DƏRS 26
Materialın məntiqi ardıcıllıqla izah edilməsi
MATERİALI məntiqi ardıcıllıqla tərtib etmək üçün əvvəlcə çatmaq istədiyin məqsədi müəyyən et. Ola bilsin, məqsədin sadəcə dinləyicilərə hansısa mövzu — müəyyən təlim, keyfiyyət, davranış qaydaları və ya həyat tərzi haqda məlumat çatdırmaqdır. Bəlkə, hansısa fikrin düzgün və ya yanlış olduğunu sübut etmək, nəyə görəsə dərin minnətdarlıq oyatmaq, yaxud hərəkətə təşviq etmək istəyirsən? Bir insana və ya bir qrupa müraciət etməyindən asılı olmayaraq, qarşına qoyduğun məqsədə çatmaq üçün onların mövzu ilə bağlı artıq nələri bildiyini və ya müzakirə olunan suala münasibətlərini nəzərə almaq lazımdır. Bundan sonra materialı elə planlaşdır ki, bu məqsədə çatasan.
Həvarilərin işləri 9:22 ayəsində Şaulun (Pavel) Dəməşqdəki xidməti haqda deyilir ki, o, «İsanın Məsih olduğunu [«məntiqli surətdə», YD] sübut etməklə, Dəməşqdə yaşayan yəhudiləri təəccübləndirirdi». Pavel hansı məntiqi dəlilləri gətirirdi? Pavelin sonralar Antakya və Salonikdəki xidməti haqda olan məlumatdan gördüyümüz kimi, o, söhbəti əvvəlcə yəhudilərin İbranicə Müqəddəs Yazıları qəbul etmələri və orada Məsih haqda deyilənlərə inandıqlarını iddia etmələri üzərində qurdu. Sonra Pavel həmin Yazılardan Məsihin həyatı və xidməti haqda olan bir neçə parçanı seçib, sitat gətirdi və onları İsanın həyatında baş verən hadisələrlə müqayisə etdi. Axırda isə aydın bir nəticə çıxardı: həmin İsa, Məsihdir (Həv. iş. 13:16-41; 17:2, 3). Sən də Müqəddəs Kitab həqiqətini məntiqi ardıcıllıqla çatdırsan, danışdıqların başqalarını inandıra bilər.
Materialın tərtib edilməsi. Materialı məntiqi ardıcıllıqla tərtib etməyin müxtəlif üsulları var. Lazım gələrsə, bir dəfəyə bir neçəsindən istifadə etmək olar. Onlardan bəziləri aşağıdakılardır.
Mövzu üzrə. Bunun üçün materialı hər biri məqsədinə çatmağa kömək edən hissələrə bölmək lazımdır. Hissələr mövzunun başa düşülməsi üçün vacib olan əsas bəndlər və ya hansısa fikrin doğru, yaxud yanlış olduğunu sübut edən konkret dəlillər ola bilər. Mövzu ilə bağlı olsa belə, müəyyən bəndləri məqsədindən və ya dinləyicilərin kimliyindən asılı olaraq, əlavə etmək və ya çıxarmaq olar.
Materialın mövzu üzrə tərtib olunmasına dair bir nümunəyə baxaq. Allahın adı haqda təqdiməyə növbəti bəndlər daxil ola bilər: 1) Allahın adını bilmək nə üçün vacibdir? 2) Allahın adı nədir? 3) Onun adını necə izzətləndirə bilərik?
‘Sadiq və ağıllı qulun’ Müqəddəs Kitab öyrənməsi keçirmək üçün nəzərdə tutulan nəşrlərini araşdırmaqla materialın mövzu üzrə necə tərtib olunması ilə bağlı çox şey öyrənmək olar (Mat. 24:45). Adətən belə nəşrlərdə öyrənənin Müqəddəs Kitabın əsas həqiqətləri haqda ümumi məlumat alması üçün bir neçə mövzu araşdırılır. Daha geniş məzmunlu nəşrlərdə fəsillər yarımbaşlıqlara bölünür. Hər mövzu öyrənəni sonrakı məlumatı mənimsəməyə hazırlayır və ümumi təsəvvür yaratmağa kömək edir.
Səbəb və nəticə. Səbəbdən nəticəyə doğru mülahizə yürütmək məlumatı məntiqi ardıcıllıqla təqdim etməyin başqa bir üsuludur.
Bu üsul həmsöhbətinin, yaxud dinləyicilərin hal-hazırda etdiyi və ya etməyə hazırlaşdığı şeyin nəticəsi haqda ciddi düşünməli olduğu halda xüsusən effektiv ola bilər. «Süleymanın məsəlləri» kitabının 7-ci fəslində buna dair gözəl nümunə var. Orada təcrübəsiz, «qanmaz» (səbəb) gəncin fahişə qadına qoşulması, sonra öz hərəkətlərinin acı nəticələrindən (nəticə) əzab çəkməsi canlı nəql olunur (Sül. məs. 7:7).
Sözləri daha təsirli etmək üçün Yehovanın yolları ilə getməməyin acı nəticələrini Yehovaya qulaq asanların aldıqları xeyir-dualarla qarşı-qarşıya qoymaq olar. Musa Vəd edilmiş diyara girməzdən əvvəl İsrail xalqına müraciət edəndə Yehovanın ruhu ilə hərəkətə gələrək bu cür müqayisədən istifadə etmişdi (Qanun. t. 28 fəs.).
Bəzi hallarda, müzakirəyə vəziyyəti (nəticə), sonra isə bu vəziyyətə gətirib çıxaran amilləri (səbəb) göstərməklə başlamaq olar. Belə vəziyyətlərdə problem və onun həlli üsulundan istifadə etmək olar.
Problem və həlli. Əgər təbliğdə insanları narahat edən problem haqda danışıb sonra onun həllini göstərsən, çox ehtimal ki, insanlar sənə daha həvəslə qulaq asacaqlar. Hansı problem haqda danışacağını ya özün seçə bilərsən, ya da bu haqda həmsöhbətin söz aça bilər.
Məsələn, insanların qocalıb ölməsi, cinayətkarlığın geniş yayılması və ya dünyada hökm sürən ədalətsizlik haqda danışmaq olar. Belə problemlərin mövcud olduğunu göstərmək üçün çox danışmağa ehtiyac yoxdur, bu onsuz da aydın məsələdir. Konkret problemi qeyd et, sonra Müqəddəs Kitabda onun həlli haqda nə deyildiyini göstər.
Ancaq şəxsi problemləri də qeyd etmək olar, məsələn, uşaqları təkbaşına böyütməyin çətinliklərini, ciddi xəstəlik ucbatından yaranan ruh düşkünlüyünü, yaxud başqasının amansız rəftarını. Yaxşı nəticə əldə etmək üçün ilk növbədə diqqətlə qulaq as. Bütün bu problemlərə dair Müqəddəs Kitabda dəyərli fikirlər var. Lakin onlardan uzaqgörənliklə istifadə etmək lazımdır. Söhbətin insana həqiqətən fayda gətirməsi üçün hər şeyə real baxmalısan. Nəyi göstərmək istədiyini dəqiq müəyyən et: problemin kökündən həll olunmasını, konkret vəziyyətdə nə edilə biləcəyini və ya bu sistemdə həlli olmayan problemlə yaşamağı öyrənməyi. Başqa sözlə, Müqəddəs Yazılardan gətirdiyin fikirlər çıxardığın nəticələrlə uzlaşmalıdır. Əks təqdirdə, problemin həllinə dair dediklərin insana tamamilə məntiqsiz görünə bilər.
