ƏLAVƏLƏR
Baş mələk Mikayıl kimdir?
MÜQƏDDƏS KİTABDA baş mələk Mikayıl haqqında cəmi bir neçə dəfə xatırlanır. Ancaq hər dəfə ondan danışılanda, o, fəaliyyətdə olan bir şəxs kimi təsvir olunur. Daniel peyğəmbərin kitabında onun pis mələklərlə döyüşdüyü, Yəhudanın məktubunda Şeytanla mübahisə etdiyi, «Vəhy» kitabında isə, İblis və onun cinləri ilə vuruşduğu deyilir. Yehovanın hökmranlığını müdafiə etməklə və Onun düşmənləri ilə döyüşməklə, Mikayıl özünün «Allaha bənzər kimdir?» adının mə’nasına uyğun davranır. Bəs Mikayıl kimdir?
Bə’zən insanlar bir neçə adla tanınır. Məsələn, qəbilə başçısı Yaqub — İsrail kimi tanınırdı, həvari Peteri isə Şimon deyə çağırırdılar (Yaradılış 49:1, 2; Matta 10:2). Buna bənzər şəkildə, İsa Məsihi yer üzünə gəlməzdən əvvəl və dirildikdən sonra Mikayıl adı ilə də çağırırdılar. Gəlin görək Müqəddəs Kitab bunu necə təsdiq edir?
Baş mələk. Allahın Kəlamında Mikayılın «baş mələk» olduğu deyilir (Yəhuda 9). Müqəddəs Yazılarda «baş mələk» ifadəsi heç vaxt cəm halında işlənmir, yalnız tək halda işlənir. Bu isə söhbətin yalnız bir mələkdən getdiyini göstərir. Maraqlıdır ki, dirildilmiş İsa Məsih haqqında 1 Salonikililərə 4:16 ayəsində deyilir: «Rəbb Özü... baş mələyin sədası... ilə göydən enəcək». Bu ayədə İsanın səsi baş mələyin səsi kimi təqdim olunur. Deməli, İsa baş mələk Mikayıldır.
Ordu Başçısı. Müqəddəs Kitabda deyilir ki, «Mikayıl və onun mələkləri əjdaha ilə vuruşdular. Əjdaha və onun mələkləri onlara qarşı döyüşdülər» (Vəhy 12:7). Deməli, Mikayıl — sadiq mələklər ordusunun Başçısıdır. «Vəhy» kitabında İsa da sadiq mələklər ordusunun Başçısı kimi təsvir olunur (Vəhy 19:14-16). Bundan əlavə, həvari Pavel ‘Rəbb İsa’ və onun «qüdrətli mələkləri» haqqında yazmışdır (2 Salonikililərə 1:7; Matta 16:27; 24:31; 1 Peter 3:22). Müqəddəs Kitab həm Mikayılın, həm də İsanın öz mələkləri olduğunu göstərir (Matta 13:41). Müqəddəs Kitabda göydə müxtəlif başçıları olan sadiq mələklərdən ibarət iki ordunun olduğu haqda heç nə deyilmir. Buna görə də belə nəticəyə gəlmək olar ki, Mikayıl — göylər izzətində olan İsa Məsihin özüdüra.
a Mikayıl adının Allahın Oğluna aid olduğunu göstərən əlavə mə’lumatı Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Yazıların dərk edilməsi» (ing.) ensiklopediyasının 2-ci cildinin 393, 394-cü səhifələrində tapmaq olar.