Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w17 mart s. 3—7
  • Hikmətli insanlarla oturub-durmaq mənə xeyir gətirdi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Hikmətli insanlarla oturub-durmaq mənə xeyir gətirdi
  • Gözətçi qülləsi 2017
  • Başlıqlar
  • Oxşar material
  • UŞAQLIQ İLLƏRİM
  • RAYON NƏZARƏTÇİLƏRİNİN KÖMƏYİ
  • BEYTEL XİDMƏTİ
  • HİKMƏTLİ BACILARDAN NÜMUNƏ GÖTÜRÜRƏM
  • XÜSUSİ TƏYİNATLI MÜJDƏÇİ İŞİ VƏ SƏYYAR XİDMƏT
  • YENİDƏN BEYTELƏ QAYIDIR VƏ TEOKRATİK MƏKTƏBLƏRDƏ ÇALIŞIRAM
  • Padşahlığın xidmətçilərinin aldığı təlim
    Allahın Padşahlığı hökmranlıq edir!
  • Verdiyim qərarlarda Yehovanın bərəkətini gördüm
    Gözətçi qülləsi 2018
  • Tammüddətli xidmətdə sorağım haralardan gəldi!
    Gözətçi qülləsi 2014
Gözətçi qülləsi 2017
w17 mart s. 3—7
Gənc Vilyam Samuelson çap maşınında çap edir

Bioqrafiya

Hikmətli insanlarla oturub-durmaq mənə xeyir gətirdi

Nəql etdi Vilyam Samuelson

UZUN illər əvvəl Cənubi Dakotanın Brukinqs şəhərində (ABŞ) açılan bir səhər heç vaxt yadımdan çıxmır. Havadakı yüngül şaxtadan hiss olunurdu ki, qış qapının ağzını kəsdirib. Həmin gün mən və bir neçə nəfər anbarda, mal-qaranın su içdiyi çənin yanında durub soyuqdan tir-tir əsirdik. Çən yarıya qədər soyuq su ilə dolu idi. Yəqin sizə maraqlıdır, bu soyuq havada biz orada nə edirdik. Gəlin sizə bir az həyatımdan danışım, onda hər şey aydın olacaq.

UŞAQLIQ İLLƏRİM

Vilyam Samuelson qardaşın əmisi ilə atası

Əmim Alfred və atam

Mən 1936-cı il mart ayının 7-də anadan olmuşam. Ailədə dörd uşaq idik, ən kiçikləri mən idim. Biz Cənubi Dakotanın şərqində yerləşən kiçik bir fermada yaşayırdıq. Ailəmiz maldarlıq və əkinçiliklə məşğul olurdu. Ferma həyatımızın ayrılmaz hissəsi olsa da, bizim üçün daha böyük önəm daşıyan başqa bir şey var idi. Valideynlərim Yehovanın Şahidi idilər, onlar 1934-cü ildə vəftiz olmuşdular. Atamla anam həyatlarını Yehovaya həsr etdikləri üçün Onun iradəsini hər şeydən üstün tuturdular. Biz Kondedəki (Cənubi Dakota) kiçik yığıncağa gedirdik. Əvvəlcə atam Klarens, sonra əmim Alfred yoldaşlıq xidmətçisi (hazırda ağsaqqallar şurasının koordinatoru adlanır) təyin olunmuşdu.

Biz ibadət görüşlərindən qalmır, müntəzəm olaraq ev-ev təbliğ edib insanlara gözəl gələcəklə bağlı müjdəni çatdırırdıq. Valideynlərimizin nümunəsi və verdikləri bilik bizim bir məsihi kimi yetişməyimizdə böyük rol oynayıb. Beləcə, bacım Doroti və mən altı yaşımız olanda təbliğçi olduq. 1943-cü ildə mən yenicə təsis olunmuş Teokratik Xidmət Məktəbinə yazıldım.

Vilyam Samuelson qardaş, 1952-ci il

Öncül olanda (1952)

Toplantılar həyatımızda vacib yer tuturdu. 1949-cu ildə Su-Folz şəhərində (Cənubi Dakota) keçirilən toplantıda Qrant Süter qardaşın söylədiyi «O gün düşündüyünüzdən yaxındır!» adlı məruzə bu günə kimi yadımdadır. Qardaş qeyd etmişdi ki, özünü Yehovaya həsr edən hər bir məsihinin həyatı tamamilə Padşahlıq haqqında müjdənin təbliğinə həsr olunmalıdır. Bu fikir məni həyatımı Yehovaya həsr etməyə təşviq etdi. Brukinqsdə keçirilən növbəti toplantıda mən və mənimlə birgə üç nəfər məqalənin əvvəlində söz açdığım soyuq anbarda, dəmir çənin yanında dayanıb vəftiz olmağı gözləyirdik. Beləcə, mən 1949-cu il noyabrın 12-də vəftiz olundum.