Xronoloji ardıcıllıq. Hərdən mövzunun özü materialı xronoloji ardıcıllıqla təqdim etməyi tələb edir. Məsələn, «Çıxış» kitabında On bəla baş verdiyi ardıcıllıqla təsvir olunur. «İbranilərə məktub»un 11-ci fəslində həvari Pavel təqlid edilməli imana sahib olan kişi və qadınların adlarını yaşadıqları zaman ardıcıllığı ilə sadalayır.
Hadisələri xronoloji ardıcıllıqla danışanda dinləyicilərə vəziyyətin nə üçün məhz bu cür cərəyan etdiyini başa düşmək asan olacaq. Bu həm Müqəddəs Kitabın yazıldığı dövrdə, həm də bizim günlərdə baş verən hadisələrə aiddir. Beləliklə, bir dəfəyə həm xronoloji ardıcıllıq, həm də səbəb-nəticə üsulundan istifadə etmiş olursan. Əgər Müqəddəs Kitaba əsasən gələcəkdə baş verəcək hadisələr haqda danışmağı planlaşdırırsansa, dinləyicilərin asanlıqla izləməsi və yadda saxlaması üçün yaxşı olar ki, materialı xronoloji ardıcıllıqla izah edəsən.
Lakin bu üsuldan istifadə etdikdə hadisəni həmişə başdan danışmağa ehtiyac yoxdur. Hərdən, hadisənin kuliminasiya nöqtəsindən başlayaraq danışmaq daha yaxşı olur. Məsələn, kiminsə həyatında baş verən hadisəni danışırsansa, əvvəlcə onun imanını sınağa çəkən vəziyyəti təsvir etmək olar. Bu hissə ilə dinləyicilərdə maraq oyatdıqdan sonra həmin vəziyyətə gətirib çıxaran hadisələri ardıcıllıqla danışa bilərsən.
Yalnız lazım olan materialı daxil et. Materialı necə tərtib etməyindən asılı olmayaraq, yalnız lazım olan məlumatı istifadə et. Material seçərkən nəzərə alınmalı olan faktorlardan biri nitqin mövzusudur. Həmçinin dinləyicilərini də düşün. Bir auditoriya üçün vacib olan müəyyən fikir, digəri üçün artıq ola bilər. Bundan əlavə, əmin ol ki, bütün material qarşına qoyduğun məqsədə çatmağa kömək edəcək. Əks təqdirdə, hətta ən maraqlı nitq belə, gözlənilən nəticələri gətirməyəcək.
Araşdırma apararkən, ehtimal ki, mövzuya dair çoxlu maraqlı material tapacaqsan. Bu zaman nitqə nə qədər material daxil etmək olar? Dinləyiciləri həddindən artıq çox məlumatla yükləsən, istədiyin məqsədə çatmayacaqsan. Tələsik deyilən çoxlu fikirdənsə, yaxşı aydınlaşdırılan bir neçə əsas fikir asanlıqla yadda qalacaq. Bu o demək deyil ki, nitqə heç vaxt maraqlı təfsilatları daxil etmək olmaz. Əsas odur ki, onlar məqsədə çatmağa mane olmasın. Mark 7:3, 4 və Yəhya 4:1-3, 7-9 ayələrində bu cür təfsilatların Müqəddəs Kitaba münasib şəkildə necə daxil edildiyinə diqqət yetir.
Bir bənddən digərinə qəfil keçid etmə ki, dinləyicilər fikirlərin bir-biri ilə bağlılığını itirməsinlər. Fikirlərin bir-birini tamamlaması üçün onların arasındakı bağlılığı aydın göstərmək lazımdır. Bunu bütöv və ya yarımçıq cümlə ilə göstərmək olar. Bir çox dillərdə adi bağlayıcı söz və ya ifadələr vasitəsilə yeni fikrin əvvəlki ilə bağlılığını göstərmək mümkündür.
Nitqə yalnız lazım olan materialı daxil etsən və materialı məntiqi ardıcıllıqla tərtib etsən, qarşına qoyduğun məqsədə çata biləcəksən.