Ayağınızı yorğanınıza görə uzatmağı öyrənin
BU MƏSƏLİN məğzi tamamilə aydındır: insan imkanına görə yaşamalıdır, yəni diqqət yetirməlidir ki, məsrəfləri qazancından artıq olmasın.
Bu prinsip çox sadə olsa da, ona əməl etmək bir o qədər də asan deyil. Ancaq insanlar ona əməl etməklə bir çox maddi problemlərdən qaça bilərlər. Bəs bunu necə etmək olar? Bu məsələ ilə bağlı etibarlı rəhbərliyi haradan tapmaq olar? Müqəddəs Kitabda buna dair çoxlu faydalı məsləhətlər var. Gəlin görək, orada imkanına görə yaşamaqla bağlı nə deyilir.
Faydalı Müqəddəs Kitab prinsipləri
Müqəddəs Kitabda qazancınızı düzgün idarə etməyinizə kömək edən çoxlu faydalı prinsiplər var. Biz onlardan sadəcə bir neçəsini nəzərdən keçirəcəyik. Vəziyyətinizi götür-qoy edin, görün, bu prinsiplər sizə imkanınıza görə yaşamağa kömək edə bilərmi.
Plan və ya büdcə tərtib edin. Puldan düzgün istifadə etmək üçün əlinizə nə qədər pul gəldiyini və onu hara xərclədiyinizi müəyyən etməlisiniz. Müqəddəs Kitabda deyilir: «Çalışqanın niyyəti xeyir gətirər, tələsən ehtiyac içinə düşər» (Süleymanın məsəlləri 21:5). Bəziləri sadə bir üsuldan istifadə edirlər. Onlar bir neçə zərf götürür, yeməyə, evə və paltara xərcləyəcəkləri pulu ayrı-ayrı zərflərə qoyurlar. Bu və ya digər üsullardan istifadə etməyinizdən asılı olmayaraq, ən vacibi odur ki, pulunuzun hara getdiyini biləsiniz; həmişə birinci yerə zəruri şeyləri qoyun, israfçılıq etməyin.
Həsəd aparmayın. Bir çox inkişaf etməkdə olan ölkələrdə insanlar sənayesi inkişaf etmiş ölkələrin malik olduğu şeylərə can atırlar. Ümumilikdə isə insanlar qonum-qonşunun iftixarla nümayiş etdirdiyi şeylərə həsəd aparmağa meyillidirlər. Bu, tələ ola bilər. Ola bilsin, heç qonşu da bir o qədər imkanlı deyil, həmin şeyləri almaq üçün borca girib. Nəyə görə kiminsə ağılsızlığının dalınca gedib, maddi çətinliklə üzləşəsiniz? Müqəddəs Kitab xəbərdarlıq edir: «Xəsis var-dövlət ardınca düşər, bilmədən yoxsulluğa yetişər» (Süleymanın məsəlləri 28:22).
Sadə həyat sürün. İsa Məsih davamçılarına gözlərini tox saxlamağı məsləhət görmüşdü (Matta 6:22). İmkanınız çörəyə və kartofa çatdığı halda, qara kürü alırsınızsa, çox güman ki, maddi çətinliklə üzləşəcəksiniz. Asiyada gün ərzində yaşamaq üçün zəruri olan ən az vəsait 1,35 ABŞ dolları təşkil edir. Asiya İnkişaf Bankının hesabatına əsasən, Filippinin əhalisinin təxminən üçdə biri və Hindistanın yarıdan çoxu bundan da aşağı məbləğə yaşayır. Belə az gəlirlə diqqəti ən vacib şeylərə yönəltmək müdriklik olardı. Hətta daha varlı ölkələrdə yaşayan insanlar belə bu məsləhəti tətbiq etməklə bir çox maddi çətinliklərdən qaça bilərlər.
Ehtiyac duyduğunuz şeylərlə kifayətlənin. Bu da sadə həyat sürmək məsləhəti ilə sıx bağlıdır. 1 Timoteyə 6:8 ayəsində məsləhət verilir: «Yeməyimiz, paltarımız və qalmağa yerimiz varsa, bunlarla qane olacağıq». Adətən, ən xoşbəxt insanlar varlı yox, əlində olanla kifayətlənməyi bilən, yalnız maddi şeylərdən yox, ailəsi və dostları ilə ünsiyyətdən məmnunluq duymağı bacaran insanlardır (Süleymanın məsəlləri 15:17).
Lazımsız yerə borca girməyin. Müqəddəs Kitabda necə də yerində deyilmişdir: «Zəngin yoxsulun ağası olar, borclu adam borc verənə qul olar» (Süleymanın məsəlləri 22:7). Bəzən elə gələ bilər ki, borc götürməsən mümkün deyil, ancaq sadəcə xoşuna gələn bir şeyi almaq üçün lazımsız yerə borc götürən insan bir də ayılır ki, borc boğazını üzür. Bu, çox vaxt kredit kartından istifadə edənlərin başına gəlir. «Taym» jurnalında deyilir: «Kredit kartı əlimizə düşən kimi, başlayırıq, pulu kor-koranə sağa-sola xərcləməyə». Filippində yaşayan Erik deyir: «Mən kredit kartından istifadə edərkən daha çox xərcləyirəm, nəinki üstümdə pul götürəndə. Bu, bizim büdcəmizə zərbə vurur». Buna görə də asan əldə olunan kreditlə son dərəcə ehtiyatlı olmaq vacibdir (2 Padşahlar 4:1; Matta 18:25).
