Padşahlıq Zalına hörmətlə yanaşırsanmı?
1 «Nə yaxşıdır, nə xoşdur qardaş olub, bir yaşamaq!» (Məz. 133:1). Padşahlıq Zalında keçirilən görüşlərimiz bizim üçün qardaşlarımızla bir yerdə olmağa şərait yaradır və bunun sayəsində bir-birimizi məhəbbətə və xeyirli işlərə təşviq edə bilirik (İbr. 10:24, 25).
2 Həyatımızda belə vacib rol oynayan Padşahlıq Zalına həqiqətən də hörmətlə yanaşırıqmı? Padşahlıq Zalı həmin ərazidə həqiqi ibadətin mərkəzidir. Buna görə də onu yüksək qiymətləndirməliyik. Onu təmiz və yaxşı vəziyyətdə saxlamaq üçün hər birimiz əlimizdən gələni etməliyik. Vaxtaşırı kitaböyrənmə qrupumuz zalı təmizləməyə tə’yin oluna bilər. Bu işdə bizim də iştirak etmək imkanımız varsa, bunu həvəslə etməliyik. Belə davranmaqla təmiz və yaraşıqlı görüş yerimizi qiymətləndirdiyimizi göstərəcəyik.
3 Zalı təmizləmək növbəmiz olub-olmamasına baxmayaraq, hamımız Padşahlıq Zalında səliqə-sahmanı qoruya bilərik. Necə? Məsələn, zala girəndə ayaqlarımızı silə bilərik ki, döşəməni çirkləndirməyək. Bunu, xüsusilə sərt havalarda etmək vacibdir. Əllərimizi yuyandan sonra təmiz qalması üçün, əlüzyuyanı hərtərəfli silə bilərik. Ədəbiyyata baxan qardaşlar boş qutuları dərhal atmaqla təmizliyin qayğısına qaldıqlarını göstərə bilərlər. Lazım olmayan şeylər onlar üçün nəzərdə tutulan xüsusi yerlərə qoyulmalıdır. Döşəmədə kağız və ya başqa zibil görsək, başqasının götürəcəyini gözləmək əvəzinə, bunu özümüz etməliyik. «Bizim Padşahlıq Xidmətimiz»in 2000-ci il, oktyabr sayının «Suallar qutusu»nda e’lanlar lövhəsini səliqəli saxlamaq barədə məsləhətlər verilir. Sədrlik edən nəzarətçinin göstərişinə müvafiq olaraq hamı bu məsləhətə əməl etməlidir (km 10/00 s. 7, rus.).
4 Bütün bunlar konqreslərə də aiddir. Konqres keçirilən yer, Konqres Zalı və ya başqa bina olmasından asılı olmayaraq, təmiz ibadətin mərkəzidir və bizim hörmətimizə layiqdir. Oradan çıxanda oturduğumuz yerdə zibil qalıb-qalmadığını yoxlamalıyıq. Biz həmişə əməkdaşlıq etməyə hazır olmalıyıq və düşünməməliyik ki, yığışdırmağa tə’yin olunanlar bizdən sonra oraları təmizləməlidirlər.
5 Ümumi Zal. Daşınmaz əmlak baha olduğu üçün bir çox yerlərdə Padşahlıq Zalından bir neçə yığıncaq istifadə edir. Şəhər yerlərində beş və ya altı yığıncağın yalnız bir Padşahlıq Zalı olur. Hər yığıncaq zalın qayğısına qalmalı və başa düşməlidir ki, bura Yehovaya məxsusdur və Ona ibadət etmək üçün istifadə olunur. Bizi Padşahlıq Zalına hörmətlə yanaşmağa təkcə Yehovaya deyil, həm də zaldan istifadə edən başqa yığıncaqdakı qardaşlara məhəbbətimiz təşviq edəcək.
6 Adətən Padşahlıq Zalı həftədə bir dəfə yığışdırılır. Əgər zaldan bir neçə yığıncaq istifadə edirsə, hər görüşdən sonra təmizləmək lazımdır ki, növbəti yığıncaq gələndə zal təmiz olsun. Bunu, bazar günləri görüşlər bir-birinin arxasınca keçiriləndə də etmək lazımdır. Vaxtdan asılı olaraq, növbəti yığıncaq gələnə kimi bə’zi təmizlik işləri aparmaq olar. Eyni gündə zaldan bir neçə yığıncaq istifadə edəndə, onlardan heç biri zalı yığışdırmasa, günün axırında zalda səliqə-sahman qalmaz.
7 Ruhani məsələlərdə ‘hamımız eyni düşüncədə və eyni rə’ydə birləşdiyimiz’ kimi, gəlin Padşahlıq Zalına hörmətlə yanaşmaqda da birləşək (1 Kor. 1:10).