Yeqovanı, onun qəzəb günü gəlməzdən əvvəl axtarın
“RƏBBİ arayın; salehliyi arayın, təvazökarlığı arayın; RƏBBİN qəzəb günündə bəlkə gizlənə bilərsiniz” (TSEFANYA 2:3).
1. Tsefanya peyğəmbərlik etməyə başlayarkən Yəhuda xalqının ruhani vəziyyəti necə idi?
TSEFANYA Yəhuda tarixinin çətin vaxtında peyğəmbərlik etməyə başladı. Xalqın ruhani vəziyyəti acınacaqlı idi. Yeqova Allaha güvənmək əvəzinə, xalq rəhbərlik üçün bütpərəst kahinlərə və münəccimlərə müraciət edirdi. Ölkədə, özünə məhsuldarlıq ayinlərini daxil edən Baala ibadət genişlənirdi. Xalqı idarə edən rəhbərlər - rəislər, ə’yanlar və hakimlər - müdafiə etməli olduqları kəslərə zülm verirdilər (Tsefanya 1:9; 3:3). Yeqovanın Yəhuda padşahlığı üzərinə “əlini uzadıb”, onu məhv etməyi qərara almasının səbəbi tamamilə aydındır! (Tsefanya 1:4).
2. Yəhuda diyarında Allaha sadiq olan insanların hansı ümidi vardı?
2 Vəziyyətlərinin acınacaqlı olmasına baxmayaraq, yəhudilərin ümidi vardı. Taxtda Ammonun oğlu Yoşiya oturmuşdu. O, gənc yaşlarında Yeqovanı bütün ürəyi ilə sevirdi. Əgər taxta yeni qədəm qoyan padşah Yəhuda diyarında təmiz ibadəti bərpa edərdisə, bu vəziyyət, Allaha sədaqətlə xidmət edən azsaylı insanların ürəyini necə də möhkəmləndirərdi! Və kim bilir, Yeqovanın qəzəb günündə xilas ola biləcək başqa insanlar da onlara qoşulmazdılarmı.
Xilas olmaq üçün tələblər
3, 4. “RƏBBİN qəzəb günündə” xilas olmaq üçün hansı üç tələbi yerinə yetirmək lazımdır?
3 Bəs ümumiyyətlə Yeqovanın qəzəb günündə xilas olmaq mümkün idimi? Bəli, Tsefanya 2:2, 3-cü ayələrində yazılan üç şərtə əməl edən insanlar xilas ola bilərdilər. Həmin ayələri oxuyarkən bu tələblərə xüsusi diqqət yetirək. Tsefanya yazırdı: “Fərman çıxmadan öncə, gün saman çöpü kimi keçib getmədən öncə, RƏBBİN qızğın qəzəbi üzərinizə gəlmədən öncə, RƏBBİN qəzəb günü üzərinizə gəlmədən öncə toplanın. RƏBBİN hökmlərini icra etmiş olan dünyanın bütün təvazökarları, RƏBBİ arayın; salehliyi arayın, təvazökarlığı arayın; RƏBBİN qəzəb günündə bəlkə gizlənə bilərsiniz”.
4 Beləliklə, sağ qalmaq üçün 1) Yeqovanı axtarmaq, 2) salehliyi axtarmaq və 3) təvazökarlığı axtarmaq vacib idi. Bu tələblər bizim üçün də böyük əhəmiyyət təşkil edir. Nəyə görə? Ona görə ki, b. e. əvvəl yeddinci əsrdə Yəhuda və Yerusəlim haqq-hesab günündən qaça bilmədikləri kimi, qarşıdan gələn “böyük məşəqqət” zamanı da, Yeqova Xristian aləminin xalqlarını və ümumiyyətlə bütün günahkarları məs’uliyyətə cəlb edəcəkdir (Matta 24:21). O zaman xilas olmaq istəyənlər artıq indidən ciddi fəaliyyət göstərməlidirlər. Onlar nə etməlidirlər? Hələ ki, gec deyil Yeqovanı axtarmalı, salehliyi axtarmalı və təvazökarlığı axtarmalıdırlar!
5. Yeqovanı bu gün axtarmaq nə deməkdir?
5 Kim isə deyə bilər: “Axı mən özümü Allaha həsr edib vəftiz olunmuşam, mən Ona Yeqovanın Şahidi kimi xidmət edirəm. Məgər mən bu tələblərə müvafiq deyiləm?” Əslində Yeqovaya həsr edilməklə, hər şey həll olunmur. İsrail Allaha həsr edilmiş xalq olsa da, Tsefanyanın günlərində Yəhudanın sakinləri özlərini müvafiq tərzdə aparmırdılar. Buna görə də, xalq nəticədə rədd edildi. Bu gün Yeqovanı axtarmaq, Onun yer üzündəki təşkilatının üzvü olaraq, Onunla mehriban, səmimi münasibətləri inkişaf etdirmək və bu münasibətləri qoruyub saxlamaq deməkdir. Bu, Onun müəyyən şeylərə olan münasibətini öyrənmək və hisslərini nəzərə almaq deməkdir. Biz Yeqovanı, Onun Kəlamını çalışqanlıqla öyrənərək, öyrəndiklərimizin üzərində düşünərək və Onun tə’limlərini praktikada tətbiq edərək axtarmış oluruq. Bundan əlavə, biz Yeqovayanın rəhbərliyini, Ona ürəkdən dua edərək və Onun müqəddəs ruhunun tə’sirinə tabe olaraq axtarmış oluruq. Bunun sayəsində Yeqova ilə olan münasibətimiz möhkəmlənir və Ona bütün ürəyimizlə, canımızla və bütün qüvvətimizlə xidmət etməyə təşviq olunuruq (Təsniyə 6:5; Qalatiyalılara 5:22—25; Filipililərə 4:6, 7; Vəhy 4:11).
6. Biz salehliyi necə axtarırıq və nəyə görə hətta bugünkü dünyada da bunu etmək mümkündür?
6 Tsefanya 2:3-cü ayəsində xatırlanan ikinci tələb - salehliyi axtarmaqdır. Bizlərdən çoxumuz vəftiz olunmağa müvafiq olmaq üçün ciddi dəyişikliklər etmişik, ancaq Yeqovanın ədalətli normalarına ömrü boyu bağlı qalmaq lazımdır. Bə’ziləri Yeqovanın normalarına məsihçi yolunun başlanğıcında bağlı qalmışlar, lakin axırda özlərini bu dünya ilə murdarlamışlar. Bəli, salehliyi qorumaq asan deyil, çünki bizi əhatə edən insanlar cinsi əxlaqsızlıqda, yalan danışmaqda və aldatmaqda heç bir pis şey görmürlər. Lakin bu dünyanın nüfuzunu qazanmaq - yə’ni hamı kimi olmaq həvəsi ilə mübarizədə, Yeqovaya məqbul olmaq istəyi bizə kömək edə bilər. Yəhudeya padşahlığı, allahsız qonşularına bənzəmək istədiyi üçün Yeqovanın rəğbətini itirdi. Gəlin dünyaya bənzəmək əvəzinə, “Allahın bənzəyişinə görə həqiqi salehlik və müqəddəsliklə yaradılmış yeni mənliyi geyinməyə” durmadan sə’y göstərərək, “Allahı təqlid” edək (Efeslilərə 4:24; 5:1).
7. Təvazökarlığı necə axtarmalıyıq?
7 Tsefanya 2:3-cü ayəsində yazılan üçüncü əsas fikir ondan ibarətdir ki, əgər Yeqovanın qəzəb günündə xilas olmaq istəyiriksə, təvazökarlığı axtarmalıyıq. Biz hər gün, təvazökar adlandırılması mümkün olmayan kişilər, qadınlar və uşaqlarla təmasda oluruq. Təvazökarlıq onlar üçün çatışmazlıq əlamətidir. Onlar, güzəştə getməyi zəiflik hesab edirlər. Bu insanların tələbatlarının həddi-hüdudu yoxdur, onlar xudbin və inadcıldırlar. Onlar nəyin bahasına olursa-olsun, zənn etdikləri kimi “hüquqları çatdığı” və istədikləri hər şeyə nail olmağa hazırdırlar. Əgər buna bənzər baxışlar bizim də düşüncəmizə tə’sir etsəydi, necə də acınacaqlı olardı! İndi biz, təvazökarlığı əvvəlkindən daha artıq axtarmalıyıq. Necə? Allahın öyüdlərini qəbul edərək və iradəsinə tabe olaraq Ona itaətkar olmalıyıq.
Nəyə görə “bəlkə”?
8. Nəyə görə Tsefanya 2:3-cü ayəsində “bəlkə” ifadəsi işlənir?
8 Tsefanya 2:3-cü ayəsində deyilənlərə diqqət yetirin: “RƏBBİN qəzəb günündə bəlkə gizlənə bilərsiniz”. Nəyə görə Tsefanya “dünyanın bütün təvazökarları”na müraciət edərkən “bəlkə” ədeyir? Təvazökar insanlar düzgün addımlar atsalar da, özlərinə əmin olmalı deyildilər. Onlar hələ ki, öz həyat yollarını sədaqətlə başa vurmamışdılar. Ehtimal olunurdu ki, onlardan kim isə günah işlədə bilərdi. Bu şeylər bizə də aiddir. İsa dedi: “Axıra qədər səbr edən xilas olacaqdır” (Matta 24:13). Yeqovanın qəzəb günündə xilas olmaq üçün, həqiqətə əsasən yaşamağı davam etdirmək lazımdır. Siz bunu etməyə qəti qərarlısınızmı?
9. Gənc padşah Yoşiya hansı düzgün addımları atdı?
9 Göründüyü kimi, peyğəmbərin sözləri Yoşiya padşahı Yeqovanı axtarmağa təşviq etdi. Müqəddəs Yazılarda deyilir: “Padşahlığının səkkizinci ilində, hələ gənc ikən [təxminən 16 yaşında] atası Davudun Allahını aramağa başladı” (2 Tarixlər 34:3). Bundan əlavə, Yoşiya salehliyi axtarmağa davam edirdi. Biz oxuyuruq: “Və on ikinci ildə Yəhudanı və Yerusəlimi yüksək yerlərdən və Aşerlərdən və oyma bütlərdən və tökmə bütlərdən təmizləməyə başladı. Və onun önündə Baalların qurbangahlarını yıxdılar” (2 Tarixlər 34:3, 4). Yoşiya təvazökarlığı, həm də torpağı bütpərəstlikdən və yalan dinlə bağlı olan hər şeydən təmizləyərək, həlimliklə Yeqovaya məqbul olmağa sə’y göstərərək axtarırdı. Bu hadisələr digər təvazökar insanları necə də sevindirirdi!
10. B. e. əvvəl 607-ci ildə Yəhuda diyarında nə baş verdi və o zaman kimlər xilas olundu?
10 Yoşiyanın padşahlığı zamanı yəhudilərin çoxu yenidən Yeqovaya tərəf döndülər. Lakin padşahın ölümündən sonra xalqın əksəriyyəti əvvəlki yoluna qayıtdı və Allaha qətiyyən məqbul olmayan işlərlə məşğul olmağa başladı. Yeqovanın bəyan etdiyi kimi, Babil qoşunları Yəhuda padşahlığına qalib gəldi və b. e. əvvəl 607-ci ildə onun paytaxtı olan Yerusəlimi viran etdi. Lakin vəziyyət çıxılmaz deyildi. Yeremya peyğəmbər, həbəşistanlı Əbəd-mələk, Yonadabın nəslindən olanlar və Allaha sadiq olan başqa insanlar “RƏBBİN qəzəb günü” xilas olmuşdular (Yeremya 35:18, 19; 39:11, 12, 15—18).
Allahın düşmənləri, dinləyin!
11. Nəyə görə bu gün Allaha sadiq qalmaq asan deyil və Yeqovanın xalqının düşmənləri nəyə diqqət yetirsələr yaxşı olardı?
11 Yeqovanın qəzəb günündə bu dünyanın məhv olunacağını gözləyərək, “müxtəlif imtahanlarla” qarşılaşırıq (Yaqub 1:2). Din azadlığını qəbul edən bir sıra ölkələrdə, ruhanilər Allahın xalqını amansız tə’qiblərə düçar etmək arzusu ilə hakimiyyətə olan tə’sirlərindən hiyləgərcəsinə istifadə edirlər. Prinsipsiz insanlar Yeqovanın xidmətçilərinə böhtan atır, onları “təhlükəli təriqət” kimi qələmə verirlər. Yeqova onların əməllərini görür və onları cəzasız qoymayacaqdır. Yaxşı olardı ki, Allahın düşmənləri, keçmişdə Onun xalqının düşmənləri ilə, məsələn, filistimlilərlə baş verən hadisəyə diqqət yetirsinlər. Peyğəmbərlikdə deyilir: “Qaza şəhərini buraxıb qaçacaqlar və Aşkelon viran olacaq; Aşdodu isə, onu günorta vaxtı qovacaqlar və Ekron kökündən dağılacaq” (Tsefanya 2:4—7).
12. Filistiya, Moab və Ammonla nə baş verdi?
12 Peyğəmbərlikdə daha sonra deyilir: “Xalqımı təhqir etmiş və onların məmləkətlərinə qarşı özlərini böyütmüş olan Moabın etdiyi həqarəti və Ammon oğullarının sitəmlərini eşitdim” (Tsefanya 2:8). Doğrudur ki, Misir və Həbəşistan Babil istilaçılarının əlindən əziyyət çəkmişdir. Bəs Allah İbrahimin qardaşı oğlu Lutdan törənən xalqlara - Moaba və Ammona hansı hökmü kəsdi? Yeqova qabaqcadan xəbər verdi: “Moab Sodom kimi və Ammon oğulları Homorra kimi olacaq”. Özlərinin ulu valideynləri olan - Sodom və Homorranın məhvindən sağ çıxan - Lutun qızlarından fərqli olaraq, məğrur Moab və Ammon, Allahın hökmünün icrasından xilas ola bilməyəcəklər (Tsefanya 2:9—12; Təkvin 19:16, 23—26, 36—38). Bu gün Filistiya və onun şəhərləri haradadır? Bir zamanlar məğrur olan Moab və Ammon haradadırlar? Nə qədər istəyirsiniz axtarın - onları tapmaq qeyri-mümkündür.
13. Arxeoloqlar Nineviyada nə tapmışlar?
13 Tsefanyanın günlərində Assuriya imperiyası öz qüdrətinin zirvəsinə yüksəldi. Arxeoloq Osten Leyard Assuriyanın paytaxtı Nineviya şəhərində aşkar etdiyi padşah sarayının bir hissəsini belə təsvir edir: “Tavanlar... boya ilə işlənmiş çiçək surətləri və ya heyvan fiqurları ilə kvadrata bölünmüşdür. Kvadratlardan bə’ziləri fil sümüyü ilə bəzədilmişdir, həm də hər biri zərif çərçivə və yapma naxışlarla haşiyələnmişdir. Tirlər, həmçinin imarətlərin divarları, ehtimal ki, qızıl və ya gümüş suyuna çəkilmiş, hətta bəlkə də qızıl və gümüşlə örtülmüşdür; imarətlərin içərisinin taxtadan olan hissələri nadir ağac növlərindən, xüsusilə də arasında seçilən sidr ağaclarından işlənmişdir”. Lakin, Tsefanyanın peyğəmbərliyində qabaqcadan deyildiyi kimi, Assuriya məhv edilməli idi, paytaxtı Nineviya isə “quraqlığa” çevrilməli idi (Tsefanya 2:13).
14. Tsefanyanın peyğəmbərliyi Nineviya üzərində necə yerinə yetdi?
14 Tsefanyanın bu peyğəmbərliyi dediyi vaxtdan cəmi 15 il sonra, qüdrətli Nineviya viran edildi, padşah sarayının yerində isə yalnız xarabalıqlar qaldı. Bəli, məğrur şəhər küllüyə çevrilmişdi. Növbəti sözlər dağıntının miqyası barədə aydın tərzdə şəhadətlik edir: “Həm qutan quşu, həm də kirpi onun dirək başlıqlarında gecələyəcəklər; pəncərələrdə onların səsi eşidiləcək; xarabalıq astanada olacaq; çünki sidr ağacı örtükləri söküldü” (Tsefanya 2:14, 15). Nineviyanın möhtəşəm tikililəri kirpilərin və qutan quşlarının daldalanacağı yerə çevriləcəkdir. Şəhərin küçələrində tacirlərin səsi, əsgərlərin çığırtısı, bütlərə xidmət edən kahinlərin nəğmələri artıq eşidilməyəcəkdir. Bir zamanlar gedişli-gəlişli şəhərdə, pəncərələrdən yalnız tükürpərdici səs - ehtimal ki, quşların qüssəli nəğməsi və ya küləyin vıyıltısı eşidiləcəkdir. Qoy Allahın bütün düşmənlərinin aqibəti belə olsun!
15. Moabın, Ammonun, Filistiya və Assuriyanın başına gələnlərdən nə öyrənmək olar?
15 Moab, Ammon, Filistiya və Assuriya ilə baş verənlərdən hansı nəticəyə gəlmək olar? Belə bir nəticəyə gəlmək olar ki, biz düşmənlərimizdən qorxmamalıyıq. Allah, Onun xalqına qarşı duranların nə etdiklərini görür. Yeqova keçmiş zamanlarda öz düşmənlərinə qarşı çıxırdı və Onun məhkəməsi bizim günlərdə də bütün sakin olunmuş ərazilərin üzərinə gələcəkdir. Lakin hamı məhv olmayacaqdır, “bütün... xalqlardan... olan... böyük bir izdiham” sağ qalacaqdır (Vəhy 7:9). Əgər Yeqovanı, salehliyi və təvazökarlığı axtarmağa davam edərsinizsə, o zaman onların arasında siz də ola bilərsiniz.
Ədəbsiz qanunsuzlara vay olsun!
16. Tsefanyanın peyğəmbərliyində Yəhuda diyarının rəisləri və din rəhbərləri haqqında nə deyilir və nəyə görə peyğəmbərin sözləri Xristian aləminə yaraşır?
16 Tsefaniyanın peyğəmbərliyində diqqət yenidən Yəhuda və Yerusəlimə yönəldilir. Tsefanya 3:1, 2 ayələrində deyilir: “O üsyankarın, o pisin, o qəddar şəhərin vay başına! Söz dinləmədi; dərs almadı; RƏBBƏ güvənmədi; Allahına yaxınlaşmadı”. Təəssüflər olsun ki, xalq Yeqovanın öyüdünə hay vermədi! Rəislərin, ə’yanların və hakimlərin qəddarlıqları iyrəncdir. Tsefanya abırsız din rəhbərlərini ifşa etdi: “Peyğəmbərləri oynaq [“ədəbsiz”, YD] və xain adamlar; kahinləri müqəddəsi murdarladılar, şəriəti pozdular” (Tsefanya 3:3, 4). Bu sözlər Xristian aləminin bugünkü peyğəmbərlərini və kahinlərini necə də dəqiq təsvir edir! Onlar Allahın adını Müqəddəs Kitabın özləri etdikləri tərcümələrindən ədəbsiz tərzdə çıxardıblar və özlərini xidmətçiləri adlandırdıqları Şəxsin tə’limlərini yanlış tərzdə təbliğ edirlər.
17. Bizə qulaq asıb-asmamalarından asılı olmayaraq, xoş xəbəri nəyə görə bəyan etməliyik?
17 Qədim zamanlarda Yeqova, etmək istədiyi işlər haqda öz xalqını qayğıkeşliklə xəbərdar edirdi. O, öz xidmətçilərini, peyğəmbərlərini, o cümlədən Tsefanyanı və Yeremyanı göndərirdi ki, onlar xalqı tövbə etməyə çağırsınlar. Bəli, “RƏB... haqsızlıq etməz; hər sabah ədalətini işığa çıxarmaqda geri qalmaz”. Bəs necə reaksiya göstərilir? “Fəqət haqsız adam utanmaq bilməz”,- dedi Tsefanya (Tsefanya 3:5). Buna bənzər xəbərdarlıq bizim günlərdə də səslənir. Sizin hamınız - xoş xəbərin təbliğçiləri - bu xəbərdarlıq işində iştirak edirsiniz. Buna görə də xoş xəbəri durmadan bəyan edin! Sizi dinləyib dinləməmələri vacib deyil: nə qədər ki, Allaha sədaqətlə xidmət edirsiniz, xidmətiniz Onun gözündə əbəs deyil. Allahın iradəsini sə’ylə yerinə yetirirsinizsə, utanmağa heç bir səbəbiniz yoxdur.
18. Tsefanya 3:6 ayəsi necə yerinə yetəcəkdir?
18 Yeqovanın məhkəməsi Xristian aləminin viran edilməsi ilə məhdudlaşmır. Yeqova həmçinin bütün Yer üzünün sakinlərini mühakimə edir: “Millətlər kəsib atdım; onların divar qüllələrini viranələr; küçələrini xarab etdim, kimsə keçmir; şəhərləri viran oldu, kimsə qalmadı, yaşayan yox” (Tsefanya 3:6). Bu sözlər o qədər həqiqidir ki, Yeqova xalqların həlakı barəsində artıq yerinə yetmiş kimi danışır. Moabın, Ammonun və Filistiyanın şəhərləri ilə nə baş verdi? Bəs Assuriyanın paytaxtı Nineviya ilə? Bu şəhərlərin məhvi bugünkü xalqlara xəbərdarlıq kimi xidmət edir. Allaha istehza edib, cəzasız qalmaq olmaz.
Yeqovanı axtarmağa davam edin
19. Hansı düşündürücü sualları özümüzə vermək münasib olardı?
19 Tsefanyanın vaxtında Allahın qəzəbi, günahkar tərzdə “bütün işlərini çürüdən” insanların üzərinə gəlmişdi (Tsefanya 3:7). Həmən vəziyyət bizim günlərdə də baş verəcəkdir. Yeqovanın qəzəb gününün yaxın olduğuna dair sübutları görürsünüzmü? Yeqovanın Kəlamını müntəzəm - hər gün oxuyaraq, Onu axtarırsınızmı? Allahın normalarına uyğun yüksək əxlaqlı həyat sürərək, salehliyi axtarırsınızmı? Hər şeydə Allaha qulaq asaraq və xilasımız üçün Onun etdiklərini itaətkarlıqla qəbul edərək, təvazökarlığı axtarırsınızmı?
20. Sonuncu məqalədə Tsefanyanın peyğəmbərliyi haqqında hansı sualları nəzərdən keçirəcəyik?
20 Əgər Yeqovanı, salehliyi və təvazökarlığı sədaqətlə axtarmağa davam etsək, əmin ola bilərik ki, artıq indi, imanımızın sınağa çəkildiyi bu “axır günlərdə” çoxlu xeyir-dualar alacağıq (2 Timoteyə 3:1—5; Süleymanın məsəlləri 10:22). Lakin bir neçə sual yaranır: Yeqova bizi - özünün müasir xidmətçilərini necə xeyir-dualandırır və Tsefanyanın peyğəmbərliyinə əsasən, Yeqovanın sür’ətlə yaxınlaşan qəzəb günündən xilas olacaq kəslər hansı xeyir-dualara ümid bəsləyə bilərlər?
Siz necə cavab verərdiniz?
• İnsanlar Yeqovanı necə axtarırlar?
• “Salehliyi axtarmaq” anlayışı özünə nəyi daxil edir?
• Biz təvazökarlığı necə axtarırıq?
• Nəyə görə biz durmadan Yeqovanı, salehliyi və təvazökarlığı axtarmalıyıq?
[15-ci səhifədəki şəkil]
Böyük izdiham Yeqovanı axtarmaqda davam edir, buna görə də Onun qəzəb günündən sağ çıxacaqdır.