Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w24 may s. 26—31
  • Görüşən zaman Yehovanı şərəfləndirin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Görüşən zaman Yehovanı şərəfləndirin
  • Gözətçi qülləsi 2024
  • Başlıqlar
  • Oxşar material
  • GÖRÜŞMƏYİN MƏQSƏDİ
  • BİR-BİRİNİZİ YAXŞI TANIYIN
  • DİGƏR AMİLLƏR
  • BAŞQALARININ DƏSTƏYİ
  • Gələcək həyat yoldaşını necə tapa bilərsiniz?
    Gözətçi qülləsi 2024
  • Xoşbəxt nikaha hazırlıq
    Ailə xoşbəxtliyinin sirri
  • Yehovaya güvəndiyimizi göstərən qərarlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Yehovaya xoş gedən qərarlar verin
    Gözətçi qülləsi 2025
Gözətçi qülləsi 2024
w24 may s. 26—31

TƏLİM MƏQALƏSİ 22

NƏĞMƏ 127 Necə insan olmalıyam?

Görüşən zaman Yehovanı şərəfləndirin

«Ürəyin düşüncələri dərin sulara bənzər, bəsirətli adam onları çəkib çıxarar» (MƏS. 20:5).

ƏSAS FİKİR

Oğlanla qız görüşdükləri müddətdə düzgün qərarlar necə verə bilər və yığıncaq onlara necə dəstək ola bilər.

1, 2. Bəziləri tanışlıq dövrü ilə bağlı hansı fikirdədir?

OĞLANLA qızın görüşdüyü dövr çox sevincli, həyəcan dolu bir dövr ola bilər. Əgər siz hal-hazırda görüşürsünüzsə, yəqin, bu vaxtın çox gözəl keçməsini istəyərdiniz. Çoxlarında elə belə də olur. Efiopiyada yaşayan Siyana bacı deyir: «Həyatımın ən gözəl dövrlərindən biri həyat yoldaşımla görüşdüyüm dövrdür. Biz həm ciddi məsələləri müzakirə edirdik, həm də deyib-gülürdük. Sevib sevildiyini bilmək çox gözəl bir hissdir. Mən xoşbəxt idim ki, belə bir insana rast gəlmişəm».

2 Niderlandda yaşayan Alyoşa qardaş isə belə deyir: «Həyat yoldaşımı görüşdüyümüz vaxtlarda daha yaxından tanımaq çox xoş idi. Amma bizim həmin vaxt çətinliklərimiz də olurdu». Bu məqalədən öyrənəcəyik ki, oğlanla qızın görüşən zaman hansı çətinlikləri ola bilər və Müqəddəs Kitab prinsipləri onlara bu müddət ərzində düzgün qərarlar verməyə necə kömək edə bilər. Həmçinin araşdıracağıq ki, yığıncaqdakı bacı-qardaşlar onlara necə dəstək ola bilər.

GÖRÜŞMƏYİN MƏQSƏDİ

3. Görüşməyin məqsədi nədir? (Məsəllər 20:25).

3 Oğlanla qızın görüşdüyü vaxtlar çox gözəl dövr olsa da, bu həm də ciddi addımdır. Çünki bu, ailə qurmağa aparır. Toy günü bəylə gəlin Yehovanın qarşısında bir-birinə söz verib deyir ki, ömürləri boyu bir-birilərini sevib hörmət edəcəklər. İnsan istənilən əhdi verməzdən əvvəl yaxşı-yaxşı düşünməlidir. (Məsəllər 20:25 ayəsini oxuyun.) Bu, evlilik əhdinə də aiddir. Oğlanla qızın görüşdükləri müddətdə bir-birini tanımaq və düzgün qərar vermək imkanı olur. Bəzən bu qərar evlənmək olur, bəzən isə ayrılmaq. Əgər onlar ayrılmağa qərar veriblərsə, bu o demək deyil ki, bu müddət ərzində boşuna görüşüblər. Əksinə, görüşərkən məqsədləri ailə qurub-qurmayacaqlarına qərar vermək idi, onlar da bu məqsədə çatdılar.

