Fəsil 27
Vergiyığan şagirdliyə çağırılır
KAPERNAHUMDA iflic adamı sağaltdıqdan bir az sonra İsa Məsih şəhərdən çıxıb Qalileya gölünə gedir. Burada da camaat onun başına toplaşır və o təlim verməyə başlayır. Sonra İsa yoluna davam edərkən vergi idarəsində oturmuş Matta adlı bir vergiyığanı görür. Mattanın digər adı Levidir. İsa Məsih onu dəvət edir: «Ardımca gəl».
Görünür, Matta o biri dörd şagird kimi İsanın təlimləri ilə qabaqcadan tanış idi və o da onlar kimi dəvəti həmin andaca qəbul edir. Matta ayağa qalxır, vergiyığanlıq peşəsini buraxır və İsanın ardınca gedir.
Yəqin ki, bu dəvətin şəninə, bir qədər sonra Matta evində böyük qonaqlıq təşkil edir. İsa Məsihlə şagirdlərindən savayı bu məclisdə xeyli vergiyığan da iştirak edir. Yəhudilərin vergiyığanları görməyə gözü yoxdur, çünki onlar mənfur Roma hökuməti üçün vergi toplayırlar. Bundan əlavə, vergiyığanların əksəriyyəti xalqı aldadıb vergini haqqından artıq götürürlər.
Fəriseylər İsanı bu adamlarla bir süfrədə görəndə onun şagirdlərindən soruşurlar: «Niyə sizin müəlliminiz vergiyığanlar və günahlılarla çörək kəsir?» İsa onların sualını eşidir və belə cavab verir: «Sağlam adamların həkimə ehtiyacı olmur, həkimə xəstələr möhtacdır. Gedin: “Mən qurban yox, mərhəmət istəyirəm”, — sözlərinin mənasını öyrənin. Çünki mən salehləri yox, günahlı adamları çağırmağa gəlmişəm».
Ola bilsin, bu vergiyığanları Matta çağırıb ki, onlar İsa Məsihi dinləyib ruhani şəfa tapsınlar. İsa da bu səbəbdən onlarla oturub söhbət edir və onlara Allahla yaxşı münasibət qurmaq üçün kömək etmək istəyir. O, özlərini saleh sayan fəriseylər kimi bu adamlara həqarətlə baxmır. Əksinə, onların halına yanır və bir ruhani təbib kimi onlara yardım göstərir.
İsa Məsihin günahlı adamlara qarşı mərhəmətli olması o demək deyil ki, o, günaha göz yumur. İsa fiziki xəstələrə qarşı şəfqət duyduğu kimi, günahlı adamlara da acıyır. Yadınızdadır, İsa Məsih cüzamlı adama necə şəfqətlə toxunub: «İstəyirəm. Təmizlən», — demişdi? Gəlin biz də mərhəmətli olaq və Allahı tanımaq istəyənlərə yorulmadan kömək edək. Matta 8:3; 9:9—13; Mark 2:13—17; Luka 5:27—32.
▪ Matta İsanın rastına harada çıxır?
▪ Mattanın peşəsi nədir və nə üçün yəhudilər belə adamlara nifrət edirlər?
▪ İsanı nəyə görə tənqid edirlər və o, buna necə cavab verir?
▪ İsa günahlı adamlarla nə üçün ünsiyyət edir?