Müqəddəs Yazıların kitabı nömrə 34 Nahum
Yazan: Nahum
Yazıldığı yer: Yəhuda
Yazılması başa çatıb: b. e. ə. 632-ci ildən əvvəl
«NİNEVA haqqındakı xəbərdarlıq» (Nah. 1:1). Nahumun vahiməli peyğəmbərliyi bu sözlərlə başlanır. Şəhərin məhv olacağını bəyan etməyə peyğəmbəri nə təşviq etdi? Qədim Nineva haqqında nə mə’lumdur? Nahum onun tarixini iki sözlə ifadə edir: ‘Qanlı şəhər’ (Nah. 3:1). Qədim Ninevanı İraqın şimalındakı müasir Mosul şəhərinin qarşısından keçən Dəclə çayının şərq sahilindəki iki təpə xatırladır. Tamamilə divar və xəndəklərlə əhatə edilmiş bu şəhər Assuriya imperiyasının mövcudluğunun ikinci hissəsində onun paytaxtı olmuşdur. Lakin şəhərin təməli Nəmrudun günlərində qoyulmuşdur. «Rəbbin önündə... mahir ovçu» olan Nəmrud ‘Aşşur torpağına köçüb, Ninevanı tikdi’ (Yar. 10:9-12). Beləliklə, Ninevanın başlanğıcı heç də uğurlu olmamışdır. Bu şəhər Assuriya imperiyasının son dövrlərində, Sarqon, Sanxeriv, Esar-Xaddon və Aşurbanipalın hakimiyyəti zamanı daha çox tanınmağa başlamışdır. Bu şəhər talanedici müharibələrin hesabına zənginləşmiş və assur padşahlarının əsirlərə insanın ağlına gəlməyən vəhşiliklər törətməsi ilə məşhurlaşmışdıa. K. Keram «Allahlar, sərdabələr və alimlər» kitabında belə yazmışdır: «Nineva unudulmayıb, çünki onun adı qətl, soyğunçuluq, zülmkarlıq, zəiflər üzərində zorakılıq, müharibələr və hər cür dəhşətlər və qan tökmək bahasına hakimiyyətə keçərək, terror gücünə taxtda qalan padşahlarla bağlıdır. Demək olar ki, bu padşahların hamısı qətlə yetirilir və yerlərinə daha zalım hökmdarlar gəlirdi»b.
2 Ninevada hansı dinə qulluq edilirdi? Nineva sakinləri, əksəriyyəti Babildən mənimsənilən çoxsaylı allahlara ibadət edirdilər. Ninevanın başçıları viran və məhv etmək üçün getdikləri zaman öz allahlarını çağırırdılar. Acgöz kahinlər isə külli-miqdarda hərbi qənimətlərin ələ keçiriləcəyini gözləyərək işğaledici yürüşləri dəstəkləyirdilər. U. B. Rayt öz kitabında deyir: «Onlar qüvvələrə ibadət edirdilər və yalnız böyük daş bütlərə — nəhəng ayaqları, qartal qanadları və insan başı güc, qorxmazlıq və qələbə simvolları kimi qəbul edilən şirlərə, buğalara dua edirdilər. Bu xalqın əsas məşğuliyyəti müharibə etmək idi, müharibələri isə daima qızışdıranlar kahinlər idi. Onlar əsas e’tibarı ilə, hərbi qənimətlərin hesabına dolanırdılar və qənimət hələ başqaları arasında bölüşdürülməzdən əvvəl onların payına düşən hissə verilirdi, çünki bu soyğunçu tayfa həddindən artıq dindar idi» («Ancient Cities», 1886, s. 25).
3 Nahumun peyğəmbərliyi qısa olsa da, çox maraqlıdır. Peyğəmbər haqqında özünün birinci ayədə dediklərindən başqa heç nə bilinmir: «Bu... Elqoşlu Nahumun görüntülərindən ibarət kitabdır». Onun adının (ibranicə Nakum) mə’nası «Təsəlliverici» deməkdir. Əlbəttə, onun çatdırdığı xəbər Nineva üçün heç də təsəlliverici deyildi, ancaq bu xəbər Allahın sadiq xalqına təsəlli gətirdi, rəhmsiz və güclü düşmənlərinin əlindən qurtulacaqlarına tam əminlik yaratdı. Nahumun öz xalqının günahlarından söz açmaması da təsəlli verir. Elqoşun dəqiq yeri mə’lum olmasa da, peyğəmbərliyin Yəhudeyada yazıldığı ehtimal edilir (Nah. 1:15). Nahumun öz peyğəmbərliyində yazdığı Ninevanın süquta uğraması hadisəsi hələ b. e. ə. 632-ci ildə baş verəcəkdi. Peyğəmbər bu hadisəni bir qədər əvvəl baş verən No-Ammonun (Fiva, Misir) süqutuna bənzədir (3:8). Buna görə də, Nahumun peyğəmbərliyi bu vaxt arasında yazılmış olmalıdır.
4 Kitab öz stili ilə fərqlənir. Orada uzun-uzadı sözlərə rast gəlinmir. Canlılığı və reallığı sayəsində ilhamlanmış Yazıların ümumi məğzilə həmahəngdir. Nahumun nitqi açıqlığı, emosionallığı və təsviri gözəlliyi ilə, həmçinin yüksək nəqlediciliyi, surətlərin və frazeoloji cəhətdən son dərəcə dəqiqliyi ilə verilmişdir (1:2-8, 12-14; 2:4, 12; 3:1-5, 13-15, 18, 19). Görünür, birinci fəslin əksər hissəsi akrostix üslubda yazılmışdır (1:8, YD, haşiyə). Kitabın şairanə dili mövzunun bir xətt üzrə getməsini zənginləşdirir. Peyğəmbər İsrailin xain düşmənlərinə qarşı dərin nifrət hissi bəsləyir. O bilir ki, Ninevanı tam məğlubiyyət gözləyir.
5 «Nahum» kitabının e’tibara layiq olması peyğəmbərliklərinin dəqiqliklə yerinə yetməsi ilə təsdiq olunur. Nahumun günlərində başqa kim Yehovanın peyğəmbəri kimi qorxmayaraq dünya imperiyası Assuriyanın paytaxtının ‘çaylarının suyunu saxlayan bəndlərin açılacağını’, saraylarının məhv ediləcəyini, özünün isə ‘viran olacağını, dağıdılacağını, xaraba qalacağını’ deyə bilərdi? (2:6-10). Bundan sonra baş verən hadisələr göstərir ki, Nahumun peyğəmbərliyi həqiqətən də Allah tərəfindən ilhamlanmışdır. Babil padşahı Nabopalasarın salnaməsində Ninevanın midiyalılar və babillilər tərəfindən işğal edilməsi haqqında yazılır: «Şəhər xarabalıq (onlar tərəfindən çevrildi) və dağınıq (yerlə-yeksan) vəziyyətə salındı»c. Nineva elə darmadağın edilmişdi ki, uzun əsrlər ərzində, hətta onun yerləşdiyi yer belə unudulmuşdu. Bununla əlaqədar bə’zi tənqidçilər Nineva adında bir şəhərin heç vaxt olmadığını iddia edərək Müqəddəs Kitaba rişxənd etmişlər.
6 «Nahum» kitabının doğru olduğu Nineva aşkara çıxan zaman daha çox öz təsdiqini tapdı, XIX əsrdə isə onun qazıntılarını aparmağa başladılar. Şəhəri tamamilə qazıb çıxarmaq üçün, bə’zi hesablamalara görə, milyonlarla ton torpaq çıxarmaq tələb olunurdu. Ninevanın xarabalıqları arasından nə tapıldı? Nahumun peyğəmbərliyinin dəqiq olduğunu sübut edən çox şey. Məsələn, şəhərdə hökm sürən vəhşilikləri sübut edən heykəllər və yazılar, həmçinin qanadlı öküzlərin və şirlərin təsviri olan iri heykəllərin hissələri tapılmışdır. Nahumun şəhəri ‘şirlər yuvası‘ adlandırması heç də təəccüblü deyil! (2:11)d.
7 Yəhudilərin «Nahum» kitabını ilhamlanmış Yazıların bir hissəsi hesab etmələri, onun kanonik olduğunu sübut edir. O, Müqəddəs Yazıların digər kitabları ilə tam uzlaşır. Peyğəmbərlik Yehovanın adından deyilir və Onun xüsusiyyətlərini və hökmranlığının ucalığını doğruluqla təsvir edir.
BİZƏ FAYDASI
11 Nahumun peyğəmbərliyində Müqəddəs Kitabın bə’zi təməl prinsipləri təsvir edilir. Görüntünün giriş sözlərində Allahın On əmrdən ikincisini verməsinin səbəbi göstərilir: «Yehova xüsusi sədaqət tələb edən... Allahdır» (YD). Elə bu sözlərin ardınca kitab əmin edir ki, Allah «düşmənlərindən qisas alır». Assuriyanın nə amansız təkəbbürü, nə də yalançı allahları Yehovanın hökmünün yerinə yetməsinə mane ola bilmədi. Biz əmin ola bilərik ki, Yehova tə’yin edilmiş vaxtda bütün pisləri ədalətlə hökm edəcək. Yehova «hədsiz səbirlidir, qüdrətlidir, təqsirkarı əsla cəzasız qoymaz». Assuriyanın məhv edilməsi Yehovanın ədalətliyinə və hökmranlığının ucalığına işıq saçdı. «Nineva viran oldu, dağıldı, xaraba qaldı!» (1:2, 3; 2:10).
12 Nahum Ninevanın ‘tamamilə məhv olacağını’ deməklə yanaşı, Yaqub nəslinin və İsrailin əvvəlki «əzəmətinə» qaytarılacağını da bəyan edir. Bundan başqa, Yehova Öz xalqına xeyir xəbər çatdırır: «Budur, müjdə gətirənin ayaqları dağlar aşır, gəlir, sülh xəbəri gətirir». Sülh haqqında bu müjdə Allahın Padşahlığı ilə bağlıdır. Bu haradan mə’lumdur? Bunu, Yeşayanın növbəti sözləri əlavə edərək bənzər sözlər deməsindən görürük: «O, xoş müjdə gətirir, qurtuluş xəbəri verir, Sion xalqına “Allahınız hökm sürür!” bəyan edir» (Nah. 1:15; 2:2; Yeşaya 52:7). Həmçinin həvari Pavel Romalılara 10:15 ayəsində bu ifadəni Yehovanın xoş xəbəri təbliğ etmək üçün göndərdiyi məsihçilərlə bağlı istifadə edir. Onlar ‘səmavi Səltənət [Padşahlıq] haqqında Müjdəni’ bəyan edirlər (Mat. 24:14). Nahum öz adının mə’nasına müvafiq olaraq Allahın Padşahlığının gətirəcəyi sülhü və xilası axtaranlara böyük təsəlli verir. Onların hamısı sözsüz hiss edəcək ki, «Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır» (Nah. 1:7).
[Haşiyələr]
a «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 201, (ing.).
b Moskva, 1960-cı il, s. 250, (rus.).
c J. B. Priçard, «Ancient Near Eastern Texts», 1974, s. 305 (mö’tərizə onlarındır — Red.); «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 958, (ing.).
d «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 955, (ing.).