Yadınızdadırmı?
«Gözətçi Qülləsi»nin son sayları xoşunuza gəldimi? Elə isə aşağıdakı suallara cavab verməyə çalışın:
• Münəccimlər İsanın yanına nə vaxt gəlmişdilər?
Müqəddəs Kitaba aid bir nəşrdə deyilir: «Çobanlar kimi, Sehrbazlar da gəlib İsanı doğulduğu gecə axurda görməmişdilər. Onlar uşağa bir neçə aydan sonra... baş çəkmişdilər». Həmin vaxt ‘körpə’ İsa artıq öz evlərində idi (Mat. 2:7-11). Əgər münəccimlər İsanın yanına qızıl və başqa qiymətli hədiyyələrlə doğulduğu gecə gəlsəydilər, Məryəm 40 gündən sonra İsanı məbəddə təqdim edərkən cəmi iki quş qurban gətirərdimi? (yanvar-mart, səh. 31).
• Çoxları həyatlarını daha mənalı etmək üçün nə etmişlər?
Kimsə soruşa bilər: «Nəyisə dəyişdirərək həyatımı sadələşdirə bilərəmmi?» Emi belə də etdi. O, maddi cəhətdən imkanlı olsa da, xoşbəxt deyildi. O anladı ki, bu dünyada karyera dalınca düşməklə, az qala iman yolundan uzaqlaşmışdı. Buna görə də Padşahlığı həyatında birinci yerə qoymağı qərara aldı və bir müddət pionerlik etdi. O deyir: «İndi vaxtımın çox hissəsini dünyəvi işə sərf edərkən duymadığım məmnunluğu duyuram» (15.1. səh. 19).
• Bəzi analara nə məmnunluq gətirir?
Anaların əksəriyyəti işləyir. Bəziləri ailənin zəruri ehtiyaclarını ödəmək üçün, digərləri maddi cəhətdən heç kimdən asılı olmamaq və ya təmtəraq içində yaşamaq üçün işləyirlər. Bir çoxları isə öz peşəsini sevir. Məsihçi anaların evdə, xüsusilə də uşaqların körpəlik çağında oynadığı rol əvəzsizdir. Bəziləri az işləmək və ya işdən çıxmaq qərarına gəlirlər ki, ailələrinə daha çox diqqət yetirsinlər, bu isə onlara məmnunluq gətirir (aprel-iyun, səh. 28-31).
• İsanın Matta 24:34 ayəsində haqqında danışdığı ‘nəsil’ kimdir?
İsa çox vaxt «nəsil» sözünü pis insanlarla söhbət edərkən və ya onlar haqqında danışarkən mənfi mənada işlədirdi. Ancaq o, tezliklə müqəddəs ruhla məsh ediləcək şagirdləri ilə danışanda belə etmədi. Matta 24:32, 33 ayələrində deyilənlərdən yalnız onlar müəyyən nəticə çıxara biləcəkdilər. Buradan belə nəticəyə gəlirik ki, İsa həm birinci əsrdə, həm də müasir dövrdə yaşayan məsh olunmuş davamçılarını nəzərdə tuturdu (15.2. səh. 23, 24).
• Yaqub 3:17 ayəsinə əsasən, hansı keyfiyyətləri təzahür etdirməliyik?
Saf olmaq üçün biz pis şeyləri dərhal rədd etməliyik (Yar. 39:7-9). Biz həm də sülhpərvər olmalı, aqressivlikdən və ya sülhü poza biləcək hərəkətlərdən uzaq durmalıyıq. Buna görə də yaxşı olar ki, hər birimiz özümüzdən soruşaq: «Mən necə tanınıram, sülh yaradan, yoxsa sülhü pozan adam kimi? Asanlıqla inciyərək, ya da başqalarını incidərək, onlarla tez-tez narazılığım yaranırmı? Mən bağışlamağa və şəxsi qayda-qanunlarımı təyin etməyərək başqalarına güzəştə getməyə hazırammı?» (15.3. səh. 24, 25).