DƏRS 8
Müvafiq səs gücü
NATİQ kifayət qədər hündürdən danışmasa, dinləyicilərin bəziləri mürgüləməyə başlayacaq. Xidmət zamanı təbliğçi həddən artıq yavaş danışsa, ev sahibinin diqqəti yayınacaq. Yığıncaq görüşlərində şərhlər kifayət qədər yüksək səslə verilməyəndə, iştirak edənlər ruhlanmayacaqlar (İbr. 10:24, 25). Digər tərəfdən isə, natiq səbəbsiz yerə səsini qaldırarsa, dinləyicilər özlərini narahat hiss edər, hətta bu, onların əsəblərinə toxuna bilər (Sül. məs. 27:14).
Auditoriyanı nəzərə al. Kimə müraciət edirsən? Bir nəfərə? Ailəyə? Təbliğ üçün görüşdə iştirak edən kiçik qrupa? Bütöv yığıncağa? Yoxsa konqresdə iştirak edənlərə? Aydındır ki, bir vəziyyət üçün müvafiq olan səs gücü digər vəziyyətdə müvafiq olmaya bilər.
Allahın xidmətçiləri müxtəlif hallarda geniş auditoriya qarşısında nitq söyləmişlər. Süleymanın günlərində məbədin təntənəli açılışı zamanı səs cihazları ixtira olunmamışdı. Buna görə də Süleyman hündür kürsüyə qalxıb «uca səslə» xalqa xeyir-dua verdi (1 Pad. 8:55; 2 Saln. 6:13). Əsrlər sonra, eramızın 33-cü ilinin Pentikost günündə müqəddəs ruhun verilməsindən sonra, böyük bir izdiham — bəziləri maraqlandıqları üçün, digərləri isə lağa qoyaraq — Yerusəlimdə bir qrup məsihçinin ətrafına toplaşmışdı. Peter müdrik davranaraq ‘ayağa durdu və səsini yüksəltdi’ (Həv. iş. 2:14). Həmin gün çox böyük şahidlik verildi.
Səs gücünün hər hansı bir vəziyyətə müvafiq olub-olmadığını necə müəyyən etmək olar? Ən yaxşı göstəricilərdən biri dinləyicilərin münasibətidir. Əgər dinləyicilərdən kiminsə səni eşitməkdə çətinlik çəkdiyini görürsənsə, səsini yüksəlt.
Bir nəfərə, yaxud bir qrupa müraciət etməyimizdən asılı olmayaraq, dinləyicilərimizin kim olduğunu nəzərə almaq müdriklik olardı. Əgər kimsə ağır eşidirsə, ola bilsin, səsini bir az qaldırmaq lazım gələcək. Lakin qışqırmaqla qocalıq ucbatından eşitdiklərini bir qədər gec anlayan insanlarda xoş təəssürat oyatmayacaqsan. Bu, hətta kobudluq kimi də qəbul oluna bilər. Bəzi xalqlarda həddən artıq ucadan danışan insanın qəzəbli, yaxud səbirsiz olduğu hesab olunur.
Yayındırıcı səsləri nəzərə al. Təbliğ edərkən səsimizin ucalığı düşdüyümüz şəraitdən əhəmiyyətli dərəcədə asılıdır. Maşınların, uşaqların səs-küyü, itlərin hürüşməsi, ucadan səslənən musiqi və ya televizor səsi sənə mane ola bilər. Digər tərəfdən, evlərin bir-birinə yaxın yerləşdiyi ərazilərdə qonşuların diqqətini cəlb edəcək dərəcədə ucadan danışmaq ev sahibini pis vəziyyətdə qoya bilər.
Yığıncaq, yaxud konqreslərdə çıxış edən qardaşlar da müxtəlif çətinliklərlə üzləşirlər. Dinləyicilər qarşısında açıq havada çıxış etmək yaxşı akustikası olan zalda çıxış etməkdən tamamilə fərqlənir. Latın Amerikasında iki missioner maraqlanan bir adamın həyətində məruzə söyləyirdi. Bu zaman yaxınlıqdakı bazar meydanında atəşfəşanlıq keçirilir, qonşuluqda isə xoruz ara vermədən banlayırdı!
Məruzə vaxtı səs-küy azalana kimi fasilə etmək, yaxud səsi qaldırmaq lazım gələ bilər. Məsələn, əgər görüşün keçirildiyi yerin damı dəmirdəndirsə, qəfildən yağan leysan yağış ucbatından dinləyicilər, demək olar ki, heç nə eşitməyəcəklər. Ağlayan uşağın səsi, yaxud görüşə gecikənlərin yaratdığı narahatlıq, sözsüz ki, eşitməyə mane olacaq. Çatdırdığın məlumatdan dinləyicilərin tam faydalanması üçün maneələrə üstün gəlməyi öyrən.
Səsgücləndirici cihazların da köməyi böyükdür, lakin bu, şərait tələb edərkən natiqin səsini artırması zərurətini aradan qaldırmır. Elektrik enerjisinin tez-tez kəsildiyi yerlərdə natiqlər məruzəni mikrofonsuz söyləmək məcburiyyətində qalırlar.
Müzakirə olunan materialı nəzərə al. Təqdim etdiyin materialın mövzusu da səsin gücünə təsir edir. Əgər mövzu sərt danışmağı tələb edirsə, həddən artıq mülayim danışaraq onun təsir gücünü zəiflətmə. Məsələn, Müqəddəs Yazılardan Yehovanın çıxardığı hökmləri məhəbbətlə verilən məsləhətə nisbətən güclü səslə oxumaq lazımdır. Səsinin gücünü mövzuya uyğunlaşdır, lakin ehtiyatlı ol ki, diqqəti özünə cəlb etməyəsən.
Məqsədini nəzərə al. Əgər dinləyicilərini səyli olmağa təşviq etmək istəyirsənsə, bir qədər güclü səslə danışmalısan. Əgər məqsədin onların düşüncə tərzini dəyişməkdirsə, həddən artıq ucadan danışaraq onları özündən uzaqlaşdırma. Təsəlli verməyə çalışarkən isə mülayim səs daha münasib olur.
Yüksək səsdən düzgün istifadə et. Başı hansısa bir işə qarışan adamın diqqətini cəlb etmək istəyərkən çox vaxt səsimizi qaldıırırıq. Valideynlər bunu bildikləri üçün uşaqlarını həyətdən evə çağıranda onları ucadan səsləyirlər. Yığıncaq görüşünə, yaxud konqresə sədrlik edən qardaşa da görüşü başlamaq üçün bir qədər ucadan danışmaq lazım gəlir. Xidmət zamanı həyətdə iş görən adamlara yaxınlaşanda diqqətlərini cəlb etmək üçün onları ucadan salamlamaq lazım gələ bilər.
Kiminsə diqqətini cəlb etdikdən sonra da kifayət qədər hündürdən danışmaq vacibdir. Natiq çox sakit səslə danışanda dinləyicilərdə elə təəssürat oyana bilər ki, ya o, yaxşı hazırlaşmayıb, ya da özünə əmin deyil.
Ucadan səslənən əmr dinləyiciləri hərəkətə təşviq edə bilər (Həv. iş. 14:9, 10). Eyni tərzdə, qışqıraraq verilən əmr bədbəxt hadisənin qarşısını ala bilər. Filipidə zindanban məhbusların qaçdığını düşündüyündən az qala özünü öldürəcəkdi. «Lakin Pavel uca səslə qışqırıb dedi: “Özünə yamanlıq etmə, çünki biz hamımız buradayıq!”» Beləliklə, intiharın qarşısı alındı. Sonra Pavel ilə Sila zindanbana və onun evindəkilərə şahidlik etdilər, nəticədə onlar həqiqəti qəbul etdilər (Həv. iş. 16:27-33).
Səsi artırmaq üçün nə etmək lazımdır? Müvafiq səs gücü ilə danışmaq hamıya asan başa gəlmir. Kim isə səsi zəif olduğundan alçaqdan danışır. Ancaq çalışmağın sayəsində səsin gücünü artırmaq, eyni zamanda mülayimliyini qorumaq mümkündür. Necə nəfəs aldığına və duruşuna diqqət yetir. Dik oturmağı və düz durmağı məşq et. Kürəyini düz tut və dərindən nəfəs al. Ağciyərlərin aşağı hissəsini hava ilə doldur. Bu hava ehtiyatının düzgün tənzimlənməsi sayəsində danışarkən səsin gücünə nəzarət etmək mümkün olur.
Başqalarının problemi isə odur ki, onlar çox ucadan danışırlar. Ola bilsin, açıq havada, yaxud səs-küylü şəraitdə işlədiklərindən onlar buna alışmışlar. Yaxud boya-başa çatdıqları mühitdə qışqırmaq, bir-birinin sözünü kəsmək adi hal olub. Nəticədə, onlarda elə fikir yaranıb ki, söhbətə qoşulmağın yeganə yolu başqalarından bərk danışmaqdır. Lakin belə insanlar Müqəddəs Kitabın ‘şəfqət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirliliyi geyinmək’ məsləhətinə diqqət yetirdikcə, başqaları ilə söhbət edərkən sakit danışmağı öyrənəcəklər (Kolos. 3:12).
Yaxşı hazırlıq, xidmətdə müntəzəm iştirak etməyin sayəsində əldə edilən təcrübə, həmçinin Yehovaya dua etmək müvafiq səs gücü ilə danışmağa kömək edəcək. İstər səhnədən danışarkən, istərsə də xidmətdə insanlarla söhbət edərkən diqqətini dinləyicilərinin dediklərini eşitməklə hansı faydanı əldə edəcəyinə yönəlt (Sül. məs. 18:21).