«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
4—10 MAY
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YARADILIŞ 36, 37
«Yusif paxıllığın qurbanı olur»
(Yaradılış 37:3, 4) Yusif İsrailin ixtiyar çağında dünyaya gəldiyinə görə İsrail onu bütün oğullarından çox istəyirdi. Ona gözəl libas tikdirmişdi. 4 Qardaşları görəndə ki, ataları Yusifi onlardan çox istəyir, ondan zəhlələri getdi və daha onunla mehriban danışa bilmədilər.
w14-E 1/8 s. 12—13
«Görün nə yuxu görmüşəm»
Müqəddəs Kitabda deyilir: «Qardaşları görəndə ki, ataları Yusifi onlardan çox istəyir, ondan zəhlələri getdi və daha onunla mehriban danışa bilmədilər» (Yaradılış 37:4). Onların paxıllığını başa düşmək olar, amma gərək onlar bu zəhərli hissə təslim olmayaydılar (Məsəllər 14:30; 27:4). Heç elə olubmu ki, sizin istədiyiniz diqqət və hörmət başqasına nəsib olanda ürəyinizi paxıllıq bürüsün? Yusifin qardaşlarını yadınıza salın. Paxıllıq onları sonradan peşmançılığını çəkdikləri hərəkətlərə təhrik etdi. Onların əhvalatı bütün məsihilərə yaddaşlıq edir ki, ən yaxşısı sevinənlərlə sevinməkdir (Romalılara 12:15).
Yusif sözsüz ki, qardaşlarının ədavətini hiss edirdi. Bəs onda qardaşları yanında olanda gözəl libasını əynindən çıxarırdı? Bəlkə də, ürəyindən keçirdi. Amma bir şeyi nəzərə almaq lazımdır ki, Yaqub üçün həmin libas Yusifə duyduğu rəğbətin və sevginin nişanəsi idi. Yusif də atasının ona olan etimadını doğrultmaq istəyirdi, buna görə də sədaqət göstərib libası geyinirdi. Yusif bizim üçün gözəl nümunədir. Düzdür, bizim səmavi Atamız heç vaxt ayrı-seçkilik etmir, ancaq bəzən sadiq xidmətçilərini ayırır və onlara lütf göstərir. Bundan başqa, O, xidmətçilərinə bu pozğun, şər dünyadan fərqlənməyi buyurur. Yusifin gözəl libası kimi, əsl məsihilərin də davranışı onları ətrafdakı insanlardan fərqləndirir. Bu cür davranış bəzi hallarda insanlarda paxıllıq, ədavət oyadır (1 Butrus 4:4). Buna baxmayaraq, Yusif libasını qardaşlarından gizlətmədiyi kimi, məsihi də Allahın xidmətçisi olduğunu gizli saxlamamalıdır (Luka 11:33).
(Yaradılış 37:5—9) Bir gün Yusif yuxu gördü və gedib onu qardaşlarına danışdı. Bundan sonra onların ürəyində Yusifə qarşı əməlli-başlı nifrət baş qaldırdı. 6 Yusif onlara belə demişdi: «Görün nə yuxu görmüşəm. 7 Yuxuda gördüm ki, biz tarlada dərz bağlayırıq. Mənim dərzim qalxıb dik durur, sizinkilərsə onu dövrəyə alıb təzim edir». 8 Qardaşları demişdi: «İndi demək istəyirsən ki, bizim üstümüzdə padşah olacaqsan? Bizə ağalıq edəcəksən?» Beləliklə, gördüyü yuxuya və dediyi sözlərə görə qardaşları Yusifə nifrət etməyə başlamışdı. 9 Bundan sonra o, başqa bir yuxu gördü və onu qardaşlarına danışdı: «Bir yuxu da görmüşəm: bu dəfə günəş, ay və on bir ulduz mənə təzim edirdi».
(Yaradılış 37:11) Qardaşlarının ona paxıllığı tutdu, atası isə onun sözlərini yadında saxladı.
w14-E 1/8 s. 13, abz. 2—4
«Görün nə yuxu görmüşəm»
Yuxular Yehova Allahdan nazil olmuşdu və peyğəmbərlik mənası daşıyırdı. Allah istəyirdi ki, Yusif Onun bu yuxular vasitəsilə söylədiyi xəbəri başqalarına söyləsin. Yusif müəyyən mənada sonralar bütün peyğəmbərlərin etdiyi işi etməli idi. Onlar da Allahın xəbərlərini və hökmlərini Onun dikbaş xalqına çatdırırdılar.
Yusif nəzakətlə qardaşlarına dedi: «Görün nə yuxu görmüşəm». Qardaşlar yuxuların mənasını başa düşdülər, amma bu heç onların ürəyincə olmadı. Onlar dedilər: «İndi demək istəyirsən ki, bizim üstümüzdə padşah olacaqsan? Bizə ağalıq edəcəksən?» Əhvalatda daha sonra deyilir ki, «gördüyü yuxuya və dediyi sözlərə görə qardaşları Yusifə nifrət etməyə başlamışdı». Yusif ikinci yuxusunu atasına və qardaşlarına danışanda yenə də eyni münasibətlə üzləşdi. «Atası onu danlayıb dedi: “Bu nə yuxudur görmüsən? İndi demək istəyirsən ki, mən də, anan da, qardaşların da gəlib sənin önündə səcdə qılacağıq?”» Bununla belə, bu, Yaqubu düşündürürdü. Görəsən, Yusiflə Yehova danışmırdı? (Yaradılış 37:6, 8, 10, 11).
Yusif Yehovanın xəbərini çatdırdığına görə təqib olunan insanlardan nə birincisi idi, nə də axırıncısı. Çox olub ki, Yehovanın xidmətçilərinin söylədiyi xəbəri xoş qarşılamayıblar, onu təhrif etməyi tələb ediblər. Söylədiyi xəbərə görə təqib olunanlar arasında ən görkəmli şəxs İsa Məsih olub. O, davamçılarına demişdi: «Məni təqib ediblərsə, sizi də təqib edəcəklər» (Yəhya 15:20). Yaşından asılı olmayaraq, bütün məsihilər gənc Yusifin imanından və cəsarətindən çox şey öyrənə bilər.
(Yaradılış 37:23, 24) Yusif qardaşlarının yanına çatar-çatmaz onun gözəl paltarını dartıb əynindən çıxardılar. 24 Sonra onu götürüb quyuya atdılar. Həmin vaxt quyu boş, susuz idi.
