Hər şeydə Allahın rəhbərliyini axtarın
«Əbədi, sonsuzadək bu Allah bizim Allahımızdır. Ömrümüzün sonunadək O bizə yol göstərəcək!» MƏZ. 48:14
1, 2. Nəyə görə öz müdrikliyimizə etibar etməli deyil, Yehovanın rəhbərliyini axtarmalıyıq və bununla bağlı hansı suallar yaranır?
NƏYİN boş və ya zərərli olduğunu araşdırarkən asanlıqla aldana bilərik (Sül. məs. 12:11). Əgər məsihçi üçün yolverilməz olan bir şeyi etməyi beynimizə qoymuşuqsa, onda ürəyimiz mütləq bunun üçün inandırıcı səbəblər tapacaq (Yer. 17:5, 9). Buna görə məzmurçu Yehovaya: «Göndər Öz nurunu, həqiqətini, qoy yolunu mənə göstərsinlər», deyə dua etməklə müdriklik göstərdi (Məz. 43:3). O öz qeyri-kamil müdrikliyinə deyil, Yehovaya etibar edir, ən yaxşı rəhbərliyi Ondan gözləyirdi. Məzmurçu kimi, biz də rəhbərliyi Allahdan gözləməliyik.
2 Bəs nə üçün ən çox Yehovanın rəhbərliyinə etibar etmək lazımdır? Biz Allahın rəhbərliyini nə zaman axtarmalıyıq? Bu rəhbərlikdən fayda əldə etmək üçün özümüzdə hansı əhval-ruhiyyəni inkişaf etdirməliyik və bu gün Yehova bizə rəhbərliyini necə təqdim edir? Sadaladığımız vacib suallara bu məqalədə cavab tapacağıq.
Yehovanın rəhbərliyinə nə üçün etibar etmək olar?
3-5. Yehovanın rəhbərliyinə nə üçün tam etibar edə bilərik?
3 Yehova bizim səmavi Atamızdır (1 Kor. 8:6). O, hər birimizi yaxşı tanıyır və ürəyimizdə olanları görür (1 Şam. 16:7; Sül. məs. 21:2). Davud padşah Allaha demişdi: «Oturuşumu-duruşumu Özün bilirsən, fikirlərimi uzaqdan duyursan. Sözlərimi dilə gətirməmişdən əvvəl, ya Rəbb, hamısını tamamilə bilirsən» (Məz. 139:2, 4). Əgər Yehova bizi belə yaxşı tanıyırsa, Onun bizim üçün nəyin ən yaxşı olduğunu bildiyinə necə şübhə edə bilərik? Bundan əlavə, Yehova sonsuz müdrikliyə sahibdir. O, hər şeyi, hətta insanların görə bilmədiyi şeyləri belə görür və işin nəticəsini əvvəlcədən bilir (Yeşaya 46:9-11; Rom. 11:33). O, «tək hikmətli olan» (YD) Allahdır (Rom. 16:27).
4 Bundan əlavə, Yehova bizi sevir və bizim üçün ən yaxşı şeyləri arzulayır (Yəh. 3:16; 1 Yəh. 4:8). Sevən Allah olduğu üçün, O bizə qarşı səxavətlidir. Şagird Yaqub yazırdı: «Hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, nurlar Atasından gəlir» (Yaq. 1:17). Allahın rəhbərliyinə tabe olanlar Onun səxavətindən böyük fayda əldə edirlər.
5 Nəhayət, Yehova hər şeyə qadir Allahdır. Məzmurçu Onun haqqında demişdi: «Haqq-Taalanın pənahında yaşayan, Külli-İxtiyarın kölgəsində oturan insan Rəbb haqqında belə söyləyir: “O mənim sığınacağımdır, qalamdır, Allahımdır, Ona güvənirəm”» (Məz. 91:1, 2). Yehovanın rəhbərliyinə tabe olanda, biz heç zaman uğursuzluğa uğramayan Allaha pənah aparırıq. Hətta müqavimətlə üzləşsək də, Yehova bizə dayaq olur. O, bizim ümidlərimizi heç vaxt boşa çıxarmayacaq. (Məz. 71:4, 5; Süleymanın məsəlləri 3:19-26 ayələrini oxu.) Bəli, Yehova bizim üçün nəyin ən yaxşı olduğunu bilir, bizim üçün ən yaxşı şeylər arzulayır və bizə ən yaxşı şeyləri verməyə qadirdir. Onun rəhbərliyinə etinasızlıq göstərmək necə də ağılsızlıq olardı! Bəs biz Onun rəhbərliyinə nə zaman ehtiyac duyuruq?
Rəhbərliyə nə zaman ehtiyac duyuruq?
6, 7. Yehovanın rəhbərliyinə nə zaman ehtiyac duyuruq?
6 Əslində biz Allahın rəhbərliyinə ömrümüz boyu, gənc yaşlarından qocalanadək ehtiyac duyuruq. Məzmurçu deyirdi: «Əbədi, sonsuzadək bu Allah bizim Allahımızdır. Ömrümüzün sonunadək O bizə yol göstərəcək!» (Məz. 48:14). Müdrik məsihçilər, məzmurçu kimi, hər zaman Allahın rəhbərliyini axtaracaqlar.
7 Əlbəttə, elə vaxtlar olur ki, köməyə xüsusilə ehtiyac duyuruq. Hərdən ‘əzab çəkirik’, bunun səbəbi təqiblər, şiddətli xəstəlik və yaxud qəfildən işimizi itirmək ola bilər (Məz. 69:16, 17). Belə vaxtlarda Yehovaya üz tutmaq təsəlli gətirir, çünki tab gətirmək üçün Onun bizə qüvvə verəcəyinə və müdrik qərar qəbul etməyə kömək edəcəyinə əmin oluruq. (Məzmur 102:17 ayəsini oxu.) Lakin Onun köməyinə başqa hallarda da ehtiyac duyuruq. Məsələn, insanlara Padşahlıq haqqında xoş xəbəri danışanda xidmətimizin səmərəli olması üçün, bizə Yehovanın rəhbərliyi lazımdır. İstirahət, geyim və xarici görünüş, ünsiyyət, iş, təhsil və sairə məsələlərlə bağlı qərar qəbul edəndə yalnız Yehovanın rəhbərliyinə riayət etdiyimiz halda müdrik davranmış oluruq. Əslində rəhbərliyə ehtiyac duyduğumuz vəziyyətlər sadalamaqla qurtarmaz.
Allahın rəhbərliyini axtarmamaq təhlükəlidir
8. Həvvanın qadağan olunmuş meyvədən yeməsi nə demək idi?
8 Yadda saxlamaq lazımdır ki, Yehovanın rəhbərliyinə könüllü tabe olmalıyıq. Özümüz istəməsək, Allah bizi buna məcbur etməyəcək. Allahın rəhbərliyinə tabe olmayan ilk insan Həvva olmuşdur. Onun nümunəsindən belə pis qərarın necə təhlükəli ola biləcəyini görürük. Gəlin həm də onun bu hərəkətinin nə demək olduğuna baxaq. Həvva ‘xeyirlə şəri bilərək Allah kimi olmaq’ istəyirdi, buna görə də qadağan edilmiş meyvədən yedi (Yar. 3:5). Belə etməklə, o özünü Allahın yerinə qoydu, Yehovanın rəhbərliyinə tabe olmaq əvəzinə, xeyirlə şərə dair özü qərar çıxardı. Beləliklə, Yehovanın ali hakimiyyətinə arxa çevirdi. O istəyirdi ki, ixtiyarı öz əlində olsun. Onun əri Adəm də üsyana qoşuldu (Rom. 5:12).
9. Yehovanın rəhbərliyini rədd etməyimiz nəyi göstərir və bu, nəyə görə ağılsızlıqdır?
9 Əgər bu gün biz də Yehovanın rəhbərliyinə tabe olmuruqsa, deməli, Onun ali hakimiyyətini qəbul etmirik. Məsələn, tutaq ki, kimsə pornoqrafiyaya baxmağa vərdiş edib. Əgər o, məsihçi yığıncağının üzvüdürsə, onda bu məsələyə dair Yehovanın nöqteyi-nəzərini bilir. Məsihçilərin arasında natəmizliyin heç adı belə çəkilməməlidir, qaldı ki ona şəhvətlə baxmaq (Efes. 5:3). Yehovanın rəhbərliyinə tabe olmayan adam Onun başçılığını, beləliklə də ali hakimiyyətini inkar edir (1 Kor. 11:3). Bu, böyük ağılsızlıqdır, çünki Yeremyanın dediyi kimi, «addımlarını düzəltmək gedən adamın işi deyil» (Yer. 10:23).
10. İradə azadlığına nə üçün məsuliyyətlə yanaşmalıyıq?
10 Bəziləri Yeremyanın sözləri ilə razılaşmayıb hesab edə bilərlər ki, əgər Yehova bizə iradə azadlığı veribsə, ondan necə istifadə etdiyimizə görə bizi mühakimə etməməlidir. Ancaq unutmalı deyil ki, iradə azadlığı ənam olmaqla yanaşı, həm də məsuliyyətdir. Sözlərimizə və hərəkətlərimizə görə Allah qarşısında cavab verəcəyik (Rom. 14:10). İsa demişdir: «Ağız ürəkdən gələni söyləyir». O, həm də demişdi ki, «ürəkdən pis düşüncələr, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar» (Mat. 12:34; 15:19). Beləliklə, sözlərimiz və hərəkətlərimiz ürəyimizin vəziyyətini üzə çıxarır. Onlar bizim əslində necə insan olduğumuzu göstərir. Məhz buna görə də müdrik məsihçi hər şeydə Allahın rəhbərliyini axtarır. Yehova belə adamı «ürəyidüz» hesab edir və mütləq ona ‘xeyirxahlıq edəcək’ (Məz. 125:4).
11. İsrail xalqının tarixindən nə öyrənirik?
11 İsrail xalqının tarixini yadımıza salaq. Xalq Yehovanın əmrlərinə tabe olub düzgün qərarlar qəbul edəndə, O onları qoruyurdu (Yeşua 24:15, 21, 31). Amma çox vaxt onlar iradə azadlıqlarından sui-istifadə edirdilər. Yeremyanın günlərində Yehova onlara demişdi: «Məni eşitmədilər, qulaq asmadılar. Bunun əvəzinə öz istəklərinə, qara ürəklərinin inadına görə hərəkət etdilər, irəliyə deyil, geriyə getdilər» (Yer. 7:24-26). Necə də acınacaqlıdır! Gəlin heç vaxt inadkarlığımız ucbatından və arzularımıza görə Yehovanın rəhbərliyini rədd edib öz ürəyimizin istəyi ilə hərəkət etməyək; geriyə deyil, irəliyə gedək!
Allahın məsləhətinə əməl etmək üçün nə tələb olunur?
12, 13. a) Hansı keyfiyyət bizdə Yehovanın rəhbərliyinə əməl etmək istəyi yaradır? b) İman nə üçün vacibdir?
12 Biz Yehovanın rəhbərliyinə Ona olan məhəbbətimizdən irəli gələrək riayət etmək istəyirik (1 Yəh. 5:3). Lakin Pavel bunun üçün daha nəyin tələb olunduğunu göstərərək demişdir: «Biz gözlə görülənə deyil, imana əsasən hərəkət edirik» (2 Kor. 5:6, 7). İman nə üçün vacibdir? Yehova bizi «salehlik yolu ilə aparır», bu yol isə bizi bu dünyada var-dövlətə və şan-şöhrətə aparıb çıxarmır (Məz. 23:3). Bu səbəbdən, iman gözlərimizi Yehovaya xidmətin gətirdiyi misilsiz ruhani xeyir-dualara dikməliyik. (2 Korinflilərə 4:17, 18 ayələrini oxu.) Sadə həyat sürməli olsaq belə, iman bizə əsas şeylərlə kifayətlənməyə kömək edir (1 Tim. 6:8).
13 İsa göstərdi ki, həqiqi ibadət özünə fədakarlığı daxil edir, iman olmadan isə bu mümkün deyil (Luka 9:23, 24). Allahın bəzi sadiq xidmətçiləri yoxsulluğa, sıxıntılara, mənfi fikirlərə, hətta şiddətli təqiblərə tab gətirərək böyük fədakarlıq göstərmişlər (2 Kor. 11:23-27; Vəhy 3:8-10). Onlar yalnız möhkəm iman sayəsində bütün bunlara sevinclə tab gətirə bilmişlər (Yaq. 1:2, 3). Möhkəm iman bizi tam əmin edir ki, Yehovanın rəhbərliyinə riayət etmək həmişə ən yaxşı yoldur. Bu, həmişə bizim yaxşılığımız üçündür. Bizim heç bir şübhəmiz yoxdur ki, sədaqətlə tab gətirən adamların mükafatı istənilən müvəqqəti əzablardan qat-qat üstün olacaq (İbr. 11:6).
14. Həcər nə üçün təvazökarlıq göstərməli oldu?
14 Həmçinin Yehovanın rəhbərliyinə riayət etməkdə təvazökarlığın hansı rolu oynadığına baxaq. Bunu Saranın qaravaşı Həcərin nümunəsindən görürük. Sara uşağı olmadığını görüb Həcəri İbrahimə verdi və o, İbrahimdən hamilə qaldı. Sonra Həcər öz sonsuz xanımına təkəbbürlə baxmağa başladı. Buna görə Sara onunla «sərt rəftar etməyə başladı», Həcər də onun yanından qaçdı. Yehovanın mələyi Həcəri görüb ona dedi: «Xanımının yanına qayıt və ona tabe ol» (Yar. 16:2, 6, 8, 9). Yəqin ki, Həcər başqa şey eşitmək istəyərdi. Mələyin göstərişinə uyğun davranmaq üçün o öz qürurunu sındırmalı idi. Buna baxmayaraq, Həcər təvazökarlıqla mələyin dediyini etdi və oğlu İsmail atasının çadırında, təhlükəsiz yerdə dünyaya gəldi.
15. Yehovanın rəhbərliyinə riayət etmək üçün bizdən təvazökarlıq tələb olunan bəzi halları nümunə çəkin.
15 Yehovanın rəhbərliyinə riayət etmək üçün bizə də qürurumuzu sındırmaq lazım gələ bilər. Ola bilər, bəziləri xoşladıqları istirahət növünün Yehovaya məqbul olmadığını qəbul etməli olsunlar. Məsihçi kiminsə xətrinə dəydiyi üçün üzr istəməli ola bilər. Yaxud o, səhvə yol verər və onu etiraf etməli ola bilər. Bəs əgər kimsə ciddi günah işlədibsə? O, təvazökarlıq göstərərək günahını ağsaqqallara danışmalıdır. Kimisə hətta yığıncaqdan kənar etmək lazım gələ bilər. Yığıncağa qayıtmaq üçün o, təvazökarlıqla tövbə etməli və əməlindən dönməlidir. Bu kimi hallarda Süleymanın məsəlləri 29:23 ayəsindəki sözlər insana təsəlli verir: «İnsanı təkəbbürü alçaldar, təvazökar şərəfə çatar».
Yehova bizə rəhbərliyi necə təqdim edir?
16, 17. Allahın Müqəddəs Kitab vasitəsilə verdiyi rəhbərlikdən tam faydanı necə əldə edə bilərik?
16 Allah rəhbərliyi ilk növbədə Öz ilhamlanmış Kəlamı, Müqəddəs Kitab vasitəsilə təqdim edir. (2 Timoteyə 3:16, 17 ayələrini oxu.) Allahın Kəlamının bizə daha çox fayda gətirməsini istəyiriksə, müdriklik olardı ki, onun məsləhətlərini axtarmaq üçün çətinliyə düşməyi gözləməyək. Əksinə, Müqəddəs Kitabı gündəlik oxumağı adət edək (Məz. 1:1-3). Beləliklə biz Allahın ilhamlanmış Kəlamını daha yaxşı biləcəyik. Allahın düşüncə tərzini mənimsəyəcək, hətta gözlənilməz çətinliklərə belə hazır olacağıq.
17 Bundan başqa, Müqəddəs Yazılardan oxuduqlarımız üzərində düşünmək və duada onları xatırlatmaq vacibdir. Müqəddəs Kitab ayələri üzərində düşünəndə biz onları konkret hallarda necə tətbiq edə biləcəyimizi ölçüb-biçirik (Məz. 77:12). Ciddi problemlərlə üzləşəndə biz Yehovaya dua edib, rəhbərlik istəyirik. Yehovanın ruhu bizə Müqəddəs Kitabdan və ya ona əsaslanan nəşrlərdən oxuduğumuz lazımi prinsipləri xatırlamağa kömək edəcək. (Məzmur 25:4, 5 ayələrini oxu.)
18. Yehova məsihçi qardaşlığı vasitəsilə bizə rəhbərliyi necə verir?
18 Yehova Öz rəhbərliyini məsihçi qardaşlığı vasitəsilə də təqdim edir. Bu qardaşlığın əsas hissəsi Rəhbərlik Şurasının təmsil etdiyi «sadiq və ağıllı qul»dur. O, nəşrlər, eləcə də yığıncaq görüşləri və konqreslər vasitəsilə bizi fasiləsiz olaraq ruhani qida ilə təmin edir (Mat. 24:45-47; müqayisə et: Həvarilərin işləri 15:6, 22-31). Bundan başqa, məsihçi yığıncağındakı yetkin insanlar, xüsusilə də ağsaqqallar bizə kömək edə və Müqəddəs Yazılardan məsləhət verə bilərlər (Yeşaya 32:1). Məsihçi ailəsində böyüyən gənclərin daha bir köməyi vardır. Allah imanlı valideynlərə uşaqlarını tərbiyə etmək səlahiyyəti vermişdir. Bu səbəbdən uşaqlar həmişə valideynlərinin rəhbərliyini axtarmalıdırlar (Efes. 6:1-3).
19. Yehovanın rəhbərliyini həmişə axtarsaq, hansı xeyir-duaları alacağıq?
19 Bəli, Yehova Öz rəhbərliyini müxtəlif üsullarla təqdim edir və yaxşı olardı ki, biz onlardan tam faydalanaq. İsrailin Allaha sədaqətli olduğu vaxtlardan danışarkən Davud padşah demişdi: «Ata-babalarımız Sənə güvənmişdi, Sənə güvənəndə onları xilas etdin. Sənə yalvararkən qurtuldular, Sənə güvənərkən rüsvay olmadılar» (Məz. 22:3-5). Yehovanın rəhbərliyinə etibar edib, ona əməl etsək, biz də ‘rüsvay olmayacağıq’. Ümidlərimiz boşa çıxmayacaq. Öz müdrikliyimizə güvənməyib, ‘yolumuzu Rəbbə versək’, elə indi bol-bol xeyir-dualar biçəcəyik (Məz. 37:5). Əgər bu yolda möhkəm qalsaq, həmin xeyir-dualar əbədi olacaq. Davud padşah yazırdı: «Rəbb ədaləti sevir, heç zaman möminləri tərk etmir. Salehlər daim müdafiə olunacaq... Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məz. 37:28, 29).
İzah edə bilərsinizmi?
• Biz nə üçün Yehovanın rəhbərliyinə etibar edirik?
• Yehovanın rəhbərliyini rədd etməyimiz nəyi göstərir?
• Hansı hallarda məsihçiyə təvazökarlıq lazım gələ bilər?
• Yehova bu gün bizə rəhbərliyini necə təqdim edir?
[8-ci səhifədəki şəkillər]
Həyatının hər sahəsində Yehovanın rəhbərliyini axtarırsanmı?
[9-cu səhifədəki şəkil]
Həvva Yehovanın ali hakimiyyətinə arxa çevirdi
[10-cu səhifədəki şəkil]
Mələyin göstərişinə əməl etmək üçün Həcərə hansı keyfiyyət lazım idi?