4. Nəyə görə görüşməyin məqsədini başa düşməliyik?

4 Oğlanla qız nəyə görə görüşməyin məqsədini başa düşməlidir? Çünki onda onlar ailə qurmaq niyyətləri yoxdursa, heç kəslə görüşməyəcəklər. Amma görüşməyin məqsədini təkcə subaylar yox, hər birimiz düzgün başa düşməliyik. Məsələn, bəzilərinin fikrincə, oğlanla qız görüşürsə, mütləq ailə qurmalıdır. Bu düşüncə subay məsihilərə necə təsir edir? Birləşmiş Ştatlarda yaşayan Melisa adlı subay bacı deyir: «Oğlanla qız görüşəndə bəzi bacı-qardaşlar onların evlənəcəyini gözləyir. Ona görə də bəzi görüşən cütlüklər bir-birilərinə uyğun gəlməsələr də, münasibətlərinə son qoymurlar. Elə subaylar da var ki, ümumiyyətlə görüşməyə ehtiyat edirlər. Ətrafdakıların bu cür düşüncəsi subayları çox sıxır».

BİR-BİRİNİZİ YAXŞI TANIYIN

5, 6. Oğlanla qız görüşən zaman bir-biriləri haqda nəyi öyrənməlidir? (1 Butrus 3:4).

5 Əgər kiminləsə görüşürsünüzsə, evlənib-evlənməyəcəyinizə necə qərar verə bilərsiniz? Bunun üçün bir-birinizi yaxşı tanıyın. Hər halda, insanla görüşməzdən əvvəl onun haqda müəyyən məlumat əldə etmisiniz. İndi isə onun «daxili varlığı»nı kəşf etmək imkanınız var. (1 Butrus 3:4 ayəsini oxuyun.) Siz görüşən zaman onun Yehova ilə münasibəti, xasiyyəti və düşüncələri haqda daha çox şey öyrənə bilərsiniz. Müəyyən vaxtdan sonra bu kimi sualların cavabını artıq bilməlisiniz: «Bu insan mənim üçün yaxşı həyat yoldaşı olacaq?» (Məs. 31:26, 27, 30; Efes. 5:33; 1 Tim. 5:8). «Bir-birimizin sevgi və qayğıya olan ehtiyacını təmin edə bilirik? Bir-birimizin zəif cəhətlərinə göz yuma bilirik?»b (Rom. 3:23). Tanışlıq müddətində bir-birinizə uyğun gəlib-gəlmədiyinizi müəyyən edərkən nəzərə alın ki, əsas olan nə qədər çox oxşar cəhətlərinizin olması yox, bir-birinizin fərqli cəhətlərinə nə dərəcədə uyğunlaşa bilməyinizdir.

6 Tanışlıq dövründə insanla bağlı daha nələri öyrənməlisiniz? Romantik hissləriniz daha da güclənməmiş müəyyən vacib məsələləri müzakirə etmək lazım gələ bilər. Məsələn, insanın gələcəklə bağlı planlarını. Bəs sağlamlıq, maddi problemlər, keçmiş travmalar və bu kimi digər şəxsi məsələlər barədə nə demək olar? Təzə-təzə görüşməyə başlayarkən bu kimi mövzuların hamısını müzakirə etməyə ehtiyac yoxdur. (Yəhya 16:12 ayəsi ilə əlaqələndirin.) Əgər hansısa şəxsi suallara cavab verməyin hələ tez olduğunu düşünürsünüzsə, qarşı tərəfə bunu bildirin. Amma vaxt keçdikcə o, düzgün qərar vermək üçün bu məlumatları bilməlidir. Ona görə də hansısa məqamda bu barədə onunla açıq danışmalı olacaqsınız.

7. Oğlanla qız görüşən zaman bir-birilərini necə tanıya bilər? (Həmçinin «Uzaqdan-uzağa tanışlıq» adlı çərçivəyə baxın.) (Həmçinin şəkillərə baxın.)

7 Görüşdüyünüz kəsin əslində necə bir insan olduğunu öyrənmək üçün nə edə bilərsiniz? Bunun bir yolu suallar verib, bir-birinizə diqqətlə qulaq asmaqdır (Məs. 20:5; Yaq. 1:19). Bu zaman hər ikiniz suallara açıq və dürüst şəkildə cavab verməlisiniz. Elə bir məşğuliyyətlər seçmək olar ki, söhbət etmək asan olsun. Məsələn, birlikdə yemək yeyə bilərsiniz, insanların olduğu yerlərdə gəzintiyə çıxa bilərsiniz və birlikdə təbliğ edə bilərsiniz. Dostlarınızla və ailə üzvlərinizlə birgə vaxt keçirən zaman da bir-biriniz haqda çox şey öyrənə bilərsiniz. Bundan əlavə, elə fəaliyyətlər planlaşdırın ki, qarşı tərəfin müxtəlif vəziyyətlərdə davranışını və müxtəlif insanlarla rəftarını görə biləsiniz. Niderlandda yaşayan Aşvin məhz belə etməyə çalışırdı. O, Alişa ilə görüşdüyü vaxtlar barədə deyir: «Biz elə işlərlə məşğul olurduq ki, bir-birimizi daha yaxından tanıya bilək. Adətən bu, adi şeylər olurdu. Məsələn, birlikdə yemək bişirirdik, ev işləri görürdük. Bunun sayəsində bir-birimizin güclü və zəif cəhətlərini öyrənirdik».

Şəkillər: 1) Görüşən oğlanla qız kafedə şirin-şirin söhbət edir. 2) Başqa bir cütlük qonaqlıqda birlikdə yemək hazırlayır. 3) Bacı ilə qardaş videozəng vasitəsilə söhbət edir. Onlar jw.org saytında yerləşən «Evlilikdən nə gözləyə bilərəm? I hissə» adlı məqaləni (türk.) araşdırırlar. Qardaşın önündə açıq Müqəddəs Kitab var.

Söhbət edə bilmək üçün görüşdüyünüz insanla birlikdə nələrsə edin. Onda bir-birinizi daha yaxından tanıya biləcəksiniz (7 və 8-ci abzaslara baxın)


Uzaqdan-uzağa tanışlıq

Əgər siz bir-birinizdən çox uzaqda yaşayırsınızsa və buna görə də telefon və ya görüntülü zəng vasitəsilə söhbət edirsinizsə, bu məqalədəki prinsiplərin çoxunu yenə də tətbiq edə bilərsiniz. Bu zaman çalışın ki, səmimi olasınız və bir-birinizi diqqətlə dinləyəsiniz. Bununla belə, insanla canlı vaxt keçirmədən onun barədə bəzi şeyləri öyrənmək çox çətin ola bilər. Odur ki, mümkün olduqda haradasa canlı görüşün. Bunlardan əlavə, siz başqa amilləri də nəzərə almalısınız. Məsələn: «Başqa əraziyə köçməyə, bəlkə də yeni mədəniyyətə və ya dilə öyrəşməyə hazırsınız və bu sizdə alınacaq? Görüş müddətində bir-birinizi görmək üçün, həmçinin ailə qurandan sonra onun ailəsinə və dostlarına baş çəkmək üçün yol xərclərini qarşılaya biləcəksiniz?» (Luka 14:28).

8. Birgə mütaliə etməyin görüşən cütlüklərə hansı faydası ola bilər?

8 Bir-birinizi tanımağın digər yolu birlikdə ruhani mövzuları araşdırmaqdır. Ailə qurandan sonra Yehovanın nikahınızda əsas yeri tutması üçün ailəvi ibadətə vaxt ayırmalı olacaqsınız (Vaiz 4:12). Buna görə də niyə də indidən, görüşdüyünüz vaxtdan birgə araşdırmağa vaxt ayırmayasınız? Düzdür, görüşən cütlük hələ ailə sayılmır, qardaş isə hələ ailə başçısı deyil. Bununla belə, birlikdə müntəzəm mütaliə etməyin sayəsində bir-birinizin ruhaniliyi barədə çox şey öyrənəcəksiniz. Birləşmiş Ştatlardan olan Maks və Laysa bunun başqa bir faydasını da görüb. Maks deyir: «Tanışlıq dövrümüzün elə ilk vaxtlarından biz görüşmək, nikah, ailə həyatı kimi mövzuları nəşrlərimizdən araşdırmağa başladıq. Bu nəşrlər sayəsində biz elə vacib mövzular haqda danışdıq ki, özümüzə qalsa, onlar barədə danışmağa başlamaq çətin olardı».

DİGƏR AMİLLƏR

9. Oğlanla qız görüşdüklərini kimə deyib-deməyəcəyinə necə qərar verə bilər?

9 Görüşdüyünüzü kimlərə deməlisiniz? Buna ikiniz qərar verin. Ola bilsin, görüşməyə təzə başlayanda bu barədə çox adama deməyəcəksiniz (Məs. 17:27). Bunun sayəsində sizə lazımsız suallar verilməyəcək, yaxud üzərinizdə təzyiq hiss etməyəcəksiniz. Amma ümumiyyətlə heç kəsə deməsəniz, kiminsə birdən sizi görəcəyindən qorxduğunuz üçün təkliyə çəkilə bilərsiniz. İnsanların olmadığı yerdə ikinizin tək qalmağı isə təhlükəli ola bilər. Buna görə də yaxşı olardı ki, görüşdüyünüzü ən azı kimsə bilsin. Məsələn, ailə üzvlərinizdən, yetkin dostlarınızdan, yaxud da ağsaqqallardan kiməsə deyə bilərsiniz. Onlar sizə yaxşı məsləhət verə bilər və başqa sahələrdə kömək edə bilər (Məs. 15:22).

10. Tanışlıq dövrünün ləyaqətli keçməsi üçün oğlanla qız nə edə bilər? (Məsəllər 22:3).

10 Tanışlıq dövrünün ləyaqətli keçməsi üçün nə edə bilərsiniz? Hissləriniz artdıqca təbii olaraq bir-birinizdən getdikcə daha çox xoşunuz gələcək. Bəs əxlaqi cəhətdən özünüzü necə təmiz saxlaya bilərsiniz? (1 Kor. 6:18). Əxlaqsız söhbətlər etməyin, heç kəsin olmadığı yerdə tək qalmayın, spirtli içki çox içməyin (Efes. 5:3). Çünki bu şeylər ehtirası artırır və bu zaman düzgün davranmaq çətinləşir. Münasibətinizin paklığını qorumaq üçün nə edə biləcəyinizi müntəzəm müzakirə edin. (Məsəllər 22:3 ayəsini oxuyun.) Görün Efiopiyada yaşayan Davitlə Almaza bu sahədə nə kömək etmişdi. Onlar deyir: «Biz ya adamların çox olduğu yerlərdə, ya da dostlarımızla birlikdə vaxt keçirirdik. Heç vaxt olmayıb ki, maşınla harasa tək gedək və ya evdə tək qalaq. Bunun sayəsində nəfsimizə hakim ola bilməyəcəyimiz vəziyyətlərdən uzaq dururduq».

11. Oğlanla qız görüşən zaman bir-birilərinə nəvaziş göstərməklə bağlı hansı amilləri nəzərə almalıdır?

11 Bəs nəvaziş göstərmək barədə nə demək olar? Oğlanla qızın münasibətləri gücləndikcə bir-birilərinə müəyyən nəvaziş göstərməsi yerində ola bilər (Nəğ. 1:2; 2:6). Amma əgər ehtirasınız yaranıbsa, qarşı tərəf haqda obyektiv düşünmək çətin olacaq. Nəvaziş göstərəndə hissləriniz asanlıqla artar və natəmiz hərəkətlərə gətirib çıxara bilər (Məs. 6:27). Buna görə də münasibətlərinizin lap əvvəlindən onunla danışıb Müqəddəs Kitab prinsipləri əsasında hansı sərhədləri qoyacağınızı müzakirə edinc (1 Salon. 4:3—7). Hər ikiniz bu suallar üzərində düşünə bilərsiniz: «Ərazimizdəki insanlar bir-birimizə göstərdiyimiz nəvazişə necə yanaşar? Bu cür hərəkətlər ikimizdən birində ehtiras oyada bilər?»

