Ey gənclər, həmyaşıdlarınızın təzyiqinə qarşı durun!
‘Qoy sözləriniz həmişə duzlu olsun, kimə necə cavab verməyi biləsiniz’ (KOLOS. 4:6).
1, 2. Bir çox gənclər başqalarından fərqlənmək barədə nə düşünürlər və nəyə görə?
ŞÜBHƏSİZ, sən «həmyaşıdların təzyiqi» ifadəsini nəinki eşitmisən, onun nə demək olduğunu öz təcrübəndən də bilirsən. Ola bilsin, kimsə nə vaxtsa səni səhv bir iş görməyə sövq edib. Bu zaman hansı hissləri keçiribsən? «Hərdən yoxa çıxmaq ya da sinif yoldaşlarım kimi olmaq istəyirdim. Onlardan seçilmək istəmirdim», — deyə 14 yaşlı Kristofer öz hisslərini bölüşür.
2 Həmyaşıdların sənə güclü təsir göstərirlərmi? Görəsən, nəyə görə belədir? Bəlkə, sən onların rəğbətini qazanmaq istəyirsən? Əslində, burada qəbahət bir şey yoxdur. Hətta böyüklər də öz yaşıdlarının gözündə hörmət qazanmaq istəyirlər. Gənc, yaxud yaşlı olmağımızdan asılı olmayaraq, heç birimiz başqaları tərəfindən rədd edilmək istəmirik. Lakin etiraf etmək lazımdır ki, düzgün olanı etməklə həmişə başqalarını razı salmayacağıq. İsa da belə vəziyyətlərlə qarşılaşırdı. Buna baxmayaraq, o, həmişə düzgün olanı etmək əzmində idi. Bəziləri onun ardınca gedərək şagirdi olduqları halda, digərləri Allahın Oğluna xor baxır və ona ‘qiymət vermirdilər’ (Yeşaya 53:3).
Həmyaşıdlar kimi olmaq təzyiqi nə dərəcədə güclüdür?
3. Nəyə görə həmyaşıdlarının sözü ilə oturub-durmaq düzgün deyil?
3 Bəzən sadəcə həmyaşıdlarının gözündən düşməməkdən ötrü onlar kimi davranmağa meyilli ola bilərsən. Lakin bu, düzgün deyil. Biz ‘dəniz dalğalarının atıb-tutduğu uşaq kimi olmamalıyıq’ (Efes. 4:14). Adətən, balaca uşaqları yoldan çıxarmaq asan olur. Bir yeniyetmə kimi, sən yetkinlik yoluna qədəm qoymusan. Bir halda ki Yehovanın normalarının sənin xeyrinə olduğuna inanırsan, onda imanına uyğun yaşamalısan (Qanun. t. 10:12, 13). Əks halda, həyatını özün yox, başqaları idarə edəcək. Başqalarının dediyi ilə oturub-dursan, onların əlində oyuncaq olacaqsan. (2 Peter 2:19 ayəsini oxu.)
4, 5. a) Necə oldu ki, Harun soydaşlarının təzyiqinə uydu və sən bundan nə öyrənə bilərsən? b) Həmyaşıdların sənə hansı yollarla təsir edə bilərlər?
4 Bir dəfə Musanın qardaşı Harun soydaşlarının təzyiqinə uydu. İsraillilər onu büt düzəltməyə məcbur edəndə o təslim oldu. Əslində, Harun heç də zəif iradəli insan deyildi. Əvvəllər o, Musa ilə birgə Misirdə ən nüfuzlu şəxs olan fironun hüzuruna gələr və Allahın hökmlərini ona cəsarətlə çatdırardı. Ancaq soydaşları Haruna təzyiq göstərəndə o, buna qarşı dura bilmədi. Həqiqətən də, başqalarının təzyiqi çox güclü ola bilər! Misir hökmdarına qarşı durmaq Harun üçün soydaşlarına qarşı durmaqdan daha asan idi (Çıx. 7:1, 2; 32:1—4).
