gənc və ya yaşlı olmalarından asılı olmayaraq, hamını niyyətlərini yoxlamağa və özlərini allahsız dünyanın düşüncə tərzindən qorumağa təşviq edir. Vəftiz olunanlar üçün nəzərdə tutulan nitq isə həyatda bizim üçün nəyin daha vacib olduğunu ayırd etmək və vəftiz olunanların sevincinə şərik olmaq imkanını verir.
19 Bəli, ta qədimdən təmiz ibadətin ayrılmaz hissəsi olan böyük yığıncaqlar Yehovanın xoşbəxt xalqına bu keşməkeşli günlərdə Ona layiqli tərzdə ibadət etməyə kömək edir. Belə yığıncaqlar bizə ruhani stimul verir, yeni dostlar qazandırır, ümumdünya qardaşlığımızı qiymətləndirməyə kömək edir, üstəlik, konqreslər vasitəsilə Yehova xalqına xeyir-dualar verir və onun qayğısına qalır. Şübhə yoxdur ki, hamımız hər konqresdə əvvəldən axıra qədər iştirak etmək üçün işlərimizi sahmana salacağıq (Sül. məs. 10:22).
[30–cu səhifədəki şəkil]
1950-ci ildə Nyu–York şəhərində keçirilən beynəlxalq konqres
[32–ci səhifədəki şəkil]
Mozambik
[32–ci səhifədəki şəkillər]
Cənubi Koreya