12. Oğlanla qız görüş zamanı yaranan fikir ayrılıqları ilə bağlı nəyi bilməlidir?

12 Fikir ayrılıqlarını, yaranan problemləri necə həll edə bilərsiniz? Əgər ara-sıra sözünüz çəp gəlirsə, onda necə? Bu o deməkdirmi ki, sizinlə onunku tutmaz? Bəzən bu o mənanı daşımır. Çünki bütün cütlüklər arasında fikir ayrılıqları olur. Möhkəm nikah o nikahdır ki, hər iki tərəf bir-birinə hörmət edir və güzəştə gedib digərinin fikrinə uyğunlaşmağa hazır olur. Buna görə də bu gün problemləri necə həll etməyiniz gələcəkdə nikahınızın möhkəm olub-olmayacağından xəbər verə bilər. Odur ki, hər ikiniz bu sualların üzərində düşünün: «Biz məsələni sakit və hörmətcil şəkildə müzakirə etməyi bacarırıq? Səhvlərimizi boynumuza alıb onları düzəltməyə çalışırıq? Dərhal güzəştə gedirik? Üzr istəyirik? Bağışlayırıq?» (Efes. 4:31, 32). Bununla belə, görüşdüyünüz müddətdə əgər tez-tez mübahisə edirsinizsə, yola getmirsinizsə, çox yəqin ki, vəziyyət toydan sonra da düzəlməyəcək. Tamam fərqli insanlar olduğunuzu görürsünüzsə, münasibətə son qoymaq hər ikiniz üçün ən yaxşı qərar olard.

13. Oğlanla qız neçə müddət görüşəcəklərini necə müəyyən edə bilər?

13 Neçə müddət görüşməlisiniz? Tez-tələsik qərar verməyin axırı çox vaxt pis olur (Məs. 21:5). Ona görə də bir-birinizi yaxşı tanımaq üçün kifayət qədər vaxt keçməlidir. Amma görüşmək müddətini boş yerə uzatmağın da mənası yoxdur. Necə ki, Müqəddəs Kitabda deyilir: «Uzun intizar ürəyi xəstə salar» (Məs. 13:12). Üstəlik, nə qədər uzun müddət görüşsəniz, cinsi istəkləri boğmaq bir o qədər çətin olar (1 Kor. 7:9). Buna görə də neçə müddət görüşməli olduğunuz barədə çox fikirləşməyin, ondansa növbəti sualı özünüzə verə bilərsiniz: «Qərar vermək üçün həmin insan barədə başqa nələri öyrənməliyəm?»

BAŞQALARININ DƏSTƏYİ

14. Bacı-qardaşlar görüşənlərə hansı yollarla dəstək ola bilər? (Həmçinin şəklə baxın.)

14 Əgər kiminsə görüşdüyünü biliriksə, onlara necə kömək edə bilərik? Onları yemək süfrəsinə, ailəvi ibadətə və birgə əylənməyə dəvət etmək olar (Rom. 12:13). Belə şəraitlərdə onların bir-birilərini daha yaxından tanımaq imkanı olacaq. Bəlkə də onların getdikləri yerdə üçüncü adamın olmasına ehtiyacları var və ya maşınla gedərkən yanlarında olmaq lazımdır, ya da elə bir yer lazımdır ki, ikisi rahat söhbət edə bilsin. Bu zaman onlara köməyinizi təklif edə bilərsiniz (Qal. 6:10). Bayaq adı çəkilən Alişa Aşvinlə ona nəyin xoş gəldiyini xatırlayaraq belə deyir: «Bəzi bacı-qardaşlar deyirdi ki, əgər rahat söhbət etməyiniz üçün ikinizin tək qalmayacağı bir yer lazımdırsa, bizə gəlin. Onların bizi düşündüyünü görmək çox xoş idi». Əgər oğlanla qız sizdən onların yanında olmağınızı xahiş ediblərsə, bunu qiymətləndirin. Diqqətli olun ki, onları heç kimin olmadığı yerdə tək qoymayasınız, amma eyni zamanda fikir verin ki, onlar ikisi birlikdə danışmaq istəyəndə bunun üçün imkan yaradasınız (Filip. 2:4).

Görüşən cütlük qonaqlıqda birlikdə oturub. Onlar qıraqda söhbət edir.

