Yehovanı unutmamalısan
BƏZİLƏRİ belə bir şeyi artıq etmişdilər. Əksəriyyət isə ömürlərində birinci və axırıncı dəfə idi ki, çayı islanmadan keçirdi. Yehova İordan çayının qabağını yenicə kəsmişdi. Milyonlarla israillilərdən ibarət olan böyük izdiham enli və uzun sıra ilə çayın o biri tayına — Vəd edilmiş diyara keçdi. Çox güman ki, İordanı keçənlərin çoxu 40 il öncə Qırmızı dənizi keçən əcdadları kimi düşünürdü: «Mən Yehovanın burada etdiklərini heç vaxt unutmayacağam» (Yeşua 3:13-17).
Amma Yehova bəzi israillilərin Onun ‘əməllərini tez unudacaqlarını’ bilirdi (Məz. 106:13). Buna görə də, O, israillilərin başçısı Yeşuaya tapşırdı ki, çayın dibindən 12 daş götürüb onların ilk düşərgə saldıqları yerdə qoysun. Yeşua izah etdi: «Bu daşlar İsrail övladlarına əbədi bir xatirə olacaq» (Yeşua 4:1-8). Daşlardan ucaldılan həmin abidə xalqa Yehovanın möhtəşəm işləri barədə xatırlatmalı və nəyə görə Yehovaya daim sədaqətlə xidmət etməli olduqlarını yaddaşlarına həkk etməli idi.
Bu hadisə Allahın müasir xalqı üçün əhəmiyyət kəsb edirmi? Bəli, edir. Biz də Yehovanı heç vaxt unutmamalı və Ona daim sədaqətlə xidmət etməliyik. İsrail xalqına edilən digər xəbərdarlıqlar Yehovanın müasir xidmətçilərinə də aiddir. Musanın sözlərinə nəzər salaq: «Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız... Rəbbin əmr, hökm və qaydalarına riayət edin» (Qanun. t. 8:11). Bu sözlər göstərir ki, Yehovanı xatırlamamaq bilərəkdən itaətsizlik etməyə gətirib çıxara bilər. Bizim günlərdə də belə bir təhlükə var. Həvari Pavel məsihçilərə ünvanladığı məktubunda onları israillilərin səhrada göstərdikləri «itaətsizlik nümunəsinə» qarşı xəbərdarlıq etmişdir (İbr. 4:8-11).
Gəlin İsrail xalqının tarixindən Allahı unutmamalı olduğumuzu göstərən bəzi hadisələri nəzərdən keçirək. İki sadiq israillinin nümunəsi bizə Yehovaya minnətdarlıqla və təhəmmüllə xidmət etməyə kömək edəcək.
Yehovanı nə üçün unutmamalıyıq?
Misirdə olduqları dövr ərzində Yehova israilliləri heç vaxt unutmurdu. O, «İbrahimlə, İshaqla və Yaqubla olan əhdini xatırladı» (Çıx. 2:23, 24). Sonralar Yehovanın onları köləlikdən azad etmək üçün etdikləri həqiqətən də unudulmaz idi.
Yehova Misirə doqquz bəla göndərdi. Fironun sehrbazları onların qarşısını almaqda aciz idilər. Bununla belə, o, israilliləri buraxmaqdan imtina etməklə Yehovaya itaətsizlik göstərdi (Çıx. 7:14–10:29). Lakin onuncu bəladan sonra bu məğrur hökmdar Allahın iradəsinə boyun əyməyə məcbur oldu (Çıx. 11:1-10; 12:12). İsraillilərdən və başqa xalqlardan ibarət olan təxminən 3 000 000 adam Musanın başçılığı altında Misiri tərk etdi (Çıx. 12:37, 38). Onların getməsindən çox keçməmişdi ki, firon öz fikrindən daşındı. O, döyüş arabalarını və süvarilərini — o dövrün ən güclü ordusunu hazırlayıb kölələrini geri qaytarmaq üçün onların dalınca düşdü. Bu vaxt Yehova Musaya tapşırdı ki, israilliləri dağlarla Qırmızı dəniz arasında yerləşən və tələ kimi görünən Pi-Haxirot adlı yerə aparsın (Çıx. 14:1-9).
İsraillilərin tələyə düşdüyünü hesab edən firon hücuma keçmək üzrə idi. Amma Yehova israillilərlə misirlilərin arasına bulud və od dirəyi çəkərək onları israillilərə yaxınlaşmağa qoymadı. Sonra Allah Qırmızı dənizin sularını yardı və divarlarının hündürlüyü təxminən 15 metr olan bir dəhliz açdı. İsraillilər quru yerlə dənizin ortasından keçməyə başladılar. Misirlilər ora yaxınlaşanda israillilərin o biri sahilə keçdiklərini gördülər (Çıx. 13:21; 14:10-22).
Fironun yerində başqa ağıllı hökmdar olsaydı, təqibdən əl çəkərdi. Lakin özündən çox razı olan firon döyüş arabaları və süvariləri ilə birgə özünü dənizin ortasına verdi. Misirlilər atlarını sürətlə çapırdılar. İsraillilərə çatmamış onların mənasız təqiblərinə son qoyuldu. Misirlilərin arabaları artıq getmirdi: Yehova onların çarxlarını çıxarmışdı (Çıx. 14:23-25; 15:9).
Misirlilər sıradan çıxmış arabaları ilə əlləşərkən israillilər artıq şərq sahilə çatmışdılar. Musa əlini Qırmızı dənizə uzatdı. Bu zaman Yehova dəhliz əmələ gətirən suları yerinə qaytardı. Külli miqdarda su fironun və onun döyüşçülərinin üzərinə töküldü, dəniz onları uddu. Bu düşmənlərdən heç biri sağ qalmadı. İsrail azadlığa çıxdı! (Çıx. 14:26-28; Məz. 136:13-15).
Bu hadisədən xəbər tutan ətraf xalqlar vahiməyə düşdülər (Çıx. 15:14-16). Qırx ildən sonra Yerixo şəhərində yaşayan Raxav adlı qadın iki israilliyə dedi: «Siz bizi dəhşətə saldınız... Çünki Misirdən çıxdığınız zaman Rəbb Qırmızı dənizin sularını qarşınızda necə qurutduğunu... eşitmişik» (Yeşua 2:9, 10). Hətta bu bütpərəst xalqlar Yehovanın Öz xalqını necə qurtardığını unutmamışdı. Bəli, İsrailin Onu unutmaması üçün daha çox səbəbləri vardı.
‘Göz bəbəyi kimi onları qorudu’
İsraillilər Qırmızı dənizi keçəndən sonra «böyük və qorxunc» Sina səhrasına daxil oldular. Onlar böyük bir izdiham üçün yemək olmayan «susuz şoran torpaqlarda» dolaşarkən Yehovanın əli qısa deyildi. Musa yazır: «[Yehova] onu [İsraili] quraq bir torpaqda, uğultulu, boş-biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi, göz bəbəyi kimi onu qorudu» (Qanun. t. 8:15; 32:10). Allah onların qayğısına necə qalırdı?
Yehova onlara «göydən çörək» verdi, möcüzəli şəkildə «torpaq üzərində» peyda olan həmin çörək manna adlanırdı (Çıx. 16:4, 14, 15, 35). Yehova həmçinin onlar üçün «sərt qayalardan su çıxartdı». Səhrada dolaşdıqları 40 il ərzində Allahın xeyir-duası sayəsində onların paltarları yırtılmadı və ayaqları şişmədi (Qanun. t. 8:4). Yehova haqlı olaraq onlardan nə gözləyirdi? Musa israillilərə dedi: «Diqqətli olun. Gözünüzlə gördüklərinizi unutmamaq və ömür boyu yaddan çıxarmamaq üçün böyük səy göstərin» (Qanun. t. 4:9). Əgər israillilər Yehovanın onları xilas etmək üçün etdiyi işləri minnətdarlıqla yadda saxlasaydılar, həmişə Ona xidmət edərdilər və Onun qanunlarına tabe olmağa çalışardılar. Bəs onlar nə etdilər?
Unutqanlıq naşükürlüyə gətirib çıxarır
Musa bəyan etdi: «Sizi həyata gətirən Qayanı atdınız... Allahı unutdunuz» (Qanun. t. 32:18). Çox keçmədi ki, israillilər Yehovanın Qırmızı dəniz yaxınlığında etdiklərinə, xalqın sağ qalması üçün gördüyü tədbirlərə və Onun başqa xeyirxahlıqlarına etinasızlıq göstərməyə başladılar, yaxud onları tamamilə unutdular. İsraillilər üsyankar oldular.
