Bolqarıstanda keçirilən kampaniyada əldə olunan nailiyyətlər
«Məhsul bol, işçi isə azdır. Buna görə də biçin Sahibinə yalvarın ki, məhsulu yığmaq üçün biçinçi göndərsin» (MAT. 9:37, 38).
İSANIN dediyi bu sözlər Avropanın cənub-şərqində, Balkan yarımadasında yerləşən Bolqarıstandakı vəziyyətə necə də uyğun gəlir! Əhalisi yeddi milyondan çox olan bu gözəl ölkədə xoş xəbəri bəyan etmək üçün işçilərə, həqiqətən də, böyük ehtiyac var. Bolqarıstanda təxminən 1 700 təbliğçi olsa da, onlar xoş xəbəri ölkənin bütün ərazilərinə çatdıra bilmirlər. Buna görə də Rəhbərlik Şurası razılıq verdi ki, 2009-cu ildə bu ölkədə xüsusi kampaniya keçirilsin və bu kampaniyada iştirak etmələri üçün Avropanın bir neçə ölkəsindən bolqar dilini bilən Şahidlər dəvət olunsun. Yay aylarına təsadüf edən kampaniya yeddi həftə davam etməli və 2009-cu ilin 14—16 avqust tarixlərində Sofiyada keçiriləcək «Oyaq durun!» konqresində başa çatmalı idi.
Gözlənilməz sayda könüllü
Sofiyada yerləşən filialdakı qardaşlara maraqlı idi, görəsən, Fransadan, Almaniyadan, Yunanıstandan, Polşadan və İspaniyadan nə qədər təbliğçi bu çağırışa hay verəcək. Çünki onlar Bolqarıstana öz hesablarına gəlməli və məzuniyyət vaxtlarını təbliğə sərf etməli idilər. Günü-gündən könüllülərin sayının artaraq nəhayətdə 292 nəfərə çatdığını görmək necə də sevindirici idi! Könüllülərin sayının çox olması onları Bolqarıstanın üç şəhərinə — Kazanlıka, Sandanskiyə və Silistraya təyin etməyə imkan verirdi. Rayon nəzarətçiləri yerli pionerləri və təbliğçiləri də bu kampaniyaya qoşulmağa çağırdılar. Nəticədə, xoş xəbərin tək-tük hallarda təbliğ edildiyi ərazilərə düz 382 könüllü göndərildi və onlar həmin ərazilərdə canla-başla şahidlik verdilər.
Həmin şəhərlərə yaxın ərazilərdə yerləşən yığıncaqların qardaşları könüllülərin qalmaları üçün yer tapmaq məqsədilə qabaqcadan oraya göndərilmişdilər. Onlar kirayəyə mənzillər götürmüş və mehmanxanalarda ucuz otaqlar sifariş etmişdilər. Yerli qardaşlar yorulmaq bilmədən könüllüləri yerbəyer etməklə yanaşı, onlara bir çox məsələlərdə kömək edirdilər. Hər üç şəhərdə görüşlərin keçirilməsi üçün kirayəyə yer götürülmüşdü. Yığıncaq görüşlərini könüllülər arasından olan qardaşlar keçirirdi. Bir nəfər də olsun Yehovanın Şahidi olmayan bu ərazilərdə 50 təbliğçinin görüşlərdə iştirak edərək Yehovaya həmd etdiyini görmək necə də ürəkaçan idi!
Kampaniya ilə əlaqədar başqa ölkələrdən buraya gələn qardaşlar əllərindən gələni əsirgəmirdilər. Bolqarıstanda yay aylarında havanın hərarəti, adətən, 40 dərəcədən yüksək olur. Lakin xoş xəbəri təbliğ etmək arzusu ilə alışıb-yanan bu bacı-qardaşları heç nə dayandıra bilməzdi. Dunay çayının sahilində yerləşən və 50 000-dən çox əhalisi olan Silistra şəhərində ilk üç həftə ərzində əsaslı şahidlik verildi. Bu səbəbdən, qardaşlar qonşu kəndlərdə də təbliğ etməyə başladılar və hətta Silistradan 55 kilometr qərbdə yerləşən Tutrakan şəhərinə gəlib çıxdılar. Adətən, onlar təbliğə səhər onun yarısında başlayırdılar. Nahar etdikdən sonra xidmətlərini axşam saat yeddiyə, bəzən bundan da gec vaxta qədər davam etdirirdilər. Kazanlık və Sandanski şəhərlərində könüllülərin səylə təbliğ etməsi sayəsində də xoş xəbər ətraf kəndlərdə və şəhərlərdə təbliğ olundu.
Nailiyyətlər barədə
Bu yeddi həftə ərzində möhtəşəm şahidlik verildi. Həvarilərin günlərində olduğu kimi, bu şəhərlərin sakinlərinin «siz öz təlimlərinizi bütün şəhərə yaydınız» sözlərini deməyə tam əsasları vardı (Həv. iş. 5:28). Kampaniyada iştirak edən təbliğçilər 50 000-ə yaxın jurnal payladılar və 482 nəfərlə Müqəddəs Kitabı öyrənməyə başladılar. Sevindirici haldır ki, 2009-cu il sentyabrın 1-də Silistrada yığıncaq təşkil olundu. Kazanlık və Sandanskidə isə hal-hazırda qruplar fəaliyyət göstərir. Xoş xəbəri ilk dəfə bu kampaniya zamanı eşidənlərin ruhani cəhətdən tərəqqi etdiyini görmək çox xoşdur!
Kampaniyanın ilk həftəsi İspaniyadan gələn və xüsusi pioner kimi xidmət edən bir bacı Silistrada küçədə qəzet satan Karina adlı qadına təbliğ etdi. O, həqiqətə böyük maraq göstərdi və yığıncaq görüşünə gəldi. Karina Müqəddəs Kitab öyrənməsinə həvəslə razılıq verdi. Əri ateist olduğundan öyrənməni parkda keçirməyi xahiş etdi. Öyrənmədə onun iki qızı da iştirak edirdi. Karinanın böyük qızı Daniela həqiqəti böyük həvəslə öyrənirdi. O, bir həftənin içində «Müqəddəs Kitab öyrədir» kitabını başdan-ayağa kimi oxudu və başa düşdü ki, Allahın Kəlamına əsasən ibadətdə bütlərdən istifadə etmək olmaz. Daniela elə həmin gün oxuduqlarını həyata keçirdi. Sonra o, həqiqəti dostları ilə bölüşməyə başladı. İlk dəfə yığıncağa gələndən üç həftə sonra Karina onunla Müqəddəs Kitabı öyrənən bacıya belə dedi: «Özümü sizlərdən biri hesab edirəm. Sizin kimi təbliğ etmək üçün nə etməliyəm?» Daniela, anası və kiçik bacısı indiyə kimi ruhani cəhətdən inkişaf edirlər.
Kazanlık şəhərində İtaliyadan gələn Orlin adlı bolqar qardaş xidmətdən evə qayıdarkən parkda skamyada əyləşən iki gəncə təbliğ etdi. Onların hər ikisinə «Müqəddəs Kitab öyrədir» kitabını verdi və səhərisi gün gələcəyinə söz verdi. Onlar görüşəndə Orlin onlardan biri ilə, Svetomirlə Müqəddəs Kitabı öyrənməyə başladı. Doqquz günün içində onlar düz səkkiz dəfə görüşdülər. Svetomir: «Sizinlə görüşməzdən cəmi iki gün əvvəl Allaha yalvarırdım ki, Özünü mənə tanıtsın. Həmçinin söz verdim ki, əgər mənə kömək etsə, bütün həyatımı Ona həsr edəcəyəm», — deyə etiraf etdi. Orlin İtaliyaya qayıdandan sonra yerli qardaşlar onunla Müqəddəs Kitabı öyrənməyi davam etdirdilər və o, hal-hazırda həqiqətdə irəliləyişlər edir.
Fədakarlıqlarına görə bol-bol xeyir-dua alanlar
Bəs öz hesablarına Bolqarıstana gəlib məzuniyyət günlərini xoş xəbərin təbliğinə sərf edən bacı-qardaşların özləri bu kampaniya barədə nə düşünürlər? İspaniyada xidmət edən bir ağsaqqal öz hisslərini bu sözlərlə ifadə edir: «İspaniyada bolqar sahəsində xidmət edən bacı-qardaşlar bu kampaniyadan sonra bir-birinə daha yaxın oldular və bu, onlara böyük təsir bağışladı». İtaliyadan olan bir ər-arvad isə yazır: «Bu, bizim həyatımızda ən gözəl ay idi! Bu kampaniya həyatımızı dəyişdi. İndi biz tam başqa insanlarıq». Bu ər-arvad təbliğçilərə daha çox ehtiyac olan ərazilərdə xidmət etmək üçün Bolqarıstana həmişəlik köçmək barədə ciddi düşünməyə başladı. İspaniyada daimi pioner kimi xidmət edən subay bacımız Karina da Silistradakı kampaniyaya qoşulmuşdu. Bundan sonra o, İspaniyadakı işindən çıxıb həmin şəhərdə yenicə yaranmış yığıncağa kömək etmək məqsədilə Bolqarıstana köçdü. O, bu ölkədə bir il yaşamaq üçün kifayət qədər pul yığmışdı. Karina qərarı barədə deyir: «Yehova mənə Bolqarıstanda xidmət etməyə yol açdığı üçün o qədər xoşbəxtəm ki... Ümidvaram, Yehova mənə burada uzun müddət qalmağa kömək edəcək. Hal-hazırda beş nəfərlə Müqəddəs Kitabı öyrənirəm və onlardan üçü yığıncaq görüşlərində iştirak edir».
İtaliyalı bir bacımız da kampaniyada iştirak etmək istəyirdi, amma işə təzəcə girdiyi üçün məzuniyyət günləri yox idi. Lakin bu, ona mane olmadı. Bacı müdirindən xahiş etdi ki, ona öz hesabına biraylıq məzuniyyət verilsin. Xahişi yerini yetirilmədiyi təqdirdə bacı işdən çıxmağa belə hazır idi. Müdiri ona: «Yaxşı, amma bir şərtlə: sən Bolqarıstandan mənə açıqca göndərməlisən», — deyəndə o, qulaqlarına inana bilmədi. Bacı bunun dualarına cavab olduğuna şübhə etmirdi.
Bolqarıstanın Varna şəhərindən olan və yüksək məvacibli işdə tam gün çalışan gənc bacımız Stanislava Silistradakı kampaniyada iştirak etmək üçün işdən icazə aldı. Yaşadığı ölkədə təbliğ etmək üçün uzaqdan gələn pionerlərin sevincini görəndə o, göz yaşlarını saxlaya bilməyib ağladı. Stanislava karyera arxasınca düşməklə həyatını nəyə sərf etdiyi barədə ciddi düşündü. İki həftədən sonra evə qayıdan kimi o işdən çıxdı və daimi pioner xidmətinə başladı. İndi bacımız cavanlıq günlərində Yaradanını xatırladığı üçün əsil xoşbəxtlik duyur (Vaiz 12:1).
Yehovaya canla-başla xidmət etmək böyük xeyir-duadır. Həm qüvvəmizi, həm də vaxtımızı xoş xəbərin təbliği və təlim işi kimi vacib işə sərf etməkdən yaxşı nə ola bilər?! Bu xilasedici işdə daha çox iştirak etmək üçün nəsə edə bilərsənmi? Ola bilsin ki, yaşadığın ölkədə təbliğçilərə ehtiyac olan ərazilər var. Nəyə görə belə ərazilərə köçməyəsən? Yaxud da xarici dil öyrənərək yaşadığın ölkədə Müqəddəs Kitab həqiqətini öyrənmək arzusunda olan insanlara kömək etməyəsən? Xidmətini genişləndirmək üçün hansı dəyişiklikləri etməyindən asılı olmayaraq, əmin ol ki, Yehova səni bol-bol xeyir-dualandıracaq! (Sül. məs. 10:22).
[32-ci səhifədəki çərçivə/şəkil]
Unudulmaz gün
Avropanın digər ölkələrindən gələn təbliğçilər Bolqarıstanda təşkil olunan bu xüsusi kampaniyadan sonra Sofiyada keçiriləcək «Oyaq durun!» adlı vilayət konqresində iştirak etməyi də planlaşdırmışdılar. Yerli bacı-qardaşlara ən çox təsir bağışlayan şey müxtəlif ölkələrdən gələn çoxlu sayda həmimanlılarını görmək idi. Rəhbərlik Şurasının üzvü Cefri Cekson cümə günü bolqar dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin tam versiyasını təqdim edəndə konqresdə iştirak edən 2 039 nəfərin sevincini təsəvvür etmək çətin deyil. Onlar öz minnətdarlıqlarını gurultulu alqışlarla ifadə etdilər. Çoxlarının üzündə sevinc göz yaşlarını görmək olardı. Bu dəqiq və asan başadüşülən tərcümə səmimi-qəlbli bolqarlara Yehovanı daha yaxından tanımağa kömək edəcək.
[30-cu səhifədəki xəritə]
(Xəritəyə nəşrin özündə baxın)
BOLQARISTAN
SOFİYA
Sandanski
Silistra
Kazanlık
[31-ci səhifədəki şəkillər]
Bu yeddi həftə ərzində möhtəşəm şahidlik verildi