Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/5 s. 6—8
  • Son gələndə sən harada olmalısan?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Son gələndə sən harada olmalısan?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Məkan vacib rol oynayanda
  • Məkan həmişəmi həlledici rol oynayır?
  • Ən vacibi nədir?
  • «Keç içəri otaqlara»
  • Rahabın Yehovaya imanı
    Övladlarımızı öyrədək
  • Rahab kəşfiyyatçıları gizlədir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Raxav kəşfiyyatçıları gizlədir
    Müqəddəs Kitab hekayələri
  • Xilasa hazırlaşmısanmı?
    Gözətçi qülləsi 2006
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/5 s. 6—8

Son gələndə sən harada olmalısan?

YEHOVA Har-Megidonda bu pis sistemi məhv edəndə saleh insanların aqibəti necə olacaq? Süleymanın məsəlləri 2:21, 22 ayələri bu suala cavab verir: «Əməlisalehlər yer üzündə sakin olacaq, kamillər burada qalacaq. Pis adamlar bu torpaqdan atılacaq, xainlərin kökü buradan qoparılacaq».

Bəs əməlisalehlər necə xilas olunacaq? Onlar üçün hansısa bir sığınacaq yeri olacaqmı? Son gələndə əməlisalehlər harada olmalıdırlar? Müqəddəs Kitabda xilasa dair qeydə alınan dörd hadisə bu məsələyə aydınlıq gətirir.

Məkan vacib rol oynayanda

Nuhun və Lutun xilası haqda 2 Peter 2:5-7 ayələrində oxuyuruq: «[Allah] qədim dünyaya da rəhm etmədi. Lakin allahsızlar dünyası üzərinə tufanı gətirərkən, salehlik təbliğçisi olan Nuh da daxil olmaqla, səkkiz nəfərin canını saxladı. Sodom və Homorra şəhərlərini də külə çevirərək, yerlə yeksan olmağa məhkum etdi və allahsızların başına gələcək şeyləri göstərən bir ibrət verdi. Allah pozğun adamların səfahətə düşkün həyat tərzindən əziyyət çəkən saleh Lutu da xilas etdi».

Bəs Nuh Daşqından necə xilas oldu? Allah Nuha dedi: «Önümdə olan bütün bəşərin sonu çatıb, çünki yer üzü onların zorakılığı ilə dolub. Buna görə də Mən onları yer üzü ilə birgə məhv edəcəyəm. Özünə qofer ağacından bir gəmi düzəlt» (Yar. 6:13, 14). Nuh Yehovanın əmr etdiyi kimi gəmini düzəltdi. Daşqından yeddi gün əvvəl Yehova ona heyvanları gəmiyə toplamasını və ailəsi ilə birgə oraya girməsini tapşırdı. Yeddinci gün gəminin qapısı bağlandı və «yer üzünə qırx gün-qırx gecə yağış yağdı» (Yar. 7:1-4, 11, 12, 16). Nuh və ailəsi «sudan sağ-salamat çıxdı» (1 Pet. 3:20). Onların xilası gəminin içində olmalarından asılı idi. Yer üzündə gəmidən başqa təhlükəsiz yer yox idi (Yar. 7:19, 20).

Lut isə tamamilə fərqli göstərişlər almışdı. Mələklər ona haranı tərk etməli olduğunu söylədi. Onlar Luta dedi: «Bu şəhərdə [Sodomda]... hər kəs varsa, hamısını bu yerdən çıxart, çünki biz bu yeri məhv edəcəyik». Onlar ‘dağa’ qaçmalı idilər (Yar. 19:12, 13, 17).

Nuhun və Lutun hadisəsi sübut edir ki, Yehova «Ona ixlas edənləri imtahandan necə xilas etməyi, saleh olmayanları da... qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir» (2 Pet. 2:9). Hər iki hadisədə məkan vacib rol oynayırdı. Nuh gəmiyə girməli, Lut isə Sodomdan çıxmalı idi. Bəs xilas olmaq üçün məkan həmişəmi həlledici rol oynayır? Yehova harada olmalarından asılı olmayaraq, salehləri xilas etməyə qadirdirmi? Bu sualın cavabını tapmaq üçün iki xilas hadisəsini nəzərdən keçirək.

