Peyğəmbərlərdən nümunə götürün — Nahum
1. «Nahum» kitabından nə öyrənirik?
1 Qədim Ninevanın xarabalıqları sübut edir ki, Nahumun peyğəmbərlik etdiyi kimi, Yehova Öz düşmənlərindən qisas alır və hətta qüdrətli düşmənlər belə Onun qarşısında dura bilməzlər (Nah. 1:2, 6). Nahumun peyğəmbərliyini dərindən araşdırmaq xidmətimiz üçün faydalı olar.
2. Çatdırdığımız xəbərin xoş olması üçün nə edə bilərik?
2 Təsəlli və ümid xəbəri. «Nahum» kitabını oxuyanda ilk baxışdan adama elə gələ bilər ki, burada ancaq qədim Aşşurun paytaxtı Ninevaya çıxarılan hökmdən bəhs olunur (Nah. 1:1; 3:7). Lakin bu hökm xəbəri Yehovanın xalqına xoş xəbər gətirir. Adının mənası «təsəlli verən» olan Nahum yəhudi qardaşlarını tezliklə düşmənlərindən əsər-əlamət qalmayacağına, həmçinin Yehovanın «dar gündə [sığınacaq]» olduğuna əmin edirdi (Nah. 1:7). Biz də insanlara xoş xəbəri çatdırıb sığınacağı Yehovada axtarmağa təşviq edirik (Nah. 1:15).
3. Nümunə çəkməkdə Nahumdan nə öyrənə bilərik?
3 Nümunələr çək. Yehovadan ilham alaraq Nahum peyğəmbər Ninevanın aqibətini elə aşşurluların özlərinin məhv etdiyi Misirin Fiva (No-Ammon) şəhərinin sonuna bənzətmişdi (Nah. 3:8—10). Biz də kiminləsə bu sistemin sonu haqda danışanda Yehovanın hər kəlməsinin yerinə yetdiyini göstərən Müqəddəs Kitab peyğəmbərliklərini vurğulaya bilərik. Məsələn, Yehova Ninevanın bir an içində məhv ediləcəyini qabaqcadan demişdi. Və buna sübut olaraq eramızdan əvvəl 632-ci ildə babillilər və midiyalılar Nineva şəhərinə hücum edərkən güclü yağış nəticəsində Dəclə çayının daşıb şəhərin aşılmaz divarlarını dağıtdığını nümunə çəkə bilərik (Nah. 1:8; 2:6).
4. Xidmətdə başadüşülən dildə danışmaq nə deməkdir?
4 Başadüşülən dildə danış. Nahum aydın və obrazlı dildə yazırdı. Onun fikirləri başadüşülən idi (Nah. 1:14; 3:1). Onun kimi, biz də asan başadüşülən dildə danışmalıyıq (1 Kor. 14:9). İlk dəfədən gəlişinin məqsədini aydın izah et. Müqəddəs Kitabı öyrətdiyin insanın Yehovaya və Onun Kəlamına iman etməsinə, eləcə də deyilən məlumatın şəxsən ona hansı aidiyyəti olduğunu anlamasına kömək et (Rom. 10:14).
5. Nahumun peyğəmbərliyi bizi nəyə əmin edir?
5 Nahumun Yehovanın sözünün mütləq yerinə yetəcəyinə iman etməsi onun adını daşıyan kitabdan aydın görünür. Şeytan sisteminin sonu yaxınlaşdığı bir vaxtda Yehovanın: «Bir daha bəla çıxmaz», — sözləri bizə təsəlli verir (Nah. 1:9).