Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 9 s. 111—s. 114 abz. 3
  • İntonasiyanın dəyişilməsi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İntonasiyanın dəyişilməsi
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • İntonasiya
    Özünü oxumağa və təlim verməyə həsr et
  • Müvafiq səs gücü
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Təbiilik
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Danışıq üslubu
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 9 s. 111—s. 114 abz. 3

DƏRS 9

İntonasiyanın dəyişilməsi

Nə etməlisən?

Danışarkən müxtəlif səs çalarlarından istifadə et. Bu dərsdə səsin gücünü, tempini və tonunu dəyişməyi araşdıracağıq.

Nə üçün vacibdir?

İntonasiyanın düzgün dəyişdirilməsi nitqi canlandırır, hisslərə təsir edir və insanları hərəkətə təşviq edir.

İntonasiyanı dəyişməsən, elə təəssürat oyana bilər ki, mövzu sənə maraqlı deyil.

SADƏ məntiqi vurğu dediklərini başa düşməyə dinləyicilərə kömək edir. Ancaq səsinin gücündə, tempində və tonunda etdiyin müxtəliflik sayəsində dinləyicilər nitqinə məmnuniyyətlə qulaq asacaqlar. Üstəlik, bu, dediklərinə necə münasibət göstərdiyin haqda dinləyicilərinə çox şey deyəcək. Çatdırdığın məlumata sənin münasibətin onların münasibətinə təsir edə bilər. Bu, istər səhnədən çıxış etdiyin, istərsə də təbliğdə kiminləsə söhbət etdiyin hallara aiddir.

İnsan səsi sonsuz çalarlara malik olan ecazkar alətdir. Düzgün istifadə edildikdə o, nitqi canlandırır, ürəyə, hisslərə təsir edir və hərəkətə təşviq edir. Ancaq sadəcə olaraq səsin gücünü, tempini və ya tonunu harada dəyişmək lazım gəldiyini mətndə işarələməklə buna nail olmaq mümkün deyil. İntonasiyanı bu cür qeydlərə əsasən dəyişəndə nitq süni alınacaq. Bu, nitqini canlı və rəngarəng etmək əvəzinə, dinləyicilərinə xoşagəlməz təəssürat bağışlayacaq. İnsan intonasiyanı təbii olaraq dəyişməlidir.

Natiq intonasiyanı düzgün dəyişdirdikdə diqqəti lazımsız yerə özünə cəlb etmir. Əksinə, bunun sayəsində dinləyicilər müzakirə edilən mövzunun məğzini başa düşürlər.

Səs gücünü dəyiş. Nitqi daha ifadəli etməyin üsullarından biri, səsin gücünü dəyişməkdir. Lakin bu zaman səsi sadəcə olaraq müntəzəm şəkildə artırıb-azaltmamalıyıq. Bu, dediklərinin mənasını təhrif edəcək. Tez-tez hündürdən danışmaqla, dinləyicilərində pis təəssürat oyadacaqsan.

Səsin gücü mövzuya uyğun olmalıdır. Məsələn, Vəhy 14:6, 7, yaxud 18:4 ayələrində yazılan vacib əmri və ya Çıxış 14:13, 14 ayələrindəki möhkəm əminliyi bildirən sözləri oxuyanda səsi bir qədər qaldırmaq yaxşı olardı. Eynilə, Yeremya 25:27-38 ayələrində yazılana bənzər sərt hökm xəbərlərini oxuyanda səsinin gücünü dəyişdirərək müəyyən ifadələri nəzərə çarpdıra bilərsən.

Həmçinin məqsədini də nəzərə al. Dinləyicilərini hərəkətəmi təşviq etmək istəyirsən? Bəlkə, məqsədin nitqindəki əsas bəndləri nəzərə çarpdırmaqdır? Səsini düşüncəli şəkildə yüksəltmək bu məqsədlərə nail olmağına kömək edəcək. Ancaq səsini yersiz olaraq qaldırmaq əks təsir göstərə bilər. Hansı mənada? Ola bilər, müəyyən hallarda uca səslə yox, hisslərlə danışmaq tələb olunur. Bunu 11-ci dərsdə müzakirə edəcəyik.

Münasib məqamda səsi alçaltmaq dinləyiciləri intizarda saxlaya bilər. Lakin bundan dərhal sonra, adətən bir qədər coşqunluqla danışmaq tələb olunur. Narahatlıq və ya qorxunu çatdırmaq üçün yavaş səslə, eyni zamanda, tez-tez danışmaq olar. Həmçinin hal-hazırda dediklərinin digər fikirlərlə müqayisədə ikinci dərəcəli fikir olduğunu göstərmək üçün səsi alçaltmaq olar. Ancaq həmişə astadan danışmağın elə təəssürat oyada bilər ki, dediklərinə əmin deyilsən, yaxud mövzu sənin üçün maraqlı deyil. Gördüyümüz kimi, yersiz olaraq çox yumşaq səslə danışmaq düzgün olmazdı.

Tempi dəyiş. Adi danışıq zamanı fikrimizi ifadə edərkən sözlər öz-özünə gəlir. Adətən, həyəcanlananda tez-tez danışırıq. Dediklərimizin başqalarının dəqiqliklə yadda saxlamasını istəyəndə yavaş-yavaş danışırıq.

Lakin yeni natiqlərdən danışarkən tempi dəyişənlər az olur. Bəs niyə? Çünki onlar bütün diqqətlərini sözlərə cəmləyirlər. Ola bilsin, çıxışı sözbəsöz yazırlar. Hətta məruzəni hazır mətndən söyləməsələr belə, sözləri, demək olar ki, əzbərləyirlər. Nəticədə, bütün çıxış eyni tempdə söylənilir. Plandan çıxış etməyi öyrənmək bu zəifliyi aradan qaldırmağa kömək edəcək.

Çalış tempi birdən-birə elə artırmayasan ki, arxayın gəzən pişiyin iti görəndə qəfildən sıçramasını xatırlatsın. Həm də heç vaxt nitqini anlaşılmaz edəcək dərəcədə tez-tez danışma.

Müxtəlif tempdə danışmaq üçün sürətini sadəcə olaraq eyni intervallarla artırıb-azaltma. Bu cür çıxış etsən, material dolğun səslənməyəcək, əksinə, dinləyicilərin diqqətini mövzudan yayındıracaq. Tempini dediyin sözlərə, ifadə etmək istədiyin hisslərə və məqsədinə uyğun olaraq dəyiş. Orta templə çıxış et. Gündəlik həyatda olduğu kimi, həyəcan ifadə etmək üçün bir qədər tez-tez danış. Həmçinin nisbətən az əhəmiyyət kəsb edən məlumatı çatdırarkən, yaxud təfsilatları vacib olmayan hadisələri nəql edərkən də tez-tez danışmaq münasibdir. Bu, sənin nitqini rəngarəng edəcək, beləliklə də çıxış rəsmi alınmayacaq. Digər tərəfdən, tutarlı dəlillər, əsas bəndlər və çıxışın zirvə məqamları nisbətən yavaş tempdə söylənilməlidir.

Tonu dəyiş. Təsəvvür et ki, kimsə bir saat və ya daha çox vaxt ərzində hansısa musiqi alətində çalır. Çaldığı müddətdə o, təkcə bir notu səsləndirir — əvvəlcə ucadan, sonra astadan, hərdən tez-tez, hərdən isə yavaş-yavaş. Səsin ucalığında və tempində müxtəliflik olsa da, tondakı, yəni «musiqidəki» yeknəsəkliq heç də xoşagələn olmayacaq. Eyni tərzdə, səsimizin tonunda dəyişiklik etməsək, bu, bizi dinləyənlərdə xoş təəssürat oyatmayacaq.

Qeyd etmək lazımdır ki, səs tonunda dəyişiklik etmək heç də bütün dillərdə eyni effekti vermir. Bəzi dillərdə, məsələn, Çin dilində tonu dəyişəndə sözün mənası da dəyişir. Buna baxmayaraq, hətta belə dillərdə də nitqi daha ifadəli etmək olar. Bu halda müəyyən tonu sabit saxlamaq şərtilə, səs ucalığını yaxşılaşdırmağa çalışmaq olar. Belə ki, uca səsi daha ucadan, asta səsi daha astadan ifadə etmək olar.

Hətta tonu dəyişərkən sözün mənası dəyişilməyən dillərdə belə, tonu dəyişməklə fərqli fikir ifadə edilə bilər. Məsələn, səsin gücünü artırmaqla yanaşı, tonu da azca qaldırmaqla məntiqi vurğunu ifadə etmək olar. Ölçünü və ya məsafəni göstərmək üçün də səs tonunu dəyişmək olar. Bəzi dillərdə sual cümləsinin sonunu qalxan tonla, digərlərində isə enən tonla ifadə etmək tələb olunur.

Həyəcan və şövqü yüksək tonla ifadə etmək olar. (Tonun sözün mənasına təsir etdiyi dillərdə bunun üçün geniş səs diapazonu tələb oluna bilər.) Kədər və narahatlığı ifadə etmək üçün aşağı tonda danışmaq lazım gələ bilər. (Tonun sözün mənasına təsir etdiyi dillərdə bunun üçün dar səs diapazonu tələb oluna bilər.) Yuxarıda qeyd olunan hisslər natiqə dinləyicilərin ürəyinə yol tapmağa kömək edir. Əgər bu hissləri ifadə etmək istəyirsənsə, sadəcə sözləri deməklə kifayətlənmə. Qoy səsindən həmin hissləri keçirdiyin hiss olunsun.

Yaxşı təməl qoy. Bəs intonasiyanı dəyişməyə nə vaxtdan başlamaq lazımdır? Çıxış üçün material seçməyə başlayandan. Əgər material yalnız dəlillərdən, yaxud nəsihətdən ibarət olsa, intonasiyanı dəyişmək imkanın az olacaq. Buna görə də, planı təhlil et və canlı, məzmunlu çıxış üçün lazımi məlumat topladığına əmin ol.

Fərz edək ki, cansıxıcı olduğuna görə çıxışın ortasında nitqində dəyişiklik etmək lazım gəldiyini hiss edirsən. Belə halda nə etməli? Təqdim etmə tərzində dəyişiklik et. Necə? Üsullardan biri sadəcə danışmaq əvəzinə, Müqəddəs Kitabı açmaq, dinləyiciləri də öz Müqəddəs Kitablarını açmağa dəvət etmək və bir ayə oxumaqdır. Yaxud bəzi nəqli cümlələri sual cümləsi ilə əvəz et və onu vurğulamaq üçün fasilə et. Sadə nümunə çək. Təcrübəli natiqlər bütün bu üsullardan istifadə edirlər. Təcrübəli olub-olmadığından asılı olmayaraq, çıxışına hazırlaşarkən sən də bu üsullardan istifadə edə bilərsən.

İntonasiyanı ədviyyata bənzətmək olar. Yerində və lazımi qədər istifadə edildikdə, o, çatdırdığın məlumatın bütün ləzzətini üzə çıxaracaq və zövqləri oxşayacaq.

NECƏ NAİL OLMAQ OLAR?

  • Səs gücünü dəyiş — vacib əmr, möhkəm əminlik, yaxud hökm xəbərlərini çatdırarkən. Çıxışında səs gücünün artırılmasını tələb edən hissələrə xüsusi diqqət yetir.

  • Tempi dəyiş — nisbətən az əhəmiyyətli fikirləri tez-tez, tutarlı dəlilləri və əsas bəndləri yavaş-yavaş deməklə. Həyəcan ifadə etmək üçün tez-tez danış.

  • Tonu dəyiş — əgər münasibdirsə, dinləyicilərin hisslərinə və ürəyinə təsir etmək üçün. Tonun dəyişilməsinin sözün mənasına təsir etdiyi dillərdə səs diapazonunu genişləndirmək və ya daraltmaq lazımdır.

  • İntonasiyanın dəyişdirilməsi çıxış üçün material seçərkən başlayır.

ÇALIŞMALAR: 1) Əvvəlcə 1 Şamuel 17:17-53 ayələrini ürəyində oxu və səs gücünün, tempinin və tonunun dəyişilməsi mümkün olan yerləri qeyd et. Sonra onu süni olmamaq şərtilə, ucadan bir neçə dəfə oxu. 2) Səsini yaxşılaşdırmaq üçün 48-51-ci ayələri ucadan, hıqqanmadan, bacardığın qədər surətlə oxu. Onu dönə-dönə oxu və hər dəfə tempi artır, ancaq diqqət yetir ki, nitqin anlaşılmaz olmasın. Sonra həmin materialı hər səsi tələffüz edərək, mümkün qədər yavaş templə oxu. Axırda, səsin istədiyin kimi çıxanadək, gah yavaş, gah da tez-tez oxu.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş