Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/4 s. 16—19
  • Çətinliklərlə mübarizə Yehovaya etibarımızı möhkəmləndirdi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Çətinliklərlə mübarizə Yehovaya etibarımızı möhkəmləndirdi
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Məsihçi görüşləri və xidmət bizi möhkəmləndirirdi
  • «Bu bir möcüzədir!»
  • Heyrətamiz irəliləyiş
  • Körpəlikdən Rəbb yolunda tərbiyə etməyin gətirdiyi bəhrələr
  • Coelin ruhani inkişafı
  • Dar günümüzdə Yehova həmişə bizə dayaq olub
  • Müqəddəs Yazıların kitabı nömrə 29 Yoel
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
  • Peyğəmbərlərdən nümunə götürün — Yoel
    Müqəddəs ibadətimiz 2013
  • Şimaldan gələn hücum!
    Gözətçi qülləsi 2020
  • «Yoel» və «Amos» kitablarından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2007
Gözətçi qülləsi 2010
w10 15/4 s. 16—19

Çətinliklərlə mübarizə Yehovaya etibarımızı möhkəmləndirdi

Nəql etdi Ada Dello Stritto

Gündəlik ayəni indicə dəftərimə köçürüb qurtardım. 36 yaşım olsa da, bu bir neçə sətri yazmaq iki saata başa gəldi. Bəs niyə belə çox? Bunun səbəbini anam izah edəcək (Coel).

HƏYAT yoldaşımla mən 1968-ci ildə Yehovanın Şahidləri kimi vəftiz olunmuşuq. İki sağlam övladımız David və Mark olduqdan sonra üçüncü oğlumuz Coel dünyaya gəldi. O, 1973-cü ildə Belçikanın paytaxtı Brüsseldən 60 kilometr cənubda yerləşən Benş şəhərinin xəstəxanasında vaxtından əvvəl doğuldu. Onun çəkisi cəmi 1 kiloqram 700 qram idi. Mən xəstəxanadan çıxanda çəkisinin artması üçün həkimlər Coeli orada saxladılar.

Bir neçə həftədən sonra yaxşılığa doğru heç bir dəyişiklik olmadığından yoldaşım Luici ilə onu uşaq həkiminə göstərmək qərarına gəldik. Həkim Coeli müayinə edib dedi: «Təəssüf edirəm. Deyəsən, qardaşlarında olmayan problemlərin hamısı Coeldə var». Sonra aramıza dərin sükut çökdü. Həmin an anladım ki, körpəmizin səhhətində ciddi problem var. Sonra həkim yoldaşımı qırağa çəkib dedi: «Sizin uşağınızda trisomiya 21 xəstəliyi aşkar olunub». Bu xəstəlik Daun xəstəliyi kimi də tanınıra.

Həkimin qoyduğu diaqnozdan çox kədərləndik və başqa mütəxəssislə məsləhətləşmək qərarına gəldik. O, bir saata yaxın heç bir söz demədən balaca Coeli müayinə etdi. Bu bir saat qurtarmaq bilmirdi. Nəhayət, həkim başını qaldırıb dedi: «Uşağınız tamamilə sizdən asılı olacaq». Sonra mülayim səslə əlavə etdi: «Amma Coel xoşbəxt olacaq, çünki valideynləri onu sevir!» Hisslər məni çulğadı. Mən onu ehtiyatla qucağıma götürdüm və biz onu evə gətirdik. Onda o, ikiaylıq idi.

Məsihçi görüşləri və xidmət bizi möhkəmləndirirdi

Sonrakı müayinələr zamanı Coeldə ciddi ürək qüsuru və ağır formalı raxit aşkar olundu. Onun ürəyi çox geniş olduğundan ağciyərlərini sıxırdı və bu, onu yoluxucu xəstəliklərə həssas edirdi. O, dördaylıq olanda bronxopnevmoniyaya yoluxdu, buna görə də onu yenidən xəstəxanaya qoymalı olduq. Orada onu karantinə aldılar. Coelin əzablarını görmək çox ağır idi. Biz onu qucağımıza alıb əzizləmək istəyirdik, ancaq on həftə ərzində ona barmağımızla belə toxunmağa icazə verilmirdi. Luici ilə mənə yalnız durub baxmaq və bir-birimizi qucaqlayıb dua etmək qalırdı.

Bu dəhşətli sınağa baxmayaraq, o vaxt 6 və 3 yaşlarında olan David və Markla birgə yığıncaq görüşlərində iştirak etməyə davam edirdik. Bizim üçün Padşahlıq Zalında olmaq Yehovanın qayğıkeş əllərində olmaq kimi idi. Bütün bu vaxt ərzində, məsihçi bacı-qardaşlarımızın əhatəsində olanda Yehovanın bizim qayğı yükümüzü daşıdığını hiss edirdik, bu isə bizə müəyyən qəlb rahatlığı verirdi (Məz. 55:22). Hətta Coelə baxan tibb bacıları diqqət yetirmişdilər ki, məsihçi görüşlərində iştirak etməyimiz bizə tarazlığı qorumağa kömək edir.

O vaxtlar mən həm də Yehovaya yalvarırdım ki, təbliğə getmək üçün mənə güc versin. Evdə oturub ağlamaq əvəzinə, mən başqaları ilə danışmaq və xəstəliklərin olmayacağı yeni dünyaya dair Allahın vədlərinə inanmağımın nəyə görə mənə güc verdiyi haqda bölüşmək istəyirdim. Hər dəfə xidmətdə olanda Yehovanın dualarıma cavab verdiyini görürdüm.

«Bu bir möcüzədir!»

Nəhayət ki, Coeli xəstəxanadan evə gətirdik. Bu necə də xoşbəxt gün idi! Amma səhərisi gün sevincimiz kədərə çevrildi. Coelin vəziyyəti bir anın içində pisləşdi və onu təcili yenidən xəstəxanaya qaytarmalı olduq. Onu müayinə etdikdən sonra həkimlər bizə dedilər: «Coelin ömrünə, uzağı, altı ay qalıb». İki ay sonra, Coel təxminən səkkizaylıq olanda onun vəziyyəti pisləşdiyindən bizə elə gəlirdi ki, həkimlərin dediyi düz çıxır. Həkim yanımızda oturub dedi: «Çox təəssüf edirik, amma əlimizdən daha heç nə gəlmir». Sonra o əlavə etdi: «Bu halda ona yalnız Yehova kömək edə bilər».

Mən Coelin yanına, palataya qayıtdım. Fiziki və emosional cəhətdən tamamilə əldən düşsəm də, qərara aldım ki, onun yatağından bir an belə ayrılmayım. Luici digər iki oğlumuzun qayğısına qalan vaxtlar bir neçə məsihçi bacı növbə ilə mənim yanımda qalırdı. Bir həftədən sonra qəfildən Coelin ürəktutması oldu. Tibb bacıları dərhal özlərini Coelin palatasına çatdırdılar, amma ona kömək edə bilmədilər. Bir neçə dəqiqədən sonra onlardan biri yavaşca dedi: «Çox təəssüf...» Mən hönkür-hönkür ağlayaraq palatadan çıxdım. Yehovaya dua etməyə çalışdım, amma ağrımı ifadə etməyə söz tapmadım. 15 dəqiqədən sonra tibb bacısı: «O, özünə gəlir»,— deyərək məni çağırdı. O, əlimdən tutub dedi: «Gedək, indi siz onu görə bilərsiniz». Coelin yanına qayıdanda onun ürəyi yenidən döyünürdü. Onun özünə gəlməsi haqda xəbər tez yayıldı. Onu görməyə gələn həkimlər və tibb bacıları: «Bu bir möcüzədir!» — deyirdilər.

Heyrətamiz irəliləyiş

Coel körpə olanda uşaq həkimləri tez-tez deyərdilər ki, onun məhəbbətə böyük ehtiyacı var. Coel doğulanda Luici ilə mən Yehovanın məhəbbət dolu qayğısını hiss etdiyimiz üçün biz də oğlumuzu bu cür sevgi ilə əhatə etmək istəyirdik. Bunun üçün çoxlu imkanlarımız vardı, çünki o, hər şeydə bizə ehtiyac duyurdu.

Coelin yeddi yaşı olana qədər biz hər il eyni problemlərlə mübarizə aparmalı olurduq. Oktyabr—mart aylarında o, dəqiqədə bir xəstələnirdi və biz onu xəstəxanaya aparıb-gətirirdik. Mən həm də Davidlə Marka mümkün qədər çox vaxt ayırmağa çalışırdım. Öz növbəsində, onlar da Coelə kömək etmək üçün əllərindən gələni edirdilər və bu, heyrətamiz bəhrələr gətirdi. Məsələn, bir neçə həkim Coelin heç vaxt yeriyə bilməyəcəyini söyləmişdi. Günlərin bir günü isə, onun dörd yaşı olanda Mark onu özünə tərəf çağırıb dedi: «Gəl, balaca, gəl, qoy ana görsün ki, sən bunu edə bilərsən!» Gözlərimə inanmadım — Coel ilk addımını atdı! Sevincimizdən yerə-göyə sığmırdıq və ailəlikcə Yehovaya duada ürəkdən minnətdarlığımızı bildirdik. Və Coel bir balaca irəliləyiş edəndə həmişə onu səmimi-qəlbdən tərifləyirdik.

Körpəlikdən Rəbb yolunda tərbiyə etməyin gətirdiyi bəhrələr

Mümkün olduğu qədər biz Coeli yığıncaq görüşlərinə aparmağa çalışırdıq. O, tez xəstələnirdi, buna görə də onu mikroblardan qorumaq üçün şəffaf plastik örtüyü olan xüsusi uşaq arabasında gətirirdik. Ancaq örtük altında olması ona yığıncaqla birgə olmağa mane olmurdu.

Məsihçi bacı-qardaşların bizi məhəbbətlə əhatə etməsi və köməklərini əsirgəməməsi bizi möhkəmləndirirdi. Bir qardaş tez-tez bizə Yeşaya 59:1 ayəsindəki sözləri xatırladırdı: «Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, qulağı kar deyil ki, eşidə bilməsin». Bu təsəlliverici sözlər bizə Yehovaya daha çox bel bağlamağa kömək edirdi.

Coel böyüdükcə əlimizdən gələni edirdik ki, Yehovaya xidmət onun həyatında əsas yeri tutsun. Hər fürsətdən istifadə edərək onunla Yehova haqqında danışmağa çalışırdıq ki, səmavi Atası ilə onun arasında sıx məhəbbət telləri yaransın. Yehovadan övladımızı Onun tərbiyəsi ilə böyütmək səyimizi xeyir-dualandırmasını diləyirdik.

Yeniyetmə olanda Coelin Müqəddəs Kitab həqiqətlərini böyük məmnuniyyətlə başqaları ilə bölüşməsini görmək bizə çox xoş idi. 14 yaşında keçirdiyi ağır cərrahiyyə əməliyyatından sonra özünə gələndə məndən soruşdu: «Anacan, olar həkimə “Yer üzündəki Cənnətdə əbədiyyən yaşaya bilərsiniz” kitabını verim?» Bunu eşidəndə çox sevindim. Bir neçə ildən sonra Coel bir daha əməliyyat olundu. Biz anlayırdıq ki, o, əməliyyatdan sağ çıxmaya bilər. Əməliyyatdan əvvəl Coel həkimlərə birlikdə yazdığımız məktubu verdi. Orada onun qana dair mövqeyi izah olunurdu. Cərrah Coeldən soruşdu: «Sən burada yazılanlarla razısan?» O, qətiyyətlə cavab verdi: «Bəli, həkim». Biz fəxr edirdik ki, oğlumuz Yaradanına bel bağlayır və Onu razı salmağa qəti qərarlıdır. Xəstəxana heyətinin bizə böyük köməyi dəydi və buna görə biz onlara çox minnətdarıq.

Coelin ruhani inkişafı

Coel 17 yaşında Allaha həsr olunmasını suda vəftiz olunmaqla simvolizə etdi. Bu necə də unudulmaz gün idi! Onun ruhani nailiyyətlərini görmək bizə böyük sevinc bəxş edirdi. O vaxtdan bəri onun Yehovaya olan məhəbbəti və xidmətdə göstərdiyi səyi zəifləməyib. O, qarşılaşdığı hər adama: «Həqiqət mənim həyatımdır!» — deməyi xoşlayır.

Təxminən 18—20 yaşı olanda Coel yazıb-oxumağı öyrəndi. Bunun üçün böyük səy tələb olunurdu. Yazdığı hər bir söz onun üçün əsil qələbə idi. O vaxtdan bəri o, hər səhərini «Müqəddəs Yazıların gündəlik araşdırılması» broşürasından gündəlik ayəni araşdırmaqla başlayır. Sonra o, ayəni səylə öz dəftərinə köçürür; indi bu dəftərlərin sayı-hesabı yoxdur.

Yığıncaq günləri Coel Padşahlıq Zalına tez getməyimizi istəyir ki, zala gələn hər kəsi salamlasın. O, şərh verməyi və səhnəciklərdə iştirak etməyi xoşlayır. O həmçinin mikrofon daşıyır və başqa tapşırıqları da yerinə yetirir. Sağlamlığı yol verəndə hər həftə bizimlə xidmətə çıxır. 2007-ci ildə yığıncağımızda Coelin xidməti köməkçi təyin olunduğu elan edildi. Sevincdən göz yaşlarımızı saxlaya bilmədik. Bu necə də gözəl xeyr-duadır!

Dar günümüzdə Yehova həmişə bizə dayaq olub

1999-cu ildə ailəmiz daha bir sınaqla üzləşdi. Bir ehtiyatsız sürücü ucbatından maşınımız qəzaya uğradı və Luici ciddi xəsarət aldı. Onun bir ayağını amputasiya etmək lazım gəldi və onurğası üzərində bir neçə ağır əməliyyat keçirildi. Amma yenə də ümidimizi Yehovaya bağladıq və Onun darda olan xidmətçilərinə verdiyi qüvvəni üzərimizdə hiss etdik (Filip. 4:13, İ—93). Luici şikəst qalsa da, biz vəziyyətimizin müsbət tərəflərini görməyə çalışırıq. İşləyə bilmədiyi üçün indi onun Coelə baxmağa vaxtı daha çoxdur. Bunun sayəsində mən ruhani işlərə daha çox vaxt ayıra bilirəm. Üstəlik, Luici ailəmizin, eləcə də, ağsaqqallar şurasının koordinatoru kimi, yığıncağın ruhani ehtiyaclarına daha çox diqqət ayırır.

Ailəmizin vəziyyəti qeyri-adi olduğundan birgə çox vaxt keçiririk. Vaxt keçdikcə biz tarazlı olmağı və mümkün olmayan şeyləri gözləməməyi öyrəndik. Ruhdan düşdüyümüz anlarda ürəyimizi duada Yehovaya boşaldırıq. Əfsuslar olsun ki, David və Mark böyüyüb evdən gedəndə tədricən Yehovaya xidmət etməyi dayandırdılar. Biz ümid edirik ki, bir gün onlar Yehovaya dönəcəklər (Luka 15:17—24).

İllər ərzində biz Yehovanın köməyini hiss etmiş və hər sınaqda ona bel bağlamağı öyrənmişik. Yeşaya 41:13 ayəsində yazılan sözlər bizim üçün xüsusilə əzizdir: «Sənin sağ əlindən tutub “Qorxma, sənə kömək edəcəyəm” deyən Allahın Rəbb Mənəm». Yehovanın əlimizdən tutduğunu bilmək bizə təsəlli verir. Biz əminliklə deyə bilərik ki, qarşılaşdığımız sınaqlar səmavi Atamız Yehovaya etibarımızı daha da möhkəmləndirib.

[Haşiyə]

a Trisomiya 21 — ağıl zəifliyinə səbəb olan anadangəlmə pozuntudur. Adətən, xromosomlar cüt-cüt olur, lakin trisomiya ilə doğulan uşaqlarda bir cüt xromosomda bir əlavə xromosom peyda olur. Bu pozuntu 21-ci cütlükdə baş verir.

[16-cı səhifədəki şəkil]

Coel və anası Ada

[18-ci səhifədəki şəkil]

Ada, Coel və Luici

[19-cu səhifədəki şəkil]

Coel Padşahlıq Zalında bacı-qardaşları salamlayır

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş