Xəstə qohumunuza baxarkən ruhən möhkəm qalın
YEHOVANIN ŞAHİDİ Kimin onurğa nahiyəsində şiş aşkar edildikdən sonra ona xərçəng diaqnozu qoyuldua. Onun yoldaşı Stiv deyir: «Şiş cərrahi yolla aradan qaldırılandan sonra Kim radio- və kimyaterapiya kursu keçdi. Müalicə əlavə təsirsiz ötüşmədi: o çox zəiflədi və normal yeriyə bilmirdi».
Sevimli həyat yoldaşının üzücü xəstəlikdən əziyyət çəkdiyini görən Stivin keçirdiyi ağrı-acını təsəvvür edirsinizmi? Yəqin, sizin də ağır xəstəlikdən və ya qocalıqdan əziyyət çəkən qohumunuz var (Vaiz 12:1—7). Əlbəttə, əzizinizin qayğısına daha yaxşı qalmaq üçün siz özünüzə də diqqət yetirməlisiniz. Əgər ruhən zəifləsəniz, bu, emosional və fiziki sağlamlığınıza mənfi təsir göstərər və siz ailə üzvlərinizə lazımi şəkildə qayğı göstərə bilməyəcəksiniz. Xəstə və ya yaşlı qohumunuza baxarkən ruhani tarazlığı necə qoruya bilərsiniz? Bəs yığıncağın digər üzvləri xəstələrə necə əl tuta bilərlər?
Tarazlığı necə qorumalı?
Xəstə qohumunuza baxarkən ruhani tarazlığı və fiziki sağlamlığınızı qorumaq üçün siz şəraitə uyğunlaşmalı, eləcə də vaxt və gücünüzü nəzərə alıb ondan düzgün istifadə etməlisiniz. Süleymanın məsəlləri 11:2 ayəsində deyilir: «Hikmət təvazökarın yanına gələr». Bu kontekstdə «təvazökarlıq» sözü altında insanın öz imkanlarının məhdud olduğunu dərk etməsi nəzərdə tutulur. Cədvəlinizi və məsuliyyətlərinizi nəzərdən keçirərək üzərinizə gücünüzdən artıq yük götürmədiyinizə əmin olun.
Stiv işlərinə nəzər salaraq müdriklik və təvazökarlıq göstərdi. Dünyəvi işindən əlavə, o, İrlandiyada öz yığıncağında ağsaqqallar şurasının koordinatoru və xidməti nəzarətçi kimi fəaliyyət göstərirdi. O həmçinin Xəstəxanalarla əlaqə komitəsinin üzvü idi. Stiv deyir: «Kim heç vaxt şikayətlənmirdi ki, mən bu işlərə həddən artıq çox vaxt sərf edirəm və ona yetərincə diqqət göstərmirəm. Lakin mən başa düşürdüm ki, hər şeyi çatdırmaq üçün dəridən-qabıqdan çıxıram». Stiv bu vəziyyəti necə yoluna qoydu? O deyir: «Dua edib yaxşıca düşündükdən sonra koordinatorluqdan imtina etmək qərarına gəldim. Ağsaqqal kimi xidmət etməyə davam etsəm də, yoldaşım Kimə ehtiyacı olan vaxt və diqqəti göstərmək üçün yığıncaqdakı bəzi məsuliyyətlərimi digərlərinə həvalə etdim».
Bir müddət sonra Kimin səhhəti sabitləşdi. Onlar yenidən öz vəziyyətlərini nəzərdən keçirdilər və Stiv həyat yoldaşının dəstəyi ilə yığıncaqdakı əvvəlki işlərinə qayıtdı. Stiv deyir: «Hər ikimiz də xəstəliyin törətdiyi məhdudiyyətlərlə yaşamağı öyrəndik. Mən köməyinə görə Yehovaya və zəif səhhətinə baxmayaraq, şikayətlənmədən mənə dəstək olan yoldaşıma çox minnətdaram».
Gəlin indi rayon nəzarətçisi Cerinin və onun həyat yoldaşı Mariyanın nümunəsinə nəzər salaq. Yaşlı valideynlərinə baxmaq zərurəti yarandığından onlar məqsədlərini dəyişməli oldular. Mariya deyir: «Ərimlə mən xarici ölkədə missioner kimi xidmət etmək istəyirdik. Ceri ailədə yeganə oğul olduğu üçün valideynlərinin onun köməyinə ehtiyacı vardı. Buna görə də biz İrlandiyada qalıb onlara baxmaq qərarına gəldik. Cerinin atası ölənə qədər xəstəxanada yatdığı müddətdə biz yanından ayrılmadıq. İndi isə hər gün Cerinin anası ilə əlaqə saxlayır və həmişə onun köməyinə gəlməyə hazırıq. Onun yığıncağı da heç vaxt ondan öz köməyini əsirgəmir, bunun sayəsində biz səyyar xidmətimizi davam etdirə bilirik».
Başqaları necə kömək edə bilər?
Yığıncaqdakı yaşlı dul qadınlara göstərilməli olan maddi yardım barədə həvari Pavel yazmışdı: «Kim öz yaxınlarının, xüsusən ailə üzvlərinin qeydinə qalmırsa, o, imanı inkar etmiş və imansızdan da betərdir». Pavel həmimanlılarına xatırlatmışdı ki, ‘Allaha məqbul’ olmaq üçün onlar yaşlı valideynlərinin və nənə-babalarının maddi tələbatlarının qayğısına qalmalıdırlar (1 Tim. 5:4, 8). Lakin yığıncağın digər üzvləri də öz köməklərini əsirgəməli deyillər.
İsveçdə yaşayan yaşlı ər-arvad Hakan və İnqerin nümunəsinə baxaq. Hakan deyir: «Arvadımda xərçəng xəstəliyi aşkar ediləndə dəhşətə gəldik. İnqer həmişə sağlam və möhkəm olub. Xəstələnəndən sonra isə hər gün xəstəxanaya gedib-gəlməli olurduq, dərmanlar onu lap əldən salırdı. Müalicə müddəti İnqer evdə yatırdı, mən də yanında qalıb ona baxmalı olurdum». Yığıncaq Hakanla İnqerə necə kömək etdi?
Yığıncaq görüşlərinə telefon vasitəsilə qulaq asa bilmələri üçün ağsaqqallar onlara şərait yaratdılar. Üstəlik, bacı-qardaşlar onlara daima baş çəkir, zəng edir, məktub və açıqcalar göndərirdilər. Hakan deyir: «Biz bütün bacı-qardaşlarımızın və Yehovanın dəstəyini hiss edirdik. Onların göstərdiyi diqqətin bizə ruhən möhkəm qalmaqda böyük köməyi oldu. Xoşbəxtlikdən, İnqer sağaldı və biz indi Padşahlıq Zalında keçirilən məsihçi görüşlərində iştirak edə bilirik». Yığıncaq üzvləri xəstə və yaşlı həmimanlılarına kömək etmək üçün əllərindən gələni edəndə ‘hər zaman sevən, dar gün üçün doğulan’ dost və qardaş kimi davranırlar (Sül. məs. 17:17).
Yehova sizin səylərinizi qiymətləndirir
Xəstə qohuma baxmaq çox çətin ola bilər. Bununla belə, padşah Davud yazmışdır: «Yoxsulların», xəstəliyi ucbatından köməyə möhtac olan insanın «qayğısına qalan nə bəxtiyardır!» (Məz. 41:1).
Xəstə və ya iztirab çəkən insanların qayğısına qalanlar nəyə görə xoşbəxt ola bilərlər? Süleymanın məsəlləri 19:17 ayəsində deyilir: «Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, çünki onun əvəzi Rəbdən gələr». Həqiqi Allah xəstəlikdən əziyyət çəkən sadiq xidmətçilərinin qayğısına xüsusilə qalır və onlara qarşı xeyirxahlıq göstərənləri xeyir-dualandırır. Məzmurçu Davud oxuyurdu: «Yatağa düşəndə Rəbb ona dayaq olar, onu bütün xəstəlikdən sağaldar» (Məz. 41:3). Biz əmin ola bilərik ki, məhəbbətlə başqasının qayğısına qalan insan özü çətinliyə düşsəydi, Yehova ona yardım edərdi.
Necə də təsəllivericidir ki, Yehova Allah xəstə qohumumuza qulluq edərkən bütün səylərimizi görür və bundan razı qalır! Bu, bizdən səy tələb etsə də, Müqəddəs Yazılar bizi əmin edir ki, «bu cür qurbanlar Allaha məqbuldur» (İbr. 13:16).
[Haşiyə]
a Adlar dəyişdirilib.
[18-ci səhifədəki şəkillər]
Ruhani tarazlığı qoruyun və başqalarının köməyini qəbul edin