Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 30 s. 186—s. 189 abz. 4
  • İnsanlara maraq göstər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İnsanlara maraq göstər
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Söhbət etməyi öyrən
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Ürəyə yol tapmağa çalış
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Məlumatın dəyərini göstər
    Özünü oxumağa və təlim verməyə həsr et
  • Böyük Müəllimi təqlid et
    Gözətçi qülləsi 2007
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 30 s. 186—s. 189 abz. 4

DƏRS 30

İnsanlara maraq göstər

Nə etməlisən?

İnsanların fikirlərini nəzərə aldığını və onların rifahını düşündüyünü göstər.

Nə üçün vacibdir?

Başqalarına maraq göstərmək Yehovanın məhəbbətini təqlid etməyin bir üsuludur. Həmçinin bunun sayəsində insanların ürəyinə yol tapmaq olur.

İNSANLARLA Müqəddəs Kitab həqiqətlərini bölüşərkən onlara sadəcə məlumat çatdırmaqla kifayətlənməməliyik. Onların ürəyinə yol tapmağa çalışmalıyıq. Bunu etməyin bir üsulu dinləyicilərə səmimi-qəlbdən şəxsi maraq göstərməkdir. Bunu müxtəlif yollarla etmək olar.

Dinləyicilərin baxışlarını nəzərə al. Həvari Pavel dinləyicilərinin mənşəyini və düşüncə tərzini nəzərə alırdı. O bildirmişdi: «Yəhudiləri əldə etmək üçün yəhudilərlə yəhudi kimi davrandım; özüm Müqəddəs Qanunun hakimiyyəti altında olmadığım halda, Qanun altındakıları əldə etmək üçün, onlarla Qanun altındakı adam kimi davrandım. Mən Allah qarşısında qanunsuz olmayıb, Məsihin Qanunu altında olduğum halda, Qanunu olmayanları əldə etmək üçün onlarla Qanunu olmayan kimi davrandım; zəifləri əldə etmək üçün zəiflərlə zəif kimi davrandım. Hər kəs üçün hər şey oldum ki, hər necə olursa-olsun bəzilərini xilas edim. Bunu Müjdə üçün edirəm ki, onun nemətlərinə şərik olum» (1 Kor. 9:20-23). Bəs biz necə «hər kəs üçün hər şey» ola bilərik?

Danışmağa başlamazdan əvvəl həmsöhbətini müşahidə etsən, onu maraqlandıran şeylər və həyat tərzi haqqında nə isə öyrənə bilərsən. Məşğuliyyətinin nə olduğunu deyə bilərsənmi? Hansı dinə mənsub olduğunu göstərən əşyalar varmı? Ailə vəziyyətinin necə olduğu nədənsə görünürmü? Həmsöhbətin üçün maraqlı olsun deyə, müşahidə etdiyin şeylərə əsaslanaraq təqdiməni dəyişdirə bilərsənmi?

Təqdiməni daha maraqlı etmək üçün sahəndə yaşayan insanlarla söhbətə necə başlayacağını qabaqcadan fikirləşməlisən. Bəzi yerlərdə başqa ölkələrdən gələn insanlar yaşayır. Əgər sizin də ərazinizdə belə insanlar yaşayırsa, onlara yaxşı şahidlik etməyin üsulunu tapmısanmı? Allah ‘bütün insanların xilas olub, həqiqəti dərk etmələrini’ istədiyindən, Padşahlıq xəbərini hər kəsə maraqlı tərzdə çatdırmağı qarşına məqsəd qoy (1 Tim. 2:4).

Diqqətlə qulaq as. Yehova hər şeyi bilsə də, başqalarına diqqətlə qulaq asır. Peyğəmbər Mikeya vəhydə Yehovanın müəyyən məsələyə dair mələkləri öz fikirlərini ifadə etməyə təşviq etdiyini görmüşdü. Sonra Allah onlardan birinə irəli sürdüyü təklifi həyata keçirməyə icazə vermişdi (1 Pad. 22:19-22). İbrahim Allahın Sodom üzərində icra edəcəyi hökmə dair narahatlığını bildirəndə Yehova nəzakətlə ona qulaq asmışdı (Yar. 18:23-33). Xidmətdə insanları dinləməklə bağlı Yehovadan necə nümunə götürə bilərik?

İnsanları fikirlərini bölüşməyə təşviq et. Münasib suallar ver və cavab vermələri üçün kifayət qədər fasilə et. Diqqətlə qulaq as. Bu, onları çəkinmədən danışmağa təşviq edəcək. Əgər verilən cavab onların maraq dairəsi haqda nəyi isə açıqlayırsa, nəzakətlə başqa suallar da vermək olar. Onu yaxşı tanımağa çalış, ancaq çoxlu şəxsi suallar vermə. Əgər səmimi alınacaqsa, fikirlərinə görə onları təriflə. Hətta nöqteyi-nəzərləri ilə razı olmadıqda belə, fikirlərinə hörmətlə yanaş (Kolos. 4:6).

Lakin diqqət yetirməliyik ki, insanlara göstərdiyimiz maraq ədəb qaydalarını aşmasın. Başqaları ilə maraqlanmaq onların şəxsi işlərinə qarışmağımıza əsas vermir (1 Pet. 4:15). Diqqətli olmaq lazımdır ki, əks cinsdən olan insan ona mehribanlıqla göstərilən marağı başqa yerə yozmasın. Nə dərəcədə şəxsi maraq göstərməyin münasib olduğu hər ölkədə bir cür qəbul edildiyindən, hətta insanların da buna dair fikirləri fərqləndiyindən uzaqgörən olmaq lazımdır (Luka 6:31).

Yaxşı qulaq asa bilmək üçün hazırlaşmaq gərəkdir. Nə deyəcəyimizi dəqiq biləndə özümüzü rahat hiss edir və qeyri-iradi olaraq başqalarına qulaq asırıq. Bizi dinləyənlər də özlərini sərbəst hiss edir və söhbət etməyə daha meyilli olurlar.

Biz insanlara qulaq asmaqla onlara hörmət etmiş oluruq (Rom. 12:10). Belə etməklə onların fikirlərinin və hisslərinin bizim üçün əhəmiyyət kəsb etdiyini göstəririk. Bu həmçinin onların dediklərimizə diqqətlə qulaq asmasına yol aça bilər. Buna görə də Allahın Kəlamında tutarlı səbəblərdən irəli gələrək «eşitməkdə iti, söz söyləməkdə təmkinli» olmaq məsləhət görülür (Yaq. 1:19).

İnsanlara tərəqqi etməyə kömək et. Başqalarının qayğısına qalmağımız bizi maraq göstərən insanlar haqqında sonra da düşünməyə və şəxsən onlara lazım olan Müqəddəs Kitab həqiqətlərini bölüşmək üçün yenidən baş çəkməyə təşviq edəcək. Təkrar başcəkməyə hazırlaşarkən əvvəlki söhbətlərdə onlar haqqında öyrəndiklərin üzərində düşün. Onları narahat edən mövzu ilə bağlı məlumat hazırla. Öyrəndiklərindən hansı faydanı əldə edə biləcəklərini göstərərək materialın praktiki dəyərini vurğula (Yeşaya 48:17).

Əgər həmsöhbətin onu narahat edən problemi və ya vəziyyəti danışırsa, buna xoş xəbəri bölüşmək üçün yaranan əlverişli imkan kimi bax. Kədərli olanlara təsəlli verməyə həmişə hazır olan İsanın nümunəsini izlə (Mark 6:31-34). Onun yerinə tələsik qərar çıxarma və ya məsələ ilə yaxşı tanış olmamış məsləhət vermə. Bu, həmin insanda ona olan marağının səmimi olmadığı təəssüratını yaradar. Əksinə, onun dərdinə şərik ol (1 Pet. 3:8). Sonra Müqəddəs Kitaba əsaslanan nəşrlərdə araşdırma apar və vəziyyətin öhdəsindən gəlməyə kömək etmək üçün tapdığın faydalı məlumatı onunla bölüş. Sözsüz ki, söhbət etdiyin insanın həqiqətən də qayğısına qalırsansa, onun sirlərini tutarlı səbəb olmadan başqalarına açıb danışmayacaqsan (Sül. məs. 25:9).

Xüsusilə də Müqəddəs Kitabı öyrətdiyimiz adamlara səmimi maraq göstərmək lazımdır. Hər öyrənənin tələbatları haqqında dua edib düşün, sonra bunları yadda saxlayaraq öyrənməyə hazırlaş. Özündən soruş: «Ruhani inkişafını davam etdirmək üçün o, bundan sonra hansı addımı atmalıdır?» Öyrənənə Müqəddəs Kitabın, o cümlədən ‘sadiq və ağıllı qulun’ təqdim etdiyi nəşrlərdə bununla bağlı nə deyildiyini başa düşməyə kömək et (Mat. 24:45). Bəzi hallarda təkcə izah etmək kifayət etmir. Ola bilər, Müqəddəs Kitabın müəyyən prinsipini necə tətbiq etməyi göstərmək üçün onunla birlikdə nə isə etmək lazım gələcək (Yəh. 13:1-15).

İnsanlara həyatlarını Yehovanın normalarına uyğunlaşdırmağa kömək edərkən tarazlı və uzaqgörən olmalıyıq. İnsanlar başqa-başqa ailələrdən çıxdığından və bacarıqları bir-birindən fərqləndiyindən, ruhani cəhətdən müxtəlif sürətlə inkişaf edirlər. Buna görə də onlardan çox şey gözləmə (Filip. 4:5). Onları həyatlarında dəyişiklik etməyə məcbur etmə. Yol ver ki, bunu etməyə onları Allahın Kəlamı və Onun ruhu təşviq etsin. Yehova insanların Ona məcburi yox, könüllü xidmət etməsini istəyir (Məz. 110:3). Çıxarmalı olduqları qərarlara dair öz fikrini söyləmə və hətta səndən xahiş etsələr də, ehtiyatlı ol ki, onların əvəzinə qərar çıxarmayasan (Qalat. 6:5).

Əməldə köməklik göstər. İsanı əsas etibarilə insanların ruhani rifahı maraqlandırırdı, ancaq o, onların başqa ehtiyaclarını da nəzərə alırdı (Mat. 15:32). Hətta imkansız olsaq da, insanlara bir çox başqa üsullarla köməklik göstərə bilərik.

İnsanlarla maraqlanırıqsa, onlara qarşı diqqətli olacağıq. Məsələn, əgər hava insan üçün narahatçılıq yaradırsa, söhbətini daha münasib yerdə davam etdir, yaxud başqa vaxta saxla. Namünasib vaxtda gəlmisənsə, başqa vaxt gəlməyi təklif et. Həqiqətə maraq göstərən qonşun, yaxud başqa insan xəstədirsə və ya xəstəxanada yatırsa, qısa məktub və ya açıqça yazmaqla, yaxud baş cəkməklə onunla maraqlandığını göstər. Əgər münasibdirsə, nə isə bişirib aparmaq, yaxud başqa cür yaxşılıq etmək olar.

Müqəddəs Kitabı öyrənənlər inkişaf etdikcə köhnə dostları ilə əvvəlki qədər vaxt keçirmədikləri üçün emosional boşluq hiss edə bilərlər. Onlarla dost ol. Müqəddəs Kitab öyrənməsindən sonra və başqa vaxt sadəcə söhbət etmək üçün vaxt ayır. Onları başqaları ilə yaxşı münasibətlər qurmağa təşviq et (Sül. məs. 13:20). Məsihçi görüşlərinə gəlməkdə onlara kömək et. Yanlarında otur və uşaqlara baxmağa kömək et ki, həm onlar, həm də başqaları proqramdan daha çox faydalana bilsinlər.

Səmimi-qəlbdən maraq göstər. İnsanlara maraq göstərmək yiyələnə biləcəyimiz bacarıq deyil, ürəkdən gələn hissdir. Başqalarına göstərdiyimiz maraq özünü müxtəlif cür büruzə verir. Bu, necə dinlədiyimizdə və nə dediyimizdə, insanlara göstərdiyimiz xeyirxahlıq və nəzakətdə təzahür olunur. Hətta heç nə deməyəndə və ya etməyəndə də bu, əhval-ruhiyyəmiz və üzümüzün ifadəsindən görünə bilər. Əgər biz doğrudan da başqaları ilə maraqlanırıqsa, onlar bunu mütləq hiss edəcəklər.

Başqalarına səmimi maraq göstərməyin ən mühüm səbəbi odur ki, belə etməklə biz məhəbbətli və mərhəmətli səmavi Atamızı təqlid etmiş oluruq. Bu, bizi dinləyən insanları Yehovaya və təbliğ etdiyimiz xəbərə cəlb etməyə kömək edəcək. Buna görə də xoş xəbəri bölüşərkən ‘yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdməyə’ çalış (Filip. 2:4).

SƏMİMİ-QƏLBDƏN NECƏ MARAQ GÖSTƏRMƏK OLAR?

  • Qarşındakı danışanda qulaq as. Fikirlərini və hisslərini bölüşdüyü üçün təşəkkür et. Onun düşüncə tərzini daha aydın başa düşmək üçün suallar ver.

  • Söhbət edəndən sonra da insan haqqında düşün. Tez bir zamanda onunla yenidən əlaqə saxla.

  • Şəxsən ona lazım olan Müqəddəs Kitab həqiqətlərini onunla bölüş.

  • Ona əməldə köməklik göstər. Onun həm hazırkı, həm də gələcək tələbatları haqda düşün.

ÇALIŞMALAR: 1) Yığıncaq görüşündən əvvəl oradakılardan kiməsə səmimi maraq göstər. Sadəcə salamlaşmaqla kifayətlənmə. İnsanla yaxından tanış olmağa çalış. Onunla maraqlandığını göstər. Həmişə belə davran. 2) Təbliğdə söhbət etdiyin adama səmimi maraq göstər. Sadəcə şahidlik etməklə kifayətlənmə. İnsanı tanımağa çalış. Nə isə deyərkən və ya edərkən onun haqqında bildiklərini nəzərə al. Çalış həmişə belə edəsən.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş