Yehova və Oğlu ilə dostluğumuza sevinirik
İlin ən mühüm hadisəsi martın 28–də qeyd ediləcək
1 Rəbbin Xatirə Gecəsini 2002–ci il mart ayının 28–də günəşin batmasından sonra qeyd etməklə, Yehova Allah və İsa Məsihlə olan dostluğumuza sevindiyimizi göstərəcəyik. Bu xüsusi bayram zamanı, məsh edilmiş məsihçilərin qalığı həm Padşahlığın digər varisləri ilə, həm də Ata və Oğulla “müştərək” olduqlarını hiss edə bilərlər (1 Yəh. 1:3, İ–93; Efes. 1:11, 12). Milyonlarla “başqa qoyunlar” isə Yehova və Onun Oğlu ilə olan qiymətli münasibətləri, həmçinin onlarla birlikdə Allahın iradəsini icra etmək kimi gözəl imkanları üzərində düşünə bilərlər (Yəh. 10:16).
2 Yaxın əməkdaşlar. Yehova və İsa yaxın münasibətlərinə həmişə sevinmişlər. Onlar, insanın yaradılmasından minilliklər öncə yaxın ünsiyyətdən həzz alırdılar (Mika 5:2). Beləliklə də onlar arasındakı zərif bağlılıq telləri möhkəmlənirdi. Müdrikliyin təcəssümü olan ilkin Oğul insan kimi mövcudluğundan əvvəl deyə bilmişdi: “Me’mar olaraq onun yanında idim; və hər gün onun sevinci idim. Hər vaxt onun önündə sevinirdim” (Sül. məs. 8:30). Saysız–hesabsız əsrlər ərzində məhəbbət Mənbəyi ilə sıx ünsiyyət Allahın Oğluna dərin tə’sir göstərmişdir! (1 Yəh. 4:8).
3 İnsanların günahlarının bağışlanmasına ehtiyac duyduqlarını xatırlayaraq, Yehova bəşər övladlarına xüsusi məhəbbət duyan yeganə Oğlunu seçdi və bizim üçün yeganə ümid olan fidiyə qurbanı kimi təqdim etdi (Sül. məs. 8:31). Yehova və Oğlu bir niyyətin icrasında əməkdaşlıq etdikləri kimi, məhəbbətin möhkəm bağları ilə birləşən bizlər də Allahın iradəsini sevinclə yerinə yetirərkən həm onlarla, həm də bir–birimizlə əməkdaşlıq edirik.
4 Dərin minnətdarlığımızı bildirək. Xatirə Gecəsinə gəlməklə, həmçinin söylənilən mə’ruzəni diqqətlə və ehtiramla dinləməklə, Yehovanın məhəbbətinə, o cümlədən Oğlunun qurbanlığına görə dərin minnətdarlığımızı göstərəcəyik. Biz, İsanın məhəbbət nümunəsi haqqında, onun sadiqliyi, ölümü və fidiyə kimi təqdim olunması, Allahın qurulmuş Padşahlığında padşah timsalında tutduğu mövqe, eləcə də bu Padşahlığın bəşəriyyətə gətirəcəyi xeyir–dualar haqqında eşidəcəyik. Bizə həmçinin “həqiqət uğrunda həmkar”lar kimi Yehovanın iradəsini yerinə yetirərkən daima imanımızı yoxlamağın vacibliyi haqda da xatırladacaqlar (3 Yəh. 8; Yaq. 2:17).
5 Bizə qoşulmaqda başqalarına kömək edək. Ağsaqqallar şurası əsas diqqəti ona yönəltməlidirlər ki, yığıncağın ərazisində yaşayan bütün qeyri–fəal Şahidləri, Məsihin ölümünün Xatirə Gecəsinə gəlməyə təşviq etsinlər (Mat. 18:12, 13). Heç kimi unutmamaq və hər bir kəsi şəxsən də’vət etmək üçün, çağırılası adamların siyahısını tutun.
6 Xatirə Gecəsinə gələ biləcək başqa kimləri tanıyırsınız? Təşəbbüs göstərin və bu bayramın vacibliyini anlamaqda onlara kömək edin. Onları səmimiliklə də’vət edin və özlərini arzu edilən qonaq kimi hiss etmələri üçün əlinizdən gələni edin. Gəlin, ilin bu ən vacib hadisəsinə Müqəddəs Kitabı öyrənənlərin hamısını, bütün maraqlananları, həmçinin onların ailə üzvlərini və tanışlarını də’vət etmək üçün var qüvvəmizlə çalışaq. “Məsih İsanı tanımağın üstün dəyəri”ni əldə edənlərin hamısı fidiyə qurbanlığından faydalanacaqlar (Filip. 3:8). Məsihin qurbanlığına iman gətirənlər əbədi həyata möhkəm ümid əldə edəcəklər (Yəh. 3:16).
7 Xatirə Gecəsinin açıq ürəkli insanlara göstərəcəyi tə’siri qiymətləndirməmək olmaz. İki il öncə, Papua–Yeni Qvineya adalarında həqiqətlə maraqlanan 11 adam, Xatirə Gecəsində iştirak etmək üçün balaca qayıqla coşğun dənizdə 17 saat üzmüşlər. Nəyə görə? Onlar izah edirlər: “Biz, Məsihin ölümünün Xatirə Gecəsini, Yehovaya iman gətirən başqa həmimanlılarla birgə qeyd etmək istəyirdik və bizim səyahətimiz özünü bütünlüklə doğrultdu”. Maraqlanan bu insanların göstərdikləri sə’y, həmçinin Yehova, Onun Oğlu və məsihçi qardaşlığı ilə yaxın münasibətlərindən duyduqları sevinc üzərində düşünün!
8 Maraq göstərən hər bir kəsə Müqəddəs Kitab öyrənməsi təklif edin. Onları, müntəzəm olaraq yığıncaqlara gəlməyə və öyrəndikləri həqiqəti başqaları ilə bölüşməyə təşviq edin. Onlara “nurda” gəzməyə və “həqiqəti tətbiq” etməyə kömək edin (1 Yəh. 1:6, 7). Yehova ilə yaxın münasibət inkişaf etdirməkdə və xalqı ilə birlikdə Onun iradəsini yerinə yetirmək imkanını qiymətləndirməkdə onlara köməklik göstərin.
9 “Ruhda sabit” durub, “Müjdəyə iman üçün yekdilliklə sə’y” göstərmək necə də təəccüb doğuran şərəfdir! (Filip. 1:27, 28). Gəlin, martın 28–də keçiriləcək Xatirə Gecəsindəki xoş dostluq ünsiyyətini səbirsizliklə gözləyək, Yehovaya və Onun Oğluna daima minnətdar olaq! (Luka 22:19).