Bir dəfə israillilər içməli su olmadığını düşünərək Musaya qarşı deyinməyə başladılar (Say. 20:2-5). Sayəsində sağ qaldıqları mannaya görə narazılıq etdilər: «Bu dadsız yeməkdən... iyrənirik» (Say. 21:5). Onlar Allahın qərarlarını şübhə altına alırdılar və bir başçı kimi Musanı rədd edirdilər. Xalq deyirdi: «Kaş Misir torpağında və yaxud da bu səhrada öləydik! [...] Özümüzə başçı seçək və Misirə qayıdaq» (Say. 14:2-4).
İsraillilərin itaətsizliyi Yehovaya necə təsir edirdi? Məzmurçu həmin hadisələri xatırlayaraq yazmışdı: «Neçə dəfə səhrada Ona qarşı çıxdılar, neçə dəfə çöllükdə Onu kədərləndirdilər! Allahı dönə-dönə sınadılar, İsrailin Müqəddəsinin xatirinə dəydilər. Xatırlamadılar Onun qüdrətini, düşməndən azad etdiyi günü, Misirdə göstərdiyi əlamətləri» (Məz. 78:40-43). Bəli, israillilərin unutqanlığı Yehovaya çox pis təsir edirdi.
İki nəfər unutmadı
Ancaq bəzi israillilər Yehovanı unutmadılar. Onlardan ikisi Yeşua və Kalev idi. Onlar Qadeş-Barneadan Vəd edilmiş diyara onu nəzərdən keçirmək üçün göndərilən 12 kəşfiyyatçının arasında idilər. Kəşfiyyatçılardan on nəfəri bəd xəbərlərlə qayıtdı, Yeşua və Kalev isə xalqa dedilər: «Nəzərdən keçirmək üçün içərisindən keçdiyimiz ölkə çox yaxşı bir ölkədir. Əgər Rəbb bizdən razı qalarsa, bizi o ölkəyə aparacaq, süd və bal axan torpağı bizə verəcək. Ancaq Rəbbə qarşı üsyankarlıq etməyin». Xalq bu sözləri eşidəndə Yeşua ilə Kalevi daşqalaq etmək istədi. Lakin onların hər ikisi Yehovaya etibar edərək möhkəm durdu (Say. 14:6-10).
İllər sonra Kalev Yeşuaya dedi: «Rəbbin qulu Musa ölkəni gözdən keçirtmək üçün Qadeş-Barneadan məni göndərəndə qırx yaşında idim. Mən ona səmimi qəlbdən müjdə gətirdim. Lakin mənimlə birlikdə gedən soydaşlarım xalqın ürəyini üzdülər. Amma mən səmimi qəlblə Allahım Rəbbin ardınca getdim» (Yeşua 14:6-8). Allaha güvənmələri sayəsində Kalev və Yeşua müxtəlif çətinliklərə tab gətirdilər. Onlar həyatları boyu Yehovanı yadda saxlamaq qətiyyətlərindən dönmədilər.
Kalevlə Yeşua həmçinin Yehovanın Öz xalqını münbit torpağa gətirmək vədini yerinə yetirdiyini təsdiq etməklə minnətdarlıqlarını təzahür etdirdilər. Bəli, israillilər həyatlarını Ona borclu idilər. Yeşua yazmışdı: «Rəbb atalarına etdiyi anda görə vəd etdiyi bütün torpağı İsraillilərə verdi. [...] Rəbbin İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi» (Yeşua 21:43, 45). Bəs Kalev və Yeşua kimi biz öz minnətdarlığımızı necə göstərə bilərik?
Minnətdar ol
Allah qorxusuna malik olan bir nəfər belə sual qaldırmışdı: «Mənə etdiyi comərdliyə görə Rəbbin borcunu necə qaytara bilərəm?» (Məz. 116:12). Allahın bizi fiziki cəhətdən xeyir-dualandırmasına, ruhani rəhbərlik verməsinə və gələcək xilas üçün gördüyü bütün tədbirlərə görə o qədər borcluyuq ki, onu ödəmək üçün əbədiyyət belə bəs etməz. Əslində isə, Yehovanın borcunun altından heç kim çıxa bilməz. Ancaq minnətdarlığı hamı təzahür etdirə bilər.
Yehovanın məsləhətləri problemlərinin çözülməsində sənə kömək edibmi? Bəs elə olubmu ki, Onun günahları bağışlayan Allah olması sayəsində təmiz vicdan əldə edəsən? Allahın bu işlərinin gətirdiyi faydalar uzunmüddətli olduğu kimi, bizim Ona olan minnətdarlığımız da daimi olmalıdır. 14 yaşlı Sandra adlı qız ciddi problemlərlə üzləşmiş, amma Yehovanın köməyi ilə onların öhdəsindən gələ bilmişdir. O deyir: «Duada Yehovadan kömək diləyirdim və Onun işləri necə yoluna qoyması mənə güclü təsir bağışladı. İndi mən başa düşürəm ki, atam nəyə görə tez-tez Süleymanın məsəlləri 3:5, 6 ayələrini yadıma salırdı: “Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər”. Əminəm ki, Yehova indiyə kimi mənə necə kömək edibsə, bundan sonra da Öz köməyini əsirgəməyəcək».
Təhəmmül etməklə Yehovanı unutmadığını göstər
Müqəddəs Kitabda deyilir ki, Yehovanı unutmamaq üçün bizdən daha bir keyfiyyət tələb olunur: «Təhəmmül isə öz əməlini ikmal etsin ki, siz heç bir nöqsanı olmayan, kamil və tam adamlar olasınız» (Yaq. 1:4). ‘Heç bir nöqsanı olmayan, kamil adam’ olmaq nə deməkdir? Bu, sınaqları Yehovaya imanla qarşılamağa və onların öhdəsindən qətiyyətlə gəlməyə kömək edəcək xüsusiyyətlər inkişaf etdirmək deməkdir. Sınaqlarımız sona çatanda təhəmmül bizə böyük məmnunluq gətirir. Sınaqlar heç vaxt sonsuzadək davam etmir (1 Kor. 10:13).
Uzun müddətdir ki, Yehovaya xidmət edən və səhhətində ciddi problemləri olan bir qardaş çətinliklərin öhdəsindən gəlməkdə ona nə kömək etdiyi barədə demişdir: «Mən özümün nə etmək istədiklərim barədə deyil, Yehovanın etdikləri barədə düşünməyə çalışıram. Nöqsansızlıq diqqətimi öz arzularıma yox, Allahın niyyətlərinə cəmləmək deməkdir. Problemlərim yarananda heç vaxt demirəm: “Yehova, axı niyə mən?” Mən sadəcə xidmətimi davam etdirir və hətta gözlənilməz bədbəxtlik üz verəndə belə Ona bağlı qalmağa çalışıram».
Bu gün məsihçi yığıncağında Yehovaya «ruhən və həqiqətən» ibadət edilir (Yəh. 4:23, 24). Bir qrup kimi, həqiqi məsihçilər israillilər tək, heç vaxt Allahı unutmayacaqlar. Ancaq sadəcə yığıncağın üzvü olmaq ayrı-ayrılıqda hər bir kəsin nöqsansız qalacağına zəmanət vermir. Kalev və Yeşua kimi, hər birimiz Yehovaya minnətdarlıqla və təhəmmüllə xidmət etməliyik. Bunun üçün tutarlı səbəblərimiz var, çünki Yehova yaşadığımız çətin son günlərdə hər birimizə ayır-ayrılıqda rəhbərlik verir və qayğımıza qalır.
Yeşuanın daşdan ucaltdığı abidə kimi, Allahın qələmə alınmış xilas üçün gördüyü tədbirləri bizi əmin edir ki, O, heç vaxt xalqını tərk etməyəcək. Buna görə, gəlin biz də məzmurçunun hisslərinə şərik olaq: «Ya Rəbb, Sənin əməllərini yada salıram, bəli, xatırlayıram, ta qədimdən xariqələr göstərmisən. Sənin bütün işlərini dərindən düşünürəm, əməllərin barədə xəyala dalıram» (Məz. 77:11, 12).
[7-ci səhifədəki şəkil]
Bütün İsrail xalqı «susuz şoran torpaqlarda» dolaşmalı oldu
[İcazə ilə
Pictorial Archive (Near Eastern History) Est.
[8-ci səhifədəki şəkil]
İsraillilər Qadeş-Barneada düşərgə salanda kəşfiyyatçılar Vəd edilmiş diyara göndərildi
[İcazə ilə
Pictorial Archive (Near Eastern History) Est.
[9-cu səhifədəki şəkil]
Səhrada keçirdikləri illərdən sonra israillilər Vəd edilmiş münbit diyara görə minnətdar olmalı idilər
[İcazə ilə
Pictorial Archive (Near Eastern History) Est.
[10-cu səhifədəki şəkil]
Diqqətimizi Yehovanın niyyətlərinə cəmləmək istənilən çətinliyin öhdəsindən gəlməyimizə kömək edir