Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 1/4 s. 4—9
  • Problemləri necə həll etməli?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Problemləri necə həll etməli?
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Xoşbəxtliyin sirri
  • Nikah — Allahın ənamı
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Ailənizin xoşbəxtliyi üçün Allahın Kəlamına müraciət edin
    Xoşbəxt ailəm
  • Toydan sonra
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Bir-birinizə hörmət edin
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2011
w11 1/4 s. 4—9

Problemləri necə həll etməli?

MÜQƏDDƏS KİTABDA deyilmir ki, ailə quranların əli bala batacaq. Əksinə, orada evlənənlərin həyatda müxtəlif «çətinliklərlə üzləşəcəklər»i deyilir (1 Korinflilərə 7:28). Lakin münasibətlərini yaxşılaşdırmaq və ailə həyatından sevinc duymaq üçün ər-arvadlar çox şey edə bilərlər. Adətən, ərlər və arvadlar ən çox nədən şikayət edir? Gəlin onlardan altısını nəzərdən keçirək və görək Müqəddəs Kitab məsləhət və prinsipləri bu sahədə necə kömək edə bilər.

1

ŞİKAYƏT:

«Get-gedə bir-birimizdən uzaqlaşırıq».

MÜQƏDDƏS KİTABIN MƏSLƏHƏTİ:

«Daha vacib şeyləri ayırd etməyi» bacarın (FİLİPİLİLƏRƏ 1:10).

Ailə sizin həyatınızda ən vacib yerlərdən birini tutmalıdır. Ona mütləq diqqət ayırmaq lazımdır. Bəlkə münasibətlərinizin bu həddə gəlib çatmasının səbəblərindən biri elə sizin həyat tərzinizdir? Yol verməyin ki, gündəlik adi işləriniz sizi həyat yoldaşınızdan uzaqlaşdırsın. Əlbəttə, iş və başqa vacib məsələlər birlikdə vaxt keçirməyinizi müəyyən qədər məhdudlaşdıra bilər. Lakin tamamilə sizin əlinizdə olan şeylərə, məsələn, müxtəlif məşğuliyyətlərə və ya dostlarınıza ayırdığınız vaxtı azalda bilərsiniz.

Bəziləri həyat yoldaşları ilə vaxt keçirməmək üçün işdən əlavə də işləyirlər və ya vaxtlarını müxtəlif məşğuliyyətlərə sərf edirlər. Belə insanlar həyat yoldaşlarından uzaqlaşaraq problemlərdən qaçmağa çalışırlar. Əgər sizinlə də vəziyyət belədirsə, onda siz problemin kökünü müəyyən etməli və onu aradan qaldırmağa səy göstərməlisiniz. Ancaq birlikdə vaxt keçirdikcə münasibətləriniz yaxşılaşacaq və Allahın Kəlamında deyildiyi kimi, «bir bədən» olacaqsınız (Yaradılış 2:24).

Bəziləri bu məsləhəti necə tətbiq etmişlər? Avstraliyada yaşayan Endryua və Tanyi artıq on ildir ki, evlidirlər. Endryu deyir: «Başa düşdüm ki, işə və dostlara həddən artıq çox vaxt ayırmaq ailə münasibətlərimizə xələl yetirə bilər. Buna görə də, həyat yoldaşımla oturub söhbət etməyə və hisslərimizi bölüşməyə vaxt ayırırıq».

Birləşmiş Ştatlarda yaşayan Deyv və Ceyn 22 ildir ki, ailə həyatı qurublar. Onlar hər axşam yarım saat ayıraraq günlərinin necə keçdiyini bir-birlərilə bölüşürlər. Ceyn deyir: «Bu vaxt bizim üçün çox önəmlidir və onu başqa şeylərə sərf etmirik».

2

ŞİKAYƏT:

«Münasibətlərimiz artıq məni qane etmir».

MÜQƏDDƏS KİTABIN MƏSLƏHƏTİ:

«Qoy hər kəs öz xeyrini yox, başqasının xeyrini fikirləşsin» (1 KORİNFLİLƏRƏ 10:24).

