Həqiqət haqqında güclü şahidlik verən vilayət konqreslərimiz
1. İllik bayramlar israillilərə hansı vacib ruhani həqiqətlərin üzərində düşünməyə və onları müzakirə etməyə imkan yaradırdı?
1 Qədim israillilər ildə üç dəfə bayramları qeyd etmək üçün müntəzəm olaraq bir yerə toplaşırdılar. Yerusəlimdə keçirilən bu sevindirici bayramlarda ancaq kişilərin iştirakı tələb olunsa da, çox vaxt onlar ailələrini də özləri ilə götürürdülər (Qanun. t. 16:15, 16). Bu bayramlar onlara vacib ruhani həqiqətlər üzərində düşünməyə və onları müzakirə etməyə imkan verirdi. Bu həqiqətlərdən bəziləri hansılardır? Bunlardan biri Yehovanın əliaçıq və məhəbbətli Ata olmasıdır (Qanun. t. 15:4, 5). Digəri isə ondan ibarətdir ki, Yehova etibarlı Allahdır və Onun rəhbərliyinə və müdafiəsinə güvənmək olar (Qanun. t. 32:9, 10). Həmçinin onlar Yehovanın adı naminə təşkil olunmuş bir xalq olduqları üçün Onun saleh normalarını öz həyatlarında müvafiq tərzdə əks etdirməli olduqları üzərində də düşünə bilərdilər (Qanun. t. 7:6, 11). Hər il keçirilən vilayət konqresləri də bizə eyni faydanı gətirir.
2. Vilayət konqresinin proqramı Müqəddəs Kitab həqiqətlərinin üzərinə necə işıq saçacaq?
2 Konqres proqramı həqiqətə işıq saçır. Vilayət konqreslərimizdə səslənən məruzələr, dramlar, səhnəciklər və müsahibələr vacib Müqəddəs Kitab həqiqətlərinin üzərinə işıq saçaraq onları daha yaxşı başa düşməyə və tətbiq etməyə kömək edir (Yəh. 17:17). Üzümüzə gələn konqresin proqramını hazırlamaq üçün artıq işin böyük hissəsi görülüb. Yehovanın təşkilatı tərəfindən hazırlanan bu proqram ümumdünya sahənin hazırkı tələbatlarına uyğunlaşdırılıb (Mat. 24:45—47). Bütün bunları öz gözlərinlə görüb, qulaqlarınla eşitmək istəməzdinmi?
3. Konqresin proqramı bizə nə vaxt fayda gətirəcək?
3 Sözsüz ki, biz yalnız üç günün hamısında iştirak etdiyimiz və proqrama diqqətlə qulaq asdığımız təqdirdə ondan tam faydalanacağıq. Əgər sən hələ də işdən icazə almamısansa, bu barədə müdirinlə danışmağı təxirə salma. Konqresdən sonra hər axşam yaxşı dincəl ki, növbəti gün proqrama diqqətlə qulaq asa biləsən. Bir çoxlarına gözlərini natiqdən ayırmamaq və qısa qeydlər aparmaq fikirlərini proqrama cəmləməyə kömək edir. Mobil telefonunun, yaxud buna bənzər digər cihazların sənə və başqalarına mane olmasına yol vermə. Çalış ki, proqram zamanı söhbət etməyəsən, mesajlaşmayasan və ya yemək yeməyəsən.
4. Konqresdən faydalanmaları üçün valideynlər uşaqlarına necə kömək edə bilərlər?
4 Şənbə illərində israillilər ailələri ilə birlikdə Çardaqlar bayramını qeyd etmək və Qanunun oxunmasını dinləmək üçün bir araya yığılanda aralarında uşaqları da var idi. Onlar da hamı ilə birlikdə eşidib öyrənməli idilər (Qanun. t. 31:12). Konqres zamanı ailənin bütün üzvlərinin bir yerdə oturduqlarını və uşaqların fikirlərini proqrama cəmləyərək diqqətlə qulaq asdıqlarını görmək necə də ruhlandırıcıdır! Konqresdən sonra axşamlar nəyə görə qeydlərinizə nəzər salmayasınız və proqramdan xoşunuza gələn məqamları birlikdə müzakirə etməyəsiniz? Müqəddəs Kitabda deyilir: «Səfehlik uşağın qəlbindən yapışar». Buna görə də valideynlər balaca və yeniyetmə yaşlarında olan uşaqlarına fasilə zamanı və qaldıqları yerdə olarkən nəzarət etməlidirlər ki, onlar «özbaşına» olmasınlar (Sül. məs. 22:15; 29:15).
5. Qaldığımız yerdə özümüzü aparmaq tərzimiz həqiqəti necə bəzəyəcək?
5 Yaxşı davranışımız həqiqəti bəzəyir. Konqresin keçirildiyi şəhərdə özümüzü yaxşı aparmaqla həqiqəti bəzəyə bilərik (Tit. 2:10). Bütöv bir qrup mehmanxana işçiləri ilə səbirlə və mülayimliklə davrananda bu, onların nəzərindən yayınmır (Kolos. 4:6). Keçən il filialın təmsilçiləri bir mehmanxana ilə danışıqlar aparanda menecer onlara demişdi: «Sizin adamlarınızı mehmanxanamızda qəbul etmək bizim üçün çox xoşdur, çünki onlar yaxşı insanlardır. Onlar bizim işçilərə qarşı nəzakətli, mehriban və hörmətcildirlər, həmçinin mehmanxananın əmlakı ilə həmişə ehtiyatla davranırlar».
6. Konqresin keçirildiyi şəhərdə olarkən öz geyimimizlə həqiqəti necə bəzəyə bilərik?
6 Yaxamıza taxdığımız plaketlər iştirak etdiyimiz konqres haqda xəbər verməklə və həmimanlılarımızın bizi tanımalarına kömək etməklə yanaşı, bizi müşahidə edən başqa insanlar üçün gözəl şahidlikdir. Konqresin keçirildiyi şəhərin sakinləri görəcəklər ki, plaketlər taxan bizlər dünyaya xas olan tərzdə, yəni açıq-saçıq və səliqəsiz yox, səliqəli və ədəbli geyinmişik (1 Tim. 2:9, 10). Buna görə də biz konqresin keçirildiyi şəhərdə olduğumuz müddətdə, eləcə də qaldığımız yerdə olarkən geyimimizə və xarici görünüşümüzə fikir verməliyik. Əynimizdə şortik və qısaqol köynək qalacağımız yerə gəlmək biz məsihçilərə yaraşmır. Konqres açıq havada və ya üstüaçıq ərazidə keçirilsə belə, biz məsihçilərə yaraşan tərzdə geyinməliyik. Əgər biz konqresin proqramı qurtarandan sonra əynimizi dəyişmək və restorana getmək istəyiriksə, yadda saxlamalıyıq ki, biz hələ də konqres iştirakçısıyıq və bu səbəbdən necə gəldi geyinməməliyik.
7. Konqres zamanı məsihçi birliyindən faydalanmağın üsullarından biri hansıdır?
7 İllik bayramlar zamanı Yerusəlimə axışan israillilərin ölkənin digər guşələrindən və başqa xalqlardan olan həmimanlıları ilə ünsiyyət etmək imkanı vardı və bu, aralarındakı birliyi daha da möhkəmləndirirdi (Həv. iş. 2:1, 5). Eynilə vilayət konqresi zamanı bizim qeyri-adi məsihçi qardaşlığımız tam şəkildə özünü büruzə verir. Ruhani cənnətimizin bu gözəl cəhəti bizi müşahidə edənlərə çox vaxt dərin təəssürat bağışlayır (Məz. 133:1). Yemək almaq üçün konqresin keçirildiyi ərazini tərk etmək əvəzinə, yaxşı olardı ki, özümüzlə yüngül nahar götürək və yanımızda oturan bacı-qardaşlarla tanış olmaq və ünsiyyət etmək imkanından yararlanaq!
8. Əgər şəraitimiz yol verirsə, konqresdə könüllü kimi xidmət etmək üçün hansı səbəblərimiz var?
8 Çox vaxt kənar müşahidəçilər konqreslərimizin mütəşəkkil şəkildə təşkil olunduğunu, proqram zamanı nizam-intizamın hökm sürdüyünü və xüsusilə də bütün bu işlərin könüllülər tərəfindən görüldüyünü biləndə heyrətə gəlirlər. Sən də konqreslərdə könüllü kimi xidmət edə bilərsənmi? (Məz. 110:3). Çox vaxt ailələr konqresdə uşaqları ilə birgə könüllü kimi xidmət edirlər ki, onlar başqalarına xidmət etməyi öyrənsinlər. Əgər sən utancaqsansa, konqres zamanı könüllü kimi xidmət etmək sənə həmimanlılarımızla tanış olmağın üçün yaxşı imkan yaradacaq. Bir bacı qeyd edir: «Ailə üzvlərimdən və bir-iki dostlarımdan savayı, mən orada heç kimi tanımırdım. Lakin təmizlik işində iştirak edərkən çoxlu bacı-qardaşlarla tanış oldum. Vaxtımız çox şən keçdi!» Konqresdə könüllü kimi xidmət etməklə yeni dostlar qazanmaq bizə çoxlu sevinc gətirəcək (2 Kor. 6:12, 13). Əgər sən heç vaxt könüllü kimi xidmət etməmisənsə, ağsaqqallardan bunun üçün nə tələb olunduğunu öyrən.
9. Başqalarını konqresə necə dəvət edəcəyik?
9 Qoy başqaları da həqiqəti eşitsin. Başqalarını vilayət konqresimizə dəvət etmək üçün xüsusi dəvətnamə hazırlanıb. Bütün yığıncaqlara kifayət qədər dəvətnamə göndəriləcək və hər təbliğçiyə maksimum 5 dəvətnamə düşəcək. Bu dəvətnamələri, qohumlarımız, qonşularımız, iş yoldaşlarımız, Müqəddəs Kitabı öyrətdiyimiz və ya həqiqətə maraq göstərən insanlar da daxil olmaqla, konqresdə iştirak etmək istəyən hər kəsə vermək olar. Bu dəvətnamələri paylayarkən bazar günü söyləniləcək açıq məruzəni xüsusilə vurğulamalıyıq. Ağsaqqallar qeyri-fəallara da dəvətnamə verilməsinin qayğısına qala bilərlər.
10. Dəvətnamə paylamağın yaxşı nəticələr verdiyini göstərən nümunələr danışın.
10 Vilayət konqreslərinin birində xidmətçi qardaş bir ər-arvada yer tapmağa kömək etmişdi. Onlar qardaşa dedilər ki, dəvətnamə onlarda maraq oyatdı. Bu ər-arvad konqresin keçirildiyi yerə gəlmək üçün 320 kilometr məsafə qət etmişdilər. Başqa bir bacı isə evdən-evə təbliğ edərkən konqreslə maraqlanan bir kişiyə dəvətnamə vermişdi. Bacı onunla birlikdə dəvətnaməni müzakirə etdi. Bir neçə gündən sonra bacı həmin kişini dostu ilə birlikdə konqresdə gördü və onların əlində yeni nəşr var idi!
11. Nəyə görə hər il keçirilən vilayət konqresində iştirak etmək vacibdir?
11 Yehovanın məhəbbətlə təsis etdiyi illik bayramların məqsədi israillilərə Ona «səmimiyyətlə və sədaqətlə» xidmət etməyə kömək etmək idi (Yeşua 24:14). İbadətimizin ayrılmaz hissəsi olan vilayət konqreslərində iştirak etməyimiz də «həqiqət yolunda» yeriməyimizə kömək edir (3 Yəh. 3). Qoy Yehova həqiqəti sevən insanların hamısının bu konqresdə iştirak etmək və ondan tam faydalanmaq səylərinə xeyir-dua versin!
[4 səhifədəki şəkil]
Konqresin keçirildiyi şəhərdə özümüzü yaxşı aparmaqla həqiqəti bəzəyə bilərik
2012-Ci İlin Vilayət Konqresi İlə Bağlı Xatırlatmalar
◼ Konqresin cədvəli. Proqram hər gün saat 9:20-də başlayacaq. Qapılar saat 8:00-dan açıq olacaq. Padşahlıq melodiyalarının səslənəcəyi haqda elan ediləndə hər birimiz yerlərimizi tutmalıyıq ki, proqram layiqli tərzdə başlasın. Proqram cümə və şənbə günü 16:55-də, bazar günü isə saat 15:40-da qurtaracaq.
◼ Maşın dayanacağı. Zəhmət olmasa, insanları düşürtmək üçün nəqliyyat vasitələrini düz konqres zalının girişində saxlamayın. İstisna ancaq yaşlı və əlil sərnişinlər üçündür. Müxtəlif yerlərdə şərait fərqli ola bilər, buna görə də bütün sürücülərdən xidmətçilərin göstərişlərinə əməl etmələri tələb olunur.
◼ Yerlər. Əlavə yerləri ancaq bir maşında gəldiyiniz və ya eyni mənzildə qaldığınız, yaxud da Müqəddəs Kitabı öyrətdiyiniz adamlar üçün tutmaq olar (1 Kor. 13:5).
◼ Nahar. Fasilə zamanı nahar etmək üçün başqa yerə getmək əvəzinə, xahiş olunur ki, özünüzlə yemək gətirəsiniz. Lazım gəlsə, öz oturacağınızın altına qoya biləcəyiniz kiçik soyuducu çanta gətirmək olar. Konqresə böyük ailəvi çantalar, şüşə qablar və spirtli içkilər gətirmək olmaz.
◼ Könüllü ianələr. Vilayət konqreslərinin təşkilinə müəyyən qədər vəsait sərf edilir. Buna görə minnətdarlığımızı konqresdə ümumdünya işinə könüllü ianə etməklə göstərə bilərik.
◼ Bədbəxt və gözlənilməz hadisələr. Əgər konqresin keçirildiyi yerdə təcili yardıma ehtiyac duyularsa, yaxında olan xidmətçi ilə əlaqə saxla. O, dərhal ilk yardım şöbəsinə məlumat verəcək. Konqresin keçirildiyi yerdə olan ixtisaslı tibbi heyət yaranan vəziyyətin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirəcək və yardım göstərəcək. Lazım gəlsə, təcili yardım çağırılacaq.
◼ Dərmanlar. Əgər siz davamlı şəkildə dərman qəbul edirsinizsə, zəhmət olmasa, onları özünüzlə götürməyi unutmayın, çünki konqresdə dərmanlar verilmir. Şəkər xəstələri üçün olan iynələr təhlükəli tullantı olduğundan onları istifadə etdikdən sonra atarkən göstərişlərə uyğun hərəkət etmək lazımdır, lakin onları qaldığımız evin və ya konqresin keçirildiyi zalın zibil qutularına atmaq olmaz.
◼ Ayaqqabı. Hər il ayaqqabıya görə çoxlu sayda adam zədə alır. Pilləkənlərdə, torlu dəmir döşəmələrdə və başqa yerlərdə rahat yeriməyə kömək edən sadə ayaqqabı geymək yaxşı olardı.
◼ Uşaq arabaları və açılıb-yığılan stullar. Konqresin keçirildiyi yerə uşaq arabası və açılıb-yığılan stullar gətirmək olmaz. Ancaq valideynin oturduğu yerin yanındakı yerə təhlükəsiz uşaq oturacağını yerləşdirmək olar.
◼ Ətirlər. Tənəffüs yolları və bu kimi xəstəliklərdən əziyyət çəkən bacı-qardaşları nəzərə alaraq kəskin qoxusu olan ətir və odekolonların istifadəsini məhdudlaşdırmaq bizim tərəfimizdən xeyirxahlıq olardı (1 Kor. 10:24).
◼ «Zəhmət olmasa, bu adama baş çək» (S-43) blankı. Konqres zamanı qeyri-formal şahidlik verərkən maraq göstərən hər bir adam haqqında məlumat vermək üçün «Zəhmət olmasa, bu adama baş çək» (S-43) blankından istifadə et. Doldurulmuş blankları ya ədəbiyyat şöbəsinə, ya da konqresdən qayıdandan sonra yığıncağın katibinə vermək olar. («Bizim Padşahlıq Xidmətimiz» vərəqəsinin 2011-ci il may sayının 3-cü səhifəsinə baxın.)
◼ Kafe və restoranlar. Belə yerlərdə gözəl davranışınla Yehovanın adını izzətləndir. Əgər belə bir adət varsa, xidmət göstərənlərə çaypulu saxla.
◼ Yerləşdirilmə. Şəxsi mənzildə qalmağı sifariş etdikdə növbəti məqamları nəzərə almaq lazımdır:
1) bütün hallarda mənzil sifarişi üçün «Xüsusi tələbatlı şəxslər üçün mənzil sorğusu» (CO-5a) blankından istifadə edin;
2) xahiş olunur, yadda saxlayın ki, qalmaq üçün evlər ancaq konqres müddətinə təqdim olunur;
3) uşaqlarınıza nəzarət edin və onları heç vaxt tək buraxmayın;
4) həmimanlılarımızın qonaqpərvərliyindən istifadə edərkən minnətdarlığınızı bildirməyi yaddan çıxarmayın;
5) əgər siz mənzil sifarişinizi ləğv etmək məcburiyyətindəsinizsə, bu haqda ləngimədən yığıncağınızın katibinə məlumat verməyi unutmayın
◼ Könüllülərin xidməti. Konqresdə lazım olan işdə könüllü olaraq kömək etsək, orada iştirak etməyimizdən əldə etdiyimiz sevinc birə-beş artacaq (Həv. iş. 20:35). Konqresdə könüllü kimi xidmət etmək istəyən hər kəs konqresin Könüllülərin xidməti şöbəsinə müraciət etməlidir. 16 yaşından aşağı olan uşaqlar da valideynlərinin, yaxud onlara cavabdeh olan başqa böyüklərin nəzarəti altında işləyərək öz töhfələrini verə bilərlər.