Allah real şəxsiyyətdirmi?
Adətən verilən cavablar:
◼ «O, külək kimi, hər yerdə və hər şeydədir».
◼ «O, mücərrəd şüur və ya qüvvədir».
İsa bu haqda nə demişdi?
◼ «Atamın evində çox otaqlar vardır» (Yəhya 14:2). İsa məcazi mənada Allahın evinin, yaxud yaşadığı məkanın olduğunu demişdi.
◼ «Mən Atadan çıxıb dünyaya gəldim; yenə dünyanı tərk edib Atanın yanına gedirəm» (Yəhya 16:28). İsa Allahın müəyyən yerdə yaşayan real Şəxsiyyət olduğuna əmin idi.
ALLAH heç vaxt İsa üçün mücərrəd qüvvə olmayıb. Əksinə, o, Allahla söhbət edir və duada Ona müraciət edirdi. İsa tez-tez Yehovanı səmavi Atası adlandırırdı. Bu isə onların arasında sıx, səmimi münasibətlərin olduğuna işarə edir (Yəhya 8:19, 38, 54).
Düzdür, «heç bir zaman Allahı kimsə görməmişdir» və «Allah ruhdur» (Yəhya 1:18; 4:24). Ancaq bu o demək deyil ki, Onun ümumiyyətlə bədəni yoxdur. Müqəddəs Kitabda deyilir: «Cisim var ki, təbiidir, cisim də var ki, ruhanidir» (1 Korinflilərə 15:44). Yehovanın ruhani bədənə malik olduğunu deyə bilərikmi?
Bəli. İsa dirildikdən sonra «göyün özünə girdi ki, indi uğrumuzda Allahın hüzurunda zühur etsin» (İbranilərə 9:24). Bu ayə bizə Allah haqqında iki vacib həqiqəti açıqlayır. Birincisi, Onun yaşadığı məkan var. İkincisi, O, şəxsiyyətdir. Allah sadəcə olaraq, hər yerdə olan mücərrəd qüvvə olsaydı, İsa onun hüzurunda necə dura bilərdi?
Bəs onda Allahın hər şeyi idarə etməsi necə mümkündür? Allah kainatın istənilən yerinə Öz fəal qüvvəsini, müqəddəs ruhunu göndərə bilir. Ata təsəlli vermək və dayaq olmaq üçün uşağına əlini uzatdığı kimi, Allah da niyyətini həyata keçirmək üçün müqəddəs ruhunu göndərir (Məzmur 104:30; 139:7).
Şəxsiyyət olduğundan Allah müəyyən keyfiyyətlərə, hətta hisslərə malikdir. Onun bəyəndiyi və bəyənmədiyi şeylər var. Müqəddəs Kitabda deyilir ki, O, Öz xalqını sevir, əllərinin işi Ona sevinc gətirir, bütpərəstliyə nifrət edir və pisliyi görəndə kədərlənir (Yaradılış 6:6; Qanunun təkrarı 16:22; 1 Padşahlar 10:9; Məzmur 104:31). 1 Timoteyə 1:11 (YD) ayəsində O, «xoşbəxt Allah» adlanır. İsanın Allahı bütün qəlbimizlə sevə biləcəyimizi deməsi heç də təəccüblü deyil! (Mark 12:30)a.
[Haşiyə]
a Bu mövzu ilə bağlı ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 1-ci fəslinə baxın.
[5-ci səhifədəki şəkil]
Ata uşağına əlini uzatdığı kimi, Allah da Öz niyyətini yerinə yetirmək üçün müqəddəs ruhunu göndərir