DƏRS 47
Əyani vəsaitlərdən yaxşı istifadə et
TƏLİM verərkən nə üçün əyani vəsaitlərdən istifadə etmək lazımdır? Çünki bu, verdiyimiz təlimi daha təsirli edir. Yehova Allah və İsa Məsih əyani vəsaitlərdən istifadə edirdilər, biz də onlardan bunu öyrənə bilərik. Fikri sözlərlə izah etməklə yanaşı, əyani vəsaitlərdən də istifadə etdikdə məlumat iki orqan vasitəsilə qəbul edilir. Bu, dinləyicilərin diqqətinin mövzudan yayınmamasına kömək edəcək və dediklərimizin onlara daha böyük təsir bağışlamasına imkan yaradacaq. Xoş xəbəri təbliğ edərkən əyani vəsaitlərdən necə istifadə edə bilərsən? Onlardan yaxşı istifadə etdiyinə necə əmin ola bilərsən?
Ən böyük Müəllimlər əyani vəsaitlərdən necə istifadə edirdilər? Yehova həyati vacib dərslər vermək üçün yaddaşlardan silinməyən əyani vəsaitlərdən istifadə edirdi. Bir gecə O, İbrahimi bayıra çıxarıb belə dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say... Nəslin o qədər olacaq» (Yar. 15:5). İnsan nöqteyi-nəzərindən qeyri-mümkün bir şey kimi görünsə də, bu vəd İbrahimə güclü təsir bağışlamış və o, Yehovaya iman etmişdi. Başqa bir halda, Yehova dulusçunun gilə necə forma verdiyini müşahidə etməsi üçün Yeremyanı onun emalatxanasına göndərmişdi. Yaradanın insanların üzərində hansı hakimiyyətə sahib olduğunu göstərmək üçün bu, necə də unudulmaz dərs idi! (Yer. 18:1-6). Yaxud Yunus Yehovanın ona gənəgərçək bitkisilə verdiyi mərhəmət dərsini necə unuda bilərdi? (Yun. 4:6-11). Yehova hətta Öz peyğəmbərlərinə gələcəklə bağlı xəbərləri müəyyən əşyalardan istifadə edərək əyani şəkildə göstərməyi tapşırırdı (1 Pad. 11:29-32; Yer. 27:1-8; Yez. 4:1-17). Hüzur çadırının və məbədin özü də göylərdəki gerçəkliyi başa düşməyimizə kömək edən nümunələrdir (İbr. 9:9, 23, 24). Allah, həmçinin vacib məlumatları çatdırmaq üçün dəfələrlə görüntülərdən istifadə etmişdi (Yez. 1:4-28; 8:2-18; Həv. iş. 10:9-16; 16:9, 10; Vəhy 1:1).
Bəs İsa əyani vəsaitlərdən necə istifadə edirdi? Fəriseylər və Hirodun adamları onu sözdə tutmağa çalışanda İsa bir dinar istədi və diqqəti onun üstündəki Qeysərin təsvirinə yönəltdi. Sonra başa saldı ki, qeysərə məxsus şeyləri qeysərə, Allaha məxsus şeyləri Allaha vermək lazımdır (Mat. 22:19-21). Malik olduğumuz hər şeylə Allahı izzətləndirməyi öyrətmək üçün İsa məbəddə iki lepton — axırıncı pulunu ianə edən kasıb dul qadına diqqəti yönəltdi (Luka 21:1-4). Digər halda isə o, şagirdlərinə şöhrətpərəstlikdən uzaq və təvazökar olmağa dair dərs vermək üçün nümunə olaraq balaca uşağı yanına çağırıb göstərdi (Mat. 18:2-6). İsa, həmçinin şagirdlərinin ayaqlarını yuyaraq təvazökarlığın nə demək olduğunu nümayiş etdirdi (Yəh. 13:14).
Əyani vəsaitlərdən istifadə etməyin üsulları. Yehovadan fərqli olaraq, biz insanlara görüntülər vasitəsilə məlumat çatdıra bilmərik. Ancaq Yehovanın Şahidlərinin nəşrlərində insanı düşündürən çoxlu şəkillər olur. Maraqlanan insanların zehnində Allahın Kəlamında vəd edilən yerüzü Cənnəti canlandırmaq üçün onlardan istifadə et. Müqəddəs Kitab öyrənməsi zamanı öyrənənin diqqətini araşdırılan mövzuya aid şəklə yönəldib orada gördüklərini təsvir etməsini xahiş etmək olar. Diqqətəlayiqdir ki, Amos peyğəmbərə görüntülər verərkən Yehova ondan soruşmuşdu: «Amos, sən nə görürsən?» (Amos 7:7, 8; 8:1, 2). İnsanın diqqətini əyani vəsait kimi nəzərdə tutulmuş şəkillərə yönəldərkən sən də belə suallar verə bilərsən.
Riyazi hesablamaları yazsan və ya vacib hadisələrin tarixi ardıcıllığını çəkib göstərsən, öyrənən Daniel 4:16 ayəsindəki «yeddi il» və Daniel 9:24 ayəsindəki «yetmiş dəfə yeddiillik dövr» kimi peyğəmbərlikləri daha asan başa düşəcək. Bu cür əyani vəsaitlərə bizim təlim nəşrlərimizdə rast gəlmək olar.
Ailəvi öyrənmə zamanı şəkillərdən və sxemlərdən istifadə etsən, Hüzur çadırı, Yerusəlimdəki məbəd, Yezekelin görüntüdə gördüyü məbəd kimi mövzuları başa düşmək asan olacaq. Bu cür şəkilləri və sxemləri «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasında (ing.), «Müqəddəs Yazıların qeydlərlə Yeni Dünya Tərcüməsi»nin əlavələr bölməsində (ing.) və «Gözətçi Qülləsi» jurnalının müxtəlif saylarında tapmaq olar.
Müqəddəs Kitabı ailəvi oxuyanda xəritələrdən istifadə etməyi yaddan çıxarma. İbrahimin Urdan Harana, oradan da Bet-Elə səyahətini xəritədə izləyin. İsrail xalqının Misiri tərk edib Vəd edilmiş diyara gedərkən haralardan keçdiyinə baxın. İsrailin hər qəbiləsinə miras kimi verilən torpaqların yerini tapın. Süleymanın hökmranlıq etdiyi ərazinin hüdüdlarını müəyyənləşdirin. İzevelin təhdidlərindən qorxaraq İlyasın İzreeldən qaçıb Beer-Şevanın o tayındakı səhralığa getdiyi yolu izləyin (1 Pad. 18:46–19:4). İsanın təbliğ etdiyi şəhər və kəndləri tapın. Pavelin «Həvarilərin işləri» kitabında təsvir olunan səyahətlərini izləyin.
Müqəddəs Kitabı öyrənənləri yığıncağın fəaliyyəti ilə tanış etməkdə də əyani vəsaitlərin köməyi dəyir. Öyrətdiyin adama konqresin proqram vərəqəsini göstərib konqreslərdə adətən hansı mövzuların müzakirə edildiyini izah edə bilərsən. Padşahlıq Zalında və ya Yehovanın Şahidlərinin filialında ekskursiyada olarkən bir çoxlarına gördükləri böyük təsir bağışlamışdı. Bu, bizim fəaliyyətimiz və məqsədimiz haqda yaranan yanlış fikirləri aradan qaldırmaq üçün gözəl üsul ola bilər. Padşahlıq Zalında ekskursiya keçirərkən buranın digər ibadət yerlərindən nə ilə fərqləndiyini göstər. Mühitin təlim almaq üçün yararlı, eyni zamanda sadə olduğunu vurğula. Bir çox şeyin — ədəbiyyat paylanan stolun, yığıncağın ərazisinin xəritələrinin və (sədəqə toplanan qablardan fərqli olan) ianə qutularının xüsusi olaraq təbliğ xidməti üçün nəzərdə tutulduğunu göstər.
Əgər Rəhbərlik Şurasının nəzarəti altında hazırlanan video filmlər varsa, öyrənənin Müqəddəs Kitaba etibarını artırmaq, onu Yehovanın Şahidlərinin fəaliyyəti ilə tanış etmək və Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamağa təşviq etmək üçün bu vəsaitlərdən istifadə et.
Böyük qrup qarşısında istifadə edilən əyani vəsaitlər. Yaxşı hazırlanan və məharətlə təqdim edilən əyani vəsaitlər böyük qrupa təlim vermək üçün də yaxşı vasitədir. Onlar sadiq və ağıllı qul sinfi tərəfindən müxtəlif vasitələrlə təqdim olunur.
Adətən «Gözətçi Qülləsi»nin öyrənmə məqalələrində əyani vəsaitlər rəsmlər şəklində olur. Görüşü aparan qardaş vacib məqamları vurğulamaq üçün onlardan istifadə edə bilər. Bu, Yığıncağın Müqəddəs Kitab öyrənməsində istifadə edilən nəşrlərə də aiddir.
Bəzi açıq məruzələrin planı müəyyən məqamları izah etmək üçün əyani vəsaitlərdən istifadə etməyə zəmin yaradır. Ancaq diqqəti dinləyicilərin əksəriyyətinin əlində tutduğu Müqəddəs Kitaba yönəltmək adətən daha yaxşı nəticəni verir. Əgər çıxışın bir və ya bir neçə əsas fikrini çatdırmaq üçün şəkildən istifadə etmək və ya əsas bəndlərin siyahısını göstərmək lazım gəlsə, əyani vəsaitin ən arxa sıralardan da göründüyünü (və ya oxunduğunu) qabaqcadan yoxla. Belə üsuldan tez-tez istifadə etmək məsləhət görülmür.
Danışarkən və ya təlim verərkən əyani vəsaitlərdən istifadə etməkdə məqsədimiz dinləyiciləri əyləndirmək yox, xüsusi diqqətə layiq olan fikirləri əyani izah edərək onların təsirini gücləndirmək olmalıdır. İstifadə olunan əyani vəsait isə sanballı olmalıdır. Fikirləri aydınlaşdırmağa, asanlıqla başa düşməyə kömək etdiyi, yaxud deyilənlərin əsaslı olduğuna tutarlı dəlil kimi gətirildiyi halda əyani vəsait faydalı məqsədə xidmət edir. Düzgün istifadə edildikdə münasib əyani vəsait dinləyicilərdə elə dərin təəssürat oyada bilər ki, həm əyani vəsaitin özü, həm də çatdırdığı fikir uzun illər onların yadında qalar.
Həm görmə, həm də eşitmə qabiliyyəti təlim prosesində mühüm rol oynayır. Ən böyük Müəllimlərin bu qabiliyyətlərdən necə istifadə etdiyini həmişə yadında saxla və insanların ürəyinə yol tapmağa çalışarkən onların nümunəsini təqlid et.