Alış-veriş üçün pul ayırın. Bir çoxları alış-veriş üçün pul ayırmağın dəbdən düşdüyünü hesab etsə də, əslində, bu, maddi çətinliklərdən qaçmağın ən yaxşı üsullarından biridir. Bunun sayəsində, çoxları özlərini borcdan və onun acı nəticələrindən, məsələn, yüksək faiz, yəni hər əşyaya görə artıqlaması ilə ödəməkdən qorumuş olurlar. Müqəddəs Kitabda qarışqalar müdrik adlandırılır, çünki onlar tədarük görərək biçin vaxtı özlərinə yem toplayırlar (Süleymanın məsəlləri 6:6—8; 30:24, 25).
Başqalarının nümunəsi
Nəzərdən keçirdiyimiz Müqəddəs Kitab prinsipləri yaxşı məsləhətlərdir, bəs onların, həqiqətən də, bir köməyi dəyirmi? Gəlin görək, bəziləri bu məsləhətləri əldə rəhbər tutaraq maddi çətinliklərin öhdəsindən necə gəlirlər.
Dörd uşaq atası Diosdado bu yaxınlarda yaranmış iqtisadi böhran ucbatından ailəsinin ehtiyaclarını ödəməyin daha da çətin olduğunu deyir. Bununla belə, o, büdcə tərtib etməyin çox vacib olduğunu başa düşür. O deyir: «Mən qazandığım pulu nəyə xərcləyəcəyimin siyahısını tutarkən qəpiyinə kimi hesablayıram». Danilo da eyni prinsipə müvafiq olaraq davranır. Onunla arvadının özlərinə məxsus kiçik işləri vardı, ancaq onlar iflasa uğradılar. Buna baxmayaraq, hər şeyi düzgün şəkildə planlaşdırdıqları üçün başlarını birtəhər dolandırırlar. Danilo deyir: «Biz nə qədər pul qazandığımızı və aylıq xərclərimizi bilirik. Bunu nəzərə alaraq, əlavə xərclərimizi hərtərəfli müzakirə edirik».
Çoxları büdcələrindən kənara çıxmamaq üçün məsrəflərini məhdudlaşdırmaq qərarına gəlmişlər. Üç övlad böyüdən Mirna adlı dul qadın deyir: «Mən uşaqlarımla yığıncağa ictimai nəqliyyatla yox, piyada gedirəm». Mirna çalışır ki, uşaqları sadə həyat tərzi sürməyin müsbət cəhətlərini öyrənsinlər. O deyir: «Mən 1 Timoteyə 6:8—10 ayələrindəki prinsipə riayət edərək malik olduğum şeylərlə kifayətlənməyə dair nümunə verməyə çalışıram».
İki uşaq atası Cerald isə belə deyir: «Ailəvi ibadət axşamında biz daha vacib şeyləri, ruhani şeyləri həyatlarında birinci yerə qoyan məsihçilərin nümunəsini müzakirə edirik. Bu, yaxşı bəhrə gətirir, çünki uşaqlar ehtiyacları olmayan şeyləri aldırmırlar».
Filippindən olan Canet adlı subay bir xidmətçi könüllü olaraq Müqəddəs Kitabı başqalarına öyrətməyə çoxlu vaxt sərf edir. Bu yaxınlarda işini itirməsinə baxmayaraq, o, ayağını yorğanına görə uzatmağı bacarır. Canet deyir: «Çalışıram, özümə hakim olum və vəziyyətdən çıxış yolu tapım. Mən bahalı ticarət mərkəzlərindən yox, daha ucuz mağazalardan alış-veriş edirəm. Axı nəyə görə ucuz ala biləcəyim halda bədxərclik edim? Eyni zamanda təsadüfən heç nə almıram». Canet başa düşür ki, ehtiyat üçün kənara pul qoymaq müdrik hərəkətdir. O əlavə olaraq deyir: «İşdir, az da olsa, əlimdə artıq pul qalanda, saxlayıram ki, birdən nəyə isə lazım olar».
Yuxarıda adı çəkilən Erik deyir: «Mən qəti qərara gəlmişəm ki, kredit kartından yalnız ən çıxılmaz vəziyyətlərdə istifadə edim». Diosdado da bu cür davranır: «Özümü cilovlaya bilim deyə kredit kartımı ofisdə saxlayıram».
Ayağınızı yorğanınıza görə uzatmağı bacararsınız
Çoxları əmin olublar ki, Müqəddəs Kitab əsas etibarilə diqqəti ruhani şeylərə yönəldir, ancaq orada puldan necə düzgün istifadə etməyə dair praktiki məsləhətlər də var (Süleymanın məsəlləri 2:6; Matta 6:25—34). Bu məqalədə müzakirə olunan məsləhətləri tətbiq etməklə və həmin prinsiplərə uyğun yaşayanların nümunəsini izləməklə, siz də ayağınızı yorğanınıza görə uzatmağı bacaracaqsınız. Bununla siz milyonlarla insanın əziyyət çəkdiyi problemlərdən və narahatçılıqdan qaçına biləcəksiniz.
[16–cı səhifədəki yazı]
«Biz əlavə xərclərimizi hərtərəfli müzakirə edirik»
[17–ci səhifədəki yazı]
«Mən uşaqlarımla yığıncağa ictimai nəqliyyatla yox, piyada gedirəm»
[17–ci səhifədəki yazı]
«Mən təsadüfən heç nə almıram»