Toplantıdan sonra qarşıma məqsəd qoydum ki, öncül olum. Beləcə, 1952-ci il yanvar ayının 1-i, 15 yaşımda öncül xidmətinə başladım. Müqəddəs Kitabda deyilir ki, «hikmətli ilə oturub-duran hikmətli olar». Ailəmdə bu cür hikmətli insanlar çox idi, onlar bu məqsədə çatmaq üçün mənə dəstək olurdular (Məs. 13:20). 60 yaşlı əmim Culius mənim öncül əməkdaşım idi. Aramızdakı yaş fərqinə baxmayaraq, birlikdə xidmət etmək bizə zövq verirdi. Onun zəngin həyat təcrübəsi mənə hikmətli olmağı öyrətdi. Çox keçməmiş bacım Doroti də öncül oldu.

RAYON NƏZARƏTÇİLƏRİNİN KÖMƏYİ

Mən uşaq olanda valideynlərim rayon nəzarətçiləri ilə həyat yoldaşlarını bizdə qalmağa dəvət edirdilər. Cesi və Lin Kantvel cütlüyünün mənə çox böyük köməyi dəymişdi. Mənim öncül xidmətinə başlamağıma, demək olar ki, onlar səbəbkar olmuşdular. Onların səmimi münasibəti məni xidmətdə irəli getməyə təşviq etmişdi. Cesigil qonşu yığıncaqları ziyarət edəndə hərdən məni özləri ilə təbliğə çıxmağa dəvət edirdilər. Onlarla vaxt keçirəndə çox ruhlanırdım.

Cesi qardaşgildən sonra yığıncağımızı Bəd və Coan Miller cütlüyü ziyarət edirdi. Həmin vaxt mənim artıq 18 yaşım var idi. Mənə əsgərliyə çağırış vərəqəsi gəlmişdi. Çağırış komissiyasının qarşıma qoyduğu tələbi yerinə yetirməyə vicdanım yol vermirdi. Çünki mənim fikrimcə, bu tələb Məsihin siyasətdən uzaq durmaq əmrinə zidd gedirdi. Mənim məqsədim Padşahlıq haqqında müjdəni təbliğ etmək idi (Yəh. 15:19). Buna görə də çağırış komissiyasına məni din xadimi kimi qeydə almaq xahişi ilə müraciət etdim.

Bəd qardaşın mənimlə birgə hərbi komissarlığa getməsi mənə dərin təsir bağışlamışdı. O, təbiətcə çox ünsiyyətcil və qorxmaz insan idi, Müqəddəs Kitabı da çox yaxşı bilirdi. Yanımda bu cür insanın olması mənə cəsarət verirdi. Nəhayət, 1954-cü ilin yayında hərbi komissarlıq məni din xadimi kimi qeydiyyata aldı. Bununla da qarşımda yeni xidmət növlərinə qapı açıldı.

Beytelə təzə çağırılmış Vilyam Samuelson fermanın maşınının yanında durub

Beytelə təzə gəldiyim vaxtlar (fermanın maşınının yanında)

Qısa müddət sonra mən Beyteldə, Steyton-Aylenddəki (Nyu-York) Gözətçi qülləsi fermasında xidmət etməyə dəvət olundum. Mən orada üç il xidmət etdim. Bu illər ərzində tanış olduğum və əməkdaşlıq etdiyim hikmətli insanlardan çox şey öyrəndim.

BEYTEL XİDMƏTİ

Frederik Frans qardaşla WBBR radiostansiyasında

Frederik Frans qardaşla WBBR radiostansiyasında

Fermanın ərazisində WBBR radiostansiyası fəaliyyət göstərirdi. Bu radiostansiya 1924—1957-ci illər arası bizim təşkilat tərəfindən istifadə olunub. Beytel ailəsinin haradasa 15—20 üzvü fermada işləyirdi. Əksəriyyətimiz cavan və naşı idik. Amma aramızda Eldon Vudvord adlı məsh olunmuş yaşlı qardaş da var idi. O, çox hikmətli insan idi. Eldon qardaş bizə ata kimi yanaşır, bizə çoxlu şeylər öyrədirdi. Bacı-qardaşlarla aramızda problem yarananda o deyirdi: «Yehovanın gördüyü işlər adamı heyran qoyur, baxmayaraq ki, bu işləri qeyri-kamil insanlar vasitəsilə edir».

Hari Peterson

Hari qardaş təbliğ işinə can yandırırdı

Bizə Frederik Frans qardaşla çiyin-çiyinə xidmət etmək şərəfi də nəsib olmuşdu. O, çox hikmətli insan idi və Müqəddəs Kitabı dərindən bilirdi. Bunun hamımıza müsbət təsiri olmuşdu. O, hər birimizə ayrı-ayrılıqda diqqət göstərirdi. Aşbazımız Hari Papargiropolos adında bir qardaş idi. Biz onu Peterson familiyası ilə çağırırdıq, çünki onun öz familiyasını demək çox çətin idi. Hari qardaş da məsh olunmuş idi. O, təbliğ işinə çox can yandırırdı. Hari həm Beyteldəki işini yaxşı görürdü, həm də təbliğdən qalmırdı. O, hər ay yüzlərlə jurnal paylayırdı. Hari qardaş Müqəddəs Kitabı da çox gözəl bilirdi, nə sual versək, cavab verirdi.

HİKMƏTLİ BACILARDAN NÜMUNƏ GÖTÜRÜRƏM

Biz fermada becərilən meyvə-tərəvəzi bağlayıb qışa tədarük görürdük. Hər il Beytel ailəsi üçün 45 000 banka (hərəsi 900 qr.) bağlanırdı. Bizə bu işdə Eta Hut adlı bir bacı kömək edirdi. O, çox hikmətli insan idi. Bağladığımız məhsulların reseptini bu bacı hazırlayırdı. Banka bağlanan mövsümdə o ərazidəki yığıncaqlardan bacılar köməyə gəlirdi. İşi onların arasında paylaşdırmaq Etaya tapşırılmışdı. Əsas iş Etanın üzərinə düşsə də, o, fermaya nəzarət edən qardaşlara itaət edirdi. Onun nümunəsi mənə məsul qardaşlara itaətkar olmağı öyrətdi.

Vilyamlə Anjela Samuelson və Eta Hət

Anjela, mən və Eta Hut

Köməyə gələn bacıların arasında Anjela Romano adlı bir gənc bacı var idi. Anjela həqiqətə gələndə Eta ona çox dəstək olmuşdu. Beləcə, mən artıq 58 ildir ki, mənimlə qoşa addımlayan daha bir hikmətli insanla tanış oldum. 1958-ci ilin aprel ayında Anjela ilə mən evləndik. Birlikdə biz xidmətin müxtəlif növlərində iştirak etmişik. Bu illər ərzində Anjelanın Yehovaya sarsılmaz sədaqəti bizim ailə tellərini möhkəmləndirib. Mən ondan çox arxayınam, əminəm ki, hər çətinlikdə o, mənə dəstək olacaq.

XÜSUSİ TƏYİNATLI MÜJDƏÇİ İŞİ VƏ SƏYYAR XİDMƏT

1957-ci ildə WBBR radiostansiyasının binası satılandan sonra mən qısa müddət Bruklindəki Beyteldə xidmət etdim. Anjela ilə evlənəndən sonra Beyteldən getməli oldum. Biz üç il Steyton-Aylenddə öncül kimi xidmət etdik. Eyni vaxtda mən WBBR radiostansiyasının yerində açılan WPOW adlı yeni radiostansiyada işləyirdim.

Biz sadə yaşayırdıq ki, fürsət yarananda istənilən yerdə xidmət edə bilək. Beləcə, 1961-ci ildə biz Nebraska ştatının Fols-Siti şəhərinə xüsusi öncül təyinatı aldıq. Təyinatı alandan qısa müddət sonra bizi Saut-Lansinqdə (Nyu-York) keçirilən Məsul Qardaşlar üçün Məktəbə dəvət etdilər. O vaxt bu məktəb bir ay keçirilirdi. Həmin məktəbdə təlim almaq bizə zövq verirdi. Düşünürdük ki, bizi yenidən Nebraskaya göndərəcəklər. Lakin gözlədiyimizin tam əksi oldu: bizi xüsusi təyinatlı müjdəçi kimi Kambocaya göndərdilər. Cənub-Şərqi Asiyada yerləşən bu gözəl diyarda ömrümüzdə görmədiyimiz gözoxşayan mənzərələr gördük. Oradakı ekzotik səslər və qoxular bizim üçün yeni idi. Biz çox istəyirdik ki, orada yaşayan insanlar da xoş xəbəri eşitsin.

Amma sonralar ölkədə siyasi vəziyyət dəyişdi, buna görə də biz Cənubi Vyetnama köçməli olduq. Əfsuslar olsun ki, iki ildən sonra sağlamlığımda yaranan ciddi problemlər ucbatından evə, ABŞ-a qayıtdıq. Sağlamlığımı bərpa etmək üçün vaxt lazım idi. Mən sağalan kimi yenidən öncül xidmətinə başladıq.

Vilyəm və Anjela Samuelson, 1975-ci il

Anjela ilə televiziya müsahibəsindən əvvəl (1975)

1965-ci ilin mart ayında məni səyyar nəzarətçi təyin etdilər. 33 il səyyar və vilayət nəzarətçisi kimi xidmət etmişəm, toplantıları təşkil etməklə məşğul olmuşam. Yehovaya bu cür xidmət etmək Anjela ilə mənə məmnunluq gətirirdi. Toplantıları çox sevirdim, buna görə də onların təşkilində iştirak etmək mənə zövq verirdi. Biz bir neçə il Nyu-York şəhərində və onun ətraf ərazilərində yerləşən yığıncaqları ziyarət etmişik. Bu illər ərzində təşkil olunan toplantıların bir çoxu «Yanki» stadionunda keçirilmişdi.

YENİDƏN BEYTELƏ QAYIDIR VƏ TEOKRATİK MƏKTƏBLƏRDƏ ÇALIŞIRAM

Xüsusi tammüddətli xidmətdə olan digər bacı-qardaşlar kimi, bizi də maraqlı və çətin təyinatlar gözləyirdi. Misal üçün, 1995-ci ildə mənə Xidməti Təkmilləşdirmə Məktəbində təlim vermək işi tapşırıldı. Üç il sonra bizi Beytelə dəvət etdilər. Təxminən 40 il əvvəl xüsusi tammüddətli xidməti başladığım yerə yenidən qayıtmağıma çox sevinirdim. Mən həm xidmət şöbəsində işləyir, həm də teokratik məktəblərdə dərs deyirdim. 2007-ci ildə Rəhbərlik Şurası Teokratik məktəblər şöbəsi yaratdı. Bu şöbə Beyteldə keçirilən bütün məktəblərə nəzarət edirdi. Mən bir neçə il şöbənin nəzarətçisi olmuşam.

Bir neçə il əvvəl teokratik məktəblərlə bağlı çoxlu yeniliklər oldu. 2008-ci ildə Yığıncaq Ağsaqqalları üçün Məktəb yarandı. Növbəti iki il ərzində Paterson və Bruklindəki Beytellərdə 12 000-dən çox ağsaqqal bu məktəbi keçdi. Məktəb indi başqa ərazilərdə də keçirilir. 2010-cu ildə Xidməti Təkmilləşdirmə Məktəbinin adı dəyişdirilib Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbi qoyuldu. Elə həmin il Məsihi Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbi təsis olundu.

2015-ci xidmət ilindən başlayaraq bu iki məktəb Padşahlıq Müjdəçiləri Məktəbi adı altında birləşdirildi. Orada həm cütlüklər, həm də subay bacı-qardaşlar təlim alırlar. Dünyanın müxtəlif ölkələrində yaşayan dindaşlarımız bu məktəbin başqa filiallarda da keçiriləcəyini eşidəndə sevinclərinin həddi-hüdudu yox idi. Nə xoşdur ki, Yehovanın təlimindən daha çox insan faydalana bilir! Bu məktəblərdə oxuyan bəzi bacı-qardaşlarla tanış olduğum üçün çox şadam.

Hərdən geriyə, o soyuq suda vəftiz olduğum gündən əvvələ boylanır, o gündən bu yana həqiqət yolunda rastıma çıxan hikmətli insanları xatırlayır və onlara görə Yehova Allaha şükür edirəm. Onların yaşı, milliyyəti mənimkindən fərqli idi. Amma əsas o idi ki, onların hamısı Yehovanı çox sevirdi. Bu bacı-qardaşların Yehova Allaha dərin məhəbbəti onların əməllərindən, düşüncə tərzindən aydın görünürdü. Yehovanın təşkilatında yoldaşlıq etmək üçün nə qədər hikmətli insan var! Mən bu cür insanlarla oturub-durmağın xeyrini gördüm.

Vilyam Samuelson qardaş tələbələrlə görüşür

Müxtəlif ölkələrdən gələn tələbələrlə tanış olmaq mənə zövq verir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş