FƏSİL 6
Yığıncaq xidmətçilərinin dəyərli xidməti
HƏVARİ Bulus filippililərə məktubunda yazmışdı: «Məsih İsanın qulları Bulus və Timutidən Məsih İsa ilə vəhdətdə olan Filippidəki bütün müqəddəslərə, nəzarətçilərə və yığıncaq xidmətçilərinə məktub» (Filip. 1:1). Diqqət yetirdinizsə, həvari məktubda yığıncaq xidmətçilərinin də adını çəkir. Görünür, bu qardaşların yığıncaq işlərində ağsaqqallara göstərdiyi kömək əvəzsiz idi. Bu gün də yığıncaq xidmətçilərinin ağsaqqallara böyük köməyi dəyir. Onların əməyi sayəsində yığıncaqda nizam-intizam hökm sürür.
2 Yığıncağınızda kimin yığıncaq xidmətçisi olduğunu bilirsiniz? Onların sizin və yığıncağın rifahı üçün hansı işləri gördüyündən xəbəriniz var? Yehova Allah onların zəhmətini yüksək qiymətləndirir. Həvari Bulus onlar haqda yazırdı: «Ləyaqətlə xidmət edənlər yaxşı ad qazanır və Məsih İsaya gətirdikləri iman barədə alnıaçıqlıqla danışırlar» (1 Tim. 3:13).
YIĞINCAQ XİDMƏTÇİLƏRİ ÜÇÜN MÜQƏDDƏS KİTAB TƏLƏBLƏRİ
3 Yığıncaq xidmətçisi bir məsihi kimi ağıllı-kamallı və məsuliyyətli olmalı, işinə ciddi yanaşmalıdır. Bu, həvari Bulusun Timutiyə yazdığı məktubda sadalanan tələblərdən görünür: «Yığıncaq xidmətçiləri də eynən ciddi olmalıdırlar. Onlar ikiüzlü, şərab düşkünü, haram qazanc hərisi olmamalı, təmiz vicdanla imanın müqəddəs sirrini qorumalıdırlar. Qoy əvvəlcə onların yararlı olub-olmadığı sınansın. Əgər qüsursuzdurlarsa, qoy yığıncaqda xidmətçi kimi xidmət etsinlər. Yığıncaq xidmətçisi tək bir qadınla evli olmalıdır. O, uşaqlarını və ev əhlini yaxşı idarə etməlidir» (1 Tim. 3:8—10, 12). Onlar yığıncaq xidmətçiləri üçün olan yüksək tələblərə uyğun yaşamalıdırlar ki, heç kim yığıncağı xüsusi məsuliyyətlər həvalə olunan bu insanlara görə ittiham etməsin.
4 Cavan və ya yaşlı olmalarından asılı olmayaraq, yığıncaq xidmətçiləri təbliğdə hər ay fəal olmalıdırlar. Onlar İsa Məsihdən örnək alıb canla-başla təbliğ edir, Yehova Allah kimi, insanların xilas olmağını istəyirlər (1 Tim. 2:4).
5 Yığıncaq xidmətçiləri geyimdə, xarici görünüşdə, danışıqda, düşüncə tərzində və davranışda nümunəvi olmalıdırlar. Sağlamdüşüncəli olmaqla onlar başqalarının hörmətini qazana bilərlər. Onlar Yehova ilə münasibətlərini və yığıncağa xidmət etmək şərəfini yüksək qiymətləndirirlər (Tit. 2:2, 6—8).
6 Bu qardaşların təyinata yararlı olub-olmadıqları sınanıb. Hətta təyin olunmazdan əvvəl onlar həyatlarını Yehovaya, sözün əsl mənasında, həsr etdiklərini sübut ediblər. Həmçinin təsdiq ediblər ki, Yehova Allahın işi onlar üçün hər şeydən üstündür və tapşırılan hər işi görməyə hazırdırlar. Bu qardaşlar yığıncaq üçün gözəl nümunədir (1 Tim. 3:10).
YIĞINCAQ XİDMƏTÇİLƏRİNİN İŞİ
7 Yığıncaq xidmətçiləri bacı-qardaşların rifahı üçün çoxsaylı işlər görürlər. Bunun sayəsində ağsaqqalların təlim verməyə və yığıncağın qeydinə qalmağa daha çox vaxtları qalır. Ağsaqqallar şurası bu qardaşlara tapşırıq verəndə onların qabiliyyətini və yığıncağın tələbatlarını nəzərə alır.
Yığıncaq xidmətçiləri bacı-qardaşların rifahı üçün çoxsaylı işlər görürlər. Bunun sayəsində ağsaqqalların təlim verməyə və yığıncağın qeydinə qalmağa daha çox vaxtları qalır
8 Gəlin bu qardaşların gördüyü işin bir neçəsini nəzərdən keçirək. Onlardan hansınasa ədəbiyyata baxmaq tapşırılır. Bunun sayəsində həm şəxsi, həm də xidmətdə istifadə üçün ədəbiyyatımız olur. Bəzilərinə isə yığıncağın maliyyə hesabatı və ya sahələr həvalə olunur. Kimisi mikrofona, kimisi səsgücləndirici avadanlığa baxır, kimisi yığıncağa gələnlərə xidmət edir, kimisi də başqa işlərdə ağsaqqallara kömək edir. İbadət evinə qulluq etmək və oranı təmiz saxlamaq çoxlu güc tələb etdiyi üçün, adətən, bu məsuliyyət yığıncaq xidmətçilərinin üzərinə düşür.
9 Bəzi yığıncaqlarda bu işlərin hər biri ilə ayrı-ayrı qardaşlar məşğul olur. Elə yığıncaqlar var ki, bir neçə işi bir qardaş icra edir. Bəzi hallarda isə bir işi bir neçə qardaş yerinə yetirir. Yığıncaqda yığıncaq xidmətçisi azdırsa, ağsaqqallar şurası vəftiz olunmuş nümunəvi qardaşlara yuxarıdakı işlərdən bəzilərini tapşıra bilər. Bunun sayəsində həmin qardaşlar təcrübə toplayacaq və gələcəkdə yığıncaq xidmətçisi təyin olunanda yığıncağa daha çox fayda gətirəcəklər. Bacılar yığıncaq xidmətçisi təyin olunmasalar da, qardaş olmayan yığıncaqlarda bəzi işləri nümunəvi bacıya tapşırmaq olar. Nümunəvi insan davranışı və ibadəti ilə başqalarına gözəl örnək olan insandır. Nümunəvi qardaşın və ya bacının ibadət görüşlərində iştirak etməyi, xidmət etməyi, ailə həyatı, əyləncə seçimi, geyinib-kecinməyi və həyatının digər sahələri başqalarına nümunə olmalıdır.
10 Əgər yığıncaqda ağsaqqal çox azdırsa, vəftiz olmaq istəyən adamla Müqəddəs Kitab təlimləri ilə bağlı sual-cavabı təcrübəli yığıncaq xidmətçisi apara bilər. Suallar «Əlavələr» bölməsinin «Məsihi etiqadları» adlı I hissəsində yerləşir. «Məsihi həyatı» adlı II hissədə insanın şəxsi həyatı ilə bağlı həssas məsələlərə toxunulduğu üçün bu hissənin sual-cavabını ağsaqqal aparmalıdır.
11 Hərdən əsaslı səbəblərə görə ağsaqqallar şurası yığıncaq xidmətçilərinin tapşırıqlarını dəyişə bilər. Ancaq yaxşı olardı ki, bu qardaşlar bir müddət eyni işlə məşğul olub təcrübə toplasınlar və bacarığa yiyələnsinlər.
12 Bəzi ərazilərdə inkişafı aydın görünən yığıncaq xidmətçilərinə başqa tapşırıqlar da verilə bilər (1 Tim. 4:15). Əgər kifayət qədər ağsaqqal yoxdursa, yığıncaq xidmətçisi qrup nəzarətçisinin köməkçisi, bəzi hallarda isə qrup xidmətçisi təyin oluna bilər, lakin onun işinə ağsaqqallar nəzarət etməlidir. Yığıncaq xidmətçiləri, ehtiyac yaranarsa, Məsihi həyatı və ibadəti görüşündə müəyyən bəndlərlə çıxış etməyə, eləcə də Müqəddəs Kitab dərsini keçirməyə və məruzə ilə çıxış etməyə təyin oluna bilər. Əgər böyük ehtiyac varsa və yığıncaq xidmətçiləri qoyulan tələblərə cavab verirlərsə, onlara əlavə tapşırıqlar verilə bilər (1 But. 4:10). Yığıncaq xidmətçiləri ağsaqqallara ürəkdən kömək etməlidirlər.
13 Yığıncaq xidmətçilərinin işi ağsaqqalların işindən fərqlənsə də, onlar Allaha müqəddəs xidmətdə az iş görmürlər, onların əməyi sayəsində yığıncaqda nizam-intizam hökm sürür. Yığıncaq xidmətçiləri öz məsuliyyətlərini yaxşı yerinə yetirirlərsə, nəzarətçi və müəllim kimi yetişiblərsə, onları ağsaqqal məsuliyyətinə tövsiyə etmək olar.
14 Əziz yeniyetmələr və yeni vəftiz olmuş qardaşlar, siz yığıncaq xidmətçisi olmağa can atırsınızmı? (1 Tim. 3:1). Hər il çox sayda insan Yehovaya ibadətə qoşulur, bu səbəbdən yığıncaqlarda ruhani cəhətdən yetkin və məsul qardaşlara tələbat artır. Başqalarına cani-dildən kömək etməklə bu məsuliyyətlərə can atmış olursunuz. Bunun üçün İsanın nümunəsi üzərində düşünün (Mət. 20:28; Yəh. 4:6, 7; 13:4, 5). Fədakar və səxavətli olmağın gətirdiyi sevinci duyduqca başqalarına kömək etmək arzunuz güclənəcək (Həv. 20:35). Buna görə də başqalarına kömək etməyə, ibadət evinə qulluq göstərməyə və lazım gəldikdə Məsihi həyatı və ibadəti görüşündə şagird tapşırıqlarında kimisə əvəz etməyə həmişə hazır olun. Məsuliyyətə can atan qardaş həmçinin müntəzəm mütaliə edərək ruhani keyfiyyətlərə yiyələnməlidir (Zəb. 1:1, 2; Qal. 5:22, 23). Bundan əlavə, o, yığıncaqda tapşırıq alanda etibarlı və sadiq insan olduğunu sübut etməlidir (1 Kor. 4:2).
15 Yığıncaq xidmətçiləri Allahın müqəddəs ruhu ilə təyin olunurlar. Yığıncaqda olan hər kəs bu qardaşlarla əməkdaşlıq etməklə onların zəhmətini qiymətləndirdiyini göstərir. Bununla yığıncaq həmçinin Yehovanın Öz evində nizam-intizamı qorumaq üçün gördüyü tədbiri dəstəkləmiş olur (Qal. 6:10).