İrəliyə can ataraq tərəqqi et
MÜQƏDDƏS KİTAB prinsiplərini həyatında tətbiq etməyi öyrənəndə səndə dərin kök salmış düşüncə, danışıq və davranış tərzi yavaş-yavaş dəyişməyə başladı. Bu dəyişikliyin çoxu hətta Teokratik Xidmət Məktəbinə yazılmazdan əvvəl baş vermişdi. Hal-hazırda, yəqin ki, sən ruhani cəhətdən inkişaf edərək həyatını Yehovaya həsr etmisən. Ancaq bu o deməkdirmi ki, artıq inkişaf etmək lazım deyil? Əsla. Vəftiz sadəcə başlanğıcdır.
Həvari Pavel Timoteyə ‘tərəqqisi hamıya aşkar olsun’ deyə, həm məsləhətə, həm də xidmətdə ona həvalə edilən məsuliyyətlərə ‘fikir verməyi’, onlarla məşğul olmağı tapşıranda Timotey artıq ağsaqqal kimi xidmət edirdi (1 Tim. 4:12-15). Həqiqət yolunda təzə yeriməyə başlamağından, yaxud məsihçi həyatında zəngin təcrübə qazanmağından asılı olmayaraq, tərəqqi etməyə can atmalısan.
Bilik və dəyişiklik
Efeslilərə 3:14-19 ayələrində oxuyuruq ki, həvari Pavel həmimanlılarının həqiqətin ‘nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə güclərinin yetməsi’ üçün dua edirdi. Buna görə də yığıncağa təlim vermək, islah etmək və möhkəmləndirmək üçün İsa insanlar timsalında hədiyyələr verdi. Allahın ilhamlanmış Kəlamı üzərində müntəzəm olaraq düşünməklə yanaşı, təcrübəli müəllimlərin rəhbərliyi bizə ruhani cəhətdən ‘boy atmağa’ kömək edəcək (Efes. 4:11-15).
Belə inkişafa həm də ‘əqlən yeniləşmək’ daxildir. Bu, Allahın və Məsihin düşüncə tərzini mənimsəmək və onlar kimi düşünmək deməkdir. İnkişaf etmək üçün onların düşüncə tərzinin mütəmadi olaraq bizə təsir etməsinə yol vermək və ‘yeni mənliyi geyinmək’ lazımdır (Efes. 4:23, 24). Müjdələri araşdırarkən İsanın həyatı haqqında olan bu hekayələrə riayət etməli olduğun bir rəhbərlik kimi baxırsanmı? İsanın xasiyyətinin müəyyən cəhətlərini görməyə və onları təqlid etməyə cəhd göstərirsənmi? (1 Pet. 2:21).
Söhbətlərinin mövzusundan ruhani cəhətdən nə qədər irəlilədiyin aydın görünə bilər. Yeni mənliyi geyinənlər danışıqlarında yalana, təhqiramiz, ədəbsiz və zərərli sözlərə yol vermirlər. Əksinə, «dinləyənlərə nemət versin» deyə, inkişaf üçün yaxşı sözlər söyləyirlər (Efes. 4:25, 26, 29, 31; 5:3, 4; Yəhuda 16). Həm təklikdə, həm də yığıncaq görüşlərində söylədikləri sözlərdən və cavablardan görünür ki, həqiqət onların həyatını dəyişir.
‘Hər cür təlimin küləyi ilə çalxalanıb ora-bura sürüklənmirsənsə’, bu da tərəqqi etdiyinə nişanədir (Efes. 4:14). Məsələn, dünyadakı yeni fikirlərin, normaların, yaxud əyləncə növlərinin güclü dalğasına necə reaksiya verirsən? Səndə ruhani məsuliyyətlər üçün ayırdığın vaxtdan kəsib bu kimi şeylərin arxasınca qaçmağa meyl yaranırmı? Belə etsən, ruhani cəhətdən inkişaf edə bilməyəcəksən. Ruhani işlər üçün vaxtı satın almaq necə də müdrik hərəkətdir! (Efes. 5:15, 16).
Başqaları ilə rəftarın da ruhani inkişafının göstəricisi ola bilər. Bacı-qardaşlara qarşı ‘şəfqətli olub, onları bağışlamağı’ öyrənmisənmi? (Efes. 4:32).
Hər şeyi Yehovanın istədiyi kimi etməkdə tərəqqin həm yığıncaqda, həm də evdə aydın görünməlidir. Bu, həmçinin məktəbdə, ictimai yerlərdə və iş yerində də təzahür olunmalıdır (Efes. 5:21–6:9). Əgər bütün bu vəziyyətlərdə Allaha məqbul keyfiyyətləri tamlığı ilə əks etdirirsənsə, deməli ruhani tərəqqin özünü büruzə verir.
Aldığın ənamdan istifadə et
Yehova hər birimizə bacarıq və istedad verib. O istəyir ki, biz bu ənamlardan başqalarının rifahı üçün istifadə edək və bunu elə tərzdə edək ki, bizim vasitəmizlə Öz lütfünü təzahür etdirə bilsin. Bununla bağlı həvari Peter yazırdı: «Hər kəs, Allahın çoxcəhətli lütfünün yaxşı təsərrüfatçısı kimi, aldığı ənam ilə bir-birinə xidmət etsin» (1 Pet. 4:10). Sən təsərrüfatçı rolunu necə yerinə yetirirsən?
Peter davam edir: «Danışan, elə danışsın ki, sanki Allahın sözlərini nəql edir» (1 Pet. 4:11). Bu ayə Allahı ucaltmaq üçün Onun Kəlamı ilə tam həmahəng danışmağın vacibliyini vurğulayır. Həmçinin danışıq tərzin də Yehovanı izzətləndirməlidir. Teokratik Xidmət Məktəbində verilən təlim aldığın ənamdan bu cür istifadə etməyə — başqalarına kömək etməklə Allahı izzətləndirməyə kömək edəcək. Bunu məqsəd tutaraq, məktəbdən nə dərəcədə faydalandığını necə müəyyən edə bilərsən?
Neçə dərsin üzərində işləyib bitirdiyin, hansı tapşırıqları aldığın haqda düşünməkdənsə, təlimin təqdim etdiyin həmd qurbanlarının keyfiyyətini nə dərəcədə yaxşılaşdırdığı barədə fikirləş. Məktəb bizi təbliğdə daha səmərəli olmağa hazırlayır. Buna görə də özündən soruş: «Xidmətdə nə haqda danışacağıma doğrudan da hazırlaşırammı? Şahidlik etdiyim insanlara səmimi maraq göstərməyi öyrənmişəmmi? Növbəti dəfə müzakirə etmək üçün açıq sual saxlayaraq, təkrar başçəkmə üçün təməl qoyurammı? Əgər kiməsə Müqəddəs Kitabı öyrədirəmsə, ürəyə yol tapan müəllim olmağa çalışırammı?»
Ruhani inkişafını xidmətdə sənə verilən məsuliyyətlərlə ölçmə. Sənin tərəqqin aldığın tapşırıqlardan yox, onları necə yerinə yetirməyindən görünəcək. Əgər tapşırığına öyrətmək də daxildirsə, özündən soruş: «Öyrətmək bacarığından həqiqətən də istifadə etdimmi? Materialı qulaq asanların həyatına təsir edəcək tərzdə çatdırdımmı?»
Aldığın ənamdan istifadə etmək özünə təşəbbüs göstərməyi də daxil edir. Xidmətdə başqaları ilə əməkdaşlıq etmək üçün özün təşəbbüs göstərirsənmi? Yığıncağınızdakı yeni, gənc, yaxud sağlamlığı zəif olan təbliğçilərə kömək etmək üçün fürsət axtarırsanmı? Padşahlıq Zalının yığışdırılmasında və ya konqreslərlə bağlı müxtəlif işlərdə könüllü olaraq iştirak edirsənmi? Vaxtaşırı köməkçi pioner kimi xidmət edə bilərsənmi? Daimi pioner kimi xidmət etməyə və ya təbliğçiyə daha çox ehtiyac olan yığıncaqda kömək etməyə şəraitin yol verirmi? Əgər qardaşsansa, xidməti köməkçilər və ağsaqqallar üçün tələblərə cavab verməyə can atırsanmı? Kömək etməyə və üzərinə məsuliyyət götürməyə hazır olmağın tərəqqi etməyinin əlamətidir (Məz. 110:3).
Təcrübənin rolu
Əgər bir məsihçi kimi təcrübənin az olduğunu düşünürsənsə, ruhdan düşmə. Allahın Kəlamı «nadanı [«təcrübəsizi», YD] müdrik edir» (Məz. 19:7; 119:130; Sül. məs. 1:1-4). Müqəddəs Kitabın məsləhətlərinə əməl edəndə Yehovanın mükəmməl müdrikliyindən fayda əldə edirik, bu isə təkcə təcrübə sayəsində əldə edilən istənilən bilikdən daha dəyərlidir. Bununla belə, Yehovaya xidmətdə tərəqqi etdikcə biz dəyərli təcrübə toplayırıq. Bu təcrübədən faydalı şəkildə necə istifadə edə bilərik?
Həyatda müxtəlif vəziyyətlərlə üzləşəndə insanda belə düşünməyə meyl yarana bilər: «Bu cür vəziyyətə əvvəllər də düşmüşəm. Nə etmək lazım gəldiyini bilirəm». Bəs bu, müdriklik olardımı? Süleymanın məsəlləri 3:7 ayəsində xəbərdarlıq edilir: «Öz gözündə özünü hikmətli sanma» (Sül. məs. 3:7). Həyatda müxtəlif vəziyyətlərin öhdəsindən gələrkən, sözsüz ki, əldə etdiyimiz təcrübə sayəsində daha çox amili nəzərə alacağıq. Lakin ruhani cəhətdən inkişaf ediriksə, təcrübə əldə etdikcə zehnimizə və ürəyimizə həkk olunacaq ki, Yehovanın xeyir-duası olmadan uğur qazana bilmərik. Belə olduqda bizim tərəqqimiz müxtəlif vəziyyətlərdə özümüzə güvənməyimizdən yox, həyatda rəhbərlik üçün Yehovaya üz tutmağımızdan görünür. Bu, baş verən hər şeyə Yehovanın yol verdiyinə əminliyimizdə və səmavi Atamıza etibar edib, Onunla səmimi münasibətləri qorumağımızda özünü büruzə verir.
Həmişə irəliyə can at
Həvari Pavel ruhani cəhətdən yetkin məsh olunmuş məsihçi olmasına baxmayaraq, başa düşürdü ki, həyatı əldə etmək üçün həmişə irəliyə ‘can atmalıdır’ (Filip. 3:13-16). Sən də onun nöqteyi-nəzərinə şəriksənmi?
Nə dərəcədə tərəqqi etmisən? İnkişafını yeni mənliyi nə dərəcədə geyinməyin, Yehovanın hakimiyyətinə nə dərəcədə tabe olmağın və aldığın ənamlardan Yehovanı izzətləndirmək üçün nə qədər səylə istifadə etməyinlə ölç. Teokratik Xidmət Məktəbində təlim aldıqca, Allahın Kəlamında adları çəkilən keyfiyyətlər sənin danışıq və öyrətmə tərzində getdikcə özünü büruzə verməlidir. Bu sahələrdə inkişaf etməyə diqqət yetir. Bunlardan sevinc duy. Belə olduqda, sənin tərəqqin hamıya aşkar olacaq.