Əgər kiminsə görüşdüyünü bilirsinizsə, onlara müxtəlif yollarla dəstək ola bilərsiniz (14 və 15-ci abzaslara baxın)


15. Görüşən cütlüyə dəstək olmağın başqa hansı yolu var? (Məsəllər 12:18).

15 Görüşənlərə dəstək olmağın digər yolu isə nə dediyimizə fikir verməkdir. Bəzən özümüzə hakim olub ümumiyyətlə heç nə deməsək, yaxşı olar. (Məsəllər 12:18 ayəsini oxuyun.) Məsələn, onların görüşdüyünü başqalarına demək üçün səbirsizlənə bilərik. Amma bəlkə də bu xəbəri onlar özləri demək istəyir. Görüşən cütlük barədə qeybət etməməliyik, yaxud şəxsi məsələlərə görə onları qınamamalıyıq (Məs. 20:19; Rom. 14:10; 1 Salon. 4:11). Bundan əlavə, onlara dediyimiz sözlərə, verdiyimiz suallara fikir verməliyik ki, özlərini evlənməyə məcbur hiss etməsinlər. Eliza adlı bacı ilə yoldaşı görüşdükləri vaxtla bağlı deyir: «Kimsə bizdən toyla bağlı planlarımızı soruşanda pərt olurduq, çünki hələ özümüz bunu heç müzakirə etməmişdik».

16. Oğlanla qız ayrılanda buna necə yanaşmalıyıq?

16 Bəs oğlanla qız ayrılmaq qərarına gəlibsə, onda necə davranmalıyıq? Onlara şəxsi suallar verməyin. Birini günahlandırıb, digərinin tərəfini tutmayın (1 But. 4:15). Lea bacı deyir: «Nəyə görə ayrıldığımızla bağlı hərə bir söz deyirdi. Bu da gəlib qulağıma çatırdı. Çox pis olurdum». Əvvəldə də qeyd etdiyimiz kimi oğlanla qızın ayrılması onların boşuna görüşdüklərini göstərmir. Düşünməməliyik ki, deməli, onlar səhv qərar veriblər. Adətən bu onu göstərir ki, oğlanla qız görüşməyin məqsədinə çatdı. Məqsəd isə evlənib-evlənməyəcəklərinə qərar vermək idi. Düzgün qərar vermiş olsalar da, bu, yenə də onlara qəlb ağrısı verə bilər, özlərini tənha hiss edə bilərlər. Ona görə də onlara dəstək olmaq üçün yollar axtarmalıyıq (Məs. 17:17).

17. Oğlanla qız görüşəndə nəyə çalışmalıdır?

17 Gördüyümüz kimi görüşməyin də öz çətinlikləri var. Amma bu həm də tərəflərə xoş hisslər bəxş edə bilər. Cesika deyir: «Açığı, görüşmək böyük zəhmət tələb edir. Amma bir-birimizi tanımaq üçün vaxt və güc sərf etməyimizə yüz faiz dəyərdi». Əgər hal-hazırda kiminləsə görüşürsünüzsə, bir-birinizi yaxşı tanımaq üçün əlinizdən gələni edin. Onda görüşməyinizin nəticəsində hər ikiniz düzgün qərar verəcəksiniz.

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Görüşməyin məqsədi nədir?

  • Görüşən cütlük bir-birini yaxından necə tanıya bilər?

  • Yığıncaqdakılar görüşənlərə necə dəstək ola bilər?

NƏĞMƏ 49 Yehovanın ürəyini sevindirək

a Bəzi adlar şərtidir.

b Daha çox sualın üzərində düşünmək üçün «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının ikinci cildinin 39—40 səhifələrinə (türk.) baxın.

c Digər insanın cinsiyyət orqanını sığallamaq cinsi əxlaqsızlığın bir növüdür və bu halda yığıncaqdakı ağsaqqalların intizam tədbiri görməsinə ehtiyac yaranır. Əks cinsin döşünü sığallamaq, həmçinin mesaj və ya zəng vasitəsilə əxlaqsız söhbətlər etmək də vəziyyətdən asılı olaraq intizam tədbirinin görülməsi ilə nəticələnə bilər.

d Ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi»nin 1999-cu il 15 avqust sayında yerləşən «Oxucuların sualları» rubrikasına (türk.) baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş