Məktəbin nəzarətçisi üçün rəhbərlik
HƏR yığıncaqda bir ağsaqqal Teokratik Xidmət Məktəbinin nəzarətçisi təyin olunur. Əgər sənə də bu məsuliyyət həvalə edilibsə, bu işdə şövqlü olmağın və hər bir şagirdin tərəqqi etməsi üçün qayğı göstərməyin məktəbin yığıncağınıza fayda gətirməsində vacib rol oynaya bilər.
Sənin ən əsas işin hər həftə keçirilən Teokratik Xidmət Məktəbini aparmaqdır. Görüşdə yalnız tapşırığı olanların yox, başqalarının da iştirak etdiyini unutma. Məktəbi elə keçir ki, bütün yığıncağı hərəkətə təşviq edən xatırlatmalar səslənsin; xatırlatmalar məktəbin bu kitabın 5-dən 8-dək səhifələrində qeyd olunan məqsədlərindən heç olmasa birini özünə daxil etsin.
İstər oxumaq tapşırığı ilə, istər səhnəciklə, istərsə də nitqlə çıxış edən hər bir şagirdə maraq göstər. Etdiklərinə sadəcə bir tapşırıq kimi yox, Yehovaya xidmətdə tərəqqi etmək imkanı kimi baxmağa onlara kömək et. Sözsüz ki, tərəqqi etmələri üçün özlərinin səy göstərmələri vacibdir. Ancaq sənin onlara səmimi maraq göstərməyin, dərslərin nədə faydalı olduğunu başa düşmələrinə kömək etməyin və oradakı məsləhətləri necə tətbiq etməyi başa salmağın da mühüm rol oynayır. Bu səbəbdən, faydalı fikirlər söyləyə bilmək üçün hər bir çıxışa diqqətlə qulaq as.
Diqqət yetir ki, görüşü vaxtında başlayıb, vaxtında bitirəsən. Məsləhət verməyə ayrılan vaxtdan kənara çıxmamaqla özün gözəl nümunə qoy. Əgər şagird ayrılan vaxtı keçirsə, sən, yaxud köməkçin ona işarə verməlisiniz. Şagird cümləsini bitirib səhnəni tərk etməlidir. Proqramın digər hissəsində vaxtdan kənara çıxılırsa, sən öz şərhini qısa et və görüşdən sonra həmin hissə ilə çıxış edən qardaşla məsələni müzakirə et.
Sən görüşdə iştirak edirsənsə, məktəbi özün keçirməlisən. Əgər müəyyən səbəbə görə yığıncaq görüşündə olmayacaqsansa, məktəbi ağsaqqallar şurasının əvvəlcədən təyin etdiyi başqa ağsaqqal keçirməlidir. Qrafiki hazırlamaqda, tapşırıq blankını yazmaqda və paylamaqda, yaxud çıxış edə bilməyənlərin yerinə başqasını tapmaqda kömək lazımdırsa, ağsaqqallar şurası bir xidməti köməkçiyə bu məsələlərdə sənə kömək etməyi tapşıra bilər.
Şagirdlərin məktəbə yazılması. Bütün təbliğçiləri məktəbə yazılmağa təşviq et. Yığıncaqla sıx əlaqədə olan insan Müqəddəs Kitab təlimləri ilə razılaşır və məsihçi prinsiplərinə uyğun yaşayırsa, məktəbə yazıla bilər. Kimsə məktəbə yazılmaq istədiyini bildirəndə onu səmimi təriflə. Əgər o, hələ təbliğçi deyilsə, sən məktəbin nəzarətçisi kimi, məktəbə yazılmaq üçün tələbləri onunla müzakirə etməlisən. Mümkündürsə, bunu onunla Müqəddəs Kitab öyrənməsi keçirənin (və ya məsihçi valideyninin) iştirakı ilə et. Tələblər vəftiz olunmamış təbliğçi olmaq istəyənlər üçün olan tələblərlə eynidir. Bu tələbləri «Xidmətimizi yerinə yetirmək üçün təşkil olunmuşuq» kitabının 98-100-cü səhifələrində (rus.) tapmaq olar. Məktəbə yazılanların siyahısını hər dəfə təzələ.
Dərs blankından necə istifadə etmək lazımdır? Dərs blankı hər bir şagirdin şəxsi kitabının 79-dan 81-dək səhifələrində yerləşir. Rəngli sütunlardan göründüyü kimi məktəbdə oxumaq tapşırığını alan şagirdlərə 1-dən 17-dək olan dərsləri vermək olar. Özünə səhnəcik daxil edən tapşırıqlara 7-ci, 52-ci və 53-cü dərslərdən başqa, bütün dərslər aiddir. Nitqlər üçün isə 7-ci, 18-ci və 30-cu dərslərdən savayı bütün dərslər münasibdir.
Şagirdə hansısa dərsin üzərində işləmək tapşırılanda, məktəbin nəzarətçisi şagirdin kitabındakı dərs blankında həmin dərsin qarşısındakı «Dərsin verildiyi tarix» qrafasında karandaşla dərsin verildiyi tarixi qeyd etməlidir. Şagird tapşırığı yerinə yetirəndən sonra təklikdə bu dərsə aid olan çalışmanı (və ya çalışmaları) edib-etmədiyini soruş. Əgər edibsə, blankdakı müvafiq çərçivəyə işarə qoy. Şagirdə həmin dərsin üzərində işləməyə davam etməyi məsləhət görürsənsə, blankda əlavə qeydə ehtiyac yoxdur; «Dərsin bitirildiyi tarix» qrafasını sadəcə boş saxla. Yalnız şagird başqa dərsin üzərində işləməyə hazır olduğu halda, oranı doldurmaq olar. Bundan əlavə, onun kitabında şərti vəziyyətlərin siyahısı gətirilən 82-ci səhifədə hər çıxışında istifadə etdiyi şərti vəziyyətin qarşısında çıxışın tarixini yazmaq lazımdır. Həm dərs blankı, həm də şərti vəziyyətlərin siyahısı elə tərtib olunub ki, onların hər birinin üzərində iki dəfə işləmək mümkün olsun. Proqram boyunca kitab şagirdin özündə olmalıdır.
Şagirdə hər dəfə yalnız bir dərsin üzərində işləməyi tapşır. Adətən dərsləri dərs blankındakı ardıcıllığa uyğun olaraq vermək məsləhət görülür. Lakin əgər şagird çox bacarıqlıdırsa, onu təşviq et ki, müəyyən dərsləri özü sərbəst şəkildə araşdırıb, oradakı məsləhətləri tətbiq etsin. Məktəbdə üzərində işləməsi üçün isə sənin fikrincə onun bacarıqlı natiq və müəllim olmasına xüsusilə köməyi dəyəcək dərsləri tapşırmaq olar.
Hər bir dərsin üzərində işləyib, oradakı məsləhətləri tətbiq etmək hətta çox illər məktəbə yazılan şagirdlərə də fayda gətirə bilər. Konkret sahələrdə inkişaf etməyə ehtiyacı olan şagirdə kömək etmək üçün dərs blankındakı dərsləri ardıcıl vermək əvəzinə, ona lazım olan dərsləri seç.
Məsləhəti necə vermək lazımdır? Məsləhət verərkən Müqəddəs Kitabdakı nümunələrdən və prinsiplərdən yaxşı istifadə et. Şagirdlər görməlidirlər ki, həm məsləhət, həm də onun verilmə tərzi Allahın Kəlamındakı yüksək prinsiplərə əsaslanıb.
Unutma ki, sən bacı-qardaşlarının əməkdaşısan (2 Kor. 1:24). Sənə də onlar kimi natiqlik və müəllimlik bacarığını yaxşılaşdırmaq üçün səy göstərmək lazımdır. «Teokratik Xidmət Məktəbində təlim alırıq» kitabını şəxsən öyrən, oradakı məsləhətləri tətbiq et və bu işdə digərlərinə nümunə qoy.
Bunu edərkən qarşına məqsəd qoy ki, şagirdlərin yaxşı oxumasına, məharətli natiq və bacarıqlı müəllim olmasına kömək edəsən. Buna nail olmaq məqsədilə şagirdə dərsin məğzini, onun nə üçün vacib olduğunu və nitqin müxtəlif cəhətlərini necə inkişaf etdirə biləcəyini başa düşməsi üçün lazımi köməyi göstər. Bu dərslik bu işdə sənə kömək edəcək şəkildə tərtib olunub. Ancaq əksər hallarda səndən sadəcə kitabdan fikirlər oxumaq yox, yazılanların mənasını və necə tətbiq edildiyini başa salmaq tələb olunur.
Əgər şagird hansısa məqamın öhdəsindən yaxşı gəlibsə, onu təriflə. Məhz nəyin yaxşı alındığını və bunun nə üçün vacib olduğunu qısaca qeyd et. Əgər müəyyən şeyin üzərində bir az da işləməlidirsə, bunun nə üçün lazım gəldiyini başa düşüb-düşmədiyinə əmin ol. Buna necə nail ola biləcəyini müzakirə et. Konkret, eyni zamanda mülayim ol.
Yadda saxla ki, bir çoxlarına səhnədən çıxış etmək çox çətin gəlir. Əgər insan tapşırığın öhdəsindən gələ bilmədiyini düşünürsə, özünü yenidən sınamağa tərəddüd edə bilər. «Əzilmiş qamışı» qırmayan, «tüstülənən piltəni» söndürməyən İsadan nümunə götür (Mat. 12:20). Şagirdin emosional vəziyyətini nəzərə al. Məsləhət verərkən şagirdin məktəbə təzəlikcə yazıldığına, yoxsa təcrübəli təbliğçi olduğuna fikir ver. Mehribanlıqla və səmimi-qəlbdən deyilən tərif insana əlindən gələn hər şeyi etməyə güc verə bilər.
Hər bir şagirdin ləyaqətinə hörmətlə yanaş. Romalılara 12:10 ayəsində deyilir: «Bir-birinizi hörmətdə qabaqlayın». Bu, Teokratik Xidmət Məktəbində məsləhət verən qardaş üçün necə də yerində olan nəsihətdir! Əgər şagird səndən yaşca böyükdürsə, 1 Timoteyə 5:1, 2 ayələrindəki göstərişlərə diqqətlə əməl et. Tapşırığa dair məsləhət xeyirxahlıqla verilərsə, yaşından asılı olmayaraq, onu qəbul etmək hər kəsə asan olacaq (Sül. məs. 25:11).
Məsləhət verərkən şagirdin diqqətini təlimin məqsədinə yönəlt. Məqsəd sadəcə çıxışa görə tərif sözləri və növbəti dərsə keçə biləcəyini eşitmək olmamalıdır. Həmçinin məqsəd başqalarını valeh edəcək natiq və ya müəllim olmaq da olmamalıdır (Sül. məs. 25:27). Bizim arzumuz nitq ənamından Yehovaya həmd etmək və başqalarının Onun haqqında öyrənməsinə və Onu sevməsinə kömək etmək üçün istifadə etməkdir. Aldığımız təlimin məqsədi Matta 24:14 və 28:19, 20 ayələrində vurğulanan başlıca işimizi yaxşı icra etmək üçün bizi yaraqlandırmaqdır. Müəyyən vaxt keçəndən sonra tələblərə cavab verən vəftiz olunmuş qardaşlardan ‘Allahın sürüsünün’ qayğısına qalmaq işində natiq və müəllim qismində iştirak etmək xahiş oluna bilər (1 Pet. 5:2, 3).
Şagirdlərə tapşırıq aldıqdan sonra kitabdan müvafiq dərsi bir necə gün ərzində oxumağı məsləhət gör. Onları təşviq et ki, öyrəndiklərini məktəbdə aldıqları tapşırıqları hazırlayarkən, gündəlik söhbətlərində, yığıncaq görüşündə şərh verəndə və təbliğ xidmətində tətbiq etsinlər.
Tapşırıqları necə vermək lazımdır? Tapşırığı ən azı üç həftə əvvəlcədən vermək lazımdır. Şərait yol verdikdə, bütün tapşırıqlar yazılı şəkildə verilməlidir.
Özünə yığıncağa təlim verməyi daxil edən hissələrlə ağsaqqallar, xüsusən də bunun öhdəsindən yaxşı gələ biləcək ağsaqqallar, həmçinin yaxşı müəllimlik qabiliyyəti olan xidməti köməkçilər çıxış etməlidir.
Hansı tapşırıqları bacılara, hansıları isə qardaşlara verməyi qərarlaşdırarkən məktəbin proqramındakı təlimatlara riayət et. Əgər qardaşlar az, bacılar isə çoxdursa, diqqət yetir ki, qardaşlar oxumaq tapşırığından əlavə başqa tapşırıqlarla da kifayət qədər çıxış edə bilsinlər.
Tapşırıq verərkən şagirdin şəraitini nəzərə al. Həmin gün Xidməti görüşdə çıxışı, yaxud həmin həftə yığıncaqda açıq məruzəsi olan ağsaqqala və ya xidməti köməkçiyə məktəbdə nitqlə çıxış etməyi tapşırmaq nə dərəcədə zəruridir? Əgər bacının uşaqlarından birinin həmin axşam tapşırığı varsa və ehtimal ki, o, uşağa hazırlaşmağa kömək edəcəksə, bacıya tapşırıq verməyə ehtiyac varmı? Xüsusən uşaqlara və yeniyetmələrə, həmçinin vəftiz olunmayanlara tapşırıq verərkən diqqət yetir ki, müvafiq mövzu seçəsən. Şagirdin tapşırığının və üzərində işlədiyi dərsin bir-biri ilə uzlaşıb-uzlaşmadığına da fikir ver.
Adətən bacılara verilən tapşırıqlarda şagird şərti vəziyyəti 78 və 82-ci səhifələrdəki təlimata müvafiq şəkildə özü seçir. Ona tərəf müqabili kimi bir nəfəri təyin etmək lazımdır, müəyyən hallarda isə ona iki nəfər kömək edə bilər. Şagird hər hansı vəziyyətə xüsusilə uyğun gələn bir nəfəri köməkçi təyin etməyi xahiş etsə, onun istəyini nəzərə al.
Əlavə siniflər. Məktəbə 50-dən çox şagird yazılıbsa, tapşırıqlarını təqdim etmələri üçün əlavə siniflər təşkil etmək olar. Yerli tələbata uyğun olaraq, əlavə siniflərdə ya bütün tapşırıqlar, ya da son iki tapşırıq təqdim edilə bilər.
Hər əlavə sinifdə məsləhət vermək üçün bacarıqlı qardaş təyin olunmalıdır və yaxşı olar ki, bu, ağsaqqal olsun. Lazım gələrsə, bunu bacarıqlı xidməti köməkçi də edə bilər. Məsləhət verəcək qardaşlar ağsaqqallar şurası tərəfindən təyin olunmalıdır. Məktəbin nəzarətçisi bu qardaşlarla sıx əməkdaşlıq etməlidir ki, təlim alan şagirdin növbəti dəfə harada çıxış etməsindən asılı olmayaraq, ona ardıcıl məsləhətlər versin.
Oxu üzrə məşğələlər. Ağsaqqallar şurası qərar verə bilər ki, yığıncağın keçirildiyi dildə oxumağı öyrənməyə ehtiyacı olanlar var. Belə olan halda Teokratik Xidmət Məktəbinə aid olan məşğələlər təşkil edə bilərsən. Bu məşğələlərin məqsədi ora yazılanlara oxumağı öyrətmək, yaxud onları bu sahədə təkmilləşdirmək ola bilər.
Bu cür məşğələlər Teokratik Xidmət Məktəbində şagirdlərin tapşırıqları ilə paralel keçirilməməlidir. Lazımi köməyi göstərmək üçün məktəbə ayrılandan artıq vaxt tələb oluna bilər. Ağsaqqallar hansı köməyin lazım gəldiyini və məşğələlərin nə vaxt keçirilməli olduğunu müəyyənləşdirə bilərlər. Tələbata uyğun olaraq məşğələ qrup şəklində, yaxud fərdi keçirilə bilər.
Məşğələləri keçirmək üçün bacarıqlı müəllim tələb olunur. Yaxşı olar ki, bu iş oxumağı yaxşı bacaran və dili yaxşı bilən qardaşa həvalə edilsin. Əgər qardaş yoxdursa, ağsaqqallar bacarıqlı və nümunəvi bacıdan məşğələləri aparmağı xahiş edə bilərlər. O, dərs keçərkən başını örtməlidir (1 Kor. 11:3-10; 1 Tim. 2:11, 12).
Bir çox dillərdə «Oxumaqla və yazmaqla məşğul ol» broşürası dərc edilib. Bu broşüranın məqsədi oxuyub-yazmağı öyrətməkdir. Bu məşğələlərə yazılanların oxuma qabiliyyətindən asılı olaraq, başqa tədris vəsaitlərindən də istifadə etmək olar. Şagirdlər oxumağı öyrənəndən sonra Teokratik Xidmət Məktəbinin proqramında iştirak etməyə təşviq olunmalıdırlar.
Teokratik Xidmət Məktəbinin nəzarətçisi kimi, sən yığıncağa böyük fayda gətirə bilərsən. Yaxşı hazırlaş və işinə Romalılara 12:6-8 ayələrindəki nəsihətə uyğun olaraq, Allahdan olan qiymətli tapşırıq kimi yanaş.