Əgər insan ailə həyatında ancaq özünün əldə edəcəyi şeylər barədə düşünürsə, o nə qədər boşanıb evlənsə də, heç vaxt xoşbəxt olmayacaq. Ər də, arvad da alacağından çox verəcəyini fikirləşsə, onda nikahları onlara əsil xoşbəxtlik gətirəcək. İsa peyğəmbərin müdrik bir kəlamı var: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35).

Bəziləri bu məsləhəti necə tətbiq etmişlər? Meksikada yaşayan Martin və Mariya 39 ildir ki, evlidirlər. Lakin işlər heç də həmişə onların istədiyi kimi getməyib. Bir mübahisə onların yaddaşında xüsusilə dərin iz qoyub. Mariya danışır: «Mübahisənin qızğın yerində Martinin şəxsiyyətini alçaldan bir söz işlətdim. Bu söz onu özündən çıxartdı. Əslində belə demək istəmədiyimi ona başa salmağa çalışdım, lakin o, mənə qulaq asmaq istəmədi». Martin: «Bu mübahisə zamanı artıq birlikdə yaşaya bilməyəcəyimizi və münasibətlərimizi qorumağın faydasız olduğunu düşünməyə başladım».

Martinin istədiyi hörmət, Mariyanın istədiyi isə anlayış idi. Onlardan heç biri istədiyini almırdı.

Bəs onlar bu problemi necə həll etdilər? Martin deyir: «Hirsim yatandan sonra hər ikimiz də Müqəddəs Kitabın hörmətcil və mehriban davranışa dair müdrik məsləhətini tətbiq etmək qərarına gəldik. İllər keçdikcə bir şeyi başa düşdük: nə qədər problem olursa-olsun, onun öhdəsindən gəlmək üçün biz Allahdan kömək diləməli və Müqəddəs Kitabın məsləhətlərini tətbiq etməliyik» (Yeşaya 48:17, 18; Efeslilərə 4:31, 32).

3

ŞİKAYƏT:

«Həyat yoldaşım ailə məsuliyyətlərinə başdansovdu yanaşır».

MÜQƏDDƏS KİTABIN MƏSLƏHƏTİ:

«Hər kəs özünə görə Allahın qarşısında cavab verəcək» (ROMALILARA 14:12).

Əlbəttə, ailənin tam xoşbəxtliyi üçün ancaq bir tərəfin səy göstərməsi kifayət deyil. Lakin əgər hər iki tərəf də məsuliyyətini boynundan atırsa və bir-birini günahlandırırsa, bu, vəziyyəti daha da gərginləşdirir.

Əgər fikriniz-zikriniz ancaq həyat yoldaşınızın etməli olduğu şeylərə cəmləsəniz, sadəcə özünüzə əzab vermiş olacaqsınız. Xüsusilə də həyat yoldaşınız ailə məsuliyyətlərinə başdansovdu yanaşırsa və bunu əlinizdə bayraq tutaraq siz də belə davranırsınızsa, bu, ağrınızı daha da artıracaq. Digər tərəfdən, əgər yaxşı ər və ya arvad olmaq üçün əlinizdən gələni etsəniz, nikahınızı möhkəmləndirəcəksiniz (1 Peter 3:1—3). Həmçinin belə davranmaqla Allahın nikah quruluşuna hörmət etdiyinizi göstərəcək və Onu razı salacaqsınız (1 Peter 2:19).

Bəziləri bu məsləhəti necə tətbiq etmişlər? Koreyada yaşayan Kim 38 ildir ki, ailə qurub. O deyir: «Bəzən heç bilmədiyim səbəbdən ərim məndən inciyir və danışdırmır. Belə olanda onun artıq məni sevmədiyini düşünməyə başlayıram. Bəzən özümdən soruşuram: “Əgər o, məni başa düşmək istəmirsə, mən niyə onun hisslərini başa düşməliyəm?”»

Belə vəziyyətlərdə Kim ərinin haqsız olduğu qənaətinə gələ bilərdi. Ancaq o, başqa cür davrandı. Kim deyir: «Anladım ki, küsülü qalmaqdansa, barışmaq üçün ilk addımı mən atsam yaxşıdır. İndi biz oturub rahat ünsiyyət edə bilirik» (Yaqub 3:18).

4

ŞİKAYƏT:

«Arvadım məni saymır».

MÜQƏDDƏS KİTABIN MƏSLƏHƏTİ:

«Hər kişinin başı Məsih»dir (1 KORİNFLİLƏRƏ 11:3).

Arvadının ona itaətkar olmadığını düşünən ər ilk növbədə özündən soruşmalıdır: «Mən özüm Məsihə nə dərəcədə tabe oluram?» Ər İsa Məsihin nümunəsini izləməklə ona itaətkar olduğunu göstərir.

«Ərlər, arvadlarınızı həmişə sevin, çünki Məsih də yığıncağı sevdi və özünü onun yolunda fəda etdi», — deyə Allahın Kəlamında vurğulanır (Efeslilərə 5:25). İsa şagirdlərinin üzərində «ağalıq» etmirdi (Mark 10:42—44). Onlara aydın göstərişlər verir, lazım gələndə isə səhvlərinə düzəlişlər edirdi, onlarla heç vaxt sərt davranmırdı. Şagirdlərinin imkanlarını nəzərə alırdı, onlara qarşı həmişə mərhəmətli idi (Matta 11:29, 30; Mark 6:30, 31; 14:37, 38). O, həmişə onların mənfəətini özününkündən üstün tuturdu (Matta 20:25—28).

Ər özündən soruşmalıdır: «Mənim başçılıq prinsipinə və ümumiyyətlə, qadınlara olan münasibətimə daha çox nə təsir edir: Müqəddəs Kitabın məsləhətləri və oradakı nümunələr, yoxsa yerli adət-ənənələr?» Məsələn, əgər qadın hansısa məsələdə əri ilə razılaşmırsa, qəti, ancaq hörmətcil tərzdə öz fikrini bildirirsə, siz belə qadın haqda nə düşünərdiniz? Müqəddəs Kitabda İbrahim peyğəmbərin arvadı Sara itaətkar qadın nümunəsi kimi çəkilir (1 Peter 3:1, 6). Lakin o, lazım gələndə, məsələn, İbrahimin ailəsi üçün yaranan təhlükəni sezmədiyini görəndə açıq şəkildə öz fikrini bildirirdi (Yaradılış 16:5; 21:9—12).

Əlbəttə, İbrahim arvadına ağzını belə açmağa qoymayan qəddar və zalım ər deyildi. Buna bənzər tərzdə, Müqəddəs Kitabın məsləhətinə riayət edən ərlər də arvadlarına qarşı əzazil davranmamalı, öz dediyini yeritməməlidir. Ər başçılıq vəzifəsini canıyananlıqla yerinə yetirsə, arvadının hörmətini qazanacaq.

Bəziləri bu məsləhəti necə tətbiq etmişlər? İngiltərədə yaşayan və 8 ildir ki, evli olan Ceyms deyir: «Mən vacib qərarları arvadımla məsləhətləşməmiş qəbul etməməyi öyrənirəm. Çalışıram, təkcə özümü düşünməyim. Əksinə, həyat yoldaşımın tələbatlarını özümünkündən üstün tutum».

Birləşmiş Ştatlarda yaşayan Corc 59 ildir ki, evlidir. O etiraf edir: «Arvadıma aşağı səviyyəli insan kimi yox, ağıllı və bacarıqlı bir şəxs kimi yanaşmağı öyrəndim» (Süleymanın məsəlləri 31:10).

5

ŞİKAYƏT:

«Ərim təşəbbüs göstərməyi xoşlamır».

MÜQƏDDƏS KİTABIN MƏSLƏHƏTİ:

«Hikmətli qadın evini qurar, səfeh qadın onu əli ilə uçurar» (SÜLEYMANIN MƏSƏLLƏRİ 14:1).

Əgər əriniz qərar qəbul etməyi xoşlamırsa və ya ailəni könülsüz idarə edirsə, bu halda sizin ən azı üç variantınız var: 1) daima ərinizin səhvlərini üzünə vura bilərsiniz, 2) ailədə rəhbərliyi ələ ala bilərsiniz və ya 3) səmimi-qəlbdən onun hər bir səyini tərifləyə bilərsiniz. Əgər ilk iki variantı seçsəniz, öz əlinizlə ailənizi dağıtmış olacaqsınız. Ancaq üçüncü variantı seçməklə nikahınızı möhkəmləndirəcəksiniz.

Bir çox kişilər üçün hörmət məhəbbətdən daha vacibdir. Əriniz ona hörmət etdiyinizi — onun rəhbərliyini və səyini qiymətləndirdiyinizi görəndə öz vəzifəsini daha yaxşı yerinə yetirəcək. Əlbəttə, siz bəzən müəyyən məsələlərdə həyat yoldaşınızla razılaşmayacaqsınız. Bu zaman sizə oturub məsələni birlikdə müzakirə etmək lazımdır (Süleymanın məsəlləri 18:13). Lakin sözləriniz və səsinizin tonu nikahınızı ya dağıda, ya da möhkəmləndirə bilər (Süleymanın məsəlləri 21:9; 27:15). Fikirlərinizi hörmətcil tərzdə ifadə edin, o zaman istədiyinizə nail olacaqsınız — həyat yoldaşınız rəhbərliyi öz üzərinə götürməkdə tərəddüd etməyəcək.

Bəziləri bu məsləhəti necə tətbiq etmişlər? Birləşmiş Ştatlardan yaşayan və 30 ildir ki, evli olan Mişel belə deyir: «Anam bacılarımla məni atasız böyüdüb. O, çox əzmli və sərbəst qadın olub. Bu cəhətdən mən ona oxşamışam. Buna görə də həmişə öz üzərimdə işləməli oluram ki, lazımi qaydada itaətkarlıq göstərə bilim. Məsələn, özbaşına qərar qəbul etmək əvəzinə, çalışıram ərimlə məsləhətləşim».

Avstraliyadan olan Reyçel 21 il bundan əvvəl Markla ailə qurub. Aldığı tərbiyənin ona da güclü təsiri olmuşdur. O deyir: «Anam heç vaxt atama tabe olmurdu. Mübahisələr və saymamazlıq evimizdə adi hal idi. Təzə ailə quranda mən də anam kimi davranırdım. İllər ötdükcə, Müqəddəs Kitabın hörmət göstərmək məsləhətini tətbiq etməyin nə dərəcədə faydalı olduğunu öyrəndim. İndi Markla mən çox xoşbəxtik».

6

ŞİKAYƏT:

«Həyat yoldaşımın vərdişlərinə dözə bilmirəm».

MÜQƏDDƏS KİTABIN MƏSLƏHƏTİ:

«Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olarsa, bir-birinizi ürəkdən bağışlayın» (KOLOSLULARA 3:13).

Siz gələcək həyat yoldaşınızla ilk görüşdüyünüz vaxtlar onun yalnız yaxşı xüsusiyyətlərini görür, çatışmayan cəhətlərini isə, demək olar ki, heç görmürdünüz. İndi də elə davrana bilməzsiniz? Əlbəttə, sizin həyat yoldaşınızdan şikayətlənməyə əsasınız ola bilər. Ancaq yenə də özünüzdən soruşun: «Onun hansı xüsusiyyətlərinə diqqət yetirsəm yaxşıdır: mənfi, yoxsa müsbət?»

İsa başqalarının çatışmayan xüsusiyyətlərini nəyə görə bağışlamalı olduğumuzu aydın nümunə əsasında göstərmişdi. «Niyə qardaşının gözündəki çöpə baxırsan, amma öz gözündəki tiri görmürsən?» — deyə soruşmuşdu (Matta 7:3). Sözsüz ki, balaca çöp böyük tirlə heç müqayisəyə belə gəlməz. İsa bununla nə demək istəyirdi? «Sən əvvəl öz gözündəki tiri çıxart, sonra qardaşının gözündəki çöpü necə çıxartmağı aydın görərsən» (Matta 7:5).

İsa peyğəmbər bu nümunədən qabaq ayıldıcı xəbərdarlıq vermişdi: «Bəsdirin insanları mühakimə etdiniz, yoxsa özünüz də mühakimə olunacaqsınız. Çünki hansı hökmlə mühakimə edirsinizsə, o hökmlə də mühakimə olunacaqsınız» (Matta 7:1, 2). Əgər Allah sizin səhvlərinizə — gözünüzdəki tirə fikir verməsini istəmirsinizsə, onda siz də həyat yoldaşınızın nöqsanlarını bağışlamalı deyilsinizmi? (Matta 6:14, 15).

Bəziləri bu məsləhəti necə tətbiq etmişlər? İngiltərədə yaşayan Cenni və Saymon artıq doqquz ildir ki, evlidir. Cenni danışır: «Fikir vermişəm ki, ərimin məni ən çox əsəbiləşdirən xasiyyəti onun heç nəyi qabaqcadan planlaşdırmaması və hər şeyi son ana saxlamasıdır. Ən gülməlisi də odur ki, biz təzə-təzə görüşəndə onun bu cür sürprizlərlə dolu insan olması mənim çox xoşuma gəlirdi. Ancaq başa düşürəm ki, mənim də çatışmayan cəhətlərim var, məsələn, mən hər şeyi nəzarət altında saxlamağı xoşlayıram. Buna görə də, Saymonla mən bir-birimizin ən xırda qüsurlarına göz yummağı öyrənirik».

Yuxarıda adı çəkilən Mişelin həyat yoldaşı Kört belə deyir: «İnsan diqqətini həyat yoldaşının onu qıcıqlandıran cəhətinə cəmləyəndə həmin səhvlər get-gedə onun gözündə böyüyüb dağa dönür. Mən isə diqqətimi Mişelin ilk dəfə onu mənə sevdirən xüsusiyyətinə cəmləməyə üstünlük verirəm».

Xoşbəxtliyin sirri

Bu nümunələrdən görünür ki, nikahda çətinliklərin olması qaçılmazdır, ancaq dəfedilməz deyil. Bəs xoşbəxtliyin sirri nədədir? Ürəyinizdə Allaha məhəbbət inkişaf etdirin və Onun Kəlamı olan Müqəddəs Kitabdakı məsləhətlərə canla-başla əməl edin.

Nigeriyada yaşayan Aleks və İtoham 20 ildən artıqdır ki, ailə qurublar və onlar artıq xoşbəxtliyin sirrinə yiyələniblər. Aleks deyir: «Bir şeyə əmin olmuşam ki, əgər ərlə arvad Müqəddəs Kitab prinsiplərini tam tətbiq edirlərsə, ailədə yaranan hər bir çətinliyin öhdəsindən gəlmək mümkündür». Onun həyat yoldaşı isə deyir: «Biz müntəzəm olaraq birlikdə dua etməyin və Müqəddəs Kitabın məsləhətlərini tətbiq edərək bir-birimizə səmimi məhəbbət və səbir göstərməyin nə qədər vacib olduğunu anladıq. İndiki problemlərimiz əvvəlkilərin yanında heç nədir».

Siz Allahın Kəlamındakı məsləhətlərin ailənizə necə fayda gətirəcəyi haqda daha çox öyrənmək istəyərdinizmi? Onda Yehovanın Şahidlərindən xahiş etsəniz, onlar sizinlə «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 14-cü fəslini müzakirə edə bilərlərb.

[Haşiyələr]

a Bəzi adlar dəyişdirilib.

b Yehovanın Şahidləri tərəfindən dərc olunur.

[4-cü səhifədəki şəkil]

Bir-birimizə vaxt ayırırıqmı?

[5-ci səhifədəki şəkil]

Almaqdan çox verməyə can atırammı?

[6-cı səhifədəki şəkil]

Fikir ayrılığını həll etmək üçün birinci addımı mənmi atıram?

[7-ci səhifədəki şəkil]

Qərar qəbul etməzdən öncə arvadımın fikrini nəzərə alırammı?

[9-cu səhifədəki şəkil]

Həyat yoldaşımın yaxşı xüsusiyyətlərini görməyə çalışırammı?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş