DƏRS 14
Təbiilik
TƏBİİ şəkildə danışmaq başqalarının etibarını qazanmağa kömək edəcək. Səninlə maska geyinərək danışan adamın dediyi sözlərə inanardınmı? Maskanın danışanın özündən qəşəng olması vəziyyəti dəyirşərdimi? Yəqin ki, yox. Buna görə də dona girmə, necə varsan elə ol.
Təbiilik həddən artıq sərbəst olmaq demək deyil. Savadsız, anlaşılmaz tərzdə danışmaqdan, sözləri səhv tələffüz etməkdən qaçın. Jarqon ifadələrdən də istifadə etmə. Biz həm danışığımızla, həm də hərəkətlərimizlə özümüzü layiqli tərzdə aparmaq istəyirik. Özünü təbii aparan insan nə həddindən artıq rəsmi görünür, nə də başqalarında təəssürat yaratmağa can atır.
Təbliğ xidmətində. Şahidlik etmək üçün qapıya və ya ictimai yerdə kiməsə yaxınlaşanda həyəcan keçirirsənmi? Əksəriyyətimiz həyəcanlanırıq, ancaq bəzilərində bu, başqalarına nisbətən daha çox çəkir. Gərginlik səsin süni və ya titrək çıxmasına səbəb olur, yaxud keçirdiyin həyəcan başının və əllərinin hərəkətində özünü büruzə verir.
Bu problem müxtəlif səbəblərdən irəli gələ bilər. Ola bilsin, təbliğçi başqalarında hansı təəssüratı oyadacağı haqda və ya etdiyi təqdimənin uğurlu olub-olmayacağı barədə narahat olur. Belə hisslər keçirmək normaldır, ancaq problem bu şeylərə həddindən artıq diqqət yetirəndə yaranır. Xidmətə başlamazdan əvvəl həyəcanlanırsansa, sənə nə kömək edə bilər? Yaxşı hazırlaş və ürəkdən Yehovaya dua et (Həv. iş. 4:29). İnsanları yerüzü Cənnətdə əbədi həyat, mükəmməl sağlamlıq almağa dəvət etməklə Yehovanın göstərdiyi böyük mərhəmət haqda düşün. Kömək etmək istədiyin adamlar və onların xoş xəbəri eşitməli olduqları barədə fikirləş.
Həmçinin unutma ki, insanlar iradə azadlığına malikdirlər, buna görə də çatdırdığın xəbəri qəbul edə də bilərlər, etməyə də. İsa qədim İsraildə təbliğ edəndə də belə idi. Sənə sadəcə təbliğ etmək tapşırığı verilib (Mat. 24:14). İnsanlar dediklərinə qulaq asmasalar belə, xidmətdə iştirak etməyinin özü artıq şahidlikdir. Çəkdiyin əmək əbəs deyil, çünki Yehovaya yol vermisən ki, Öz iradəsini yerinə yetirmək üçün səndən istifadə etsin. Şahidlik etməyə fürsət yarananda necə danışacaqsan? Diqqətini başqalarının tələbatlarına cəmləməyi öyrənsən, nitqin gözəl və təbii olacaq.
Şahidlik edərkən adi hallarda olduğu kimi danışıb, hərəkət etsən, dinləyicilərin özünü sərbəst hiss edəcəklər. Hətta Müqəddəs Yazılardan bölüşmək istədiyin fikirləri daha həvəslə qəbul edə bilərlər. Uzun-uzadı danışmaq əvəzinə, onlarla söhbət et. Dostyana davran. Onlara maraq göstər və dediklərini məmnuniyyətlə dinlə. Əlbəttə, elə yerlər var ki, dil və ya yerli adət-ənənələr yad adamlarla danışarkən müəyyən qaydalara riayət edilməsini tələb edir və belə olan halda bu şeyləri nəzərə almaq lazımdır. Ancaq gülərüz olmaq heç vaxt artıqlıq etməyəcək.
Səhnədə. Auditoriya qarşısında çıxış edərkən ən yaxşısı təbii, danışıq üslubunda danışmaqdır. Əlbəttə, auditoriya böyük olanda daha ucadan danışmaq lazım gəlir. Əgər çıxışı əzbərləməyə çalışır, yaxud xırda təfsilatları belə yazırsansa, çox ehtimal ki, sözlərə görə həddən artıq narahat olursan. Sözləri düzgün seçmək vacibdir, ancaq onlara həddindən artıq diqqət yetiriləndə çıxış soyuq və rəsmi olur. Təbiilik itir. Çatdıracağın fikirləri qabaqcadan düşünmək lazımdır, ancaq əsas diqqət sözlərə yox, fikirlərə cəmlənməlidir.
Eyni şeyi yığıncaq görüşlərində şərhlər verməyə də aid etmək olar. Yaxşı hazırlaş, ancaq cavabları üzündən oxumağa və ya əzbərləməyə çalışma. Şərhləri təbii intonasiya ilə de ki, ürəkdən gəldiyi hiss olunsun.
Əgər natiq hətta lazım olan şeyləri də həddindən artıq etsə, nitqi dinləyicilərə süni görünəcək. Misal üçün, aydın danışmaq və sözləri düzgün tələffüz etmək vacibdir, amma bunu elə etmək lazımdır ki, nitq rəsmi və ya süni alınmasın. Yerində edilən təsviri və ya vurğulayan jestlər nitqi canlı edir, ancaq kobud və ya şişirdilmiş jestlər dinləyicilərin diqqətini yayındırır. Kifayət qədər hündürdən danış, ancaq qışqırma. Çıxış zamanı hərdən şövqlə danışmaq yaxşıdır, lakin təmtəraqlı danışmaqdan çəkin. İntonasiya, şövq, hisslər dinləyicilərin diqqətini natiqə cəkməməli və ya onlarda mənfi hisslər yaratmamalıdır.
Hətta adi danışıqda da fikirlərini aydın ifadə etmək bəzi insanların təbiətinə xasdır. Başqaları isə sadə tərzdə danışırlar. Hər gün düzgün danışmaq və özünü məsihçiyə layiq tərzdə aparmaq vacibdir. Onda səhnədə təbii danışmaq və davranmaq sənə daha asan olacaq.
Auditoriya qarşısında oxuyarkən. Auditoriya qarşısında təbii oxumağı bacarmaq üçün çalışmaq lazımdır. Bunun üçün mətndəki əsas fikirləri müəyyən etmək və onların necə inkişaf etdiyini izləmək gərəkdir. Bunları yadda saxla, əks təqdirdə, sadəcə sözləri oxuyacaqsan. Tanış olmayan sözlərin tələffüzünü yoxla. Sözləri düzgün qruplaşdırmağı və düzgün intonasiya ilə oxumağı öyrənənə qədər ucadan oxuyaraq məşq et. Səlis alınana qədər təkrar-təkrar oxu. Mətnlə yaxşı tanış ol ki, ucadan oxuyanda oxumağın canlı söhbətə bənzəsin. Bax buna təbii oxumaq deyirlər.
Əlbəttə, auditoriya qarşısında əksər hallarda Müqəddəs Kitaba əsaslanan nəşrlərimizdən oxuyuruq. Teokratik Xidmət Məktəbində aldığımız oxumaq tapşırığından əlavə, biz xidmətdə və səhnədən çıxış edəndə də Müqəddəs Kitabdan ayələr oxuyuruq. Qardaşlara «Gözətçi Qülləsi»nin öyrənilməsində və Yığıncağın Müqəddəs Kitab öyrənməsində oxumaq tapşırılır. Bəzi qardaşlar konqreslərdə hazır mətnlə çıxış edirlər. İstər Müqəddəs Kitabdan, istərsə də başqa nəşrlərdən oxuyarkən, dırnaq işarəsi içində gətirilən sözləri ifadəli oxu. Əgər mətndə bir neçə nəfərin sözləri gətirilirsə, hər birini oxuyanda səsini dəyişdir. Ehtiyatlı ol ki, həddindən artıq dramatik şəkildə oxumayasan, sadəcə canlı və təbii oxu.
Təbii oxumaq söhbət etməyə bənzəyir. Bu cür oxumaq süni yox, inandırıcı səslənir.