(Yaradılış 37:28) Mədyəni tacirlər onların yanından keçəndə onlar Yusifi quyudan çıxardılar və onu iyirmi gümüşə ismayıllılara satdılar. Onlar da Yusifi Misirə apardılar.
Hikmət xəzinəsindən incilər
(Yaradılış 36:1) Eysin, yəni Ədumun tarixçəsi belədir.
it-1-E s. 678
Ədum
Ədum [Qırmızı], Ədumilər.
Ədum Yaqubun əkiz qardaşı Eysə verilən ikinci addır (Yr 36:1). İlk oğulluq haqqını qırmızı şorbaya satdığına görə ona bu ad verilmişdi (Yr 25:30—34). Təsadüfən, Eys doğulanda qıpqırmızı idi (Yr 25:25), həmçinin sonralar onun və övladlarının məskən saldığı ölkədə də qırmızı rəng üstünlük təşkil edirdi.
(Yaradılış 37:29—32) Üstündən bir az keçəndən sonra Rubən quyunun yanına qayıtdı və baxıb gördü ki, Yusif quyuda yoxdur. Onda o əl atıb yaxasını cırdı. 30 Qardaşlarının yanına gəlib: «Uşaq yoxa çıxıb! İndi mən neyləyəcəyəm?» — deyə nalə çəkdi. 31 Onlar bir təkə kəsdilər, sonra Yusifin paltarını götürüb onun qanına buladılar. 32 Bundan sonra həmin libası atalarına yolladılar. «Gör nə tapmışıq. Bax gör oğlunun paltarıdır?» — deyə paltarı aparanlarla xəbər göndərdilər.
it-1-E s. 561—562
Himayə
Çoban sürüyə, naxıra baxacağını deyəndə bu heyvanları himayə edəcəyinə qanuni şəkildə boyun olduğunu göstərirdi. O, heyvanların yiyəsinə zəmanət verirdi ki, heyvanları yemləyəcək, onları qoruyacaq ki, oğurlamasınlar, oğurlasalar da, əvəzini ödəyəcək. Lakin onun məsuliyyəti nisbi idi, çünki yuxarıda deyilən qanun insandan asılı olmayan vəziyyətlərdə, məsələn, vəhşi heyvanlar sürüyə hücum edərdisə, hamini məsuliyyətdən azad edirdi. Lakin əmanətin məsuliyyətindən azad olmaq üçün o, heyvanın yiyəsinə sübut, məsələn, heyvanın parçalanmış leşini təqdim etməli idi. Yiyəsi də bu sübutu nəzərdən keçirəndən sonra haminin əmanətə xəyanət etmədiyini qəbul etməli idi.
Bu prinsip başqasına əmanət olunmuş hər şeyə, hətta ailə münasibətlərinə də aid idi. Məsələn, böyük qardaş kiçik bacı-qardaşlarının qanuni hamisi sayılırdı. Buna görə də qardaşları Yusifi öldürmək barədə danışanda ən böyük qardaş olan Rubənin Yusifin həyatı üçün narahat olmasını başa düşmək olar. Bu barədə Yaradılış 37:18—30 ayələrində yazılıb. «Rubən... dedi: “Ona qıymayın. Gəlin qan tökməyək... Qoy əlimiz qardaş qanına bulaşmasın” Rubənin məqsədi onu qardaşlarının əlindən qurtarıb atasına qaytarmaq idi». Ancaq Rubən gəlib Yusifi tapmayanda o qədər sarsılmışdı ki, əl atıb yaxasını cırmış, nalə çəkib demişdi: «Uşaq yoxa çıxıb! İndi mən neyləyəcəyəm?» O bilirdi ki, Yusifin yoxa çıxmasına görə atası ondan haqq-hesab tələb edə bilər. Bu məsuliyyətdən qaçmaq üçün qardaşlar hiylə işlədib, Yusifi vəhşi heyvanın parçaladığına yalan sübut hazırladılar. Yusfinin gözəl libasını təkənin qanına buladılar. Sonra isə bu sübutu ataları və ailənin hakimi olan Yaquba göndərdilər. Yaqub qardaşların sübut kimi təqdim etdiyi qana bulaşmış paltar əsasında, Yusifin öldürüldüyü qənaətinə gəldi və Rubəndən haqq-hesab tələb etmədi (Yr 37:31—33).
Müqəddəs Kitab qiraəti
(Yaradılış 36:1—19) Eysin, yəni Ədumun tarixçəsi belədir. 2 Eys Kənan qızlarından het İlunun qızı Adahı, hivi Sibunun nəvəsi, Anahın qızı Əhulibaməni 3 və İsmayılın qızı, Nəbayütün bacısı Bəsməni almışdı. 4 Adah Eysə Əlifəzi, Bəsmə Ruili, 5 Əhulibamə Yəuşu, Yalamı və Qarunu doğdu. Bunlar Eysin Kənan torpağında doğulan oğullarıdır. 6 Eys arvadlarını, oğul və qızlarını, bütün ev əhlini, sürülərini və qalan mal-heyvanını, eləcə də Kənan torpağında topladığı cəmi mal-dövlətini götürüb qardaşı Yaqubun yanından başqa diyara köçdü. 7 Çünki onların mal-mülkü o qədər çoxalmışdı ki, bir yerdə yaşamaları mümkün deyildi. Sürüləri artdığından yaşadıqları torpaq onlara darlıq edirdi. 8 Beləliklə, Eys Sair dağlıq bölgəsinə köçüb orada məskən saldı. Eysə həmçinin Ədum da deyirdilər. 9 Bu, Sair dağlıq bölgəsində yaşayan ədumilərin atası Eysin tarixçəsidir. 10 Eysin oğullarının adları belədir: arvadı Adahdan doğulan oğlu Əlifəz, arvadı Bəsmədən doğulan oğlu Ruil. 11 Əlifəzin oğulları bunlar idi: Təhman, Ömər, Səfi, Qətam və Qənaz. 12 Eysin oğlu Əlifəzin Timnə adlı cariyəsi var idi. O, Əlifəzə Əmaliki doğdu. Bunlar Eysin arvadı Adahın oğulları idi. 13 Ruilin oğulları bunlar idi: Nəhat, Zarah, Şamah və Mizah. Bunlar Eysin arvadı Bəsmənin oğulları idi. 14 Anahın qızı, Sibunun nəvəsi Əhulibamənin Eysə doğduğu oğullar bunlar idi: Yəuş, Yalam və Qarun. 15 Eysin nəslindən çıxan şeyxlər bunlardır: Eysin ilki Əlifəzin oğulları: şeyx Təhman, şeyx Ömər, şeyx Səfi, şeyx Qənaz, 16 şeyx Qarun, şeyx Qətam və şeyx Əmalik. Əlifəzin bu oğulları Ədum diyarında şeyx idilər. Bunlar Adahın oğullarıdır. 17 Eysin oğlu Ruilin oğulları bunlardır: şeyx Nəhat, şeyx Zarah, şeyx Şamah və şeyx Mizah. Ruilin bu oğulları Ədum diyarında şeyx idilər. Bunlar Eysin arvadı Bəsmənin oğullarıdır. 18 Eysin arvadı Əhulibamənin oğulları bunlardır: şeyx Yəuş, şeyx Yalam və şeyx Qarun. Bu şeyxlər Eysin arvadı Anahın qızı Əhulibamənin oğullarıdır. 19 Bunlar Eysin, yəni Ədumun oğulları və onun nəslindən çıxan şeyxlərdir.
11—17 MAY
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YARADILIŞ 38, 39
«Yehova heç vaxt Yusifi tərk etmədi»
(Yaradılış 39:1) İsmayıllılar Yusifi Misirə gətirdilər. Orada fironun saray əyanlarından biri, keşikçibaşı misirli Fitfir Yusifi onlardan satın aldı.
w14-E 1/11 s. 12, abz. 4, 5
Mən necə belə bir yamanlıq edərəm?
«İsmayıllılar Yusifi Misirə gətirdilər. Orada fironun saray əyanlarından biri, keşikçibaşı misirli Fitfir Yusifi onlardan satın aldı» (Yaradılış 39:1). Bu bir neçə kəlməni oxuyanda təsəvvür etmək olar, gənc Yusif ikinci dəfə qul kimi satılarkən özünü necə alçaldılmış hiss edirdi. O, sadəcə əmlak idi! Yeni ağasının, Misirin saray əyanın ardınca yeriyərək bazarları, qələbəlik şəhər küçələrini bir-bir keçib yeni evinə gedirdi.
Fitfirin evi Yusifin gördüyü evlərdən deyildi. Yusifin ailəsi çadırlarda yaşıyırdı. Onlar köçəri həyat sürür, qoyunçuluqla məşğul olurdular. Burada isə Fitfir kimi varlı misirlilər gözəl, parlaq rənglərlə boyanmış imarətlərdə yaşayırdılar. Arxeoloqların sözlərinə görə, qədim misirlilər dəbdəbəli, daş hasarla əhatələnmiş, kölgə salan ağacların olduğu, papirus, su zanbağı və başqa su bitkilərinin bitdiyi sakit hovuzları olan bağçaları xoşlayırdılar. Bəzi evlər bağçanın içində yerləşirdi, sərin mehdən həzz almaq üçün eyvanları, evin havalandırılması üçün hündür pəncərələri və çoxlu otaqları, o cümlədən geniş yemək otağı və qulluqçular üçün otaqları olurdu.
(Yaradılış 39:12—14) Onda qadın onun paltarından yapışıb dedi: «Mənimlə yatmalısan!» Amma Yusif onun əlindən çıxıb bayıra qaçdı, paltarı isə qadında qaldı. 13 Qadın görəndə ki, Yusif paltarını onun əlində qoyub qaçdı, 14 hay-haray saldı, nökərləri çağırıb dedi: «Bir buna baxın! Ağanızın evə gətirdiyi bu ibrani el-aləmi bizə güldürmək fikrindədir. O, mənimlə yaxınlıq etmək istəyirdi, ancaq mən var gücümlə qışqırmağa başladım.
(Yaradılış 39:20) Yusifi tutub zindana atdı. Həmin zindanda padşahın dustaqları yatırdı. Beləcə, Yusif zindana düşdü.
w14-E 1/11 s. 14—15
Mən necə belə bir yamanlıq edərəm?
Misirin o dövrdəki dustaqxanaları barədə çox az şey məlumdur. Arxeoloqlar bu kimi yerlərin xarabalıqlarını aşkara çıxarıblar. Bu, hücrələri və yeraltı zindanları olan qalayabənzər böyük tikililərdir. Yusif sonralar həmin yeri ibranicə hərfən quyu mənasını verən sözlə adlandırmışdı. Bu da zindanın qaranlıq, çıxılmaz bir yer olduğunu göstərir (Yaradılış 40:15). «Zəbur» kitabında yazılıb ki, Yusifə zindanda əziyyət verirdilər: «Onun ayaqlarını zəncirlədilər, boynuna dəmir halqa taxdılar» (Zəbur 105:17, 18). Misirlilər bəzən məhbusların qollarını arxaya gərib dirsəkdən qandallayırdılar, bir başqalarına boyuna bənd edilən dəmir zəncirlər taxırdılar. Təsəvvür etmək olar, heç bir qəbahət işləməyə-işləməyə bu cür rəftara məruz qaldığı üçün Yusif nə qədər iztirab çəkirdi!
Ən əsası isə odur ki, bu heç də az çəkmədi. Yusif bu dəhşətli yerdə illərlə qaldı! O heç bilmirdi, nə vaxtsa buradan azad olacaq, ya yox. Oraya düşdüyü ilk müdhiş günlər getdikcə həftələrlə, aylarla əvəz olunurdu. Bəs Yusif nəyin sayəsində ümidsizliyə, çərəsizliyə qapılmırdı?
Müqəddəs Kitabın bu suala verdiyi cavab insanın qəlbini isindirir: «Yehova məhəbbət göstərib Yusifi tək qoymurdu» (Yaradılış 39:21). Nə həbsxana divarları, nə qandallar, nə zülmət zindan Yehovanın Öz xidmətçilərinə məhəbbət göstərməsinə mane ola bilməz (Romalılara 8:38, 39). Təsəvvür etmək olar, Yusif çəkdiyi iztirabları səmavi Atasına duada necə ərz edir, sonra isə qəlbinə yalnız «hər cür təsəlli Allahı»nın verə bildiyi sülh və sakitlik çökür (2 Korinflilərə 1:3, 4; Filippililərə 4:6, 7). Bəs Yehova Yusif üçün daha nə etdi? Müqəddəs Kitabda yazılıb ki, Yusif «zindan rəisinin rəğbətini qazandı».
(Yaradılış 39:21—23) Ancaq Yehova məhəbbət göstərib Yusifi tək qoymurdu. Onun rizası ilə Yusif zindan rəisinin rəğbətini qazandı. 22 Zindan rəisi Yusifi zindandakı dustaqların üstündə qoydu. Orada görülən bütün işlərə o nəzarət edirdi. 23 Zindan rəisi Yusifin öhdəsinə verdiyi heç bir işə görə narahat olmurdu, çünki Yehova Yusiflə idi. Əlini hansı işə atırdısa, Yehova onu avand edirdi.
w14–E 1/11 s. 15, abz. 2
Mən necə belə bir yamanlıq edərəm?
Müqəddəs Kitabın bu suala verdiyi cavab insanın qəlbini isindirir: «Yehova məhəbbət göstərib Yusifi tək qoymurdu» (Yaradılış 39:21). Nə həbsxana divarları, nə qandallar, nə zülmət zindan Yehovanın Öz xidmətçilərinə məhəbbət göstərməsinə mane ola bilməz (Romalılara 8:38, 39). Təsəvvür etmək olar, Yusif çəkdiyi iztirabları səmavi Atasına duada necə ərz edir, sonra isə qəlbinə yalnız «hər cür təsəlli Allahı»nın verə bildiyi sülh və sakitlik çökür (2 Korinflilərə 1:3, 4; Filippililərə 4:6, 7). Bəs Yehova Yusif üçün daha nə etdi? Müqəddəs Kitabda yazılıb ki, Yusif «zindan rəisinin rəğbətini qazandı».
Hikmət xəzinəsindən incilər
(Yaradılış 38:9, 10) Amma Onan bilirdi ki, həmin nəsil onunku sayılmayacaq. Odur ki, qardaşının nəslini davam etdirməmək üçün onun arvadı ilə yaxınlıq edəndə toxumunu yerə axıdırdı. 10 Onun tutduğu iş Yehovanın gözündə pis idi. Buna görə Yehova onu da öldürdü.
it-2-E s. 555
Onan
(Onan) [«qüvvə», «enerji» mənasını verən sözün kökündən].
Yəhudanın Şua adında kənaninin qızından olan ikinci oğlu (Yr 38:2—4; 1Sm 2:3). Onanın böyük qardaşı Əiri Yehova övladı olmazdan əvvəl bəd əməlinə görə öldürdü. Buna görə də Yəhuda Onana dedi ki, Əirin dul qalmış arvadı Tamarı alıb qayınlıq borcunu yerinə yetirsin. Əgər Onanın oğlu olsaydı, bu uşaq onun nəslini davam etdirməyəcəkdi və ilk oğula düşən miras Əirin varisi kimi ona veriləcəkdi. Yox əgər bu varis olmasaydı, mirası Onan özü alacaqdı. Onan Tamarla yaxınlıq edəndə toxumunu yerə axıdırdı. Onan masturbasiya ilə məşğul olmurdu, çünki yazılıb ki, Onan qardaşının «arvadı ilə yaxınlıq edəndə» toxumunu yerə axıdırdı. Görünür, Onan cinsi əlaqəni yarımçıq kəsirdi. Onan məqsədyönlü şəkildə toxumunun Tamarın uşaqlıq yoluna axıdılmasının qarşısını alırdı. Masturbasiya etdiyinə görə deyil, atasına itaətsizlik etdiyinə, tamahkarlığına və Allahın təsis etdiyi nikah quruluşuna qarşı etdiyi günaha görə Yehova Onanı övladı olmazdan əvvəl öldürdü (Yr 38:6—10; 46:12; Sy 26:19).
(Yaradılış 38:15—18) Yəhuda onu görəndə elə bildi ki, fahişədir, çünki o, üzünü örtmüşdü. 16 Yəhuda yoldan dönüb ona yaxınlaşdı və dedi: «Gəl mənimlə gedək». Amma bilmirdi ki, bu, onun gəlinidir. O isə soruşdu: «Əvəzində mənə nə verəcəksən?» 17 «Sürümdən sənə bir oğlaq göndərərəm». «Bəs onu göndərənə qədər nə girov qoyacaqsan?» 18 «Nə istəyirsən girov qoyum?» «Möhür üzüyünü, qaytanını, bir də əlindəki əsanı». Yəhuda bunları qadına verib onunla yaxınlıq etdi. O uşağa qaldı.
Oxucuların sualları
Yəhuda Tamarı, və’d etdiyi kimi, oğlu Şelaya verməməklə düzgün iş görməmişdi. Bundan əlavə, o, mə’bəd yaxınlığındakı fahişə kimi hesab etdiyi qadınla intim əlaqəyə girmişdi. Bu, Allahın, kişinin yalnız nikah daxilində cinsi əlaqədə olmağa dair niyyətinə zidd idi (Təkvin 2:24). Əslində isə Yəhuda fahişə ilə əlaqədə olmamışdı. O, özü də dərk etmədən, oğlu Şelanın yerinə levirat nikahda qanuni varisin atası olmuşdu.
Tamara gəldikdə isə, onun Yəhuda ilə olan münasibəti əxlaqsızlıq deyildi. Onun əkiz oğulları zinadan doğulmamışdı. Beytlehemdən olan Boaz levirat nikah şərtləri altında moablı Rutla evlənən zaman, Beytlehemin ağsaqqalları Tamarın oğlu Perets haqqında iltifatla danışdılar və Boaza dedilər: “Qoy Rəbb sənin evini bu gənc qadından verəcəyi nəsli Tamarın Yəhudaya doğduğu Peresin [Perets] evi kimi etsin” (Rut 4:12, MKŞ). Peretsin adı, İsa Məsihin nəsil şəcərəsinə də daxildir (Matta 1:1-3; Luka 3:23-33).
Müqəddəs Kitab qiraəti
(Yaradılış 38:1—19) Bu arada Yəhuda qardaşlarından ayrıldı və Xirah adlı ədullamlı bir kişinin yaşadığı yerə gəlib orada çadır qurdu. 2 Həmin yerdə Yəhuda Şua adında bir kənaninin qızını gördü. Qızı aldı və onunla yaxınlıq etdi. 3 O hamilə qalıb oğlan doğdu və adını Əir qoydu. 4 Qadın yenə hamilə qalıb bir oğlan da doğdu və adını Onan qoydu. 5 Sonra o, bir oğlan da dünyaya gətirdi və adını Saleh qoydu. Uşaq doğulanda Yəhuda Əxzibdə idi. 6 Yəhuda ilk oğlu Əir üçün arvad aldı. Onun adı Tamar idi. 7 Lakin Yehova Yəhudanın ilki Əirdən narazı idi. Buna görə də Yehova onu öldürdü. 8 Onda Yəhuda Onana dedi: «Qardaşının arvadını alıb öz qayınlıq borcunu yerinə yetir və qardaşının nəslini davam etdir». 9 Amma Onan bilirdi ki, həmin nəsil onunku sayılmayacaq. Odur ki, qardaşının nəslini davam etdirməmək üçün onun arvadı ilə yaxınlıq edəndə toxumunu yerə axıdırdı. 10 Onun tutduğu iş Yehovanın gözündə pis idi. Buna görə Yehova onu da öldürdü. 11 Belə olanda Yəhuda gəlini Tamara dedi: «Oğlum Saleh böyüyənədək atanın evində dul kimi yaşa»; o qorxurdu ki, Saleh də qardaşları kimi ölər. Tamar gedib atasının evində yaşadı. 12 Ay keçdi, il dolandı. Bir gün Şuanın qızı, Yəhudanın arvadı öldü. Yas günləri qurtarandan sonra Yəhuda dostu ədullamlı Xirahla birlikdə Timnaha, qoyun qırxanlarının yanına getdi. 13 Tamara xəbər çatdı ki, qayınatası Timnaha, qoyun qırxanlarının yanına gəlir. 14 Bunu eşidəndə o, dul paltarını əynindən çıxardı, başına örtük, üzünə isə rübənd saldı, çıxıb Timnah yolunda yerləşən Ənaimin girəcəyində oturdu. O görürdü ki, Saleh böyüyüb, amma onu Salehə almırlar. 15 Yəhuda onu görəndə elə bildi ki, fahişədir, çünki o, üzünü örtmüşdü. 16 Yəhuda yoldan dönüb ona yaxınlaşdı və dedi: «Gəl mənimlə gedək». Amma bilmirdi ki, bu, onun gəlinidir. O isə soruşdu: «Əvəzində mənə nə verəcəksən?» 17 «Sürümdən sənə bir oğlaq göndərərəm». «Bəs onu göndərənə qədər nə girov qoyacaqsan?» 18 «Nə istəyirsən girov qoyum?» «Möhür üzüyünü, qaytanını, bir də əlindəki əsanı». Yəhuda bunları qadına verib onunla yaxınlıq etdi. O uşağa qaldı. 19 Sonra qadın qalxıb getdi. Örtüyünü çıxarıb təzədən dul paltarını geyindi.
18—24 MAY
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YARADILIŞ 40, 41
«Yehova Yusifi xilas edir»
(Yaradılış 41:9—13) Onda baş saqi dillənib firona dedi: «Bu gün günahlarımı etiraf etmək istəyirəm. 10 Bir dəfə sən mənə və baş çörəkçiyə qəzəblənib bu qullarını keşikçibaşının zindanına atdırmışdın. 11 Orada olanda bir gecə hər ikimiz yuxu gördük. Hər yuxunun da öz yozumu var idi. 12 Bizimlə zindanda keşikçibaşının qulu olan bir gənc ibrani də yatırdı. Yuxularımızı ona danışanda o, bizə onların mənasını açdı. 13 O necə demişdisə, elə də oldu: mən əvvəlki yerimə qaytarıldım, çörəkçi isə asıldı».
w15-E 1/2 s. 14, abz. 4, 5
«Məgər yuxuları yozan Allah deyil?»
Saqi Yusifi unuda bilərdi, amma Yehova onu unutmamışdı. Bir gecə firona Allahdan iki unudulmaz yuxu nazil oldu. Birinci yuxuda o gördü ki, Nil çayından yeddi sağlam, kök inək çıxdı, ardınca isə yeddi arıq və eybəcər inək çıxdı. Arıq inəklər kök inəkləri yedilər. Sonra firon yenə də yuxu gördü. Gördü ki, bir saplaqda yeddi yaxşı sünbül var, sonra səmum yelindən yanmış yeddi cılız sünbül çıxdı və yaxşı sünbülləri uddu. Səhər firon gördüyü yuxulara görə narahatlıqdan özünə yer tapa bilmirdi. O, bütün müdrikləri və kahinləri çağırdı ki, yuxularını yozsunlar. Amma heç biri yuxuları yoza bilmədi (Yaradılış 41:1—8). Ola bilsin, onlar ya çaşıb qalmışdılar, ya da hərəsi yuxuları bir cür yozurdu. Hər necə olsa da, firona qənaətbəxş cavab verən olmadı. Amma o, bu sirli yuxuların mənasını öyrənməyincə rahatlıq tapan deyildi.
Ən nəhayətdə, saqinin yadına Yusif düşdü. Vicdanı onu incitməyə başladı. O, iki il əvvəl zindanda onun və çörəkçinin yuxusunu düz yozan gənc haqqında firona danışdı. Firon dəhral adam göndərib Yusifi zindandan çağırtdırdı (Yaradılış 41:9—13).
(Yaradılış 41:16) Yusif firona cavab verib dedi: «Mən kiməm ki! Qoy Allah Özü fironun yuxusunu xeyrə yozsun».
(Yaradılış 41:29—32) Bütün Misir torpağında yeddi il bolluq olacaq. 30 Amma ondan sonra yeddi il aclıq olacaq, elə aclıq ki, Misirdəki bolluqdan əsər-əlamət belə qalmayacaq. Aclıq ölkəni çapıb-talayacaq. 31 Ölkədə olan əvvəlki bolluq büsbütün unudulacaq, belə ki, aclıq son dərəcə şiddətli olacaq. 32 Fironun yuxunu iki dəfə görməsi isə o deməkdir ki, Allah artıq Öz qərarını verib, özü də bu işi tezliklə həyata keçirəcək.
w15-E 1/2 s. 14—15
«Məgər yuxuları yozan Allah deyil?»
Yehova həlim, sadiq insanları sevir, ona görə də təəccüblü deyil ki, müdriklərin və kahinlərin bilmədiyi cavabı Yusifə əyan etdi. Yusif izah etdi ki, fironun gördüyü iki yuxunun mənası eynidir. Bir xəbəri iki dəfə təkrar etməklə Yehova bildirirdi ki, artıq Öz qərarını verib, bu iş mütləq həyata keçəcək. Kök inəklər və sağlam sünbüllər Misirdə yeddi il davam edəcək bolluğu, arıq inəklər və xəstə sünbüllər isə bolluğun ardınca yeddi il aclığın olacağını göstərirdi. Həmin aclıq illərində bolluqdan əsər-əlamət qalmayacaq (Yaradılış 41:25—32).
(Yaradılış 41:38—40) Onda firon əyanlarına dedi: «Üzərində Allahın ruhu olan bunun kimi başqa bir adamı haradan tapacağıq?» 39 Sonra firon Yusifə dedi: «Əgər Allah sənə bütün bunları açıbsa, deməli, səndən ağıllı, müdrik adam yoxdur. 40 Səni evimin üzərində böyük qoyuram. Adamlarımın hamısı qeyd-şərtsiz sənə tabe olacaq. Yalnız taxtda mən səndən böyük olacağam».
w15-E 1/2 s. 15, abz. 3
«Məgər yuxuları yozan Allah deyil?»
Firon sözünün üstündə durdu. Tez bir zamanda Yusifin əyninə kətandan tikilmiş libas geyindirdilər. Firon ona qızıl boyunbağı, möhür üzük, özünün arabasından birini və ölkəni gəzib, tədbirini həyata keçirmək üçün tam səlahiyyət verdi (Yaradılış 41:42—44). Bir günün içində Yusif zindandan saraya gəlib çıxdı. O, yuxudan məzlum məhbus kimi oyandı, amma firondan sonra ikinci adam olaraq yuxuya getdi. Yusifin Yehova Allaha imanı boşa çıxmadı! Yehova sadiq bəndəsinin illər ərzində üzləşdiyi haqsızlıqların hamısını görürdü. O, bütün bunları düz vaxtında və lazım olan tərzdə aradan qaldırdı. Yehova Yusifə edilən haqsızlıqları aradan qaldırmaqla yanaşı, gələcək İsrail xalqını da qorumaq istəyirdi. Bunun necə mümkün olduğunu bu silsilənin növbəti məqaləsindən oxuyacağıq.
Hikmət xəzinəsindən incilər
(Yaradılış 41:14) Firon dərhal Yusifin dalınca adam göndərib onu zindandan gətizdirdi. Yusif üz-gözünü təraş edib paltarını dəyişdi və fironun hüzuruna gəldi.
w15-E 1/11 s. 9, abz. 1—3
Bilirsiniz?
Nəyə görə fironun hüzuruna gəlməzdən əvvəl Yusif üz-gözünü təraş etdi?
«Yaradılış» kitabına əsasən, firon əmr etdi ki, yuxularını yozmaq üçün ibrani məhbus olan Yusifi dərhal hüzuruna gətirsinlər. Yusif uzun illər idi ki, həbsdə idi. Fironun onu təcili çağırmasına baxmayaraq, Yusif əvvəlcə üz-gözünü təraş etdi (Yaradılış 39:20—23; 41:1, 14). Yazarın ilk baxışdan əhəmiyyətsiz görünən bu məqamı qeyd etməsindən görünür ki, o, Misir adətləri ilə tanış idi.
Qədimdə bir çox xalqlarda, eləcə də ibranilərdə saqqal saxlamaq adi hal idi. Lakin «şərq xalqları arasında misirlilər yeganə xalq idi ki, saqqal saxlamırdı», deyə Mak-Klintok və Stronqun ensiklopediyasında qeyd edilir («Cyclopedia of Biblical, Theological, and Ecclesiastical Literature»).
Həmçinin bir jurnalda qeyd olunur ki, misirlilərin bəzi ayinlərində kişidən fironun hüzuruna gəlmək üçün məbədə girməyə hazırlaşdığı kimi hazırlaşmaq tələb olunurdu («Biblical Archaeology Review»). Belə olan halda, Yusif bütün başını və bədənini təraş etməli olmuşdu.
(Yaradılış 41:33) Buna görə də qoy firon müdrik, tədbirli adam tapıb onu Misir üzərinə təyin etsin.
Allahın xidmətçiləri kimi, ədəb-ərkanla davranın
14 Qədimdə Allahdan qorxan valideynlər çalışırdılar ki, uşaqları özlərini evdə ədəb-ərkanla aparmağı bacarsınlar. Görün, Yaradılış 22:7 ayəsində İbrahimlə İshaq bir-birinə necə nəzakətlə müraciət edir. Yusifin nümunəsindən də görünür ki, o, valideynlərindən yaxşı tərbiyə almışdı. O, həbsxanaya düşəndə hətta başqa dustaqlara da hörmətlə yanaşırdı (Yar. 40:8, 14). Firona dediyi sözlərindən görmək olar ki, Yusif səlahiyyətli şəxslərə düzgün müraciət etməyi bacarırdı (Yar. 41:16, 33, 34).
Müqəddəs Kitab qiraəti
(Yaradılış 40:1—23) Bu əhvalatdan bir müddət sonra Misir padşahının baş saqisi və baş çörəkçisi ağaları padşaha qarşı günah iş tutdular. 2 Firon bu iki əyanına, baş saqiyə və baş çörəkçiyə bərk qəzəblənib 3 onları keşikçibaşının zindanına atdırdı. Yusif də həmin zindanda idi. 4 Keşikçibaşı Yusifə onların yanında olub, qulluqlarında durmağı tapşırdı. Onlar bir müddət zindanda qaldılar. 5 Bir gecə Misir padşahının zindanda məhbus olan saqisi də, çörəkçisi də yuxu gördü. Hər yuxunun öz yozumu var idi. 6 Səhərisi Yusif gəlib onları pərişan gördü. 7 Onunla bir yerdə ağasının evində dustaq olan firon əyanlarından soruşdu: «Niyə bu gün belə bikefsiniz?» 8 Onlar cavab verib dedilər: «İkimiz də yuxu görmüşük. Amma yuxumuzu yozmağa adam yoxdur». Onda Yusif dedi: «Məgər yuxuları yozan Allah deyil? Yuxunuzu mənə danışın». 9 Baş saqi Yusifə yuxusunu danışmağa başladı: «Yuxuda gördüm ki, qabağımda bir üzüm tənəyi var, 10 tənəyin də üstündə üç körpə budaq. Budaqlar tumurcuqlayıb çiçək açdı və tənəkdə üzüm salxımları yetişdi. 11 Fironun piyaləsi mənim əlimdə idi. Mən üzümlərdən dərib fironun piyaləsinə sıxdım, sonra piyaləni firona verdim». 12 Yusif ona dedi: «Yuxunun yozumu belədir: üç budaq üç gün deməkdir. 13 Üç gündən sonra firon səni azad edib əvvəlki yerinə qaytaracaq. Sən yenə saqi olduğun vaxtlardakı kimi fironun əlinə piyalə verəcəksən. 14 Amma səndən bir xahişim var. Mənə bir yaxşılıq et. İşlərin qaydasına düşəndə məni yada sal, haqqımda firona danışıb məni buradan çıxartdır. 15 Bilirsən, məni ibranilərin torpağından oğurlayıblar. Burada da zindanlıq bir iş tutmamışam». 16 Baş çörəkçi görəndə ki, Yusif yuxunu xeyrə yozdu, o da öz yuxusunu danışdı: «Mən isə yuxuda görmüşəm ki, başımda üç səbət ağ çörək var. 17 Üstdəki səbətdə firon üçün bişirilmiş növbənöv çörəklər var idi. Gördüm ki, quşlar onları dimdikləyir». 18 Yusif ona dedi: «Bu yuxununsa yozumu belədir: üç səbət üç gündür. 19 Üç gündən sonra firon sənin başını bədənindən ayıracaq, özünü də ağacdan asdıracaq, quşlar ətini didəcək». 20 Bu hadisənin üçüncü günü fironun ad günü idi. O, bütün əyan-əşrəfi üçün ziyafət qurmuşdu. Firon baş saqi ilə baş çörəkçini zindandan çıxartdırıb hamının önünə gətizdirdi. 21 Baş saqini əvvəlki vəzifəsinə qaytardı. O, yenə də fironun əlinə piyalə verdi. 22 Çörəkçini isə asdırdı. Beləcə, Yusif onların yuxusunu necə yozmuşdusa, elə də oldu. 23 Lakin Yusif baş saqinin yadına düşmədi, saqi onu unutmuşdu.
25—31 MAY
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YARADILIŞ 42, 43
«Yusif hisslərini cilovlayır»
(Yaradılış 42:5—7) Bütün Kənan torpağında aclıq olduğundan İsrailin oğulları camaata qoşulub Misirə taxıl almağa gəldilər. 6 Yusif ölkədə ən nüfuzlu adam idi, bütün ölkələrdən gələn adamlara taxılı o satırdı. Qardaşları onun yanına gəldilər və yerə qədər əyilib təzim etdilər. 7 Yusif qardaşlarını görən kimi tanıdı, amma özünü onlara tanıtmadı. Sərt üz göstərib onlardan soruşdu: «Haradan gəlmisiniz?» Onlar: «Kənan torpağından gəlmişik, taxıl almaq istəyirik», — deyə cavab verdilər.
w15-E 1/5 s. 13, abz. 5
«Məgər mən Allaham?»
Bəs Yusif? O, dərhal qardaşlarını tanıdı. Onların qarşısında təzim etdiyini görəndə fikrində gənclik xatirələri canlandı. Əhvalatda deyilir ki, gənc vaxtı Yehovadan nazil olan yuxular, qardaşlarının ona təzim edəcəyini bildirən yuxular o an Yusifin yadına düşdü. İndi həmin yuxular çin olurdu (Yaradılış 37:2, 5—9; 42:7, 9). Görəsən Yusif nə edəcək? Onları bağrına basacaq? Yoxsa intiqam alacaq?
w15-E 1/5 s. 14, abz. 1
«Məgər mən Allaham?»
Çətin ki siz nə vaxtsa belə qəribə vəziyyətə düşəsiniz. Lakin bu gün ailələrdə münaqişə və parçalanma adi hal alıb. Bu cür vəziyyətlə üzləşəndə ürəyimizin səsinə qulaq asmağa, qeyri-kamil hisslərimizə əsasən hərəkət etməyə meyilli ola bilərik. Ancaq yaxşı olar ki, Yusifdən nümunə götürək və Allahın bu vəziyyəti necə həll etməyimizi istədiyini anlamağa çalışaq (Məsəllər 14:12). Unutmayın, ailə üzvləri ilə sülh yaratmaq nə qədər vacib olsa da, Yehova Allahla və Onun Oğlu ilə sülhdə olmaq daha önəmlidir (Mətta 10:37).
(Yaradılış 42:14—17) Yusif onlara dedi: «Yox! Elə mən deyəndir. Siz casussunuz! 15 Sizi yoxlayıb həqiqəti üzə çıxaracağam. Fironun canına and olsun, nə qədər ki kiçik qardaşınız bura gəlməyib, sizi buraxan deyiləm. 16 Biriniz gedib qardaşınızı gətirsin, qalanlarınızsa tutulacaq. Beləcə, görərik düzünü deyirsiniz, ya yox. Sözləriniz yalan çıxsa, demək, siz casussunuz». 17 Bunu deyib onların hamısını tutdurdu və üç gün həbsdə saxladı.
w15-E 1/5 s. 14, abz. 2
«Məgər mən Allaham?»
Yusif qardaşlarının ürəyindəkiləri üzə çıxarmaq üçün bir neçə addım atdı. Əvvəlcə dilmanc vasitəsilə, kobud danışıb onları casusluqda ittiham etdi. Onlar özlərini müdafiə etmək üçün ona öz ailələri haqqında məlumat verdilər, həmçinin vacib bir məqamı, bir kiçik qardaşlarının evdə olduğunu söylədilər. Yusif həyəcanını gizlətməyə çalışdı. Doğrudanmı, onun kiçik qardaşı sağdır? İndi Yusif nə edəcəyini bilirdi. O dedi: «Sizi yoxlayıb həqiqəti üzə çıxaracağam». Sonra isə bildirdi ki, onların kiçik qardaşını görməlidir. Üstündən bir neçə gün keçəndən sonra onlara evə gedib kiçik qardaşlarını gətirməyə icazə verdi, bir şərtlə ki, onlardan biri onun yanında girov qalsın (Yaradılış 42:9—20).
(Yaradılış 42:21, 22) Sonra öz aralarında danışıb dedilər: «Bu, qardaşımızın ahıdır bizi tutub. Axı yalvarıb bizdən rəhm diləyəndə onun necə iztirab çəkdiyini görürdük, amma ona qulaq asmadıq. İndi ona görə başımıza bu bəla gəlir». 22 Onda Rubən onlara dedi: «Axı mən sizə dedim, uşağa qarşı günah eləməyin. Qulaq asmadınız. İndi bizdən onun qanı alınır».
it-2-E s. 108, abz. 4
Yusif
Hadisələrin gedişatının belə istiqamət aldığını görən qardaşlar başa düşdülər ki, Allah onlara illər əvvəl Yusifi qul kimi satmaqlarının əvəzini verir. Hələ də tanıya bilmədikləri Yusifin qarşısında öz günahlarını dilə gətirdilər. Onların peşmançılıq bildirən sözlərini eşidən Yusifi hisslər elə culğadı ki, onların yanından aralanıb ağladı. Sonra qayıdıb Şəmunun əl-qolunu bağladı və kiçik qardaşlarını gətirənə kimi onu həbsdə saxlamağı əmr etdi (Yr 42:21—24).
Hikmət xəzinəsindən incilər
(Yaradılış 42:22) Onda Rubən onlara dedi: «Axı mən sizə dedim, uşağa qarşı günah eləməyin. Qulaq asmadınız. İndi bizdən onun qanı alınır».
(Yaradılış 42:37) Rubən atasına dedi: «Əgər onu qaytarıb gətirməsəm, iki oğlumu öz əlinlə qəbrə qoyarsan. Mən boyun oluram ki, onu sənə qaytaracağam».
it-2-E s. 795
Rubən
Rubənin yaxşı keyfiyyətləri var idi. Məsələn, o, doqquz qardaşını dilə tutmuşdu ki, Yusifi öldürməyib, quru quyuya atsınlar. Onun məqsədi gizlincə geri qayıdıb, Yusifi quyudan çıxarmaq idi (Yr 37:18—30). Bu hadisənin üstündən 20 ildən çox keçəndən sonra həmin qardaşlar Yusifə qarşı etdikləri bədxahlığın əvəzi olaraq Misirdə casusluqda ittiham olunduqlarını deyəndə Rubən onlara xatırlatdı ki, Yusifin həyatına qurduqları qəsddə onun əli olmayıb (Yr 42:9—14, 21, 22). Həmçinin Yaqub oğullarına ikinci dəfə Misirə getmək istəyəndə Binyamini özləri aparmağa icazə verməyəndə məhz Rubən iki oğlunu zamin kimi təklif edib dedi: «Əgər onu [Binyamini] qaytarıb gətirməsəm, iki oğlumu öz əlinlə qəbrə qoyarsan» (Yr 42:37).
(Yaradılış 43:32) Yusif üçün ayrıca, qardaşları üçün ayrıca və onun evində yeyən misirlilər üçün ayrıca süfrə saldılar. Çünki misirlilər ibranilərlə yemək yeməzdilər, bu, onlar üçün iyrənc bir şey idi.
“Təkvin” kitabından diqqətəlayiq fikirlər — II hissə
43:32 — Nəyə görə misirlilər üçün yəhudilərlə birlikdə yemək yemək iyrənc idi? Bunun səbəbi, yəqin ki, dini baxımdan qabaqcadan hasil olmuş yanlış fikir və ya milli iftixar hissi olmuşdur. Misirlilər həmçinin çobanlara da nifrət edirdilər (Təkvin 46:34). Nəyə görə? Sadəcə olaraq qoyun otaran çobanlar, ehtimal ki, ən aşağı təbəqəyə mənsub idilər. Yaxud, ola bilsin, münbit torpaqların az olduğundan, misirlilər mal-qara üçün otlaq axtaran kəslərə nifrət edirdilər.
Müqəddəs Kitab qiraəti
(Yaradılış 42:1—20) Yaqub xəbər tutdu ki, Misirdə taxıl var. O, oğlanlarına dedi: «Niyə durub bir-birinizə baxırsınız? 2 Eşitmişəm, Misirdə taxıl var. Gedin oradan bir az taxıl alın gətirin, yoxsa acından qırılacağıq». 3 Beləliklə, Yusifin on qardaşı taxıl almaq üçün Misirə yollandı. 4 Yaqub Yusifin qardaşı Binyamini onlarla göndərmədi, qorxdu ki, birdən onun başına bir iş gələr. 5 Bütün Kənan torpağında aclıq olduğundan İsrailin oğulları camaata qoşulub Misirə taxıl almağa gəldilər. 6 Yusif ölkədə ən nüfuzlu adam idi, bütün ölkələrdən gələn adamlara taxılı o satırdı. Qardaşları onun yanına gəldilər və yerə qədər əyilib təzim etdilər. 7 Yusif qardaşlarını görən kimi tanıdı, amma özünü onlara tanıtmadı. Sərt üz göstərib onlardan soruşdu: «Haradan gəlmisiniz?» Onlar: «Kənan torpağından gəlmişik, taxıl almaq istəyirik», — deyə cavab verdilər. 8 Beləliklə, Yusif qardaşlarını tanıdı, onlarsa onu tanımadılar. 9 O an Yusifin yadına onlarla bağlı gördüyü yuxular düşdü. O dedi: «Siz casussunuz! Gəlmisiniz ki, ölkənin zəif yerlərini öyrənəsiniz». 10 «Xeyr, ağa, qulların taxıl almağa gəlib, — deyə onlar cavab verdilər. — 11 Biz hamımız bir atanın övladlarıyıq. Qulların düz adamlardır, casus deyillər». 12 Yusifsə: «Yox! Siz ölkənin zəif yerlərini öyrənməyə gəlmisiniz!» — dedi. 13 Onlar cavab verib dedilər: «Sənin qulların on iki qardaşdır. Biz Kənanda yaşayan bir nəfərin oğullarıyıq. Ən kiçiyimiz atamızın yanındadır. Bir qardaşımızsa artıq həyatda yoxdur». 14 Yusif onlara dedi: «Yox! Elə mən deyəndir. Siz casussunuz! 15 Sizi yoxlayıb həqiqəti üzə çıxaracağam. Fironun canına and olsun, nə qədər ki kiçik qardaşınız bura gəlməyib, sizi buraxan deyiləm. 16 Biriniz gedib qardaşınızı gətirsin, qalanlarınızsa tutulacaq. Beləcə, görərik düzünü deyirsiniz, ya yox. Sözləriniz yalan çıxsa, demək, siz casussunuz». 17 Bunu deyib onların hamısını tutdurdu və üç gün həbsdə saxladı. 18 Bu hadisənin üçüncü günü Yusif onlara dedi: «Dediyimi etsəniz, canınızı sizə bağışlayacağam, mən Allahdan qorxan adamam. 19 Əgər siz düz adamsınızsa, qoy qardaşlarınızdan biri burada həbsdə qalsın, qalanlarınızsa taxılı aparıb getsin ki, evinizdəkilər ac qalmasın. 20 Kiçik qardaşınızı gətirsəniz, biləcəyəm ki, düz deyirsiniz. Onda ölməyəcəksiniz». Onlar razılaşdılar.