5 Harunun nümunəsindən gördüyümüz kimi, başqalarının təzyiqinə təkcə gənclər və pisliyə meyilli olan insanlar uymurlar. Bu, sən də daxil olmaqla, səmimi-qəlbdən düzgün olanı etmək istəyən insanlara da təsir edə bilər. Həmyaşıdların sənə hədə-qorxu gəlməklə, şər atmaqla və ya səni ələ salmaqla pis iş tutmağa sövq edə bilərlər. Nəyə əl atmalarından asılı olmayaraq, onların təzyiqinə müqavimət göstərmək çox çətindir. Bu təzyiqlərə müvəffəqiyyətlə qarşı durmaq üçün, ilk növbədə, inandığın şeylərə əminliyini artırmalısan.
‘Özünü sına’
6, 7. a) Nəyə görə iman etdiyin şeylərə əmin olmalısan və əminliyini necə artıra bilərsən? b) Əminliyini möhkəmləndirmək üçün özünə hansı sualları verə bilərsən?
6 Həmyaşıdlarının təzyiqinə uymamaq üçün sən, ilk növbədə, inandığın təlimlərin və riayət etdiyin qanunların düzgün olduğuna əmin olmalısan. (2 Korinflilərə 13:5 ayəsini oxu.) Təbiətcə utancaq olsan da, əminlik sənə cəsarət verəcək (2 Tim. 1:7, 8). Hətta cəsarətli insan üçün belə tam əmin olmadığı şeyi müdafiə etmək çətin ola bilər. Onda nəyə görə Müqəddəs Kitabdan aldığın biliklərin həqiqət olduğunu şəxsən özün yoxlamayasan? Əsas təlimləri araşdırmaqdan başla. Misal üçün, sən Allaha inanırsan və başqalarının nəyə görə Onun mövcudluğuna inandıqlarını dəfələrlə eşitmisən. İndi isə özündən soruş: «Mən nəyə görə Allahın mövcudluğuna inanıram?» Bu sualın məqsədi ürəyinə şübhə toxumları səpmək yox, imanını möhkəmləndirməkdir. Özünə bu sualları da ver: «Müqəddəs Yazıların Allahdan ilham aldığını haradan bilirəm?» (2 Tim. 3:16). «“Axır günlərdə” yaşadığımıza nə üçün əminəm?» (2 Tim. 3:1—5). «Yehovanın qanunlarının mənim xeyrimə olduğuna nəyə görə inanıram?» (Yeşaya 48:17, 18).
7 Ola bilsin, cavab tapmayacağından qorxaraq özünə bu cür suallar verməyə tərəddüd edirsən. Bilirsən, bu, nəyə oxşayır? Sanki, sən avtomobilin yanacaq göstəricisinə baxmağa qorxursan ki, birdən əqrəb çənin boş olduğunu göstərər. Axı belə olduqda onu doldurmalı olacaqsan. Eynilə, sən imanındakı «boşluqları» müəyyən etməli və onları «doldurmalısan» (Həv. iş. 17:11).
8. Allahın əxlaqsızlıqdan çəkinmək əmrinin müdrik olduğuna dair əminliyini necə möhkəmləndirə bilərsən? İzah et.
8 Bir nümunəyə nəzər salaq. Müqəddəs Kitab səni ‘əxlaqsızlıqdan qaçmağa’ təşviq edir. Özünə bu sualı ver: «Nəyə görə bu əmrə riayət etmək ağıllı hərəkətdir?» Həmyaşıdlarının əxlaqsızlığa yol vermələrinin bütün səbəbləri üzərində düşün. Həmçinin cinsi əxlaqsızlıqla məşğul olanların nəyə görə ‘öz bədənlərinə qarşı günah işlədiklərini’ də götür-qoy et (1 Kor. 6:18). İndi isə cavabları təhlil et və özündən soruş: «Ən yaxşı yol hansıdır? Əxlaqsızlıq etməyə dəyərmi?» Bu suallara da fikir ver: «Əxlaqsızlığa yol versəm, bu, mənə necə təsir edəcək?» Ola bilsin, həmyaşıdlarından bəziləri kürəyinə vurub: «Halaldır sənə!» — deyəcəklər. Bəs sonra... valideynlərinlə və ya Padşahlıq Zalında həmimanlılarınla ünsiyyət edəndə özünü necə hiss edəcəksən? Allaha dua edərkən hansı hissləri keçirəcəksən? Bircə sinif yoldaşlarını razı salmaqdan ötrü Allah qarşısında malik olduğun təmiz adı qurbanmı verəcəksən?
