DƏRS 39
Təsirli yekun
OLA BİLSİN, çıxış üçün dərindən araşdırma aparıb materialı bölüşdürmüsən. Həmçinin maraq doğuran giriş də hazırlamısan. Ancaq hələ bir şey qalıb — təsirli yekun. Bunun vacibliyinə barmaqarası baxma. Adətən ən çox yadda qalan axırda deyilən sözlər olur. Yekun zəif olarsa, hətta ondan əvvəl dediklərin də öz təsirini itirər.
Növbəti nümunəyə diqqət yetir: həyatının sonlarına yaxın Yeşua İsrail ağsaqqalları qarşısında unudulmaz bir nitqlə çıxış etdi. Yeşua İbrahimin günlərindən başlayaraq Yehovanın İsrail üçün etdiklərini sadalayandan sonra nitqinin yekununda sadəcə əsas fikirləri təkrarlamadı. Əksinə, ürəkdən gələn dərin hisslərlə xalqı təşviq etdi: «Ona görə də Rəbdən qorxun, səmimiyyətlə və sədaqətlə Ona qulluq edin». Yeşua 24:14, 15 ayələrində Yeşuanın yekun sözlərini oxuya bilərsən.
Digər diqqətə layiq nitq Həvarilərin işləri 2:14-36 ayələrində yazılmışdır. Bu nitqlə həvari Peter eramızın 33-cü ilinin Pentikost günündə Yerusəlimdə yığışan izdihama müraciət etmişdi. Əvvəlcə o izah etmişdi ki, hal-hazırda Allahın ruhunun tökülməsinə dair Yoelin peyğəmbərliyi həmin izdihamın gözü qarşısında yerinə yetir. Sonra isə bunun «Zəbur»da İsa Məsihin dirilməsi və Allahın sağına qaldırılması ilə bağlı deyilən peyğəmbərliklərlə necə əlaqəli olduğunu göstərmişdi. Axırda Peter dinləyicilərdən hər kəsə aid olan bir fikri aydın şəkildə bəyan etmişdi: «Beləliklə, bütün İsrail xalqı bunu möhkəm bilsin ki, çarmıxa çəkdiyiniz bu İsanı Allah həm Rəbb, həm də Məsih etmişdir». Orada olanlar soruşmuşdular: «Qardaşlar, bəs biz nə edək?» Peter cavab vermişdi: «Tövbə edin və hər biriniz İsa Məsihin adı ilə vəftiz olsun» (Həv. iş. 2:37, 38). Həmin gün onu dinləyənlərdən təxminən 3 000 insan eşitdiklərindən təsirlənərək İsa Məsih haqqındakı həqiqəti qəbul etmişdi.
Yadda saxlanılmalı məqamlar. Yekunda dediyin sözlər çıxışın mövzusu ilə birbaşa əlaqəli olmalıdır. Bu, açıqladığın əsas bəndlərin məntiqi yekunu olmalıdır. Mövzudan bəzi əsas sözləri təkrar söyləmək olar, lakin mövzunu sözbəsöz təkrarlamaq şərt deyil.
Adətən çıxışın məqsədi dinləyiciləri təqdim edilən materiala əsasən müəyyən addımları atmağa təşviq etməkdir. Yekunun əsas məqsədlərindən biri onlara konkret olaraq nə etməli olduqlarını göstərməkdir. Mövzunu və əsas bəndləri seçəndə materialın dinləyicilər üçün nəyə görə vacib olduğunu və hansı məqsədə nail olmaq istədiyini ətraflı ölçüb-biçmisənmi? Əgər belədirsə, deməli, onları hansı addımları atmağa təşviq etmək istədiyini bilirsən. İndi həmin addımları və onları necə atmalı olduqlarını izah etmək lazımdır.
Yekun dinləyicilərinə nə etməli olduqlarını göstərməklə yanaşı, həm də hərəkətə təşviq etməlidir. Həmin hissədə məhz bu cür davranmaq üçün tutarlı səbəblər gətirmək, həmçinin əldə olunan faydalar haqda da danışmaq lazımdır. Əgər son cümlə diqqətlə düşünülüb və yaxşı tərtib olunubsa, bütün çıxışın təsirini gücləndirəcək.
Çıxışın bitmək üzrə olduğunu yaddan çıxarma. Bu, sənin sözlərindən görünməlidir. Tempin də müvafiq olmalıdır. Sona qədər tez-tez danışıb, sonra qəfildən dayanmaq yaxşı olmazdı. Digər tərəfdən, sona yaxınlaşdıqca səsini sadəcə zəiflətmə. Səsin kifayət qədər hündür olmalı, amma həddi aşmamalıdır. Sonuncu cümlələrdən çıxışa yekun vurduğun hiss olunmalıdır. Onlar ciddiyyətlə və əminliklə söylənilməlidir. Çıxışı hazırlayarkən yekunu da məşq etməyi yaddan çıxarma.
Yekun nə qədər sürməlidir? Bunu təkcə vaxtla müəyyən etmək olmaz. Bu hissəni uzatmaq lazım deyil. Yekunun kifayət qədər davam edib-etməməsini dinləyicilərin münasibətindən müəyyən etmək olar. Sadə, aydın və müsbət notlarla vurulan yekun həmişə dinləyicilər tərəfindən yaxşı qarşılanır. Yaxşı planlaşdırıldıqda, qısa nümunəni özünə daxil edən nisbətən uzun yekun da təsirli ola bilər. Bütün «Vaiz» kitabına Vaiz 12:13, 14 ayələrində verilən qısa yekunu qat-qat qısa olan Dağüstü təbliğə Matta 7:24-27 ayələrində verilən yekunla müqayisə et.
Xidmətdə. Başqa heç yerdə xidmətdə olduğu qədər yekun etmək zərurəti ilə qarşılaşmırıq. Yaxşı hazırlaşmaqla və insanlara məhəbbətdən irəli gələrək maraq göstərməklə bir çox nailiyyətlər əldə etmək olar. Təkbətək edilən söhbətlər zamanı da yuxarıdakı məsləhətləri tətbiq etmək olar.
İnsan məşğul olduğu üçün söhbət çox qısa, cəmi bir neçə dəqiqə çəkə bilər. Əgər münasibdirsə, belə demək olar: «Görürəm əlinizdə iş var. Ancaq icazə verin sizinlə bir ruhlandırıcı fikri bölüşüm. Müqəddəs Kitab göstərir ki, Yaradanımızın gözəl bir niyyəti var: O, bütün yer kürəsini insanların əbədiyyən yaşaya biləcəyi Cənnətə çevirmək istəyir. Biz də həmin Cənnətdə yaşaya bilərik, ancaq bunun üçün Allahın tələblərini öyrənmək lazımdır». Yaxud sadəcə münasib vaxtda baş çəkməyi təklif etmək olar.
Ev sahibi söhbəti kəssə, hətta kobudluq etsə belə, yenə də çox şeyə nail olmaq olar. Matta 10:12, 13 və Romalılara 12:17, 18 ayələrindəki məsləhəti yaddan çıxartma. Sənin mülayim cavabın onun Yehovanın Şahidlərinə olan münasibətini dəyişə bilər. Bu isə, öz növbəsində, çox gözəl nailiyyət olardı.
Digər halda isə, ev sahibi ilə çox gözəl söhbət alına bilər. Nə üçün onun yadda saxlamasını istədiyin əsas fikirləri təkrarlamayasan? Həmçinin onu eşitdiklərinə uyğun davranmağa təşviq edən sözlər də söylə.
Əgər başqa vaxt söhbəti davam etdirmək üçün imkan yaranarsa, onda söhbəti elə yekunlaşdır ki, həmsöhbətin həmin görüşü gözləsin. Məsələn, «Müqəddəs Yazıların əsasında mülahizə» kitabından (rus.), yaxud Müqəddəs Kitab öyrənməsi keçirmək üçün olan nəşrdən sual ver. İsanın qarşımıza qoyduğu və Matta 28:19, 20 ayələrində yazılmış məqsədi yadında saxla.
Bəlkə, Müqəddəs Kitab öyrənməsi keçirirsən? Sonda mövzunu təkrarlasan, öyrənən müzakirə edilən materialı yadda saxlayacaq. Xüsusilə də tələsmədən araşdırıldıqda, təkrar üçün suallar ona əsas bəndləri mənimsəməyə kömək edəcək. Aldığı biliklərin hansı faydanı gətirdiyinə və onu başqaları ilə necə bölüşə biləcəyinə dair verilən suallar ona öyrəndiklərini həyatında necə tətbiq etmək barədə düşünməyə kömək edəcək (Sül. məs. 4:7).
Unutma, yekun sözlər bütün söhbətin təsirli olması üçün vacibdir.