Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/1 s. 28—30
  • Ölülərdən qorxursunuzmu?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ölülərdən qorxursunuzmu?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Ölülər yaşayırmı?
  • ‘Cinlər’ və ya murdar ruhlar
  • Qorxunu necə dəf etmək olar?
  • Pis ruhani qüvvələrə müqavimət göstərin
    Əbədi həyata aparan bilik
  • Ruhani varlıqlar bizə təsir edə bilərmi?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Yehovanın köməyilə şər qüvvələrə qarşı durun
    Gözətçi qülləsi 2019
  • Falçılıq və ölülərlə əlaqə. Bu, Allahdandırmı?
    Gözətçi qülləsi 2012
Əlavə
Gözətçi qülləsi 2009
w09 1/1 s. 28—30

Ölülərdən qorxursunuzmu?

BU SUALA əksəriyyət sadəcə olaraq: «Xeyr. Nəyə görə qorxmalıyam?» — deyə cavab verirlər. Onların fikrincə, ölü elə ölüdür. Ancaq milyonlarla insan ölülərin ruh kimi yaşamağa davam etdiyini düşünür.

Qərbi Afrika ölkəsi olan Benində çoxları inanır ki, ölülər öz ailə üzvlərini öldürmək üçün geri qayıda bilərlər. Buna görə də, bu insanlar öz mülklərini satır, yaxud borca girirlər ki, qurbanlıq heyvan alsınlar və ölənin ruhunu sakitləşdirmək üçün ayinlər keçirsinlər. Bəziləri spiritizmlə məşğul olur. Spiritizmə görə, insan öləndə ruhu bədənindən ayrılır və dirilərlə danışa bilir. Başqalarının isə başına qorxulu hadisələr gəlir və onlar bunu ölənlərin ruhunun ayağına yazırlar.

Belə hadisə ilə üzləşənlərdən biri Beninlə Nigeriya sərhədinə yaxın yaşayan Aqbula adlı bir kişi olmuşdu. O deyir: «Bizim ərazidə spiritizm gündəlik həyatın ayrılmaz hissəsidir. Ölünü ruhani aləmə hazırlamaq üçün onu yumaq adətdir. Mən çox vaxt bu mərasimdən sonra qalan sabunu götürüb müəyyən yarpaqlarla qarışdırırdım. Sonra hazırlanmış qatışığı ov tüfənginə sürtürdüm və ovlamaq istədiyim heyvanın adını ucadan deyirdim. Bu kimi adətlər geniş yayılmışdı və sanki köməyi də dəyirdi. Ancaq spiritizmin bəzi növləri qorxulu idi.

İki oğlum naməlum səbəbdən öləndə kiminsə mənə cadu etdiyindən şübhələnməyə başladım. Cadu edəni tapmaq üçün güclü falçı kimi tanınan qoca kişinin yanına getdim. O, mənim şübhələrimi təsdiqlədi. Ən pisi isə o idi ki, onun sözlərinə görə, oğullarım ruhani aləmdə öz qatillərinin ölümünü gözləyirdilər ki, ona xidmət etsinlər. Qoca üçüncü oğlumu da eyni aqibətin qözlədiyini əlavə etdi. Bir neçə gün sonra həmin oğlumu da itirdim».

Daha sonra Aqbula qonşu Nigeriyadan olan Con adlı Yehovanın Şahidi ilə rastlaşdı. Con Müqəddəs Kitaba əsaslanaraq ölülərin vəziyyətini izah etdi. Onun sözləri Aqbulanın həyatını dəyişdi. Bu sizin də həyatınızı dəyişə bilər.

Ölülər yaşayırmı?

Bu suala ən düzgün cavabı kim verə bilər? Nə qədər güclü falçı olursa-olsun, heç bir insan. Lakin «göylərdə və yerdə olan, görünən və görünməyən» bütün canlıları Yaradan Yehova bu suala cavab verir (Koloslulara 1:16). O, mələkləri ruhani aləmdə, insanları və heyvanları isə yerdə yaşamaq üçün yaradıb (Məzmur 104:4, 23, 24). Bütün canlıların həyatı Ondan asılıdır (Vəhy 4:11). Belə isə gəlin Allahın Kəlamı olan Müqəddəs Kitabın ölüm haqqında nə dediyinə nəzər salaq.

Ölüm haqqında ilk dəfə danışan Yehova olmuşdur. O, Adəmlə Həvvaya xəbərdarlıq etmişdi ki, itaətsizlik etdikləri təqdirdə onları ölüm gözləyir (Yaradılış 2:17). Bu nə demək idi? Yehova izah etmişdi: «Yerin torpağısan, torpağa da qayıdacaqsan» (Yaradılış 3:19). İnsan öləndə bədəni çürüməyə başlayır. O, torpağa qayıdır. Həyat dayanır.

Adəmlə Həvva bilərəkdən Allahın itaətindən çıxdılar və buna görə də ölümə məhkum oldular. Ancaq ölümü ilk dadan onlar yox, oğulları Habil oldu. Böyük qardaşı Qabil onu qətlə yetirdi (Yaradılış 4:8). Qabil ölmüş qardaşının ondan qisas alacağından qorxmurdu. Əksinə, Qabil ehtiyat edirdi ki, diri adamlar ona nə isə edə bilərlər (Yaradılış 4:10-16).

Çox əsrlər sonra münəccimlər Hirod padşaha ‘yəhudi hökmdarının’ onun ərazisində doğulduğunu xəbər verəndə o təşvişə düşdü. Gələcək hökmdarı öldürməyi qərara alan Hirod Bet-Lexemdə iki yaşına qədər olan bütün oğlan uşaqlarını qılıncdan keçirməyi əmr etdi. Ancaq mələk Yusifə xəbərdarlıq etdi ki, İsanı və Məryəmi götürüb ‘Misirə qaçsın’ (Matta 2:1-16).

Hirod öləndə mələk Yusifə İsrailə qayıtmağı tapşırdı, ‘çünki Körpənin canını axtaranlar ölmüşdülər’ (Matta 2:19, 20). Özü ruh olan mələk bilirdi ki, artıq Hirod İsaya xələl yetirə bilməz. Yusif vəfat etmiş Hiroddan qorxmurdu. Əksinə, onun qaniçən oğlu Arxeladan qorxurdu. Buna görə də, Yusif öz ailəsi ilə Qalileyaya, Arxelanın hakimiyyəti altında olmayan əraziyə köçdü (Matta 2:22).

Bu hadisələr bizə ölülərin gücsüz olduğunu görməyə kömək edir. Bəs Aqbula və başqa adamların başına gələnləri necə izah etmək olar?

‘Cinlər’ və ya murdar ruhlar

İsa böyüyəndə pis ruhani varlıqlarla qarşılaşırdı. Onlar İsanı tanıyırdılar və ona «Allahın Oğlu» deyə müraciət edirdilər. İsa da onları yaxşı tanıyırdı. Onlar ölmüş insanların ruhları deyildilər. İsa onları ‘cinlər’ və ya murdar ruhlar adlandırırdı (Matta 8:29-31; 10:8; Mark 5:8).

Müqəddəs Kitabda həm Allaha sadiq qalan, həm də Ona qarşı üsyan qaldıran ruhlardan söhbət açılır. «Yaradılış» kitabında qeyd edilir ki, Yehova Adəmlə Həvvanı itaətsizliklərinə görə Eden bağından qovanda bağa heç kimin girməməsi üçün onun şərqinə keruvlar, yəni mələklər qoydu (Yaradılış 3:24). Görünür, bu, birinci dəfə idi ki, ruhani varlıqlar insanların gözünə görünmüşdü.

Sonralar, bəzi mələklər yerə enərək özlərinə insan bədəni götürdülər. Yehova onlara yerdə heç bir tapşırıq verməmişdi. Əksinə, ruhani aləmdəki «məskənlərini» özləri ‘tərk etmişdilər’ (Yəhuda 6). Onlar bunu xudbin niyyətdən irəli gələrək etmişdilər. Həmin mələklər özlərinə arvad aldılar və bu qadınlardan «Nefilim» (KM) adlanan qeyri-adi uşaqları oldu. Nefilimlər və onların üsyankar ataları yer üzünü zorakılıq və başqa pisliklərlə doldurdular (Yaradılış 6:1-5). Yehova Nuhun günlərində Daşqın göndərməklə vəziyyəti düzəltdi. Daşqının suları pis insanları, eləcə də nefilimləri məhv etdi. Bəs mələklərin axırı nə oldu?

Daşqın onları ruhani aləmə qayıtmağa məcbur etdi. Ancaq Yehova onların öz əvvəlki ‘ləyaqətlərinə’ sahib olmalarına yol vermədi (Yəhuda 6). Müqəddəs Kitabda deyilir: «Allah günaha batmış mələklərə rəhm etməyib, onları cəhənnəmə [«Tártara», YD] atdı və qaranlıqda zəncirlə bağladı ki, məhkəməyə kimi həbsdə saxlansınlar» (2 Peter 2:4).

Tartar coğrafi məkan yox, həbsxanaya bənzəyən, qovulmuşların fəaliyyətinin məhdudlaşdırıldığı alçaldılmış vəziyyətdir. Artıq cinlər cismani bədən ala bilmirlər, ancaq onlar hələ də insanların zehninə və həyatına güclü təsir edirlər. Onlar insanları və heyvanları idarə edə bilirlər (Matta 12:43-45; Luka 8:27-33). Həmçinin özlərini ölənlərin ruhu kimi təqdim edərək insanları aldadırlar. Nəyə görə? Onların məqsədi insanları Yehovaya məqbul ibadətdən uzaqlaşdırmaq və ölülərin əsl vəziyyəti haqda çaşqınlıq yaratmaqdır.

Qorxunu necə dəf etmək olar?

Aqbula ölülərin vəziyyəti və ruhların kimliyi haqda Müqəddəs Kitabın verdiyi izahatın ağlabatan olduğunu gördü. O başa düşdü ki, daha çox öyrənməlidir. Buna görə də, başladı Con ilə Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri araşdırmağa. Aqbula oğullarının ölüm yuxusunda olduqlarını və qatillərinə xidmət etmək üçün ruhani aləmdə gözləmədiklərini biləndə ürəyi sakitləşdi (Yəhya 11:11-13).

Aqbula həmçinin başa düşdü ki, spiritizmlə bağlı işlərə tamamilə son qoymalıdır. O, cadugərliklə bağlı olan hər şeyini yandırdı (Həvarilərin işləri 19:19). Bəziləri xəbərdarlıq edirdi ki, o, cinlərin qəzəbinə tuş olacaq. Ancaq bu, Aqbulanı qorxutmadı. O, Efeslilərə 6:11, 12 ayələrində yazılan: «Allahın bütün zirehlərini geyinin, çünki mübarizəmiz... pis ruhi qüvvələrə qarşıdır» məsləhətini rəhbər tutdu. Bu ruhani zireh həqiqəti, salehliyi, sülh müjdəsini, iman və ruhun qılıncını, yəni Allahın Kəlamını özünə daxil edir. Allahın təqdim etdiyi bu zireh çox güclüdür!

Aqbula spiritizmlə bağlı adətlərdən imtina edəndə bəzi dostları və qohumları ondan üz döndərdilər. Ancaq Yehovanın Şahidlərinin Padşahlıq Zalında o özünə Müqəddəs Kitab təlimlərinə inanan yeni dostlar tapdı.

Aqbula indi bilir ki, Yehova tezliklə yeri pislikdən təmizləyəcək və cinlərin fəaliyyətinə son qoyacaq. Sonda isə, cinləri məhv edəcək (Vəhy 20:1, 2, 10). Allah ‘qəbirlərdə olanların hamısını’ yer üzündə yaşamaq üçün dirildəcək (Yəhya 5:28, 29). Bura Habil, Hirod padşahın öldürdüyü günahsız körpələr və milyonlarla başqa insanlar daxildir. Aqbula inanır ki, onun üç oğlu da dirilənlərin arasında olacaq. İtirdiyiniz doğma insanlar da onların arasında ola bilər. Bütün dirilənlər təsdiq edəcəklər ki, ölü olduqları müddətdə onlar tamamilə şüursuz vəziyyətdə olmuş, onlar üçün edilən ayinlərdən xəbərləri olmamışdır.

Ölülərdən qorxmağa heç bir əsas yoxdur. Əksinə, ölən əzizlərimizə yenidən qovuşacağımızı ümidlə gözləyə bilərik. Bəs bu arada nəyə görə imanınızı möhkəmləndirmək üçün Müqəddəs Kitabı öyrənməyəsiniz? Müqəddəs Kitab təlimlərinə inanan insanlarla sıx ünsiyyətdə olun. Spiritizmlə cüzi də olsa əlaqəniz varsa, buna dərhal son qoyun. «Allahın bütün zirehlərini» geyinərək özünüzü cinlərdən qoruyun (Efeslilərə 6:11). Yehovanın Şahidləri sizə kömək etməyə şad olacaqlar. Onlar «Müqəddəs Kitab əslində nə öyrədir?»a kitabı vasitəsilə evdə pulsuz Müqəddəs Kitab öyrənməsi təklif edirlər.

Aqbula artıq ölülərdən qorxmur və cinlərə necə müqavimət göstərməyi öyrənib. O deyir: «Üç oğlumun ölümünə kimin səbəb olduğunu bilmirəm. Ancaq Yehovaya xidmət edəndən yeddi övladım dünyaya gəlib. Hələ indiyədək ruhani aləmdən olan heç kəs onlara zərər yetirməyib».

[Haşiyə]

a Yehovanın Şahidləri tərəfindən dərc edilmişdir.

[29-cu səhifədəki şəkil]

Aqbula artıq ölülərdən qorxmur və cinlərə necə müqavimət göstərməyi öyrənib

[30-cu səhifədəki şəkil]

Qabil ölmüş qardaşının ondan qisas alacağından qorxmurdu

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş