Oxucularımız soruşur...
İsa baş mələk Mikayıldırmı?
▪ Qısaca desək, bəli. İnsanı müxtəlif adlarla çağırmaq bir çox mədəniyyətlərdə geniş yayılmışdır. Eyni hala Müqəddəs Kitabda da rast gəlmək olar. Məsələn, Yaqub İsrail kimi də tanınırdı (Yaradılış 35:10). Həvari Peter isə Müqəddəs Kitabın orijinal mətninə əsasən, beş müxtəlif adla çağırılırdı: Simeon, Şimon, Peter, Kefa və Şimon Peter (Matta 10:2; 16:16; Yəhya 1:42; Həvarilərin işləri 15:7, 14). Bəs necə əmin ola bilərik ki, Mikayıl İsanın digər adıdır? Gəlin Müqəddəs Kitabdan gətirilən sübutlara nəzər salaq.
Müqəddəs Kitabda Mikayıl adına beş dəfə rast gəlinir. Üçü elə Daniel kitabında yazılıb. Daniel 10:13, 21 ayələrində oxuyuruq ki, müəyyən tapşırığı yerinə yetirmək üçün göndərilən mələyi «baş mələklərdən biri» və ‘başçı’ adlanan Mikayıl xilas edir. Daha sonra Daniel 12:1 ayəsindən dövrün sonunda ‘xalqına mənsub olanların dayağı baş mələk Mikaelin [Mikayılın] qalxacağını’ öyrənirik.
Bundan əlavə, Mikayıl adı Vəhy 12:7 ayəsində də çəkilir. Orada ‘Mikayıl və onun mələklərinin’ vacib bir müharibə apardığı və nəticədə Şeytan İblisi və onun pis mələklərini göydən yerə atdığı təsvir olunur.
Diqqət yetirin ki, yuxarıda danışılan hadisələrin hər birində Mikayıl Allahın xalqı üçün vuruşan və onu müdafiə edən, hətta Yehovanın ən böyük düşməni Şeytana qarşı çıxan cəngavər mələk kimi təsvir olunur.
«Yəhuda» kitabının 9-cu ayəsində Mikayıl «baş mələk» adlanır. Müqəddəs Kitabın orijinal mətninin heç bir yerində «baş mələk» ifadəsi cəmdə işlənmir. Bu ifadə bundan başqa 1 Saloniklilərə 4:16 ayəsində də işlənilir. Orada Pavel dirildilmiş İsanı təsvir edərək deyir: «Rəbb [İsa] Özü yüksək nida ilə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək». Beləliklə, məhz İsa Məsih burada baş mələk adlandırılır.
Yuxarıda deyilənləri nəzərə alaraq hansı nəticəyə gələ bilərik? İsa Məsih baş mələk Mikayıldır. İstər Mikayıl (mənası «Allaha bənzər kimdir?»), istərsə də İsa (mənası «Yehova xilasdır») adı diqqəti onun Allahın hökmranlığının müdafiəçisi kimi oynadığı rola yönəldir. Filipililərə 2:9 ayəsində oxuyuruq: «Allah Onu [İsanı] çox ucaltdı və Ona bütün adlardan üstün olan adı verdi».
Qeyd etməyə dəyər ki, İsanın həyatı insan kimi doğulması ilə başlamadı. İsa doğulmazdan qabaq Məryəmin yanına mələk gəldi və dedi ki, o, müqəddəs ruhun vasitəsilə hamilə qalacaq və dünyaya gələcək uşağın adını İsa qoyacaq (Luka 1:31). İsa xidməti boyu yer üzünə gəlməzdən öncə mövcud olmasından tez-tez danışırdı (Yəhya 3:13; 8:23, 58).
Deməli, İsa yer üzünə gəlməzdən əvvəl baş mələk Mikayıl olmuşdu. Dirilib göyə qayıdandan sonra İsa Mikayıl, yəni baş mələk kimi «Allahın izzəti üçün» əvvəlki xidmətini davam etdirdi (Filipililərə 2:11).