Məkan həmişəmi həlledici rol oynayır?

Yehova Musanın günlərində Misirin üzərinə on bəla gətirməzdən öncə israillilərə əmr etdi ki, Pasxa quzusunun qanını qapılarının üst dirəyinə və iki yan taxtasına sürtsünlər. Nə üçün? Yehova «Misirliləri bəlaya salmaq üçün gələndə bir qapının üst dirəyinin və hər iki yan taxtasının üzərində qan görüb o qapıdan yan keçəcək. Məhvedicini evinizə girməyə qoymayacaq. Gecəyarısı Rəbb Misir torpağında olan bütün ilk oğulları öldürdü; taxtda oturan fironun ilk oğlundan tutmuş zindanda olan əsirin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası da öldü». İsraillilərin ilk oğulları heç bir yerə getmədən xilas olundular (Çıx. 12:22, 23, 29).

Gəlin həmçinin Yerixo şəhərində yaşayan fahişə Raxavın hadisəsinə nəzər salaq. İsraillilər Vəd edilmiş diyarı zəbt etməyə hazırlaşırdılar. Yerixonun məhvə məhkum olunduğunu başa düşəndə Raxav iki israilli kəşfiyyatçıya dedi ki, israillilərə görə şəhər vahimə içindədir. O, kəşfiyyatçıları gizlətdi və şəhər ələ keçiriləndə ona, eləcə də ailəsinə heç bir xətər yetirməyəcəklərinə and içdirdi. Kəşfiyyatçılar Raxava tapşırdılar ki, ailəsini şəhərin qala divarında yerləşən evə toplasın. Evi tərk edən hər kəs şəhərlə birgə məhv olacaqdı (Yeşua 2:8-13, 15, 18, 19). Lakin bir qədər sonra Yehova Yeşuaya dedi ki, «şəhərin qala divarları yerə çökəcək» (Yeşua 6:5). Kəşfiyyatçıların təhlükəsiz adlandırdığı yer indi təhlükəli görünürdü. Bəs Raxav və ailəsi necə xilas olunacaqdı?

Yerixonu zəbt etməyin vaxtı çatanda şeypurlar çalındı və israillilər çığırdılar. Yeşua 6:20 ayəsində deyilir: «Xalq şeypur səsini eşidəndə ucadan çığırdı. Onda qala divarları yerə çökdü». Divarların dağılmasının qarşısını heç bir insan ala bilməzdi. Lakin möcüzə baş verdi: Raxavın evinə çatanda dağıntılar dayandı. Yeşua iki kəşfiyyatçıya əmr etdi: «Fahişə qadının evinə girin, ona and içdiyiniz kimi qadını və onun yanındakıların hamısını evdən çıxarın» (Yeşua 6:22). Raxavın evindəkilərinin hamısı xilas olundu.

Ən vacibi nədir?

Biz Nuhun, Lutun, Musanın günlərindəki israillilərin və Raxavın xilas olmasından nə öyrənirik? Bu hadisələr yaşadığımız pis sistemin sonu gələndə harada olmalı olduğumuzu müəyyən etməyə necə kömək edir?

Bəli, Nuh gəmiyə girməyin sayəsində xilas oldu. Bəs o, nəyə görə gəmidə idi? Məgər bu, iman və itaətkarlığın təzahürü deyildimi? «Nuh hər şeyi etdi: Allah ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi»,— deyə Müqəddəs Kitabda yazılıb (Yar. 6:22; İbr. 11:7). Bəs bizim haqqımızda nə demək olar? Allahdan olan bütün tapşırıqları yerinə yetiririkmi? Nuh həmçinin «salehlik təbliğçisi» idi (2 Pet. 2:5). Sahəmizdə yaşayan insanların çatdırdığımız xəbərə laqeyd yanaşmalarına baxmayaraq, biz də onun kimi təbliğ işində səylə iştirak edirikmi?

Lut Sodomun məhvi zamanı xilas oldu. O, Allahın gözündə saleh olduğu, həmçinin Sodom və Homorra sakinlərinin səfahətə düşkün həyat tərzindən əziyyət çəkdiyi üçün xilas olundu. Bu gün dünyada hökm sürən pozğunluq bizi də narahat edirmi? Yoxsa gözümüz bunlara o qədərmi alışıb ki, artıq bu kimi şeylər bizi heç narahat etmir? ‘Nöqsansız [və] ləkəsiz tapılmaq’ üçün əlimizdən gələni edirikmi? (2 Pet. 3:14).

Misirdə yaşamış israillilərin və yerixolu Raxavın xilası evlərindən çıxmamalarından asılı idi. Bunun üçün iman və itaətkarlıq tələb olunurdu (İbr. 11:28, 30, 31). Misir ailələrində bir-birinin ardınca ‘böyük fəryad qopduğunu’ eşidən hər bir israillinin gözlərini öz ilkinlərinin üzərindən ayırmadığını bir təsəvvürünə gətir (Çıx. 12:30). Yerixonun qala divarlarının dağılmasından çıxan gurultu səsi yaxınlaşdıqca Raxavın ailə üzvlərinin bir-birinə necə sığındığını bir təsəvvür et. Həqiqətən də, evi tərk etməmək üçün ondan iman və itaətkarlıq tələb olunurdu.

Tezliklə Şeytanın sisteminə son qoyulacaq. Yehovanın Öz xalqını vahimə dolu «qəzəb günündə» necə qurtaracağını hələ ki bilmirik (Sef. 2:3). Son gələndə harada və hansı vəziyyətdə olmağımızdan asılı olmayaraq, əmin ola bilərik ki, xilasımız Yehovaya imanımızdan və Ona itaətkarlığımızdan asılı olacaq. Hələlik biz Yeşayanın peyğəmbərliyində ‘içəri otaqlar’ ifadəsi altında nəzərdə tutulan yerə düzgün münasibəti inkişaf etdirməliyik.

«Keç içəri otaqlara»

Yeşaya 26:20 ayəsində deyilir: «Ey xalqım, keç içəri otaqlara, qapıları ört, Rəbbin qeyzi keçənəcən qısa bir müddətə gizlən!» Bu peyğəmbərlik ilk dəfə b. e. ə. 539-cu ildə midiyalılar və farslar Babili işğal edən zaman yerinə yetmişdi. Fars padşahı Kir Babilə daxil olanda heç kimin evdən çıxmamasını tapşırmışdı, çünki əsgərlərinə çöldə olanların hamısını öldürmək əmr olunmuşdu.

Bizim günlərdə bu peyğəmbərlikdəki ‘içəri otaqlar’ Yehovanın Şahidlərinin bütün dünyada fəaliyyət göstərən 100 000-dən artıq yığıncağı ilə müqayisə olunur. Bu yığıncaqlar həyatımızda vacib rol oynayır. ‘Böyük məşəqqət’ zamanı bu, dəyişməz olaraq qalacaq (Vəhy 7:14). Allahın xalqına «içəri otaqlara» girmək və «Rəbbin qeyzi keçənəcən» orada qalmaq əmr olunub. Yığıncağa düzgün münasibət inkişaf etdirmək, onu qoruyub saxlamaq və bu sığınacağa bağlı qalmağa qəti qərarlı olmaq olduqca vacibdir. Biz Pavelin nəsihətinə ciddi yanaşmalıyıq: «Bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına qalaq. Bəzilərinin adət etdikləri kimi öz yığıncaqlarımızı tərk etməyək. Amma xüsusən, o Günün yaxınlaşdığını gördüyümüz nisbətdə bir-birimizi daha çox ürəkləndirək» (İbr. 10:24, 25).

[7-ci səhifədəki şəkil]

Allahın keçmişdə Öz xidmətçilərini necə xilas etməsindən nə öyrənə bilərik?

[8-ci səhifədəki şəkil]

Bizim günlərdə ‘içəri otaqlar’ nə ilə müqayisə oluna bilər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş