Onları qarşılayın
1. Hansı mərasim bizə şahidlik vermək üçün gözəl imkan yaradır və nəyə görə?
1 Xatirə gecəsi şahidlik verməyimiz üçün ən yaxşı fürsətdir. Bir təsəvvür et: bu il Xatirə gecəsində on milyondan çox insan iştirak edəcək və fidyə qurbanlığı vasitəsilə aydın təzahür olunan iki ən böyük məhəbbət nümunəsi barədə eşidəcəklər (Yəh. 3:16; 15:13). Onlar Yehovanın mükafatı sayəsində əldə edəcəkləri xeyir-dualar barədə öyrənəcəklər (Yeşaya 65:21—23). Lakin bu mərasimdə yalnız natiq şahidlik verməyəcək. Orada iştirak edənlərin hamısının gələnləri gülərüzlə qarşılayaraq yaxşı şahidlik vermək imkanları olacaq (Rom. 15:7).
2. Biz gələnləri səmimi qarşılamaq üçün nə edə bilərik?
2 Yerində əyləşib sakitcə proqramın başlamasını gözləmək əvəzinə, nəyə görə yanında əyləşənlərə diqqət yetirməyəsən? Qonaqlar proqramın başlamasını gözlədikləri müddətdə həyəcan və narahatçılıq keçirə bilərlər. Bizim səmimi gülümsəməyimiz və dostyana münasibət göstərməyimiz onlara özlərini rahat hiss etməyə kömək edəcək. Yeni gələn insana yaxınlaşıb ondan əvvəllər bizim yığıncaqlarda iştirak edib-etmədiyini və ya kimisə tanıyıb-tanımadığını soruşa bilərsən. Ona yanında əyləşməsini təklif edə, eləcə də Müqəddəs Kitabını və nəğmə broşüranı onunla bölüşə bilərsən. Əgər görüş Padşahlıq zalında keçirilirsə, onda onu zalla qısaca tanış etmək olar. Məruzədən sonra onun suallarına cavab vermək üçün vaxt ayır. Əgər siz digər yığıncağın toplaşması üçün zalı tez tərk etməlisinizsə, onda həmin adama belə deyə bilərsən: «Proqramla bağlı fikirlərinizi öyrənmək mənim üçün maraqlı olardı. Bəs sizinlə necə əlaqə saxlaya bilərəm?» Başqa gün onunla əlaqə saxlamaq üçün vaxt təyin et. Ağsaqqallar isə diqqətlərini, xüsusilə, Xatirə gecəsində iştirak edən qeyri-fəal təbliğçiləri ruhlandırmağa yönəltməlidirlər.
3. Xatirə gecəsinə gələnləri qarşılamaq üçün təşəbbüs göstərməyimiz nə üçün vacibdir?
3 Yehovanın xalqı kimi malik olduğumuz ruhani cənnətdə əldə etdiyimiz sevinc, sülh və birliyi gələn qonaqların əksəriyyəti ilk dəfə müşahidə edəcək (Məz. 29:11; Yeşaya 11:6—9; 65:13, 14). Xatirə gecəsinə ilk dəfə gələn qonaqlar bu mərasimi necə xatırlayacaqlar? Bu, əsasən, onları necə qarşılamağınızdan asılı olacaq.