Fəsil 19
Bəlkə, məktəbi atım?
Səncə, məktəbdə neçə il oxumalısan? ․․․․․
Bəs valideynlərinin fikrincə? ․․․․․
CAVABLARINIZ üst-üstə düşür? Bəlkə də, düşür. Buna baxmayaraq, bəzən elə ola bilər ki, səndə məktəbi atmaq istəyi yaransın. Aşağıda haqqında bəhs edilən hisslər sənə tanışdır?
«Hərdən o qədər əldən düşürəm, səhərlər heç yerimdən qalxmaq belə istəmirəm. Belə olanda özümdən soruşuram: “Məktəbə gedib heç vaxt mənə lazım olmayacaq şeyləri öyrənmək nəyimə gərəkdir?”» (Rəsmiyyə).
«Çox vaxt məktəbdən elə bezirəm ki, istəyirəm, hər şeyi atım, gedib bir işə düzəlim, heç olmaya pul qazanaram. Məktəbdən isə mənə bir xeyir gələn deyil» (Con).
«Yeni məktəbə heç cür alışa bilmirdim. Oxumaqla problemim yox idi, ancaq heç kim məni öz aralarına yaxın buraxmaq istəmirdi, buna görə də çox vaxt tək gəzirdim. Hətta hamı tərəfindən rədd olunan digər uşaqlar da mənimlə danışmaq istəmirdilər! Məktəbə getməyə heç həvəsim yox idi» (Rayan).
«Mən hər gün dərslərimi oxumağa dörd saat sərf edirdim! Bitməyən ev tapşırıqları, referatlar və testlər məni o qədər yorurdu ki, tamamilə əldən düşürdüm və hər şeyi atmaq istəyirdim» (Sindi).
«Bir dəfə partlayış təhlükəsi, üç dəfə intihar təşəbbüsü və bandaların hücumları... Bəzən bunlar o qədər dözülməz olurdu ki, artıq məktəbə getmək istəmirdim» (Roza).
Sən də bu kimi problemlərlə qarşılaşırsanmı? Qarşılaşırsansa, onlardan ən çox hansına görə məktəbi atmaq istəyirsən?
․․․․․
Ola bilsin, məktəbi atmaq məsələsində tam ciddisən. Bəs nəyə görə səndə belə bir fikir yaranıb? Kifayət qədər təhsil aldığını düşünürsən? Yoxsa artıq məktəbdən bezmisən və çiynindəki ağır yükdən azad olmaq istəyirsən? Əvvəlcə, gəl məktəbi atmağın nə demək olduğunu müəyyənləşdirək.
Çıxmaq, yoxsa atmaq?
«Məktəbdən çıxmaq»la «məktəbi atmaq» ifadələri arasındakı fərqi necə izah edərdin?
․․․․․
Yəqin bilirsən ki, bəzi ölkələrdə məcburi təhsil 5, 8 və 10-cu siniflərə kimidir. Göründüyü kimi, bütün dünyada uşaqların neçə yaşına və neçənci sinfə kimi oxumalı olduqlarına dair tələblər eyni deyil.
Bundan əlavə, bəzi ölkələrdə bir neçə fənni və ya hamısını evdə oxumağa icazə verilir. Əlbəttə, demək olmaz ki, valideynlərinin razılığı ilə evdə təhsil alan şagirdlər məktəbi atmışlar.
Ancaq əgər sən məktəbdə və ya evdə oxumağından asılı olmayaraq, təhsilini vaxtından əvvəl dayandırmaq istəyirsənsə, aşağıda gətirilən sualların üzərində düşünməlisən.
Qanun nə tələb edir? Artıq qeyd olunduğu kimi, icbari məktəb təhsilinin müddəti, yerindən asılı olaraq, fərqlidir. Sənin yaşadığın ərazidə minimum təhsil müddəti neçə ildir? Bəs sən təhsilini tamamlamısan? Əgər Müqəddəs Kitabın «qoy hər kəs hökumətə tabe olsun» əmrini pozaraq təhsilini vaxtından əvvəl dayandırırsansa, deməli, məktəbi atmış olursan (Romalılara 13:1).
Təhsillə bağlı məqsədimə çatmışam? Təhsilin köməyilə hansı məqsədlərə nail olmaq istəyirsən? Əmin deyilsən? Əslində, olmalısan! Əks təqdirdə, qatara minib hara getmək istədiyini bilməyən sərnişinə bənzəyəcəksən. Buna görə də valideynlərinlə «Təhsil almaqda məqsədim» adlı çərçivədəki suallara cavab yaz. Bu, sənə qarşına konkret hansı məqsədləri qoymalı olduğunu və məktəbdə neçə il oxumalı olduğunu valideynlərinlə birlikdə müəyyən etməyə kömək edəcək (Süleymanın məsəlləri 21:5).
Şübhəsiz ki, müəllimlərin və başqaları neçənci sinfə kimi oxumalı olduğuna dair sənə məsləhətlər verəcəklər. Ancaq son sözü valideynlərin deməlidir (Süleymanın məsəlləri 1:8; Koloslulara 3:20). Əgər sən valideynlərinlə birlikdə qarşınıza qoyduğunuz məqsədlərə çatmamış təhsilinə son qoyursansa, deməli, məktəbi atmış olursan.
Məktəbi atmaqda niyyətim nədir? Özünü aldatma (Yeremya 17:9). Eqoist hərəkətlərinə təmiz niyyətlərlə bəraət qazandırmaq insana xasdır (Yaqub 1:22).
Məktəbdən vaxtından əvvəl çıxmaq üçün əsaslı hesab etdiyin səbəbləri yaz.
․․․․․
Xudbinlikdən irəli gəldiyini hesab etdiyin səbəbləri yaz.
․․․․․
Əsaslı səbəblər kimi nəyi qeyd etmisən? Yəqin, sən valideynlərinə maddi cəhətdən kömək etmək və ya Allaha xidmətini genişləndirmək istəyirsən. Xudbinlikdən irəli gələn səbəblər arasında isə imtahandan və dərs oxumaqdan canını qurtarmaq ola bilər. Əsas odur ki, niyyətlərinin arxasında əsaslı səbəblərin, yoxsa eqoist istəklərin durduğunu müəyyən edəsən.
Yuxarıda yazdıqlarına bir də nəzər sal və 5 ballıq qiymət şkalasına əsasən məktəbi atmaq üçün gətirdiyin səbəbləri dürüstcəsinə qiymətləndir. Yalnız problemlərdən qaçmaq üçün məktəbi atırsansa, ümidlərin mütləq boşa çıxacaq.
Məktəbi atmaqda pis nə var?
Məktəbi yarımçıq qoymaq lazımi yerə çatmamış qatardan tullanmağa bənzəyir. Ola bilsin, qatarla getmək narahatdır, sərnişinlər də bir o qədər mehriban deyillər. Ancaq əgər sən qatardan tullansan, təbii ki, getmək istədiyin yerə çatmayacaqsan, üstəlik, ağır yaralanacaqsan. Buna bənzər tərzdə, məktəbi atsan, təhsil almaqda qarşına qoyduğun məqsədlərə nail olmayacaqsan və gec-tez problemlərin yaranacaq.
Dərhal yaranacaq problemlər. Çox ehtimal ki, iş tapmaq çətin olacaq, tapdığın işin isə maaşı məktəbi bitirənlərə nisbətən az olacaq. Yaşamaq üçün zəruri ehtiyaclarını ödəməkdən ötrü daha çox işləməli olacaqsan, üstəlik, orada əhatə dairən məktəbdəkindən də pis ola bilər.
Sonradan yaranacaq problemlər. Araşdırmalar göstərir ki, məktəbi atan insanların çox vaxt sağlamlıqları zəif olur, həbsə düşürlər və sosial yardıma möhtac olurlar.
Əlbəttə, məktəbi bitirmək bu problemlərdən qurtulacağına zəmanət vermir. Axı niyə məktəbi ataraq öz vəziyyətini daha da çətinləşdirəsən?
Oxumağın faydası
İmtahanları verə bilməyəndə və ya məktəbdə günün ağır keçəndə hər şeyi atıb getmək istəyə bilərsən, gələcək problemlər indiki əziyyətlərinin yanında heç nə kimi görünə bilər. Ancaq daha «asan» yol seçməzdən qabaq, fəslin əvvəlində adları çəkilən, məktəbi yarımçıq qoymadıqları üçün xeyir tapan gənclərin sözlərinə nəzər salaq.
«Mən səbirli və dözümlü olmağı öyrəndim. Həmçinin bir şeyi də öyrəndim ki, gördüyüm işin xoşuma gəlməsini istəyirəmsə, ona baxış tərzimi dəyişməliyəm. Oxumağa davam etməklə qrafik-dizayn bacarığımı inkişaf etdirdim. Bu, mənə gələcəkdə lazım olacaq» (Rəsmiyyə).
«Başa düşdüm ki, var gücümlə çalışsam, istədiyimə nail ola bilərəm. Hal-hazırda məktəbdə texniki təlim kursu keçirəm. Bu, mənə tipoqrafiyada işləmək üçün lazım olacaq» (Con).
«Mən təslim olmadım, mükəmməl oxuyub-yazmaq bacarığına yiyələndim. Məktəb mənə öz fikirlərimi aydın və məntiqli şəkildə ifadə etməyi və tənqidə düzgün yanaşmağı öyrətdi. Yehovaya xidmət edərkən bunun mənə çox faydası olur» (Rayan).
«Məktəb istər sinifdə, istərsə də başqa yerdə yaranan problemləri həll etmək bacarığımı artırdı. İnsanlarla yola getməyi, dərslər və sairə kimi problemlərdən baş çıxartmağı öyrənməyin sayəsində xeyli yetkinləşdim» (Sindi).
«Məktəb mənə iş yerində yaranacaq çətinliklərə hazır olmağa kömək etdi. Orada elə vəziyyətlərlə üzləşirdim ki, tez-tez imanımın nəyə əsaslandığını yoxlamalı olurdum. Bunun sayəsində imanım möhkəmləndi» (Roza).
Müdrik padşah Süleyman yazır: «Bir şeyin axırı əvvəlindən yaxşıdır. Səbirli adam qürurludan yaxşıdır» (Vaiz 7:8). Beləliklə, məktəbi yarımçıq qoymaqdansa, orada yaranan problemləri səbirlə həll etməyi öyrən. Onda nəticə düşündüyündən də yaxşı olacaq.
Əgər məktəbə nifrət etməyinə səbəb müəlliminlə aranda problemin olmasıdırsa, onda necə?
AÇAR AYƏ
“Çalışqanın niyyəti xeyir gətirər, tələsən ehtiyac içinə düşər” (Süleymanın məsəlləri 21:5).
MƏSLƏHƏT
Əgər məktəbdəki mühit sənin üçün dözülməzdirsə, öyrən gör, tezləşdirilmiş proqram üzrə təhsil alaraq məktəbi ekstern yolu ilə bitirmək mümkündürmü.
BİLİRSƏN... ?
Əksər hallarda məktəbi atanlar tez-tez dərsləri buraxan uşaqlar olur.
HƏRƏKƏT PLANI!
Məktəbdə çətinliyim yaranarsa, məktəbi atmaq əvəzinə mən... ․․․․․
Həddən artıq yorulduğum üçün məktəbi atmaq fikrinə düşsəm, bunun öhdəsindən gələ bilərəm, əgər mən... ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Yaxşı oxuyub-yazmağı və hesablamağı bacarmaq nəyə görə vacibdir?
● Qarşına məqsədlər qoymağın dərsdən maksimum fayda əldə etməkdə sənə necə kömək edəcək?
● Məktəbi bitirdikdən sonra harada işləmək istədiyini bilməyin nəyə görə vacibdir?
[140–cı səhifədəki yazı]
“Problemlərdən qaça bilməzsən. Məktəbdə oxumaq insana özünü müdafiə etməyi öyrədir. Bu, hər yerdə — istər işdə, istərsə də başqa yerdə insana gərəkdir” Ramona
[139–cu səhifədəki çərçivə]
Çərçivə
Təhsil almaqda məqsədim
Təhsilin əsas məqsədi səni iş tapmağa, özünü və quracağın ailəni maddi cəhətdən təmin etməyə hazırlamaqdır (2 Salonikililərə 3:10, 12). Nə işlə məşğul olmaq istədiyinə artıq qərar vermisən? Bunun üçün məktəbdə hansı bacarığa yiyələnə bilərsən? Qarşına qoyduğun məqsədə necə nail olacağını bilmək üçün özünə növbəti sualları ver:
Hansı güclü cəhətlərə malikəm? (Məsələn, insanlarla dil tapa bilirsən? Əllərinlə işləməyi — nə isə düzəltməyi və ya təmir etməyi xoşlayırsan? Bəlkə, sənin problemləri ayırd etmək və çətin vəziyyətlərdən asan çıxış yolu tapmaq qabiliyyətin var?) ․․․․․
Hansı iş güclü cəhətlərimi üzə çıxartmağa imkan yaradacaq? ․․․․․
Yaşadığım ərazidə hansı sahələrdə iş tapmaq mümkündür? ․․․․․
Gələcəkdə iş tapmaq üçün məktəbdə hansı dərsləri oxumalıyam? ․․․․․
Öz məqsədimə çatmaq üçün məktəbdə daha hansı imkanlardan istifadə edə bilərəm? ․․․․․
Yadda saxla ki, sənin məqsədin həyatda yararlı olacaq təhsil almaqdır. Bu səbəbdən, başqa bir ifrata vararaq əbədi tələbəyə — «qatardan düşə bilməyən» və yetkin həyata qədəm qoymaqdan qorxan tələbəyə çevrilməa.
[Haşiyə]
a Əlavə məlumatı 2-ci cildin 38-ci fəslindən tapa bilərsən.
[138 və 139–cu səhifələrdəki şəkil]
Məktəbi yarımçıq qoymaq getdiyin yerə çatmamış qatardan tullanmağa bənzəyir