FƏSİL 11
İbadət yerlərimiz
YEHOVA Allahın xidmətçilərinə təlim almaq və bir-birilərini ruhlandırmaq üçün birgə toplaşmaq buyrulub (İbr. 10:23—25). Allahın seçilmiş xalqı olan israillilərin ilk ibadət yeri Müqəddəs çadır, yəni Hüzur çadırı olub (Çıx. 39:32, 40). Sonralar Davud padşahın oğlu Süleyman Allahın şərəfinə ev, yəni məbəd tikmişdi (1 Pad. 9:3). Bu məbəd eramızdan əvvəl 607-ci ildə yerlə-yeksan ediləndən sonra yəhudilər sinaqoq adlanan tikililərdə Allaha ibadət edirdilər. Məbəd bərpa olunandan sonra yenidən pak ibadətin mərkəzinə çevrildi. İsa həm sinaqoqlarda, həm də məbəddə təlim verirdi (Luka 4:16; Yəh. 18:20). O hətta camaatı yığıb dağda da təlim verirdi (Mət. 5:1—7:29).
2 İsanın ölümündən sonra məsihilər ictimai yerlərdə və evlərdə yığışıb Müqəddəs Yazıları öyrənir və bir-biriləri ilə xoş ünsiyyət edirdilər (Həv. 19:8, 9; Rom. 16:3, 5; Kol. 4:15; Flm. 2). Hərdən ilk məsihilər təqibçilərin əlinə keçməmək üçün xəlvət yerlərdə yığışırdılar. Sözsüz ki, Allahın qədimdə yaşamış sadiq xidmətçilərinin ibadət yerlərində yığışmaqda əsas məqsədi Yehovadan elm almaq olub (Əşy. 54:13).
3 Bu gün də məsihilər ibadət görüşlərini ictimai yerlərdə və evlərdə keçirirlər. Evlərdə əsas etibarilə təbliğ üçün görüşlər keçirilir. Evlərini bu məqsəd üçün təqdim edənlər bunu özlərinə şərəf bilir və bunun onlara ruhani fayda gətirdiyini söyləyirlər.
İBADƏT EVİ
4 Yehovanın Şahidləri ibadət görüşlərini əsasən öz ibadət evlərində keçirirlər. Adətən, torpaq sahəsi alınır və yeni ibadət evi tikilir, yaxud da hazır bina alınıb orada yenidənqurma işləri aparılır. Vəsaitə qənaət etmək və binalardan tam şəkildə yararlanmaq məqsədilə bəzi hallarda bir ibadət evində bir neçə yığıncaq toplaşır. Bəzi ərazilərdə isə icarəyə yer götürmək daha əlverişli olur. Yeni tikilmiş və yenidənqurma işləri aparılmış ibadət evləri üçün, adətən, həsrolunma mərasimi keçirilir. Amma ibadət evində cüzi təmir işləri aparılıbsa, bu mərasimi keçirməyə ehtiyac yoxdur.
5 İbadət evi başqalarında təəssürat oyadan dəbdəbəli tikili olmamalıdır. Binaların tikilişi ərazidən əraziyə fərqlənsə də, əsas odur ki, tikildiyi məqsədə xidmət etsin (Həv. 17:24). Bu binalar, yerli şəraitdən asılı olaraq, ibadət görüşlərini keçirmək üçün əlverişli və rahat olmalıdır.
6 Yehovanın Şahidlərinin bütün yığıncaqları öz ibadət evlərini qorumaq, ona qulluq göstərmək üçün vəsait ayırırlar. Amma heç kəsdən pul yığılmır, heç kəs ianə etməyə məcbur edilmir. Binanın istismarı ilə bağlı məsrəfləri ödəmək üçün içəridə ianə qutuları qoyulur. Beləcə, görüşə gələnlər ianə edə bilərlər. Onlar bunu könül xoşluğu ilə və ürəkdən edirlər (2 Kor. 9:7).
7 Bütün yığıncaqlar ibadət evlərini maddi cəhətdən dəstəkləməyi, təmizlik işlərində iştirak etməyi və binalara qulluq göstərməyi özlərinə şərəf bilirlər. Bu işlərin cədvəlini tutmaq, adətən, ağsaqqala və ya yığıncaq xidmətçisinə tapşırılır. Əksər hallarda təmizlik işini təbliğ qrupları görür; onlara qrup nəzarətçisi, yaxud onun köməkçisi başçılıq edir. İbadət evlərinin həm daxili, həm də xarici görünüşü Yehova Allahı və Onun təşkilatını layiqincə təmsil etməlidir.
Bütün yığıncaqlar ibadət evlərini maddi cəhətdən dəstəkləməyi, təmizlik işlərində iştirak etməyi və binalara qulluq göstərməyi özlərinə şərəf bilirlər
8 Bir ibadət evində bir neçə yığıncaq yığışanda yığıncaqların ağsaqqalları ibadət evinin istismar komitəsini təşkil edir. Bu komitə bina və onun ərazisi ilə bağlı işlərlə məşğul olur. Ağsaqqal şuraları bir qardaşı istismar komitəsinin koordinatoru seçir. Ağsaqqal şuralarının nəzarəti altında fəaliyyət göstərən bu komitə ibadət evinin təmizliyinə, təmirinə və zəruri ləvazimatların ehtiyatda olmasına nəzarət edir. Bu işdə yığıncaqlar arasında əməkdaşlıq mütləqdir.
9 Əgər bir ibadət evindən bir necə yığıncaq istifadə edirsə, görüşlərin cədvəli tutulur. Vaxtaşırı cədvəldə dəyişiklik etmək olar. Cədvəli tutarkən ağsaqqallar bir-birini nəzərə almalı və qardaşlıq məhəbbəti göstərməlidirlər (Filip. 2:2—4; 1 But. 3:8). Heç bir yığıncaq digər yığıncaqların əvəzinə qərar verə bilməz. Rayon nəzarətçisi ibadət evində yığışan yığıncaqlardan birini ziyarət edəndə, lazım gələrsə, digər yığıncaqların həmin həftə üçün cədvəlində dəyişiklik edilir.
10 Yığıncağın xidmət komitəsinin icazəsi ilə ibadət evində toy və dəfn məruzəsi söyləmək olar. Komitədəki ağsaqqallar bu barədə müraciəti diqqətlə nəzərdən keçirir və filialın təqdim etdiyi göstərişə əsasən qərar verir.
11 İbadət evindən bu məqsədlə istifadə etməyə icazəsi olan kəslərdən özlərini məsihiyə yaraşan tərzdə aparmaq gözlənilir. İbadət evində yığıncağı büdrədəcək, Yehovanın və yığıncağın adına ləkə gətirəcək heç bir hərəkətə yol verilməməlidir (Filip. 2:14, 15). Filialın göstərişi ilə ibadət evində Məsul Qardaşlar üçün Məktəb və Öncül Məktəbi kimi ruhani tədbirlər keçirilə bilər.
12 Yığıncaqlar ibadət yerlərinə hörmətlə yanaşmalıdırlar. Ora gələnlərin geyimi, xarici görünüşü və davranışı Yehovaya ibadətə yaraşan tərzdə olmalıdır (Vaiz 5:1; 1 Tim. 2:9, 10). Bununla bağlı məsləhətlərə əməl etməklə biz ibadət görüşlərini qiymətləndirdiyimizi göstəririk.
13 Görüş vaxtı nizam-intizama əməl etmək vacibdir. Valideynlərə məsləhət görülür ki, uşaqlarını yanlarında otuzdursunlar. Körpə uşağı olan valideynləri təşviq etmək lazımdır ki, bayıra çıxıb uşağı sakitləşdirmək və ya hansısa ehtiyacını ödəmək lazım gələndə heç kimə mane olmamaq üçün münasib yerdə otursunlar.
14 Münasib qardaşlar ibadət evindəki görüşlər zamanı xidmətçi təyin olunurlar. Onlar diqqətli, mehriban olmalı, vəziyyətə düzgün qiymət verməyi bacarmalıdırlar. Onların işinə yeni gələnləri səmimi salamlamaq, onlara yer göstərmək, görüşə gecikənlərə yer tapmağa kömək etmək, iştirakçıların sayını hesablamaq, istilik və ventilyasiya sisteminə nəzarət etmək daxildir. Lazım gəldikdə, xidmətçilər valideynlərə xatırlatmalıdırlar ki, uşaqlarına nəzarət etsinlər, görüşdən əvvəl və sonra qaçmağa, səhnədə oynamağa qoymasınlar. Uşaq nadinclik edəndə xidmətçilər mehribancasına və nəzakətlə valideyndən xahiş etməlidirlər ki, başqalarının diqqətini daha çox yayındırmamaq üçün uşağı bayıra çıxarsın. Xidmətçilərin zəhməti sayəsində hamı görüşə diqqətlə qulaq asa bilir. Bu işə ağsaqqalları və yığıncaq xidmətçilərini təyin etmək münasib olardı.
İBADƏT EVLƏRİNİN TİKİNTİSİ
15 Birinci əsrdə bəzi məsihilər digərlərinə nisbətən daha imkanlı olduğu üçün həvari Bulus yazmışdı: «Qoy indi sizdəki bolluq onlardakı əskikliyi, onlardakı bolluq da sizdəki əskikliyi doldursun və beləcə, bərabərlik olsun» (2 Kor. 8:14). Bu bərabərlik prinsipi bu gün də tətbiq olunur. Bütün dünyadakı yığıncaqlardan toplanan vəsaitin hesabına ibadət evləri tikilir və yenidən qurulur. Təşkilat və bu ianələrdən yararlanan yığıncaqlar səxavətinə görə bütün dünyadakı bacı-qardaşlara ürəkdən minnətdardırlar.
16 Hər yığıncağın hansı ibadət evində yığışacağına filial ərazi ilə bağlı planına əsasən qərar verir. Filial öz ərazisində yeni ibadət evlərinin nə vaxt və harada tikiləcəyinə qərar verir, həmçinin hansı ibadət evində nə vaxt əsaslı təmir işlərinin aparılacağını müəyyən edir. Eləcə də, təbii fəlakət baş verəndə xəsarət almış ibadət evlərinin, hətta bəzi hallarda bacı-qardaşların evlərinin təmirini təşkil edir.
17 Filial əmlakın alınmasında, ibadət evinin layihələşdirilməsində, tikintisinə icazənin alınmasında, tikilməsində və təmirində iştirak edən könüllülərin işinə nəzarət edir. Bir çox ölkələrdə ibadət evlərinə böyük tələbat olduğundan çoxlu könüllüyə ehtiyac var. Əgər siz vəftiz olmuş nümunəvi təbliğçisinizsə və bu işdə kömək etmək istəyirsinizsə, blank doldurub aid olduğunuz yığıncağın xidmət komitəsinə verin. Vəftiz olmamış təbliğçilər belə, öz ibadət evlərinin tikinti və təmir işlərində kömək edə bilərlər.
TOPLANTI ZALLARI
18 İlk məsihilər əsas etibarilə kiçik qruplarla yığışırdılar. Lakin bəzi hallarda daha böyük qruplarla toplaşırdılar (Həv. 11:26). Eynilə, bu gün də böyük toplantılarda çoxlu sayda Yehovanın Şahidi bir yerə toplaşır. Adətən, bu görüşlər üçün icarəyə yer götürülür. İcarəyə yer götürmək münasib olmayanda və ya yer tapılmayanda toplantı zalı üçün bina, yaxud yer alınır.
19 Bəzi hallarda, bina alınır, yenidən qurulur və toplantı zalı kimi istifadə olunur. Əksər hallarda isə torpaq sahəsi alınıb yeni zal tikilir. Toplantı zalının ölçüsü ərazinin tələbatından asılı olur. Filial bu binaların alınmasına və ya tikilməsinə qərar verməzdən əvvəl, çox diqqətlə məsrəfləri hesablayır və zalın nə qədər tez-tez istifadə olunacağını götür-qoy edir.
20 Filial toplantı zalına qulluq göstərmək və binanı yaxşı vəziyyətdə saxlamaq üçün qardaşlar təyin edir. Zalı müntəzəm təmizləmək, ildə iki dəfə əsaslı təmizlik işləri aparmaq, həmçinin texniki xidmət göstərmək üçün müəyyən tədbirlər görülür. Bu işlərdə bacı-qardaşların könüllü olaraq iştirak etməsi yaxşı olardı. Buna görə də yığıncaqları bu tədbirlərdə ürəkdən iştirak etməyə çağırırıq (Zəb. 110:3; Məl. 1:10).
21 Bəzən toplantı zalı digər teokratik tədbirlər üçün, məsələn, Müqəddəs Kitab məktəbləri və rayon nəzarətçilərinin xüsusi görüşləri üçün istifadə olunur. İbadət evləri kimi, toplantı zalları da ibadətə həsr olunmuş yerlərdir. İbadət evinə gələndə necə davranırıqsa, necə geyinib-keciniriksə, toplantı zalına gələndə də o cür davranmalı və o cür geyinib-kecinməliyik.
22 Bu axırzamanın sonunda çox sayda insan Yehovanın təşkilatına qoşulur. Bu, bir daha sübut edir ki, Yehova bizimlədir (Əşy. 60:8, 10, 11, 22). Buna görə də ibadət yerlərinin alınması, təmiz və rahat olması üçün görülən bütün tədbirləri ürəkdən dəstəkləməliyik. Bununla bu ibadət yerlərinə görə minnətdarlığımızı bildirmiş oluruq, çünki bu yerlərdə yığışaraq biz bir-birimizi ruhlandırırıq, xüsusən də Yehovanın günü yaxınlaşan bir vaxtda.