Bizi həyatda ən vacib fəaliyyət üçün hazırlayan Məktəb
1 Adətən insanlar, həyatda öz məqsədlərinə nail olmaq üçün təhsil alırlar. Lakin Həyatverənimizi izzətləndirməkdən və başqalarına Onun niyyətləri və yolları haqda öyrənməyə kömək etməkdən daha dəyərli məqsəd varmı? Xeyr. Biz, Teokratik Xidmət Məktəbində Müqəddəs Kitabdan əldə etdiyimiz bilikləri başqaları ilə bölüşməyi öyrənirik. Buna görə də hər həftə Məktəbə gələrək, bu günümüzdə ən vacib olan fəaliyyətdə iştirak etmək üçün zəruri olan vərdişlər əldə edirik.
2 “Bizim Padşahlıq Xidmətimiz”in ötən sayında “Teokratik Xidmət Məktəbinin 2003-cü il üçün proqramı” verilmişdir. Həmin proqramda Məktəbin necə keçiriləcəyi təfsilatı ilə izah olunur. Sən görəcəksən ki, proqramı hər həftə özünlə Teokratik Xidmət Məktəbinə gətirmək praktiki fayda gətirir. 2003-cü ildə keçiləcək Teokratik Xidmət Məktəbinin bə’zi xüsusiyyətlərini nəzərdən keçirək.
3 Tapşırıq № 1. Tədris nitqi ilə çıxış etmək tapşırığı alan qardaşlara xatırlanır ki, “diqqəti müzakirə olunan mə’lumatın praktiki dəyərinə cəlb” etsinlər. Bu o deməkdir ki, yığıncaq üzvlərinə həmin mə’lumatı tətbiq etməyin üsulu göstərilməlidir.
4 Müqəddəs Kitabın oxunması qrafiki. Əgər əvvəllər Müqəddəs Kitabı gündəlik olaraq oxumaq qrafikinə riayət etmək sənə müyəssər olmurdusa, nəyə görə bu il həmin qrafikə riayət etməyə qərar verməyəsən? Belə olarsa, bir il ərzində Yunanca Müqəddəs Yazıları oxuyub qurtara bilərsən.
5 Müqəddəs Kitabdan diqqətəlayiq fikirlər. İştirak edənlər Müqəddəs Kitabdan oxuduqlarına dair öz fikirlərini söyləyə bilsinlər deyə, bu bəndə ayrılan vaxt on dəqiqəyə kimi artırılıb. Bu tapşırıqla çıxış edənlər həmin bənd üçün ayrılmış vaxta dəqiqliklə riayət etməlidirlər. Diqqətəlayiq fikirlər hər həftə, o cümlədən şifahi təkrar keçirilən günlərdə də təqdim ediləcək. Tə’yin olunmuş fəsilləri oxuyarkən, ailəvi öyrənmə zamanı, xidmətdə və ya başqa yerdə tətbiq edə biləcəyin fikirləri özün üçün qeyd et. İnsanlarla və xalqlarla davranışında Yehova hansı xüsusiyyətləri əks etdirmişdi? Oxuduqların sənin imanını necə möhkəmlətdi və Yehovaya olan minnətdarlığını necə artırdı? Tə’yin olunmuş fəsillərdən, o cümlədən 2 №-li tapşırıq üçün ayrılan fəsildən istədiyin ayələri sərbəst müzakirə edə bilərsən, çünki həmin tapşırıqla çıxış edən qardaş ayələrə şərh verməyəcəkdir.
6 Tapşırıq № 2. Hər həftə tədris tapşırığının birincisi ucadan oxumaq olacaqdır. Əsasən material Müqəddəs Kitabın gündəlik oxunmasından götürüləcəkdir. Ayın axırıncı həftəsində isə oxumaq üçün material “Gözətçi Qülləsi”ndən götürüləcəkdir. Tələbə tə’yin olunmuş materialı giriş və son sözlərlə müşayiət etmədən, yalnız oxumalıdır. Bu üsulla o, əsas diqqətini oxumaq vərdişini yaxşılaşdırmağa cəmləşdirə biləcəkdir (1 Tim. 4:13).
7 Tapşırıq № 3 və № 4. Bu tapşırıqlardan bə’ziləri üçün çox, bə’ziləri üçün az material, digərləri üçün isə yalnız mövzu verilmişdir. Kiçik həcmli material və ya yalnız mövzudan ibarət tapşırıq alanlar, məsihçi nəşrlərini tədqiq edərək çıxış üçün sərbəst olaraq material tapmaq imkanı əldə edirlər. Ehtimal ki, bunun sayəsində bacı üçün öz köməkçisinə uyğun gələn tapşırığı seçmək asan olacaq.
8 Şərti vəziyyətlər. Şərti vəziyyətləri Məktəbin nəzarətçisi tə’yin edə bilər. Əgər o tə’yin etmirsə, bacılar şərti vəziyyəti özləri seçə bilərlər. Belə halda yaxşı olardı ki, bacılar real şərti vəziyyət kimi təbliğ xidmətinə və ya xidmətin qeyri-rəsmi tərzdə şəhadət etmək üsuluna üstünlük versinlər. Şərti vəziyyəti özləri seçən bacılar, onu “Məktəb proqramı üzrə tapşırıq” (S-89) blankının ya aşağı hissəsində, ya da arxa tərəfində qeyd etməlidirlər.
9 Məsləhət blankı. Məsləhət blankı “Mə’ruzə söyləmək və tə’lim vermək qabiliyyətini yaxşılaşdırmaq” broşürasının 8-9-cu səhifələrində yerləşir. Buna görə də hər çıxışdan sonra broşüranı Məktəbin nəzarətçisinə verməli olacaqsan. Nəzarətçi, tələbənin hansı dərs üzərində işlədiyini qeyd etməlidir.
10 Şifahi təkrar. Məktəbdə keçirilən materialın təkrarı şifahi olacaqdır. Bu təkrar iki ayda bir dəfə, 30 dəqiqə ərzində keçiriləcək. Təkrar üçün suallar əvvəllər olduğu kimi “Bizim Padşahlıq Xidmətimiz”də dərc olunacaqdır. Əgər şifahi təkrar keçiriləcək həftədə rayon konqresi olacaqsa və ya yığıncağa rayon nəzarətçisi gələcəksə, növbəti həftədə söylənəcək nitqləri bir həftə əvvələ, şifahi təkrarı isə bir həftə sonraya keçirmək lazımdır.
11 Əlavə siniflər. Əgər Məktəbə 50-dən artıq tələbə yazılıbsa, ağsaqqallar əlavə siniflər yaratmaq haqda qərar qəbul edə bilərlər. Sinifləri ya bütün tədris nitqləri üçün, ya da iki sonuncu nitq üçün təşkil etmək olar. Bu məsləhət, bacıların sayı çox, lakin oxumaq üzrə tapşırıqları yerinə yetirmək üçün qardaşların sayı az olan yığıncaqlara aiddir. Ağsaqqallar, bu siniflərdə məşğələlərə rəhbərlik edəcək müvafiq qardaşlar seçməlidirlər.
12 Tədris nitqlərinə məsləhət. Teokratik Xidmət Məktəbinin proqramında qeyd olunduğu kimi, ağsaqqallar şurası, Müqəddəs Kitabdan diqqətəlayiq fikirlərlə və tədris nitqləri ilə çıxış edən ağsaqqallara və xidməti köməkçilərə təklikdə məsləhət verəcək qardaş tə’yin etməlidir. O, məsləhətlərinə başqa ağsaqqalların diqqətlə yanaşdıqları təcrübəli bir qardaş olmalıdır. Onun məsləhətləri praktiki olmalıdır: o, çıxışında yaxşı yerinə yetirdiyi bəndlərə görə natiqi tə’rifləyə və üzərində işləmək lazım gələn bir-iki məqama diqqət yetirə bilər. Tez-tez mə’ruzələrlə çıxış edən qardaşa hər dəfə məsləhət verməyə ehtiyac yoxdur. Buna baxmayaraq, məsləhət verən qardaş gözüaçıq olmalı və başa düşməlidir ki, açıq mə’ruzələrlə çıxış edən qardaşlara da daha çox nailiyyətlər əldə etməyə kömək etmək olar (1 Tim. 4:15).
13 İsa Məsih bilirdi ki, Allahın Padşahlığı haqqında xoş xəbərin təbliğ edilməsi — bir zamanlar insanlara göstərilmiş olan ən böyük şərəfdir. Bu, onun yerə gəlməsinin əsas məqsədi idi (Mark 1:38). O dedi: “Allahın Padşahlığının müjdəsini... təbliğ etməliyəm: çünki, Mən bunun üçün göndərilmişəm” (Luka 4:43, İ–93). İsanın nümunəsini təqlid edərək, biz də xoş xəbərin təbliğ edilməsi ilə güclü surətdə məşğuluq və “həmd qurbanının” keyfiyyətini həmişə yaxşılaşdırmağa çalışırıq (İbr. 13:15). Buna nail olmaq üçün, gəlin həmişə Teokratik Xidmət Məktəbində — bizi həyatda ən vacib fəaliyyət üçün hazırlayan Məktəbdə müntəzəm olaraq iştirak etməyə qəti qərarlı olaq.