9, 10. İman etdiyin şeylərə əminlik sənə həmyaşıdlarınla cəsarətlə danışmağa necə kömək edəcək?
9 Əgər yeniyetməsənsə, indi sənin ‘zehnin’ əvvəlkindən daha sürətlə inkişaf edir. (Romalılara 12:1, 2 ayələrini oxu.) Ona görə də ciddi düşün: «Yehovanın Şahidi olmaq şəxsən mənim üçün nə deməkdir?» Bu sualın üzərində düşünmək inandığın şeylərə əminliyini artırmağa və həmyaşıdlarının təzyiqi ilə qarşılaşanda onlara dərhal və əminliklə cavab verməyinə kömək edəcək. Belə olan halda sən də bir gənc bacının keçirdiyi hissləri keçirəcəksən. O deyir: «Özümü həmyaşıdlarımın təzyiqindən qorumaq üçün onlara sadəcə kim olduğumu deyirəm. Mənim üçün Yehovanın Şahidi olmaq dildə hansısa bir dinə mənsub olmaq demək deyil. Bu, mənim düşüncəmə, məqsədlərimə, əxlaqıma və bütün varlığıma təsir edir».
10 Düzgün hesab etdiyin şeyləri müdafiə etmək üçün səy tələb olunur (Luka 13:24). Ola bilsin, sən düşünürsən: ümumiyyətlə, bunu etməyə dəyərmi? Ancaq bir şeyi unutma: mövqeyinə görə utansan və ya özünü üzrxahlıq edirmiş kimi aparsan, başqaları bunu sezəcək və təzyiqlərini daha da artıracaqlar. Əminliklə danışanda isə onların tezliklə səndən əl çəkdiyini görüb özün də məəttəl qalacaqsan. (Luka 4:12, 13 ayələri ilə müqayisə et.)
‘Cavab verməzdən əvvəl qəlbində düşün’
11. Həmyaşıdlarının təzyiqinə hazırlıqlı olmaq nəyə görə yaxşıdır?
11 Həmyaşıdlarına müvəffəqiyyətlə müqavimət göstərməkdə sənə kömək edəcək digər vacib addım hazırlaşmaqdır. (Süleymanın məsəlləri 15:28 ayəsini oxu.) Bu, yarana biləcək vəziyyət barədə qabaqcadan düşünmək deməkdir. Bunun sayəsində sən mübahisə və çəkişmələrdən qaçacaqsan. Tutalım, sən yol ilə gedirsən və birdən qabaqda sinif yoldaşlarının durub siqaret çəkdiyini görürsən. Onların sənə siqaret təklif edəcəkləri nə qədər yəqindir? Təhlükəni hiss edərək nə edə bilərsən? Süleymanın məsəlləri 22:3 ayəsində deyilir: «Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar». Yolunu dəyişməklə qarşıdurmadan tamamilə qaça bilərsən. Bu, sənin qorxaq yox, müdrik olduğundan xəbər verəcək.
12. Kimsə səni ələ salanda necə cavab verə bilərsən?
12 Bəs bu cür vəziyyətlərdən qaçmaq mümkün deyilsə, onda necə? Tutaq ki, həmyaşıdlarından biri təəccüblə səndən soruşur: «Hələ də sevgilin yoxdur?» Belə hallarda Koloslulara 4:6 ayəsində yazılan məsləhətə uyğun davran: «Qoy sözləriniz həmişə duzlu, ürəkaçan olsun ki, kimə necə cavab verməyi biləsiniz». Bu ayədən gördüyümüz kimi, belə suallara necə cavab verməyin vəziyyətdən asılıdır. Uzun-uzadı moizə oxumağa ehtiyac yoxdur. Qısa və konkret cavab kifayət edə bilər. Məsələn, yuxarıdakı suala cavab olaraq belə deyə bilərsən: «Yox, yoxdur» və ya «Bu, mənim şəxsi işimdir».
13. Həmyaşıdlarının hansı niyyətdən irəli gələrək sənə sual verdiyini ayırd etmək onlara verdiyin cavaba necə təsir edəcək?
13 İsa danışmağın heç bir fayda gətirməyəcəyini görəndə, adətən, qısa cavab verərdi. Hirod İsanı sorğu-suala tutanda o, heç nə demədi (Luka 23:8, 9). Çox vaxt yersiz sualların ən yaxşı cavabı susmaqdır (Sül. məs. 26:4; Vaiz 3:1, 7). Lakin elə ola bilər ki, sənin davranışın (məsələn, yüksək cinsi əxlaq normalarına riayət etməyin) kimdəsə, hətta vaxtilə sənin barəndə təhqiramiz danışan insanda səmimi maraq doğursun (1 Pet. 4:4). Belə vəziyyətdə Müqəddəs Kitaba əsaslanan mövqeyini ətraflı izah etmək lazım gələ bilər. Bu zaman qorxub geri çəkilmə. Öz mövqeyini ‘müdafiə etməyə həmişə hazır ol’ (1 Pet. 3:15).
14. Bəzi vəziyyətlərdə nəzakətli şəkildə əks-hücuma keçmək necə mümkündür?
14 Bəzi hallarda əks-hücuma keçə bilərsən. Lakin bunu nəzakətlə et. Misal üçün, sinif yoldaşın sənə siqaret təklif edəndə belə deyə bilərsən: «Yox, istəmirəm». Sonra əlavə et: «Heç düşünməzdim ki, sənin kimi ağıllı insan siqaret çəkər!» Gördün, əks-hücuma keçmək necə olur? Bundan sonra sən yox, o, öz hərəkətini izah etmək məcburiyyətində olacaqa.
15. Sənə təzyiq göstərməyə çalışan uşaqlardan hansı halda uzaqlaşmaq lazımdır və nəyə görə?
15 Bunları etdikdən sonra da uşaqlar səndən əl çəkmirlərsə, nə edə bilərsən? Belə vəziyyətdə ən yaxşısı onlardan uzaqlaşmaqdır. Onların yanında nə qədər çox qalsan, nədəsə güzəştə getmək ehtimalı bir o qədər də çox olacaq. Buna görə də həmin yeri tərk et. Sən məğlub yox, qalibsən. Vəziyyətin ağası sənsən. Onların əlində oyuncaq olmadın və Yehovanın qəlbini sevindirdin (Sül. məs. 27:11).
Xeyir gətirən niyyət
16. Məsihçi olduğunu iddia edənlər səni pis işə necə sövq edə bilərlər?
16 Bəzən Yehovaya xidmət etdiklərini iddia edən gənclər də səni pis işə cəlb etmək üçün təzyiq göstərə bilərlər. Tutaq ki, sən belə bir insanın təşkil etdiyi dostluq görüşünə gəlirsən və görürsən ki, görüşə nəzarət edən bir nəfər də olsun böyük yoxdur. Yaxud da məsihçi olduğunu deyən bir gənc bu görüşə spirtli içkilər gətirir və bəziləri çox içməyə başlayır. Belə vəziyyətlərdə necə davranacaqsan? Bunlar Müqəddəs Kitab əsasında tərbiyə olunan vicdanına görə hərəkət etməli olduğun yeganə hal deyil. 16 yaşlı məsihçi deyir: «Bir gün bacımla mən uşaqlarla yığışıb kinoteatra getdik. Ancaq film söyüşlərlə dolu olduğundan oranı tərk etdik. O biri uşaqlar isə qalmaq qərarına gəldilər. Valideynlərimiz buna görə bizi təriflədi. Uşaqlar isə, əksinə, onları pis vəziyyətdə qoyduğumuzu düşünərək əsəbiləşdilər».
17. Dostluq görüşündə iştirak edərkən Allahın qanunlarından kənara çıxmamaq üçün qabaqcadan nə edə bilərsən?
17 Yuxarıdakı nümunədən göründüyü kimi, Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanına uyğun davrananda xoşagəlməz hallarla qarşılaşa bilərsən. Lakin düzgün hesab etdiyin şeylərdən bərk yapış. Qabaqcadan hazırlaş. Dostluq görüşünə getməzdən əvvəl gözlənilməz hallar baş verəcəyi təqdirdə oranı necə tərk edəcəyin barədə düşün. Bəzi gənclər evə tez gəlmək üçün valideynlərinə deyirlər ki, onlara zəng etsinlər (Məz. 26:4, 5). Belə ‘niyyət xeyir gətirər’ (Sül. məs. 21:5).
«Cavanlığında sevin»
18, 19. a) Nəyə görə əmin ola bilərsən ki, Yehova sənin xoşbəxt olmağını istəyir? b) Həmyaşıdlarının təzyiqinə qarşı duranlar Yehovanın gözündə nə dərəcədə dəyərlidirlər?
18 Yehova səni elə yaradıb ki, həyatdan həzz ala biləsən və O, sənin xoşbəxt olmağını istəyir. (Vaiz 11:9 ayəsini oxu.) Unutma ki, bəzi həmyaşıdlarının etdikləri sadəcə ‘günahdan müvəqqəti həzz almaqdır’ (İbr. 11:25). Həqiqi Allah sənin müvəqqəti həzz almağını yox, əbədiyyən xoşbəxt olmağını istəyir. Buna görə də kimsə səni Yehovanın gözündə pis olanı etməyə təhrik edəndə yadda saxla ki, Onun tələblərinə riayət etmək sonda həmişə sənə fayda gətirəcək.
19 Bir şeyi yaddaşına həkk et: həmyaşıdlarının rəğbətini qazansan da, illər sonra sənin adın çoxlarının heç yadına da düşməyəcək. Lakin onların təzyiqinə müqavimət göstərsən, bu, Yehovanın nəzərindən qaçmayacaq və O, səni və sadiqliyini unutmayacaq. Yehova ‘göylərin pəncərələrini açıb, üzərinə ehtiyaclarından da çox bərəkət yağdıracaq’ (Mal. 3:10). Üstəlik, O, zəifliklərinin öhdəsindən gələ bilməyin üçün sənə səxavətlə Öz müqəddəs ruhundan verəcək. Bəli, Yehova həmyaşıdlarının təzyiqinə qarşı durmaqda sənə kömək etməyə qadirdir!
[Haşiyə]
a «Gənclərin sualları. Praktiki məsləhətlər — II» kitabının 132 və 133-cü səhifələrində (rus.) yerləşən «Həmyaşıdların təzyiqi ilə üzləşəndə» adlı sxemə bax.
Yadınızdadırmı?
• Həmyaşıdların təzyiqi nə dərəcədə güclü ola bilər?
• Həmyaşıdlarının təzyiqinə müqavimət göstərməkdə iman etdiyin şeylərə əmin olmağın hansı rolu var?
• Həmyaşıdlarının təzyiqinə uymamaq üçün qabaqcadan necə hazırlaşa bilərsən?
• Yehovanın sənin sadiqliyini qiymətləndirdiyini haradan bilirsən?
[8-ci səhifədəki şəkil]
Nəyə görə Harun qızıl dana düzəltməyə razı oldu?
[10-cu səhifədəki şəkil]
Hazır ol, nə deyəcəyini qabaqcadan fikirləş!