Həyatın mənası nədədir?
BU SUALIN CAVABINI TAPMAQ NƏ ÜÇÜN VACİBDİR? Həyatın mənasının olmaması fikri qədər insanı ümidsizliyə salan şey yoxdur. İnsan həyatın mənasını aydın başa düşəndə sarsılmaz olur. Yəhudilərin soyqırımını yaşamış nevroloq Viktor Frankl yazırdı: «Əminliklə deyə bilərəm ki, hətta ən dəhşətli vəziyyətlərdə belə, insanın yaşamaq uğrunda mübarizə aparması üçün, həyatının mənası olduğunu bilməkdən təsirli şey yoxdur».
Lakin bu məsələyə dair çoxlu ziddiyyətli fikirlər mövcuddur. Çoxları düşünür ki, həyatın mənasının nədə olduğunu hər bir insan özü üçün özü qərar verir. Təkamülə inananların bəziləri isə həyatın konkret mənası olmadığını öyrədirlər.
Ancaq həyatın mənasını tapmağın ən məntiqli yolu Həyatverənimiz Yehova Allaha müraciət etməkdir. Görün Müqəddəs Kitab bu haqda nə deyir.
Müqəddəs Kitab nə deyir?
Müqəddəs Kitab öyrədir ki, Yehova Allah kişi və qadını müəyyən məqsədlə yaratmışdı. O, ulu valideynlərimizə növbəti tapşırığı vermişdi:
Yaradılış 1:28. «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin».
Allah istəyirdi ki, Adəmlə Həvva və onların uşaqları bütün yer üzünü Cənnətə çevirsinlər. Nə insanların qocalıb ölməsi, nə də onların ətraf mühitə zərər vurması Onun niyyətinə daxil deyildi. Ancaq ulu valideynlərimiz səhv seçim etdikləri üçün biz günah və ölümü miras almışıq (Yaradılış 3:2-6; Romalılara 5:12). Buna baxmayaraq, Yehovanın niyyəti dəyişməyib, tezliklə yer üzü Cənnətə çevriləcək (Yeşaya 55:10, 11).
Yehova Onun niyyətini yerinə yetirə bilməyimiz üçün bizi fiziki və əqli qabiliyyətlərlə yaradıb. O, bizi Ondan müstəqil yaşamaq üçün yaratmayıb. Görün Müqəddəs Kitabın növbəti parçaları Allahın bizə dair niyyəti haqqında nə deyir.
Vaiz 12:13. «Hər şey aşkar oldu, nəticə bundan ibarətdir: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur».
Mikeya 6:8. «Rəbb sizdən bundan başqa nə istəyir ki? Adil olun, məhəbbət göstərməyi sevin, Allahınızın önündə həlim ürəklə gəzin».
Matta 22:37-39. «“Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev”. Bu, birinci və ən böyük əmrdir. Və buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”».
Müqəddəs Kitabın verdiyi cavablar əsl qəlb rahatlığını necə gətirir?
Mürəkkəb bir cihazın düzgün işləməsi üçün onu təyinatı və istehsalçının verdiyi rəhbərlik üzrə istifadə etmək gərəkdir. Buna bənzər tərzdə, özümüzə istər ruhani, istər psixi, istər emosional, istərsə də fiziki zərər yetirməkdən qaçınmaq istəyiriksə, Yaradanın bizim üçün olan niyyətinə uyğun yaşamalıyıq. Gəlin Allahın niyyətini bilməyimizin növbəti vəziyyətlərdə bizə qəlb rahatlığını necə gətirəcəyi üzərində düşünək.
Həyatda nəyin daha vacib olduğunu müəyyən edəndə çoxları öz vaxtlarını varlanmağa həsr edirlər. Ancaq Müqəddəs Kitab xəbərdar edir ki, «varlanmaq istəyənlər... yoldan çıxır və tora düşürlər... bir çox mənasız və ziyanverici ehtiraslara qapılırlar» (1 Timoteyə 6:9, 10).
Pulu yox, Allahı sevməyi öyrənənlər isə malik olduqları ilə kifayətlənməyin sirrini tapıblar (1 Timoteyə 6:7, 8). Onlar başa düşürlər ki, çalışqanlıqla işləməli və özlərini təmin etməlidirlər (Efeslilərə 4:28). Onlar İsanın bu xəbərdarlığına da ciddi yanaşırlar: «Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edəcək, digərini isə sevəcək, ya da birinə bağlı qalacaq, digərinə isə xor baxacaqdır. Siz Allaha və mammona [var-dövlətə] qulluq edə bilməzsiniz» (Matta 6:24).
Buna görə də, Allahı sevənlər Onun iradəsini yerinə yetirməyi karyera, yaxud var-dövlətdən vacib sanırlar. Onlar bilirlər ki, Allahın iradəsini yerinə yetirməyi həyatlarında birinci yerə qoysalar, Yehova Allah onların qeydinə qalacaq. Yehova bu öhdəçiliyi Öz üzərinə götürür (Matta 6:25-33).
İnsanlarla münasibətdə bir çoxları ilk növbədə özlərini düşünürlər. Bu gün yer üzündə sülhün olmamasının başlıca səbəbi əksər insanların ‘xudbin və şəfqətsiz’ olmasıdır (2 Timoteyə 3:2, 3). Kimsə onların ümidlərini doğrultmayanda və ya fikirləri ilə razılaşmayanda onlar «hiddət, qəzəb, çığırtı, küfr» ilə cavab verirlər (Efeslilərə 4:31). Özünə hakim olmamaq qəlb rahatlığı gətirmir, əksinə, «dava yaradar» (Süleymanın məsəlləri 15:18).
Allahın qonşunu özün kimi sevməyə dair verdiyi əmrə tabe olanlar isə ‘bir-birinə qarşı lütfkar, şəfqətli olur və bir-birini bağışlayırlar’ (Efeslilərə 4:32; Koloslulara 3:13). Hətta digərləri onlarla pis davrananda ‘söyülərkən, cavabında söyməyən’ İsanı təqlid etməyə çalışırlar (1 Peter 2:23). İsa kimi onlar da dərk edirlər ki, bəzilərinin nankorluğuna baxmayaraq, başqalarına xidmət etmək əsl məmnunluq gətirir (Matta 20:25-28; Yəhya 13:14, 15; Həvarilərin işləri 20:35). Yehova Allah Onun Oğlunu təqlid edənlərə müqəddəs ruhundan verir və bu ruh onların həyatında əsl əmin-amanlıq hasil edir (Qalatiyalılara 5:22).
Bəs gələcəyə dair nöqteyi-nəzərimiz qəlb rahatlığı tapmağımızla necə bağlıdır?
[6-cı səhifədəki çərçivə]
İnsanın həyatda konkret məqsədi olmalıdır
[7-ci səhifədəki şəkil]
İsa qəlb rahatlığına necə nail olmağı öyrədirdi