Hissə 4
Allah bizə Öz niyyətləri haqqında mə’lumat verir
SEVƏN Allah Öz niyyətlərini Onu axtaran səmimi qəlbli insanlara həqiqətən də aşkar edir. O, hər şeyi bilmək istəyən insanların, “Allah iztirablara nə üçün yol verir?” kimi suallarına cavab verir.
2 Müqəddəs Kitab deyir: “Əgər onu [Allahı] arasan, sənə özünü tapdırar”. “Göylərdə sirləri açan bir Allah vardır”. “Rəbb Yehova peyğəmbər qullarına sirrini açmayınca bir şey etməz” (1 Tarixlər 28:9; Daniel 2:28; Amos 3:7).
Cavabları haradan tapmaq olar?
3 “Allah iztirablara nə üçün yol verir?” və “O, bu iztirabları aradan qaldırmaq üçün nə etmək niyyətindədir?” suallarına cavab, Onun müqəddəs ruhunun rəhbərliyi altında bizim xeyrimiz üçün yazılmış bir sənəddə yerləşir. Bu sənəd, Onun Kəlamı olan Müqəddəs Kitabdır. “Hər Müqəddəs Yazı Allahdan ilham almış və tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin” (2 Timoteyə 3:16, 17).
4 Müqəddəs Kitab doğrudan da nadir kitabdır. Bu kitabda bəşər tarixi haqda ən dəqiq mə’lumat yerləşir və hətta insanın yaradılmasından əvvəlki vaxta aid olan hadisələr də təsvir edilir. Həmçinin bu kitab müasirdir, çünki onun peyğəmbərlikləri həm bizim zəmanəmizdə, həm də yaxın gələcəkdə olacaq hadisələrlə bağlıdır.
5 Tarixi dəqiqliyi baxımından bu dərəcədə e’tibar qazanmış başqa bir kitab yoxdur. Məsələn, qədim klassiklərin yalnız bir neçə əlyazmaları mövcuddur. Amma Müqəddəs Kitabın tam və ya bə’zi hissələrinin çoxlu əlyazmaları mövcuddur. Bunlar, İbranicə Müqəddəs Yazıların (“Əhdi Ətiq”in 39 kitabı) 6 000-ə yaxın və Yunanca Müqəddəs Yazıların (“Əhdi Cədid”in 27 kitabı) 13 000-ə yaxın əlyazmasıdır.
6 Müqəddəs Kitaba ilham verən Qadir Allah bu əlyazmaların surətlərindəki mətnin dəyişməz olaraq saxlanılmasının qeydinə qalmışdır. Buna görə də, bu gün əlimizdə olan Müqəddəs Kitab mahiyyətcə Allahdan ilham almış Müqəddəs Yazıların orijinalı ilə eynidir. Bunu başa düşməkdə bizə kömək edən digər sübut isə, Yunanca Müqəddəs Yazıların əlyazmalarının bə’zi surətlərinin, orijinalın yazıldığı yüzilliyə aid olmasıdır. Qədim dünya yazıçılarının hələ də mövcud olan azsaylı əlyazmalarının surətləri, nadir hallarda onların müəllif tərəfindən yazıldığı vaxtdan bir neçə yüz il sonraya təsadüf edir.
Allahın hədiyyəsi
7 Müqəddəs Kitab tarixdə ən çox yayılmış kitabdır. Üç milyarda yaxın nüsxəsi çap olunub. Bu sayda nəşr olunan başqa heç bir kitab yoxdur. Müqəddəs Kitab tam və ya qismən təxminən 2 000 dilə tərcümə edilib. Beləliklə, təxmin edildiyinə görə, Müqəddəs Kitab planetimizdəki əhalinin 98 faizi üçün əlçatandır.
8 Aydındır ki, Allahdan olduğunu təsdiqləyən və doğruluğuna həm xarici, həm də daxili sübutları olan kitab bizim tərəfimizdən tədqiq edilməyə layiqdira. Bu kitab həyatın mə’nasını, dünya hadisələrinin məğzini və gələcəyin nə gətirəcəyini izah edir. Başqa heç bir kitab bunu edə bilmir.
9 Bəli, Müqəddəs Kitab — Allahın bəşər ailəsi ilə qurduğu ünsiyyət vasitəsidir. Allah özünün fəal qüvvəsi, yə’ni ruhu ilə təxminən 40 nəfərdən istifadə edərək, bu kitabın yazılmasına rəhbərlik etmişdir. Beləliklə, Allah öz Kəlamının, Müqəddəs Kitabın vasitəsilə bizimlə danışır. Həvari Pavel yazırdı: “Siz, Allahın bizdən eşitdiyiniz kəlamını qəbul etdikdə, onu bəşəri söz olaraq deyil, əslində olduğu kimi, Allahın kəlamı olaraq qəbul etdiniz” (1 Saloniklilərə 2:13).
10 Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkoln Müqəddəs Kitabı “Allahın insana verdiyi ən yaxşı hədiyyə” adlandırmış və belə sözlər əlavə etmişdir: “Biz onsuz yaxşını pisdən ayırd edə bilməzdik”. Belə isə, bu ən böyük hədiyyə, iztirabların necə başlandığını, Allahın buna nə üçün yol verdiyini və bununla əlaqədar edəcəyi iş haqda bizə nə deyir?
[Haşiyələr]
a Müqəddəs Kitabın dəqiqliyi haqqında daha ətraflı mə’lumat üçün, Yehovanın Şahidləri tərəfindən 2002-ci ildə nəşr olunan “Hamı üçün olan kitab” broşürasına baxın.
[Oyrənilmə üçün olan suallar]
1, 2. Biz haradan bilirik ki, Allah səmimi insanların suallarına cavab verir?
3. “Allah iztirablara nə üçün yol verir” sualına cavabı haradan tapa bilərik?
4, 5. Müqəddəs Kitabı nadir kitab edən nədir?
6. Biz nə üçün əmin ola bilərik ki, əlimizdəki Müqəddəs Kitab mahiyyətcə Allahın ilham verərək yazdırdığı ilə eynidir?
7. Müqəddəs Kitab nə dərəcədə geniş yayılmışdır?
8-10. Müqəddəs Kitab hansı səbəblərə görə bizim tərəfimizdən tədqiq edilməyə layiqdir?
[10-cu səhifədə olan şəkil]
Allah tərəfindən ilhamlanmış Müqəddəs Kitab, Onun bəşər ailəsi ilə qurduğu ünsiyyət vasitəsidir.