Yehovanın verdiyi təhsilin misilsiz dəyəri
‘Uğrunda hər şeyin zərərini çəkdiyim Məsih İsanı tanımağın üstün dəyəri yanında hər şeyi ziyan hesab edirəm’ (FİLİP. 3:8).
1, 2. Bəzi məsihçilər hansı seçimi etmişlər və nəyə görə?
ROBERT məktəbdə əlaçı idi. Onun cəmi səkkiz yaşı olanda müəllimlərindən biri evlərinə gəlib həyatda qazana biləcəyi çoxsaylı nailiyyətlərdən söz açdı. Müəllimə onun bir gün həkim olacağına ümid bəslədiyini dedi. Yuxarı siniflərdə aldığı əla qiymətlər Robertə ölkəsinin istənilən ən yaxşı universitetinə daxil olmaq imkanı verirdi. Amma o, çoxlarının nadir imkan hesab etdiyi bu fürsətdən imtina edərək daimi pioner olmağa üstünlük verdi.
2 Robert kimi, bir çox gənc və yaşlı bacı-qardaşların da qarşısında bu dünyada uğur qazanmaq imkanı açılır. Lakin ruhani məqsədlərə can atdıqları üçün onlardan bəziləri həmin imkanlardan tam istifadə etməmək qərarına gəlmişlər (1 Kor. 7:29-31). Robert kimi, bir çox məsihçiləri də var qüvvələrini təbliğ xidmətinə sərf etməyə nə təşviq edir? Əlbəttə ki, ən vacib amil Yehovaya olan məhəbbətləridir. Lakin bundan əlavə, onlar aydın başa düşürlər ki, Allahın verdiyi təhsil misilsiz dəyərə malikdir. Həqiqəti bilməsəydin, həyatın necə olardı? Heç bu barədə düşünmüsən? Gəlin Yehovanın verdiyi təhsilin gətirdiyi böyük xeyir-dualardan bəziləri üzərində düşünək. Bunu etmək bizə hər zaman xoş xəbərə görə minnətdar olmağa və bu xəbəri canla-başla təbliğ etməyə kömək edəcək.
Allahdan təhsil almaq böyük şərəfdir
3. Nəyə görə əmin ola bilərik ki, Yehova qeyri-kamil insanları öyrətməyə hazırdır?
3 Yehova Allahımız xeyirxahlığından irəli gələrək qeyri-kamil insanları öyrətməyə hazırdır. Məsh olunmuş məsihçilər barədə Yeşaya 54:13 ayəsindəki peyğəmbərlikdə deyilir: «Bütün övladlarını Mən Rəbb öyrədəcəyəm, onlar tam sülh içində olacaq». Ayədə əks olunan prinsipi ‘başqa qoyunlara’ da tətbiq etmək olar (Yəh. 10:16). Bunu bizim günlərdə yerinə yetən digər bir peyğəmbərlikdən aydın görmək olar. Yeşaya aldığı görüntüdə bütün xalqlardan olan insanların həqiqi ibadətə axışdığını gördü. Onlar bir-birinə deyirdilər: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, qoy Rəbb bizə Öz yolunu öyrətsin, biz Onun yolu ilə gedək» (Yeşaya 2:1-3). Allah tərəfindən öyrədilmək necə də böyük şərəfdir!
4. Yehova öyrətdiyi insanların qarşısında hansı tələbi qoyur?
4 Bəs Yehova tərəfindən öyrədilmək üçün bizdən nə tələb olunur? Ən əsas tələb insanın həlim və üzüyola olmasıdır. Məzmurçu Davud yazmışdı: «Rəbb xeyirxah və haqdır... məzlumları [«həlimləri», YD] haqq yolu ilə aparır, Öz yolunu onlara öyrədir» (Məz. 25:8, 9). İsa isə demişdi: «Ey göyün və yerin Rəbbi olan Ata, şükür edirəm Sənə ki, bu şeyləri müdriklərdən və ağıllılardan gizlədib körpələrə açdın» (Luka 10:21). Məgər sən ‘təvazökarlara lütf verən’ Allaha yaxınlaşmaq istəmirsən? (1 Pet. 5:5).
5. Yalnız nəyin sayəsində biz Allahı tanımışıq?
5 Həqiqəti müdrikliyimizin və bacarığımızın sayəsində öyrəndiyimizi deyə bilərikmi? Xeyr. Əslində, biz heç vaxt buna özümüz nail ola bilməzdik. İsa demişdi: «Əgər Məni göndərən Atam cəlb etmirsə, heç kim Mənim yanıma gələ bilməz» (Yəh. 6:44). Yehova təbliğ işi və müqəddəs ruhu vasitəsilə həlim insanları — ‘millətlərin cah-cəlalını’ Özünə cəlb edir (Haq. 2:7). Yehovanın Özünə cəlb etdiyi insanlardan biri də sənsən. Məgər buna görə Ona minnətdar deyilsənmi? (Yeremya 9:23, 24 ayələrini oxu.)
Həyatları dəyişən qüvvə
6. ‘Rəbb biliyi’ ona yiyələnən insanlarda hansı bəhrələri yetişdirir?
6 Yeşaya peyğəmbər parlaq bədii təsvirlərdən istifadə edərək bizim günlərdə insanların xarakterində baş verən dəyişiklikləri təsvir edir. Vaxtilə zalım olan insanlar indi sülhpərvərdirlər. (Yeşaya 11:6-9 ayələrini oxu.) Bir-birilə irqi, milli və mədəni müxtəlifliyə görə yola getməyən insanlar birlikdə yaşamağı öyrənmişlər. Məcazi dillə desək, onlar ‘qılınclarından kotan düzəltmişlər’ (Yeşaya 2:4). Bəs nəyin sayəsində onlar belə böyük dəyişikliklər edə bilmişlər? Onlar ‘Rəbb biliyinə’ yiyələnib onu həyatlarında tətbiq etmişlər. Allaha xidmət edənlər qeyri-kamil olsalar da, həqiqi ümumdünya qardaşlığını təşkil edirlər. Bütün dünyada müxtəlif mənşəli insanların xoş xəbərə hay verməsi və onun gətirdiyi gözəl bəhrələr Yehovanın verdiyi təhsilin misilsiz dəyərə malik olduğuna dəlalət edir (Mat. 11:19).
7, 8. a) Yehovanın verdiyi təhsil sayəsində insanların azad olduğu ‘istehkamlardan’ bəziləri hansılardır? b) İlahi təhsilin Yehovaya izzət gətirdiyini hansı nümunədən görürük?
7 Həvari Pavel Allahın xidmətçilərinin həyata keçirdiyi təbliğ işini ruhani müharibəyə bənzətdi. Biz oxuyuruq: «Cəngimizin silahları cismani deyildir, lakin istehkamları yıxmaq üçün Allahın qüdrətinə malikdirlər. Biz nəzəriyyələri və Allahın biliyinə qarşı duran hər əngəli yıxırıq» (2 Kor. 10:4, 5). Allahın verdiyi biliyin sayəsində insanlar hansı ‘istehkamlardan’ azad olurlar? Yalan təlimlər, mövhumatlar və insan fəlsəfəsi bunlardan yalnız bəziləridir (Kolos. 2:8). Yehovanın verdiyi təhsil insanlara pis vərdişləri atmağa və Onun xoşuna gələn xüsusiyyətləri özlərində yetişdirməyə kömək edir (1 Kor. 6:9-11). O, ailə həyatını yaxşılaşdırır və ümidlərini itirmiş insanların həyatına əsil məna qatır. Bizim günlərdə insanların məhz belə təhsilə ehtiyacı var.
8 Yehovanın insanlara inkişaf etdirməyə kömək etdiyi xüsusiyyətlərdən biri, növbəti nümunədən görəcəyimiz kimi, dürüstlükdür (İbr. 13:18). Hindistanda bir qadın Müqəddəs Kitabı öyrənməyə başladı və bir müddətdən sonra vəftiz olunmamış təbliğçi oldu. Günlərin bir günü o, Padşahlıq Zalının tikintisindən evə qayıdarkən avtobus dayanacağının yaxınlığında qiyməti 800 ABŞ dolları olan bir zinət əşyası tapdı. Qazancı az olsa da, o, həmin əşyanı polis məntəqəsinə apardı. Onu polis zabitinə təqdim edəndə o, gözlərinə inana bilmədi! Bir qədər sonra başqa bir polis ondan soruşdu: «Siz nəyə görə onu özünüzdə saxlamadınız?» O, bunun səbəbini belə izah etdi: «Müqəddəs Kitab təlimləri məni tamamilə dəyişdi və mən indi dürüst insanam». Heyrət içində olan polis onunla birgə məntəqəyə gələn məsihçi ağsaqqala dedi: «Bu ştatda 38 milyon insan yaşayır. Əgər heç olmasa on nəfərə bu qadın kimi olmağa kömək etsəniz, böyük iş görmüş olarsınız». Bəli, Yehovanın verdiyi təhsil milyonlarla insanın həyatını kökündən dəyişib. Məgər bu, Yehovanı izzətləndirməyimiz üçün əsaslı səbəb deyilmi?
9. İnsanlar nəyin sayəsində həyatlarında köklü dəyişikliklər edə bilərlər?
9 Yehovanın müqəddəs ruhu vasitəsilə təqdim etdiyi köməkdən başqa, Onun Kəlamının təsirli qüvvəsi də insanlara həyatlarında böyük dəyişikliklər etməyə güc verir (Rom. 12:2; Qalat. 5:22, 23). Koloslulara 3:10 ayəsində deyilir: «Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər tərzdə təzələnir ki, dərrakəniz tam olsun». Müqəddəs Kitab insana özünü tanımağa və düşüncə tərzini, hətta hər şeyə münasibətini belə dəyişməyə kömək etmək qüvvəsinə malikdir. (İbranilərə 4:12 ayəsini oxu.) Müqəddəs Yazılardan dəqiq bilik əldə etməklə və həyatını Yehovanın saleh normalarına uyğunlaşdırmaqla insan Allahın dostu ola və əbədi yaşamaq ümidini qazana bilər.
Gələcəyə hazırlıq
10. a) Nəyə görə yalnız Yehova bizi gələcəyə hazırlaya bilər? b) Bütün yer üzündə tezliklə hansı böyük dəyişikliklər baş verəcək?
10 Gələcəyə hazırlaşmaqda bizə yalnız Yehova kömək edə bilər, çünki gələcəkdə nə olacağını yalnız O bilir. Bəşəriyyətin gələcəyinə O qərar verir (Yeşaya 46:9, 10). Müqəddəs Kitab peyğəmbərliyi göstərir ki, «Rəbbin [Yehovanın] möhtəşəm günü yaxınlaşır» (Sef. 1:14). Həmin gün Süleymanın məsəlləri 11:4 ayəsindəki sözlər öz təsdiqini tapacaq: «Heç kimi var-dövləti qəzəb günündən xilas etməz, amma salehlik insanı ölümdən qurtarar». Şeytan dünyası üzərində Yehovanın Öz hökmlərini həyata keçirəcəyi vaxt gələndə yalnız Onun qarşısında malik olduğumuz ad öz əhəmiyyətini itirməyəcək. Pul qiymətdən düşəcək. Yezekel 7:19 ayəsində deyilir: «Gümüşlərini küçələrə atacaqlar, qızılları napak sayılacaq». Bunu qabaqcadan bilmək bizə artıq indi müdrik davranmağa kömək edə bilər.
11. Allahdan aldığımız təhsil gələcəyə hazırlaşmaqda bizə daha necə kömək edir?
11 Yehovanın verdiyi təhsilin səciyyəvi xüsusiyyətlərindən biri də odur ki, bu təhsil bizə həyatda ən vacib şeyləri ayırd etməyə və Onun yaxınlaşmaqda olan gününə hazırlaşmağa kömək edir. Həvari Pavel Timoteyə yazmışdı: «İndiki zəmanədə varlı olanlara tapşır ki, təkəbbürlü olmasınlar və güvənilə bilməyən var-dövlətə bel bağlamasınlar, lakin... Allaha ümid bəsləsinlər». Hətta təhsil haqqı ödəməməklə biz bu məsləhətdən faydalana bilərik. Necə? Var-dövlət toplamaq əvəzinə, biz ‘xeyirxahlıq etməyə’ və ‘yaxşı işlərlə varlı olmağa’ çalışmalıyıq. Ruhani işləri birinci yerə qoymaqla biz ‘gələcək üçün yaxşı təməl olacaq bir xəzinə toplayırıq’ (1 Tim. 6:17-19). Bu cür fədakarlıq praktiki müdrikliyin göstəricisidir, çünki İsa demişdi: «İnsan bütün dünyaya yiyələnib öz canını itirərsə, ona nə fayda olacaqdır» (Mat. 16:26, 27). Yehovanın gününün yaxın olduğunu nəzərə alaraq hər kəs özündən soruşmalıdır: «Mən xəzinəmi harada toplayıram? Mən kimə xidmət edirəm: Allaha, yoxsa var-dövlətə?» (Mat. 6:19, 20, 24).
12. Kiminsə xidmətimizə həqarətlə baxması bizi nəyə görə ruhdan salmamalıdır?
12 Müqəddəs Kitaba əsasən məsihçilərin etməli olduğu ən ‘yaxşı işlərdən’ biri həyatları xilas edən təbliğ və şagird hazırlamaq işidir (Mat. 24:14; 28:19, 20). Birinci əsrdə olduğu kimi, bu gün də bəziləri xidmətimizə həqarətlə baxırlar. (1 Korinflilərə 1:18-21 ayələrini oxu.) Lakin bu nə çatdırdığımız xəbəri qiymətdən salır, nə də hər bir insana hələ vaxt var ikən ona iman gətirməsi üçün imkan verməyin vacibliyini azaldır (Rom. 10:13, 14). Başqalarına Allahın verdiyi təhsildən yararlanmağa kömək edəndə özümüz çoxlu xeyir-dualar alırıq.
Fədakarlıq xeyir-dualandırılır
13. Həvari Pavel xoş xəbər naminə nələri arxada qoydu?
13 Məsihçiliyi qəbul etməzdən öncə, həvari Pavel aldığı təhsil sayəsində yəhudilər arasında nüfuzlu mövqeyə sahib ola bilərdi. Təxminən 13 yaşı olanda o, xalq arasında böyük hörmətə malik olan Qanun müəllimi Qamliyeldən təhsil almaq məqsədilə doğma şəhəri Tarsusdan Yerusəlimə yollandı (Həv. iş. 22:3). Müəyyən vaxtdan sonra Pavel müasirləri arasında seçilməyə başladı və bu minvalla o, iudaizmdə böyük vəzifəyə yiyələnə bilərdi (Qalat. 1:13, 14). Lakin xoş xəbəri qəbul edəndə və təbliğ etməyə başlayanda o, hər şeyi arxada qoydu. Pavel belə addım atdığına görə peşman idimi? Yox. Biz oxuyuruq: «Uğrunda hər şeyin zərərini çəkdiyim... Məsih İsanı tanımağın üstün dəyəri yanında hər şeyi ziyan hesab edir və zibil sayıram» (Filip. 3:8).
14, 15. Allahın ‘əməkdaşları’ kimi, biz hansı xeyir-duaları alırıq?
14 Pavel kimi, müasir məsihçilər də xoş xəbər naminə nələrdənsə keçirlər (Mark 10:29, 30). Bəs demək olarmı ki, belə etməklə biz özümüzü nədənsə məhrum edirik? Bir çox insanlar yuxarıda adı çəkilən Robertin fikrinə şərikdirlər. O deyir: «Mən zərrə qədər də təəssüflənmirəm. Tammüddətli xidmət mənə sevinc və məmnunluq gətirir və Yehovanı ‘dadmağa [və Onun nə qədər] şirin’ olduğunu görməyə kömək edir. Ruhani məqsədlər naminə nə zaman maddi qurbanlar versəm, Yehova məni bundan da artıq xeyir-dualandırır. Sanki, heç nədən keçmirəm, ancaq əldə edirəm!» (Məz. 34:8; Sül. məs. 10:22).
15 Əgər müəyyən müddətdir ki, təbliğ və təlim işində iştirak edirsənsə, şübhə yoxdur ki, Yehovanın nə qədər şirin olduğunu dadmaq imkanın olub. Xoş xəbəri təbliğ edərkən Onun ruhunun sənə necə dayaq olduğunu hiss etmisənmi? Yehova kiməsə həqiqəti açanda onun gözlərinin sevincdən necə işıldadığını görmüsənmi? (Həv. iş. 16:14). Yehova sənə maneələrin, məsələn, xidmətini genişləndirməkdə sənə mane olan çətinliklərin öhdəsindən gəlməkdə kömək edibmi? Çətin anlarında O, sənə arxa olubmu? Əldən düşəndə xidmətini dayandırmamağın üçün səni necə möhkəmləndirdiyini hiss etmisənmi? (Filip. 4:13, İ–93). Yehovaya xidmət edərkən Onun qayğıkeş əlinin üzərimizdə olduğunu görəndə O, bizim üçün daha real olur və biz Ona daha da yaxın olduğumuzu hiss edirik (Yeşaya 41:10). Möhtəşəm maarifləndirmə işində Allahın ‘əməkdaşlarından’ biri olmaq məgər xeyir-dua deyil? (1 Kor. 3:9).
16. Ruhani maarifləndirmə işində iştirak etmək üçün göstərdiyin səylərə və qurbanlara necə yanaşırsan?
16 Bir çox insanlar gözlərini həyata yummamış uzun müddət əhəmiyyətini itirməyəcək bir iş görmək arzusundadırlar. Hər birimiz yaşadığımız dünyadakı möhtəşəm nailiyyətlərin belə, adətən, tez bir zamanda unudulduğunun şahidiyik. Amma Yehovanın Öz adını təqdis etməklə əlaqədar hal-hazırda həyata keçirdiyi işlər teokratik tarixin səhifələrindən heç vaxt silinməyəcəkdir. Onlar əbədiyyən yaddaşlarda qalacaq! (Sül. məs. 10:7; İbr. 6:10). Gəlin tarixi əhəmiyyət daşıyan ruhani maarifləndirmə işində iştirak etmək şərəfini yüksək qiymətləndirək!
Necə cavab verərdiniz?
• Yehova Ondan öyrənmək istəyən insanlar qarşısında hansı tələbi qoyur?
• Allahın verdiyi təhsil insanların həyatını necə yaxşılaşdırır?
• Başqalarına Allahın verdiyi biliklərdən yararlanmağa kömək edən bizlər hansı xeyir-duaları alırıq?
[23-cü səhifədəki şəkil]
Yehovadan təhsil alanlar əsil ümumdünya qardaşlığını təşkil edirlər
[24-cü səhifədəki şəkil]
Məgər Allahın ‘əməkdaşı’ olmaq xeyir-dua deyil?